Bakı ilə Tehran arasındakı “güzgünün” tozu silinməkdədir

 

 

Azərbaycan və İran prezidentlərinin görüşləri ölkələrarası münasibətləri  hər iki tərəf üçün vacib olan məcraya yönəldir

Yenicə başa çatan aprel ayı həm Azərbaycan, həm də İran xalqları üçün kifayət qədər yaddaqalan məqamlarla zəngin oldu.

 Xüsusən, ayın 9-da cənab İlham Əliyevin Tehrana rəsmi səfər etməsi və orada İran İslam Respublikasının Prezidenti Ağayi Həsən Ruhani  və  eləcə də İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə görüşüb tərəfləri maraqlandıran məsələlər barədə əhatəli müzakirələr aparması  Tehranda olduğu kimi, Bakıda da maraqla qarşılandı. Hətta, bu səfər region həyatında baş vermiş mühüm siyasi hadisə kimi qəbul edildi. Bunu siyasətçilər də söylədilər, kütləvi informasiya vasitələri də. Çünki təkcə siyasətçilər və dövlət adamları deyil, həm də Azərbaycan və İran xalqları bu təmasları  həmişə arzulayır və gözləyirlər. İranın “Mehr”, “Fars”xəbər agentlikləri və “Tehran Times” qəzeti Azərbaycan Prezidentinin Tehrana səfərinin region üçün xüsusi önəm kəsb etdiyini yazırdılar. 

Ölkələrarası münasibətlərdəki müsbət meyillərin gözlənilməsi və arzulanması  da əbəs deyil. Çünki həm bizim ölkələrimizdə, həm də  kənar məmləkətlərdə Azərbaycanla İranın dostluq, qardaşlıq münasibətlərinin yaxşı səviyyədə olmasını istəməyən qüvvələr çoxdur. Onlar gah İrandan Azərbaycana qarşı, gah da Azərbaycandan İrana sarı iftiralar, böhtanlar yağdırırlar ki, bu ölkələrin münasibətlərində hansısa soyuqluq yaransın.  Bunu Bakıda da yaxşı bilirlər, Tehranda da.  Bakıda və Tehranda onu da yaxşı bilirlər ki,  Azərbaycanın bir parçası olan Naxçıvan çətin günlərini yaşayanda muxtar respublikanı xilas edən Heydər Əliyevin nüfuzu və İranın hərtərəfli köməyi olmuşdu. Ona görə də dövlətlərimiz və dövlət başçılarımız bu ənənələri yaşatmaqla bərabər, kiminsə maraqla gözlədiyi  soyuqluqların yaranmaması üçün kifayət qədər qətiyyətli addımlar atırlar.

Cənab  İlham Əliyevin  hələ bir neçə il bundan əvvəl heç bir üçüncü ölkənin Bakı üzərindən İrana təzyiq etməsinə yol verilməcəyini söyləməsi və İran rəhbərliyinin istənilən beynəlxalq təşkilatın tribunasından Azərbaycanın mövqelərini müdafiə etməsi bir daha sübut edirdi ki, bizim qonşu və qardaş ölkələrimizin regionda tutduğu yol eynidir.  Yəni, hər iki ölkədə sülhü və əməkdaşlığı sevirlər.   Möhtərəm Ali rəhbərimiz Seyid Əli Xameneinin Tehranda cənab İlham Əliyevlə Azərbaycan dilində danışaraq hörmətli qonağa ehtiram nümayiş etdirməsi və İranın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini dilə gətirməsi  bizim dostluğumuzun və əməkdaşlığımızın səviyyəsindən xəbər verirdi. Ancaq bu xəbəri biz başqa bir dildən də eşitdik. Cənab İlham Əliyev Ağayi Həsən Ruhani ilə birlikdə mətbuata verdiyi bəyanatda dedi ki, bu, mənim İrana üçüncü rəsmi səfərimdir. Əlavə elədi ki, səfərlərin sayının özü elə  bir göstəricidir. 

Yəni, bizim ölkələrimizin arasında siyasi, diplomatik və iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Bu istiqamətlərdə hökumətlərarası müştərək komissiyalar da fəaliyyət göstərir. Cənab Prezident İlham Əliyevin Tehran səfəri çərçivəsində “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi məqsədilə imzalanmış sazişlər  də bu əməkdaşlığa yeni töhfələr verəcək. Ancaq  biz təşəbbüslə çıxış etmişik ki, İran-Azərbaycan  mədəni əməkdaşlığına yeni stimul vermək məqsədilə bu sahəyə aid hökumətlərarası müştərək komissiyanın yaradılması məsələsinə baxılsın. Çünki dünya tarixində İranla Azərbaycan qədər mədəniyyəti, dili, dini  bir-birinə yaxın olan ölkələr yoxdur. İranın bir çox ölkələrlə mədəni əməkdaşlığı vardır. Fəqət, Azərbaycanla mədəni  əməkdaşlıqdan başqa həm də, mədəni birliyimiz mövcuddur.  Bunun isə fərqi çoxdur. Bizim ədəbiyyatımız birdir, mədəniyyətimiz birdir, dilimiz, dinimiz birdir, xəbər məkanımız eynidir.  Mən deyə bilərəm ki, cənab Prezidentin Tehran səfərindən sonra Azərbaycan televiziyalarından birinin  İranda şöbəsinin  yaradılması üçün  razılıq əldə edilib. Bu istiqamətdə başqa işlər də görülür.

Mən elmlər doktoru kimi, həm Təbrizin, həm də Tehranın ali məktəblərində  iyirmi ilə yaxındır ki,  mədəniyyət sahəsində mühazirələr oxumuşam, dərs vermişəm. Hindistanda mədəniyyət menecmenti üzrə  doktorluq dərəcəsi almışam. Yəni, bu sahə mənə çox yaxındır. Artıq iki aydır ki, Azərbaycandakı İran Mədəniyyət Mərkəzinin rəhbəriyəm. Ancaq  Azərbaycan mədəniyyətinə də yaxşı bələdəm. Köküm, daha doğrusu, anam bakılıdır, qayınatam bakılıdır.

İran-Azərbaycan mədəni əməkdaşlığına müəyyən töhfələr vermək üçün potensialımız böyükdür.  Müştərək filmlər çəkmək, kitablar tərtib etmək, qarşılıqlı ədəbi tərcümələrə nail olmaq, yaradıcı insanların səfərlərini təşkil etmək, mədəniyyət günlərini keçirmək kimi tədbirlərlə İran mədəniyyətinin Azərbaycanda, Azərbaycan mədəniyyətinin isə İranda tanıdılmasında üzərimizə düşən vəzifələri məhz azərbaycanlı həmkarlarımızın köməyi ilə reallaşdıra bilərik.

Diqqət yetirin,  İran səkkiz il özündən asılı olmayaraq cəlb edildiyi müharibəni yaşayıb. Azərbaycan isə qeyri-ixtiyari cəlb edildiyi müharibəni hələ də başa vura bilmir. Yəni, hər ikimiz ağır müharibələr görmüşük. Amma, bizim kino həvəskarlarına hansısa başqa ölkənin müharibə barədə filmlərini göstəririk. Ona görə də biz birlikdə həm tarixi-sənədli, həm də bədii filmlər çəkə bilərik.

Yeri gəlmişkən, bizim qarşıdakı layihələrimiz çərçivəsində çoxmilyonlu Azərbaycan tamaşaçılarının sevdiyi və maraqla izlədiyi  Yusif Peyğəmbər və Züleyxa rollarını ifa edən iranlı aktyorların Bakıya gəlməsi də reallaşacaq. Bir sözlə, dövlət başçılarının siyasi iradəsinə əsasən daha da yaxınlaşan İran və Azərbaycan xalqlarının mədəniyyətlərini bir-birinə yenidən təqdim etmək üçün, inşallah, lazım olan bütün addımları atacağıq.

Doktor İbrahim İBRAHİMİ, İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında