Demokratiya hüquq müdafiəsi adı altında milli maraqlara arxa çevirmək deyildir

 

Son vaxtlar vətənpərvərləri qaragüruh hesab edərək cahil kütləyə bənzədən, bu torpağı, həqiqətən, sevən insanlara lağ edən bəzi “liberal”ların birinin məsələsi ictimai qınağın məngənəsindən tam çıxmamış digərinin məsələsi peyda olur.

Vaxtilə Ələkrəm Hümbətov bu torpağa, Vətənə xəyanət edəndə onu da müdafiə edənlər tapılmışdı. Ötən il qədim Yunanıstandakı Artemida məbədini yandıran və bununla tarixə düşəcəyini zənn edən Herostratın müasir prototipinə çevrilən yazıçı Əkrəm Əylisli Vətənə xəyanət edəndə onun da müdafiəçiləri tapıldı. Günel Mövlud adlı “yazar” “Tüpürüm sizin mentalitetinizə” məqaləsi ilə bu ölkənin zabitini, əsgərini təhqir etdi, sonra da düşmən mətbuatına müsahibə verərək onlardan üzr istədi... Mən hələ ermənipərəst mövqeyinə görə illərdir ictimai qınağa tuş gələn və haqlı olaraq ittiham olunan Leyla Yunusu və həyat yoldaşı Arif Yunusu demirəm.

Doğrusu, bu adamların mövqeyi məndə bir sual yaratmışdı: Görəsən, onları yağı düşmənə bu qədər rəğbət bəsləməyə nə vadar edir? Bu insanlar yəni bu qədərmi savadsız və ya mental həqiqətlərdən uzaq düşdülər ki, Vətənin ağrıları sağalmamış, xalqımızın tapdanmış hüququ özünə qaytarılmamış ermənilərlə işbirliyi qurmağa və ya hansısa dialoqa getməyə başladılar? Amma dərindən düşünəndə, əlbəttə ki, bu işin sadəcə ermənilərlə hansısa “dialoq”dan ibarət olduğunu anladım və məsələyə iki xalqın barışdırılmasına xidmət edən humanist bir yarlık asmaq istəyənləri şiddətlə qınadım.

Bir şeyi başa düşmək olmur. Dünyanın elə ölkəsi varmı ki, orada insanlar eyni cür düşünsün, azacıq da olsa fərqli olmasın?  Diktaturanın tüğyan etdiyi Ermənistanda da belə fərqli fikirli insanlar mövcuddur və hakim mövqe ilə heç cürə uzlaşa bilmirlər. Lakin bəzi insanlar, təəssüf ki, fərqliliyi ölkə sərhədlərinə, milli prinsiplərə arxa çevirməkdə görürlər.  Hakimiyyətin yürütdüyü siyasəti qəbul edənlə etməyənlər  eyni ölkənin vətəndaşlarıdırsa, ümummilli məsələlərdə bir-birinə arxa çevirmək heç bir halda qəbul edilən deyil. 

Bu gün Azərbaycanda Leyla Yunusun timsalında yuxarıda adlarını çəkdiyimiz şəxslər fikir plüralizmini ölkənin imicinə zərbə vurmaqla eyniləşdirirlər. Məgər fərqli düşüncə Vətənə arxa çevirməkdir? Fərqli düşüncə insanları maarifləndirmək adı altında dəyərləri vurub sındırmaqdırmı? Məgər fərqli söz sahibi olmaq istəyi Vətənin mənafeyini ayaqlar altına atmaq və ya dövlətçiliyin maraqlarını öz havadarlarının göndərdiyi qrantlara dəyişməkdir? Əsla...Fikir plüralizmini, müxalifliyi əsas gətirərək, ölkənin maraqlarına, vətəndaşların mənafelərinə zərbə vurmaq, hansısa məhbusun  adından siyasi alver aparmaq yolverilməzdir. 

Leyla Yunusun fəaliyyətini izləyəndə açıq-aşkar görürsən ki, bu adam, az qala, özünü ya Martin Lüter Kinqə bənzədir, ya da Oskar Şindlerə. Azərbaycanı xaricdə  hər cəhətdən biabır etməyi birmənalı şəkildə qarşısına məqsəd qoyan bu adam prosesləri və hadisələri elə izah edir ki, sanki, bu ölkədə cəngəllik qaydaları hökm sürür və insanlar oturub istirahət etdikləri yerdə həbs olunur və öldürülür.  Lakin bu həmin Leyla Yunusdur ki, terrorçuluqda, qətldə suçlanaraq həbs edilənləri “siyasi məhbus” sayır və Avropanın müvafiq qurumlarına da bu barədə məlumatlar ötürürdü.

Bir sözlə, bu gün əgər biri durub Vətənə xəyanət edirsə, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirsə, erməni mətbuatına müsahibələr verərək ölkəmizin maraqlarının üstündən xətt çəkirsə, bu adamın yanında duran əsas şəxslər, daha doğrusu düşmən dəyirmanına su tökənlər  Leyla Yunus və həyat yoldaşı Arif Yunusdur. Görünür, belələri üçün demokratik prinsiplər sərhədsiz, qanun-qaydasız, anarxiyanı xatırladan cəmiyyətlərdən ibarətdir. Sülh və Demokratiya İnstitutunun fəaliyyəti vaxtılə ABŞ-da mövcud olmuş “Hibbi” hərəkatı kimi azadlığın çərçivəsizliyini cəmiyyətə təlqin edənlərə daha çox bənzəyir. O şəxslər ki, cəmiyyət üçün total təhlükə mənbəyidir, onları bu cür çılğınlıqla müdafiə etməyə iki ad vermək olar: ya sən onun cinayətlərinə ortaqsan, ya da ki, hansısa maliyyə maraqları səni bu işə vadar edir.

Bu “institut”un fəaliyyəti tək şəxslərin, guya, haquqlarını müdafiə etməklə məhdudlaşmır. Hamımıza məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi illərdir  həllini tapmayan siyasi düyünə çevrilmiş və Ermənistan hələ də BMT-nin qətnamələrinə məhəl qoymayaraq, qeyri-konstruktiv mövqe sərgiləyərək, torpaqlarımızdan öz qoşunlarını çıxartmamışdır. Lakin Vətənin maraqlarının haradan başladığını və harada bitdiyini hələ də dərk etməyən Leyla Yunus və onun havadarlarının ardıcıl olaraq Ermənistana səfərlər etməsi, guya, “xalq diplomatiyası” qurmağa cəhd göstərməsi, nəticədə, nəinki ortaya müsbət heç nə qoymadı, ümummilli maraqlar daxilində nəticə hasil olmadı, əksinə, ermənilərlə əməkdaşlıq dostluq, qardaşlıq müstəvisinə qədəm qoydu. 10 ilə yaxındır ki, “publicdialogues.info” saytını birgə qurduqları Laura Baqdasaryanla sıx əməkdaşlıq isə bu saytı az-çox izləyən hər kəsə məlumdur.

Əgər Leyla Yunus, həqiqətən, hüquq müdafiəçisi olsaydı, özü bir neçə gün bundan əvvəl həyat yoldaşı ilə birgə saxlanılanda ölkəsinin polis vətəndaşının hüququnu pozmaz, Azərbaycanın dövlət atributlarının həkk olunduğu polis papağını qanun keşikçisinin başından çıxardaraq, ayaqlar altına tullamazdı. O, elə təkcə bu hərəkəti ilə Azərbaycanın milli maraqlarından uzaq olduğunu, onun heç bir atributuna hörmət etmədiyini bir daha təsdiqlədi. Sosial şəbəkələrdə yayılan həmin hadisənin videosuna baxdıqda da bu qadının açıq-aşkar manipulyasiya etməsi, ictimai fikri və Qərbin hüquq müdafiəçilərini aldatmağa cəhd etməsi aydın görünür.

Görünür, Leyla Yunus illərdir ki, Azərbaycan xalqını və əsl hüquq müdafiəçilərini, o cümlədən beynəlxalq təşkilatlardakı həqiqi insan hüquq müdafiəçilərini bu cür aldatmış, özü haqqında “insan təəssübkeşi”, “sülh carçısı” mifi formalaşdırmağa  cəhd etmişdir.

Anar TURAN,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında