Ermənipərəst “hüquq müdafiəçiləri” Leyla və Arif Yunuslar istintaqdan yayınaraq Azərbaycanı xəlvəti tərk edərkən saxlanılmışlar

 

 

Vətənə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun hüquq-mühafizə orqanları tərəfindən saxlanması bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Onun təcridxanadan verdiyi açıqlamadan məlum oldu ki, ermənilərlə əməkdaşlığın, iş birliyinin əsas təşkilatçısı adını “hüquq müdafiəçisi” qoyan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus imiş."Ermənilərlə görüşdə tək mən iştirak etməmişəm, Leyla Yunusla əri Arif Yunus da orada olub" – deyən Rauf Mirqədirovun sözləri də bunu təsdiqləyir.

Leyla Yunusun ermənilərlə qohumluq əlaqələrinin olması, ərazilərimizin 20 faizini 20 ildən çoxdur ki, işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz isti ocaqlarından - ata - baba torpaqlarından didərgin salan, günahsız insanları amansızcasına qətlə yetirən, kəndlərimizi, şəhərlərimizi viranə qoyan, tarixi-mədəni abidələrimizi vəhşicəsinə məhv edən düşmənlərimizlə əməkdaşlıq etməsi, onların sifarişlərini yerinə yetirməsi ictimaiyyətə bəlli idi. Ancaq erməni xislətli Leyla Yunus bəzi beynəlxalq qurumlara sığınaraq özünü həmişə təmizə çıxarmağa cəhd edirdi. Hətta, tez - tez Ermənistana gedərək orada istirahət etməsinə də “demokratik don” geyindirməyə çalışırdı.

Leyla Yunusun və əri Arif Yunusun “hüquq müdafiəçisi kimi fəaliyyətlərinə nəzər saldıqda onların mütəmadi olaraq antimilli, antiazərbaycan mövqeyinin şahidi olmuşuq. Leyla Yunusun özü də həmişə etiraf edib ki, onun rəhbərlik etdiyi təşkilat, həmçinin əri uzun illərdir ermənilərlə işbirliyindədir. Bütün bunlardan sonra nə Leyla Yunusun, nə də Arif Yunusun milli təəssübkeşlikdən, milli maraqlardan danışmağa mənəvi haqqı çatmır. Əslində, onlar Azərbaycanda yaranmış demokratik mühitdən sui-istifadə edərək satqınlıqla, Vətənə xəyanətlə məşğul olurdular. Amma erməni hiyləgərliyi ilə “quyruq ələ vermirdilər”. Lakin necə deyərlər: “Su çanağı suda sınar”. Axır ki, sındı...

Uzun illərdir ki, Azərbaycana düşmən ölkə ilə - Ermənistanla əməkdaşlıq edən Leyla və Arif Yunusların indiyə qədər bu əlaqələrinin gizli və açıq formada nümunələri bəlli olub. L.Yunusun Azərbaycan dövlətçiliyinə qarşı mübarizəsi çox vaxt açıq şəkildə özünü büruzə verib. Bu işdə o, xarici düşmən qüvvələrlə, xüsusilə də ermənilərlə işbirliyindən çəkinməyib. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq, beynəlxalq təşkilatların və ermənipərəst kütləvi informasiya vasitələrinin diqqətini buna cəlb etmək, ölkəmizə şər və böhtanlar yağdırmaq üçün min oyundan çıxıb. Bu “fəaliyyətinə” görə də xarici ölkələrdəki erməni lobbisi tərəfindən pul mükafatları, hətta ordenlə də təltif olunub. Çox uzağa getməyək. Bir müddət öncə, Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” Araşdırma Mərkəzi və L.Yunusun rəhbərlik etdiyi “Sülh və Demokratiya İnstitutu” guya yeni layihə həyata keçirmişlər. Bu “layihə” çərçivəsində “publicdialogues.info” adlı sayt yaradılmışdı və fəaliyyət göstərirdi. Sayt fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni “jurnalistlər” “İrs” Partiyasının sədri Raffi Ovannisyandan müsahibə almışdılar. Həmin müsahibədə Azərbaycanın işğal altındakı əraziləri “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilmişdi. R.Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin “demarkasiyasından, mehriban qonşuluq münasibətləri”ndən dəm vururdu. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı “jurnalistlər” Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar vermişdilər. Veriləcək suallar qabaqcadan L.Yunus tərəfindən hazırlanmışdı.

“İctimai dialoqlar” (www.publicdialogues.info) saytının İrəvanda və Bakıda təqdimatı keçirilmişdi. Təəssüf ki, Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər ölkələrin səfirləri və səfirlik əməkdaşları da bu təqdimetmə mərasimində iştirak etmişdilər. L.Yunus ermənipərəst xidmətlərinin müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və obyektlər əldə etmişdir. Fransızlar isə “Sülh və Demokratiya İnstitutunun” başçısı Leyla Yunusun yaxasına orden taxmaqla onu daha da şirnikləndirmişdilər. Antiazərbaycan dairələrlə və erməni qohumları ilə əlbir olan üzdəniraq “hüquq müdafiəçisi” Azərbaycana qarşı təxribatlardan əl çəkməyərək, ölkəmizin ünvanına şər - böhtan atmaqdan yorulmur, sanki bundan zövq alırdı. Eyni zamanda, Vətənə xəyanət yolunu tutmaqla asan qazanc mənbəyi də tapmışdı.

Leyla Yunus və əri Arif Yunus üçün Azərbaycanın milli maraqlarının təhlükə qarşısına atılması önəmli deyildi. Onlar üçün fərqi yoxdur kim-kimdir: istər azərbaycanlıların qatili olan ermənilər, istərsə də qeyri-ermənilər. Təki onlara çoxlu pul, zinyət əşyaları və mülklər verilsin və maraqları təmin olunsun.

Üzdəniraq “hüquq müdafiəçisi”nin ən gəlirli sahələrindən biri də “siyasi məhbus” siyahısının tərtib olunmasıdır. Belə ki, o, artıq terrorçular da daxil olmaqla konkret cinayət törətmiş şəxsləri “repressiya qurbanları” və “siyasi məhbus”, “vicdan məhbusu” kimi qələmə verməklə kifayətlənmir, həm də onları təsnifləndirməyə çalışırdı. O, Avropa Şurasının qərar və qətnamələrini manipulyasiya obyektinə çevirir, guya bu qurumun sənədlərində “siyasi məhbus”, “vicdan məhbusu” kimi anlayışların tərifi verildiyini iddia edir. O, hər dəfə cinayətkarların valideynləri ilə görüşür, onların övladlarının adlarının “siyasi məhbus” siyahısına salınması üçün müəyyən məbləğlər vermələrini tələb edirdi. Onları inandırmağa çalışırdı ki, adları “siyasi məhbus” siyahısında olanlar beynəlxalq təşkilatların tələbi ilə azadlığa buraxılacaqlar. Bu yolla külli miqdarda qazanc əldə edən L.Yunus ildən - ilə qiymətləri qaldırırdı. Vəziyyət o həddə çatmışdı ki, digər “hüquq müdafiəçisi” olan əri Arif Yunusla onun “siyasi məhbus” siyahısındakı cinayətkarların sayı bir-birindən fərqli olurdu.

L.Yunus antiazərbaycan fəaliyyətini Azərbaycan üçün əlamətdar olan dövrlərdə də, ölkəmizdə parlament və prezident seçkiləri ərəfəsində xüsusilə gücləndirirdi. O, ermənipərəst beynəlxalq təşkilatlarda da Azərbaycanı, onun ziyalılarını, ictimai - siyasi xadimlərini, hətta öz həmkarları olan hüquq müdafiəçilərini də nüfuzdan salmağa cəhd göstərirdi. Xüsusən, AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən, daha doğrusu, ölkəmiz haqqında əsl həqiqətləri deyən deputatlara qarşı kampaniya keçirir, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürürdü. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu açıq şəkildə bəyan edir və bununla da ermənilərin sifarişlərini yerinə yetirirdi.

Leyla və Arif Yunus kimi “hüquq müdafiəçiləri”nin donosu əsasında hazırlanan hesabatlarda Azərbaycan ən geridə qalmış ölkələr sırasında göstərilir, guya, bu ölkədə insanların hüquq və azadlıqları kobud şəkildə pozulur, insanlar siyasi əqidələrinə görə həbs olunurlar. Əslində, onun ermənilərin sifarişini həyata keçirməsi təbii qəbul edilməlidir. Çünki indiyə qədər L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu barədə çoxsaylı faktlar aşkarlanıb.

AŞPA-nın sessiyaları keçirilən ərəfələrdə Leyla Yunus və onun himayədarları daha da fəallaşır, Azərbaycanda demokratik proseslərin inkişafına guya hakimiyyətin əngəl törətməsi, insan hüquq və azadlıqlarının pozulması, insanların sərbəst toplaşmalarına şərait yaradılmaması barədə rəy formalaşdırmağa çalışırdılar. Hətta radikal müxalifət nümayəndələri ilə əlbir olan Leyla Yunus iqtidarı hədələyərək deyirdi ki, darıxmayın, AŞPA - nın qış sessiyasında görün sizi necə biabır edəcəyik. Ancaq hər şey əksinə oldu. Belə antimilli insanların yalan məlumatları əsasında Azərbaycandakı “siyasi məhbuslar”la əlaqədar məruzə hazırlayan almaniyalı deputat Kristofer Ştrasser də rüsvay oldu. Onun hazırladığı məruzə AŞPA - nın sessiyasında qəbul olunmadı. Leyla Yunus K.Ştrasseri də öz səviyyələrinə endirdi.

Antimilli əməlləri ifşa olunan, Vətənə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirovun verdiyi açıqlamadan sonra Leyla Yunus və əri gizli yolla Azərbaycandan qaçmağa cəhd ediblər. Məlum olub ki, aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdiriblərmiş. Bəzi mənbələrin məlumatlarına görə, Leyla və Arif Yunuslar Fransaya qaçmaq fikrində olublar. Məlumatda o da bildirilib ki, bu məsələdə onlara erməni qohumları və himayədarı dəstək veriblər. Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, onların Azərbaycandan Dohaya yola salınması planlaşdırılıbmış. Oradan isə  Parisə uçacaqlarmış.

Qeyd edək ki, aprelin 28-də saat 23 radələrində Leyla Yunus və əri Arif Yunus hava limanına Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə səfirliyin maşınında gəliblər.

Göründüyü kimi, Leyla Yunus ifşa olunacağını duyduğu üçün “asta qaçan namərddir” - deyib əri ilə bərabər xəlvəti aradan çıxmağa cəhd göstərib. Lakin onların bu cəhdlərinin qarşısı alınıb. Şübhəsiz, Vətənə xəyanətdə şübhəli bilinən “hüquq müdafiəçiləri” tezliklə qanun qarşısında cavab verəcəklər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında