Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa təsisatlarının mühüm tərəfdaşıdır

 

Avropanın enerji təminatında Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malik olmaqla bərabər, həm də Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir vaxtda nəqliyyat, təhlükəsiz enerji dəhlizləri çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, həm də bunları hasil edən dövlətdir. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir.

Neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin etmək məqsədilə çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulması, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft  və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz ixrac boru kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılmasında önəmli rol oynamışdır. Xüsusən də Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi ölkənin tranzit potensialının daha da güclənməsinə əlverişli şərait yaradır.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə respublikamız Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi isə ölkənin daxili tələbatını tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Onun ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaz “Cənub qaz dəhlizi” layihəsi üçün əsas mənbə kimi qəbul edilir. “Şahdəniz-2" layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanılacaq. Qeyd edək ki, yaxın beş ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun daha da artacağını göstərir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyət kəsb edir.

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasilat birinci mərhələyə nisbətən təxminən iki dəfə artacaq. Bu da yataqdan çıxarılan qazın ixracı üçün müvafiq infrastrukturun yaradılması zərurətini ortaya qoymuşdur. Təbii ki, hazırda “Şahdəniz-1" qazını Səngəçaldan Ərzurumadək aparan kəmərin artacaq həcmləri qəbul etmək üçün gücü kifayət deyil. Üstəlik, ”Şahdəniz-2" qazını Avropadakı istehlakçılara da çatdırmaq üçün əlavə xətlər  çəkilməlidir.

2018-ci ildə əldə ediləcək həmin qazın nəqli üçün zəruri olan bu məsələ hazırda öz uğurlu həllini tapmaqdadır. Artıq “Cənub qaz dəhlizi”nin marşrutu müəyyən olunmuş istiqamətdə müvafiq işlər davam etdirilir. Əlbəttə, ilk növbədə, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gücü artırılacaq. Qeyd edək ki, bu kəmər Azərbaycanın ərazisi ilə 443 kilometr, Gürcüstanın ərazisi ilə 248 kilometr uzanaraq “Şahdəniz” qazını Gürcüstan-Türkiyə sərhədinə qədər nəql edir.

Bir məqama da toxunmaq yerinə düşərdi. BTC ilə eyni dəhliz boyu “Şahdəniz” qazını daşıyan kəmər tikilməsəydi, bu gün Azərbaycan TANAP, TAP kimi nəhəng layihələrə qovuşa bilməzdi. Bu ilin iyun ayında Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılış mərasimində Prezident İlham Əliyev BTC-nin bu baxımdan da böyük əhəmiyyət daşıdığını bir daha vurğulayaraq demişdir: “Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi – Qara dəniz – Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu  oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir”.

BTC Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurdu. Azərbaycana  həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar gətirdi. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq.

“Şahdəniz-2”dən əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələrinə satılacaq. Azərbaycan qazını Avropaya aparan yollar da məhz Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın  - Trans Anadolu Qaz Boru Kəmərinin üzərinə düşür. Keçən ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən iki ölkə arasında TANAP üzrə hökumətlərarası müqavilə imzalandı.

Bu il iyunun 21-də Azərbaycan nümayəndə heyətinin  Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşündə qürurdoğuran fikir səsləndirildi ki, artıq Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. TANAP layihəsinin reallaşdırılması “Cənub qaz dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır.  Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub qaz dəhlizi”nin yaradıldığı bir vaxtda  atılan addımlar bu layihənin uğurla reallaşması üçün çox vacibdir.

TANAP-ı, haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər qardaş Türkiyə dövlətini önəmli enerji dəhlizinə çevirəcəkdir. TANAP layihəsində iştirak payının 53 faizi ARDNŞ-ə, 12 faizi bp-yə, 30 faizi Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. Kəmərin tikintisinin 2018-ci ilin əvvəllərində başa çatacağı nəzərdə tutulur.

TANAP həm də Azərbaycanla Avropa ölkələri arasında bir körpü rolunu oynayacaq. Yəni Avropaya daşınacaq  yanacaq məhz TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) TANAP vasitəsilə ötürüləcək. Qazın Avropaya nəqli üçün TAP bir neçə kəmərin sırasından seçilmişdir. Bu kəmər başlanğıcını Türkiyə – Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatdırılacaq. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcək.

Hazırda “Şahdəniz” konsorsiumu qaz satışı üzrə İtaliya və Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini razılaşdırmışdır. Bundan əlavə, Bolqarıstanda da satışı həyata keçirmək üçün danışıqlar aparılmışdır.  Gələcəkdə TAP-dan ayrılan qaz xətləri Azərbaycanın qaz ixracını daha da şaxələndirəcək. Azərbaycan əsrlər boyu dünyada neft ölkəsi kimi tanınıb. Bundan sonra doğma diyarımızın şöhrəti həm də qaz ixracatçısı kimi məşhurlaşacaq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Bu ilin  altı ayında neft-qaz sahəsində, xüsusilə “Cənub qaz dəhlizi” ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik”.

Sözügedən iclasda “Cənub qaz dəhlizi”nin əsas təşəbbüskarının məhz Azərbaycan dövləti olduğunu vurğulayan cənab İlham Əliyev bu layihənin icrası nəticəsində həm ölkəmizin, həm də qonşu dövlətlərin və Avropa ölkələrinin böyük fayda götürəcəklərini diqqətə çatdırmışdır: “Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır”.

Dövlətimizin başçısı enerji siyasətinin bütün ölkələr üçün milli təhlükəsizlik məsələsi olduğunu bir daha xatırladaraq demişdir ki, son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik enerji təhlükəsizliyi olmadan heç bir ölkənin özünü rahat hiss edə və tam müstəqil siyasət apara bilməyəcəyini göstərmişdir.

İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə iyulda olmuş  rəsmi səfəri ilə əlaqədar Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, İtaliyanın keçmiş baş naziri Enriko Letta 2013-cü ilin avqust ayında Bakıda rəsmi səfərdə olmuşdur. “Şahdəniz – 2” konsorsiumunun qərarı ilə oktyabr ayında TAP boru kəməri ilə 2020-ci ilədək Azərbaycan qazını Avropaya çatdırmaq qərarı qəbul olunmuşdur. 870 kilometr uzunluğu olan və 117 kilometri suyun altı ilə çəkiləcək bu boru kəməri Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçib Salento sahilinə yetişərək İtaliyanın “Snam Rete Gas” şəbəkəsinə qoşulmalıdır.

2013-cü ilin noyabr ayında italiyalı iş adamlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı (İCE), ANCE və FEDERPROGETTİ şirkətləri tikinti və sağlamlıq sahələrində, Türkiyə ilə nəqliyyat və dəmir yolunun qurulmasında, Xəzər dənizdə yeni limanın tikintisində və digər sahələrdə də yeni əməkdaşlığın qurulmasının əsasını qoymuşlar. Digər mərhələ dekabrın 16-da iqtisadi tərəfdaşlıq protokolunun və bir gün sonra TANAP-TAP qaz boru xətti barədə sazişin imzalanması mərasimi üçün İtaliyanın o vaxtkı xarici işlər naziri Emma Boninonun Prezident İlham Əliyevlə görüşü olmuşdur.

Bu məqalədən də göründüyü kimi, Avropa öz enerji təhlükəsizliyinin şaxələndirilməsi üçün rəsmi Bakıya xüsusi önəm verir. Hazırda bir sıra yeni transmilli və regional layihələr irəli sürən   Azərbaycan dövləti həyata keçirdiyi enerji siyasəti ilə təkcə öz mənafeyini əsas tutmur,    həm də region və dünya ölkələrinin mənafeyi haqqında düşünür. Onlarla əməkdaşlıq etməyə, birgə fəaliyyət göstərməyə üstünlük verir.

Prezident İlham Əliyev ölkəmizin enerji resurslarından heç vaxt başqa məqsədlər üçün istifadə etmədiyini vurğulayaq demişdir: “Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir”.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında