Erməni saxtakarlığının ifşası

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nailə Vəlixanlının

Rusiya EA Şərqşünaslıq İnstitutunun “Vostok” jurnalında dərc edilmiş rəyi haqqında

Azərbaycan tarixçisinin yerli mətbuatda, elmi jurnallarda sanballı məqalələrlə çıxış etməsi, müxtəlif problemlər haqqında bədxah qonşularımızın tədqiqatçıları ilə elmi polemikaya girməsi, onların yalan və saxta mülahizələrini tənqid, bir sıra hallarda isə təkzib etməsi son onilliklərdə tez-tez qarşılaşdığımız mənzərədir. Milli maraqların qorunması üçün vətəndaş mövqeyinin aydın ifadə edilməsi, tarixi keçmişimizə sahib çıxılması, bədxah niyyətlərini ifşa olunması sahəsində atılan addımları təbii qəbul etməyimiz də bununla bağlıdır.

Eyni zamanda, öz haqlı mövqeyimizi daha geniş auditoriyaya, dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan tarixinin müxtəlif məsələləri haqqında gerçəklikləri, obyektiv həqiqətləri təhrif edilmədən xarici mətbuat səhifələrinə çıxarmaq, beynəlxalq miqyasda nüfuzlu sayılan elmi jurnallarda dərc etdirmək çox mühüm bir vəzifə kimi qarşıda durur. Həm də bu zaman müxtəlif maneələri dəf etmək, ermənilərin və çoxsaylı havadarlarının müqavimətini qırmaq, ikili standartlarla düşünməyə adət etmiş jurnal sahiblərini insaflı hərəkət etməyə inandırmaq kimi bir çox çətinliklərə sinə gərmək lazım gəlir ki, bu da böyük hünər, az-az rastlaşdığımız qürurverici bir haldır.

Bu baxımdan, akademik Nailə Vəlixanlının Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Vostok” adlı elmi jurnalının 2013-cü ildə 6-cı sayında çap olunmuş “A.K. Şaqinyanın ”Naxçıvan Ərəb xilafəti tərkibində" məqaləsi haqqında düşüncələr" adlı böyük həcmli rəyi (səh. 205-215) diqqətəlayiq hadisədir. Rəydə öncə jurnalın oxucularına erməni müəllifinin daha əvvəlki “əsərlərində” istifadə etdiyi metod - ayrı-ayrı müəlliflərin (onların içində erməni, rus və azərbaycanlı tədqiqatçılar vardır) müxtəlif zamanlarda çap etdirdikləri əsərlərdən götürüb, azacıq dəyişikliklərlə özününkü kimi təqdim etdiyi plagiat faktlar haqqında bilgi verilmişdir. Ziya Bünyadov, A.Novoseltsev, Y.Manandyan, A.Ter-Gevondyan kimi tədqiqatçıların monoqrafiyalarından köçürdüyü faktları vicdan rahatlığı ilə öz qələminin məhsulu kimi çap etdirən A.Şaqinyanın bu cür tanıdılmasından sonra, Nailə xanım onun Naxçıvanın Ərəb xilafəti dövründə hansı inzibati bölgənin tərkibində olması haqqında mülahizələrinə aydınlıq gətirmişdir.

Orta yüzilliklərdə yaşamış ərəb müəlliflərinin Azərbaycan, ümumiyyətlə Qafqaz haqqında yazdıqları əsərləri 50 ildən artıq müddət ərzində dərindən araşdırmış tədqiqatçı kimi postsovet məkanında yetərincə tanınan Nailə xanım erməni müəllifin məqaləsində istinad etdiyi bütün mənbələri, əsaslandığı hər bir faktı səriştə ilə, yüksək peşəkarlıqla təhlil etmişdir. Həm də bütün məqamlarda son dərəcə korrekt davranmış, elmi etikanı gözləməklə A.Şaqinyanın Naxçıvanı Ermənistan şəhəri kimi təqdim etməsinin tarixi gerçəkliyi əks etdirmədiyini, əsaslandığı mənbələrdəki ziddiyyətli məqamlardan yararlanmasının doğru olmadığını sübut etmişdir.

Akademik Nailə Vəlixanlı Ərəb xilafətinin zəiflədiyi, Cənubi Qafqazda müstəqil dövlətlərin yarandığı zamanda da Naxçıvanın Azərbaycan dövlətləri tərkibində inzibati bölgə mərkəzi, Eldənizlər sülaləsinin hakimiyyəti dövründə isə dövlətin paytaxtı olması, eləcə də daha öncə – Sasani ağalığı dövründə bütün Cənubi Qafqazı əhatə edən Adurbadaqan (Azərbaycan) kustunun tərkibində olması haqqında da müxtəlif xarakterli mənbələrdən əxz etdiyi dəlil-sübutları oxucuların nəzərinə çatdırmışdır.

Bir nümunə ilə fikrimizi yekunlaşdırmaq istəyirik. A.Şaqinyan XIII əsrdə yaşamış erməni müəllifi Stepannos Orbelyana istinad edib I-II əsrlərdə Naxçıvanın Sünik vilayətinin mərkəzi olması haqqında mülahizəsinə cavab olaraq, Nailə xanım erkən orta yüzilliklər dövrü Cənubi Qafqaz tarixinə xüsusi monoqrafiya həsr etmiş və ermənipərəst mövqeyini hər fürsətdə nəzərə çarpdıran Rusiya EA müxbir üzvü A. Novoseltsevin belə bir önəmli fikrini diqqətə çatdırmışdır ki, erməni etnosunun Sünik vilayətinə və Albaniyanın digər bölgələrinə nüfuz etməsi yalnız VI əsrdən etibarən başlanmışdır.

Rəylə tanışlıq göstərir ki, Nailə xanım məqsədinə tam nail olmuş, tariximizlə bağlı növbəti erməni saxtakarlığını ifşa etmişdir. Və inanırıq ki, Naxçıvanın bütün dövrlərdə Azərbaycan ərazisi olduğuna “Vostok” jurnalının obyektiv bilgi almaq istəyən oxucularını da inandıra bilmişdir.

Qabil ƏLİYEV,

tarix elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında