Ermənipərəstlərin eyni ssenarilər üzrə şouları davam edir

 

 

Leyla Yunus “Eurovision—2012" müsabiqəsi günlərində törətdiklərini

II Qlobal Açıq Cəmiyyətlər Forumu günü də təkrar etdi

Bu, bir həqiqətdir ki, xalqımızın və dövlətimizin bədxahları  illər uzunu  ölkəmizdə reallaşdırdıqları  antiazərbaycan fəaliyyəti indi də  Fransada davam etdirmək istəyirdilər. Düşmən həmişə düşməndir, burada qeyri-adi heç nə yoxdur. Özünü Azərbaycanın dostu sayan iki qüdrətli dövlətin diplomatlarının adi bir  “hüquq müdafiəçisi”nin  çantasını hava limanına  daşıması isə  hansısa  müəmmadan xəbər verir. Bu barədə aşağıda söhbət açacağıq.

Bu sətirləri qələmə almağa başlayanda ağsaqqal həmkarlarımızın birindən eşitdiyim ifadə yadıma düşdü. Ağsaqqal dedi ki, ömrü boyu  xəyanətlə, rəzalətlə, mərdimazarlıqla, çörəyini yediyi ölkənin və xalqın ayağının altını qazmaqla məşğul olan bir qadının utanıb-qızarmadan Azərbaycan polisinin papağını başından götürüb tullamasını görəndə ürəyim ağrıdı. Çünki bu xalq, bu ölkə, bu dövlət və bu dövlətin qanunlarını qoruyan polis mənimdir, ermənixislət həyasızların yox.  Dünyadakı erməni lobbiçilərinin çörəyini yeyib,  onların “qrantı” hesabına  harınlıq edənlər hamının başından papağını götürüb bir kənara atmaq istərdilər. Çünki  ömrü boyu onların  yanında başıpapaqlı olmayıb və papağın nə demək olduğunu  ermənilər də anlamazlar, onların Bakıdan gedərkən “beşinci kolon” kimi burada saxladıqları  leylalar da... Amma, insafən, İrəvan ermənilərinin heç biri Azərbaycana qarşı Leyla Yunus qədər böhtan yağdırmamışdır.

Yaxşı yadımdadır “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi dəqiqləşdiriləndən dərhal sonra antiazərbaycan təbliğatına start verən Leyla Yunus bilavasitə müsabiqənin keçirildiyi gün – yəni, ölkəmizdə çoxsaylı xarici jurnalistlərin və turistlərin olduğu vaxtlarda açıq-açığına xəyanət yolu tutaraq, bir rüsvayçılıq planlaşdırmış, almaniyalı QHT təmsilçilərinin dəstəyi ilə iyrənc şou düzəltmişdi. Onun Bakıdan qaçmaq üçün çoxdan düşündüyü variantı bilavasitə ölkəmizin paytaxtında II Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirildiyi gün reallaşdırmaq cəhdi də təsadüfi deyildi. O bilirdi ki, həmin gün Bakıda çoxlu sayda əcnəbi siyasətçilər və mətbuat təmsilçiləri olacaq. Bu şou  məhz həmin auditoriya üçün hazırlanmışdı.

Üstəlik,  “Eurovision” ərəfəsində Leylanın toruna bir xarici ölkənin təmsilçiləri düşmüşdülərsə,  indiki şou zamanı  iki ölkənin diplomatları ona yardımçılıq etməklə özlərini rüsvay etdilər.  Şəxsən, mən həmin diplomatların əvəzinə xəcalət çəkdim.  Çünki, Birləşmiş Ştatlar da, Fransa da Azərbaycanın dost və müttəfiq ölkələridir. Bu ölkələrin hər ikisi  bilavasitə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədiylə  ATƏT missiyası altında yaradılmış Minsk qrupunun həmsədridir. Leyla Yunusun törətdiyi şou nəticəsində rüsvay olan ABŞ və Fransa diplomatları isə öz ölkələrinin vasitəçilik missiyasından xəbərsiz kimi, dolayısı ilə Ermənistana xidmət edərək Azərbaycana xəyanət mövqeyi tutan “hüquq müdafiəçisi”nin müdafiəsinə cəhd göstərdilər. Hətta, bu məqsədlə beynəlxalq səviyyəli saxtakarlıqlar etməkdən də çəkinmədilər.  Adi qaydada təxminən  üç-dörd həftə çəkən viza verilməsi prosedurunu saxtalaşdıraraq, bu işi cəmi iki saata reallaşdıran Fransa diplomatları  isə, zənnimizcə, daha çox xəcalət çəkmək zorunda qalacaqlar. Bu ölkələr həmişə hamıya demokratiya dərsi verməkdə maraqlı olublar. Demokratik prinsiplər isə digər ölkənin daxili işlərinə qarışmağı yolverilməz hesab edir. Yəni, ABŞ və Fransa diplomatları Leyla Yunusun müdafiəsinə qalxarkən açıq-açığına Azərbaycanın daxili işlərinə müdaxilə ediblər.

Ümumiyyətlə, yaşadığımız günlər təkcə bizim regionda deyil, eləcə də bütün dünyada indi bu qəbildən olan  hadisələrlə zəngindir. Məsələn, istənilən bir ölkənin müvafiq qurumları öz dövlət və milli təhlükəsizliklərini qorumaq üçün lazım olan bütün addımları atırlar. Heç kəs də heç nə demir və deməməlidir. Çünki milli təhlükəsizliyin qorunması, Vətənə xəyanətdə və ya antimilli fəaliyyətdə şübhəli bilinən istənilən insanın saxlanması tamamilə təbiidir. Onun öz günahsızlığını sübut edib—edə bilməməsi isə artıq başqa məsələdir. Məsələn,  bu hal ABŞ-da və ya Fransada baş verərsə, həmin ölkələrin hüquq—mühafizə orqanları necə reaksiya verərdisə, Azərbaycanda da eynilə həmin addımlar atıldı. Üstəlik, Azərbaycanda leylakimilərə kifayət qədər vaxt verilir ki, daşı ətəyindən töksün və xəyanət yolundan qayıtsınlar.  Onlar həmin yoldan qayıtmayanda isə  mütləq qaytarılırlar. Necə ki,  Azərbaycanın dövlət qurumları  son günlər bu addımı atdılar. Sözümüzün canı odur ki, ölkə daxilində həyata keçirdiyimiz hansısa tədbirə əcnəbilərin müdaxilə etməsi yolverilməzdir və Azərbaycan ictimaiyyəti bunu qəbul etməyəcəkdir. 

Elə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı  da Leyla Yunus məsələsində  xarici diplomatların canfəşanlıq etməsinə münasibət bildirərkən maraqlı fikirlər səsləndirmişdir: “Bir çox insanlar Fransa səfirliyindən Şengen vizası almaq üçün saatlarla, günlərlə, hətta, həftələrlə gözləməli olur, get-gələ salınırlar. Amma Leyla Yunusa və onun həyat yoldaşına bir günün içərisində uzunmüddətli viza verirlər. Onların bunda marağı, məqsədi nədir?”

Millət vəkili bu barədə söylədiklərinə əlavə olaraq fransız dostlarımızın bu canfəşanlığının səbəbini  də öyrənmək istəyir: “Həmçinin, onların Leyla Yunusa olan məhəbbəti nədəndir? Belə çıxır ki, kimlərsə  Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar”.

Bu məzmunda söz açan istənilən azərbaycanlının fikrincə,  hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bununla bağlı dövlətin hüquq-mühafizə orqanları fəaliyyət göstərir. Milli təhlükəsizliklə bağlı məsələlərdə, ölkənin qarşısında duran vəzifələrin həllində Azərbaycanın hüquq-mühafizə sistemində çalışan insanlar yüksək peşəkarlıq nümayiş etdirirlər.  Bir daha xatırladırıq ki, bu addımlar hələ kiminsə həbs olunması və ya cəzalanması anlamını vermir. Doğrudur, Leyla Yunusun həm indiyədək olan fəaliyyəti, həm də son günlər bu həngaməni qaldırması sübut edir ki, o, həqiqətən Azərbaycanda oturub ölkə xaricindəki qüvvələrə işləyir. Hər halda, Leyla  Yunusun və   onun həyat yoldaşının saxlanılması , eləcə də onların törətdikləri əməllərlə bağlı geniş açıqlamalar olacaq. Bu, bizlik deyil. Bizlik olan isə odur ki, bir müddət əvvəl ermənilərlə əməkdaşlıq etdiyinə görə həbs olunaraq Türkiyədən Azərbaycana göndərilən Rauf Mirqədirovun  məsələsi gündəliyə gələndə  Leyla Yunus demişdi ki, onu İrəvana mən göndərmişəm. Yəni, bu qadın Azərbaycanın əleyhinə işlədiyini gizlətmək belə istəmirdi.  Bundan başqa,  Leyla Yunus  son iyirmi ildə daim  xaricdə olan bir sıra antiazərbaycan xarakterli təşkilatlarla sıx əlaqədə olub.

Kütləvi informasiya vasitələri haqlı olaraq belə bir məqama da diqqət yetirirlər ki, Rauf Mirqədirov məsələsi  ortaya çıxandan  sonra  Leyla Yunus daha çox canfəşanlıq edir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırırdı. Görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu da narahat edir. Ən pisi odur ki, ölkədəki “rəng ustaları” dərhal həm Mirqədirovun, həm də Yunusların saxlanılmasına siyasi rəng qatmağa çalışırlar.  Bu məsələyə münasibət bildirən ekspertlər deyirlər  ki,  axtarılan siyasi rəngi  bu məsələdə deyil, APA-ya diplomatik mənbədən daxil olan  bir məlumatda görmək mümkündür.  Həmin məlumatda deyilir ki, aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib. Məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub. Yəni, bu artıq sırf siyasi sifarişdir.

Bu insident bir daha sübut etdi ki, bizim dövlətimiz qüdrətli,  hüquq-mühafizə orqanlarımız isə ayıq-sayıqdır. Belə olmasaydı,  öz xəyanətkar fəaliyyətlərini QHT xarakterli loqolar altında gizlədənlər ifşa olunaraq  istintaqa cəlb edilməzdilər.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında