Azərbaycanda əsas dinlərin, ənənəvi təriqətlərin qeydiyyata alınmasında və fəaliyyətində heç bir məhdudiyyət yoxdur

 

Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində birgə yaşayıblar. Ölkəmizdə dini və milli dözümlülüyün çox böyük və şərəfli tarixi vardır. Bu gün respublikamızda müxtəlif dini icmaların nümayəndələrinin mehriban münasibətdə olmaları beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Biz bir neçə il əvvəl dünya dini liderlərinin Bakıda keçirilmiş sammitində də bunun şahidi olduq.

Onu da qeyd edək ki, sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdi. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

Bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycanda keçirilən sivilizasiyalararsı dialoqda iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir və bu, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olmasından xəbər verir. Bunu dünyanın dini icmalarının nümayəndələri də təsdiqləyirlər. Məsələn, Mitropolit Nikitas Avropa ilə Asiya, Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində yaşadığını yüksək qiymətləndirdi.

İslam Konfransı Təşkilatının nümayəndəsi səfir Sadəddin Tasib də Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin mehriban münasibətdə olmalarını, dostluq və qardaşlıq şəraitində fəaliyyət göstərmələrindən məmnun qaldığını bildirdi.

Mitropolit Gerasim qeyd etdi ki, Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə keçirilməsi qloballaşan dünyada mövcud olan mənfi təsirlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edib. O, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri üçün əlverişli şəraitin yaradılmasını ölkəmizdə tolerantlığın diqqət mərkəzində saxlanılmasının nəticəsi kimi dəyərləndirdi.

Azərbaycanın sürətli inkişafını, sivilizasiyalararası dialoqun yüksək səviyyədə təşkilini və müxtəlif dini icmaların nümayəndələrinin birgə fəaliyyətini gözü götürməyən bəzi beynəlxalq təşkilatlar tez-tez əsassız hesabatlar yaymaqla ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa və müxtəlif dini icmaların nümayəndələri arasında narazılıqlar, qarşıdurmalar yaratmağa cəhd edirlər. Lakin onların bütün cəhdləri uğursuzluqlarla nəticələnir.

ABŞ Dövlət Departamentinin ölkəmizdə dini təriqətlərin qeydiyyatı ilə bağlı yaydığı hesabat da bu qəbildəndir. Dövlət Departamentinin 2013-cü il üçün Beynəlxalq Dini Azadlıqlar Hesabatında Azərbaycanla bağlı fikirləri din xadimləri tərəfindən narazılıqla qarşılanıb. Çünki hesabatda göstərilən “faktlar”, təbii ki, Azərbaycan hakimiyyətinin dinə münasibətini obyektiv əks etdirmir.

Azərbaycanda ənənəvi dini təşkilatların dövlət qeydiyyatından keçməsi üçün hər hansı bir süni əngəl yaradılmayıb. Baxmayaraq ki, Dövlət Departamentinin hesabatında qeyri-ənənəvi dini təriqətlərin qeydiyyata alınmaması bildirilir. Artıq ictimaiyyətə də bəllidir ki, Azərbaycanda qeyri-ənənəvi təriqətlər pozuculuq işləri ilə məşğul olur, insanları dövlətçilik əleyhinə aksiyalara çağırır, bəzi hallarda isə dövlət çevrilişinə cəhd edirlər. Belə dini adət-ənənələrə zidd hərəkətlərlə Azərbaycanın əsrlərdən bəri formalaşmış dini-mənəvi dəyərlərinə ciddi zərbələr vurur, insanlarda ikrah hissi doğuran fəaliyyətlə məşğul olurlar. Bu cür qeyri-ənənəvi təriqətlər Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir. Bunun digər səbəbi isə bu cür təriqətlərin inanc kimi qəbul edilməməsidir. Aldadılmış və yüngül qazanc əldə etmək istəyində olan bir qrup insan belə dini təriqətlərə cəlb olunur.

Təbii ki, belə təriqətlərin din azadlığı ilə hər hansı bir bağlılığı yoxdur. Əgər hesabatı hazırlayan Dövlət Departamentinin ekspertləri bu məsələ ilə hərtərəfli maraqlansaydılar, onlar da bunun şahidi olardılar. Onlara bir daha məlum olardı ki, Azərbaycan dünyada ən tolerant, bütün dinlərin və sivilizasiyaların yüksək səviyyədə vəhdət təşkil etdiyi müstəqil ölkədir. Respublikamız bu sahədə hazırda dünya birliyində nümunəvi dövlətlərdəndir. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrinin, müsəlmanlığın, xristianlığın əsas təriqətləri heç bir məhdudiyyət olmadan öz fəaliyyətini qurur, sıx əməkdaşlıq edir, bir-birinə hörmət və ehtiramla yanaşırlar.

Azərbaycanda dini təşkilatların dövlət qeydiyyatından keçməsi tələbi tamamilə normaldır və burada heç bir problem yaradılmayıb. Lakin Azərbaycanda iğtişaşlar törətməkdə marağı olan erməni lobbisi və bəzi ermənipərəst beynəlxalq təşkilatlar qeyri-ənənəvi dini təriqətlər vasitəsilə öz çirkin niyyətlərini təmin etməyə cəhdlər göstərirlər. Aydın məsələdir ki, qeyri-ənənəvi dini təriqətlər müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altında fəaliyyət göstərirlər. Təbii ki, belə araqarışdıranların Azərbaycanda fəaliyyətini məhdudlaşdırmaq üçün hər hansı qanuni tədbirin həyata keçirilməsi tamamilə məntiqidir.

 Azərbaycanda əsas dinlərin və həmin dinlərin ənənəvi təriqətlərinin fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur və onların qeydiyyata alınması da qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya olunan müstəqil dövlətdir. Ona görə də bütün dünyada olduğu kimi, ölkəmizdə də insanları bu və ya digər formada özündə birləşdirən qurumlar dövlətin nəzarətindən kənarda qalmamalıdır. Belə dini təriqətlər ölkə və ya insanlar üçün hər hansı bir təhlükə törətmədikdə və ya məqsədli şəkildə yaradılmadıqda təbii ki, qeydiyyata alınır, onların fəaliyyətinə normal şərait yaradılır. Hər hansı bir dini təriqət adı altında gizlənən, əsas fəaliyyəti terrorçuluq olan dini təriqət heç bir ölkədə, hətta, ABŞ-da da qəbul edilə bilməz. Ona görə də adıçəkilən hesabat da bu cür qeyri-obyektivliyin, Azərbaycana qərəzli münasibətin və təzyiqin bir forması kimi qiymətləndirilməlidir.

 Əlbəttə, qanunlar çərçivəsində dini icmaların fəaliyyətinin tamamilə araşdırılıb, öyrənilib, cəmiyyət, dövlət və insanlar üçün təhlükəli olmadığı qənaətinə gəldikdən sonra onlar qeydiyyata alınır, fəaliyyətlərinə normal şərait yaradılır. Buna başqa cür qiymət vermək ədalətsizlikdir. Hər hansı bir dini təriqət altında gizlənən, lakin mahiyyət etibarilə təxribat və terrorçuluqla məşğul olan qurumlar hansı ölkədə qəbul edilə bilər? Ona görə də ABŞ Dövlət Departamentinin ölkəmizdə dini təriqətlərin qeydiyyatı ilə bağlı 2013-cü il üçün hazırlanmış Beynəlxalq Dini Azadlıqlar Hesabatında Azərbaycanla bağlı fikirləri qeyri-obyektivdir. Bu hesabat əsası olmayan “faktlar” əsasında hazırlanmış və ölkəmizə qarşı qərəzli münasibət kimi dəyərləndirilməlidir.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında