Sərsəngin harayı dünyaya çatır

 

 

 

 

 

Bugünlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun və 11 ölkədən həmyerlimizi dəstəkləyən 27 avropalı deputatın təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” qətnamə təklifini müzakirə etmiş və məruzə üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərmişdir. Assambleya bürosunda yekdilliklə qəbul olunmuş bu  qərar  Assambleyanın plenar sessiyasında təsdiqlənmişdir.

Bu barədə redaksiyamıza məlumat verən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assossiasiyasının eksperti, əməkdar jurnalist Ənvər Qafarlı təmsil etdiyi qurumun araya- ərsəyə gətirdiyi bü mühüm təşəbbüsün mahiyyətini və AŞPA müzakirəsinə çıxarılması tarixçəsini şərh edərək bildirdi:

–  AVCİYA-nın təşəbbüsünü əks etdirən bu mühüm təklifdə Azərbaycanın 6 cəbhəyanı rayonunda (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtər) yaşayan 400 mindən çox Azərbaycan vətəndaşının kəskin su qıtlığı ilə əlaqədar hər gün ciddi humanitar, iqtisadi və ekoloji problemlərlə üzləşdiyi beynəlxalq ictimaiyyətin və nüfüzlu təşkilatların diqqətinə çatdırılır.  Qərarda bildirilir ki, 125 metr hündürlüyü, 560 milyon kubmetr su tutumu olan Sərsəng dəryaçası erməni işğalından sonra indiyədək təmir edilmədiyindən gözlənilməz təbii fəlakət və ya təxribat nəticəsində baş verə biləcək dağıntılar, daşqınlar 400 min Azərbaycan əhalisinin həyatı üçün təhlükə riskini günbəgün artırır.

Gözlənilən fəlakətin qarşısını almaq AVCİYA 2013-cü ilin may ayından geniş hərəkata başlamış, hər an baş verə biləcək fəlakət barədə dünya ictimaiyyətini və beynəlxalq təşkilatları məlumatlandırmaqla, problemə dair konkret qərarlar, qətnamələr qəbul etdirməyi qarşıya məqsəd qoymuşdur.

“Sərsəng harayı” layihəsinin rəhbəri, Milli Məclisin üzvü, AVCİYA-nın prezidenti Elxan Süleymanovun bu dəryaçanın indiki vəziyyəti barədə AŞPA-ya ardıcıl olaraq bir neçə qətnamə layihəsi təqdim etməsinə baxmayaraq, hər dəfə onun təklifi əsasında məruzə hazırlanması ciddi qərəz və etinasızlıqla, süni əngəllərlə üzləşdiyindən müvafiq qərar qəbul edilmirdi. Lakin azərbaycanlı deputatın ardıcıl mübarizə və təkidləri nəticəsində, nəhayət, Avropanın 11 ölkəsinin 27 deputatının imzaladığı təklif bu il aprelin 6-da AŞPA-nın Sədarət Komitəsində müzakirəyə çıxarıldı. Komitənin çox mühüm məsələyə dair məruzə hazırlanması barədə rəyi ilə ölkəmizin təklifinə aprelin 11-də baxıldı. AŞPA bürosu məsələni məruzə hazırlanması üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönəltmək barəsində qərar qəbul etdi.

Bundan sonra Kiprin paytaxtı Nikosiyada Sosial Məsələlər Komitəsi həmin qərarı nəzərə alaraq Sərsəngin vəziyyəti və gözlənilən humanitar fəlakət barədə hesabat hazırlamaq üçün mayın 12-də məruzəçi təyin edəcək. Nəhayət, Sərsəng dəryaçası ilə bağlı hazırlanacaq məruzə AŞPA-da geniş müzakirəyə çıxarılacaq və qəbul ediləcək qətnamə fəlakətin qarşısının birgə səylərlə alınmasında Azərbaycan üçün yeni imkan yaradacaq.

Ekspert daha sonra bildirdi ki, 22 il əvvəl Sərsəngin erməni işğalı altına keçməsindən sonra  6 sərhədyanı rayonumuzun su çatışmazlığından necə əziyyət çəkdiyi, ciddi humanitar, iqtisadi, ekoloji və bioloji təhlükə barədə Azərbaycandan AŞPA məruzəçisinə konkret sənədlər təqdim ediləcək, ona ölkəmizdə insan haqlarının ermənilər tərəfindən necə pozulduğunu sübüt edən dəlillər çatdırılacaq. Qeyd edək ki, indiyədək Sərsəng problemi ilə əlaqədar dünya mətbuatında 3 mindən çox məqalə dərc edilmiş, AŞPA-ya, Avropa Parlamentinə və digər nüfuzlu təşkilatlara humanitar fəlakət zonasının on minlərlə sakinindən, dözülməz vəziyyətin şahidlərindən məktublar göndərilmiş, təxirəsalınmaz konkret tədbirlər görülməsi barədə beynəlxalq aləmə çağırışlar edilmişdir.

Məktublarda və müraciətlərdə deyilir ki, 20 ildən çox erməni işğalı altında qalan Sərsəng dəryaçası texniki qulluq göstərilməməsi və baxımsızlıq üzündən qəzalı vəziyyətdədir. Dəryaçanın durumu Azərbaycan üçün daim real qorxu, dağıntı və faciə təhlükəsi törədir. Bundan əlavə, Azərbaycanın 6 rayonunun Sərsəngin suyundan məhrum edilməsi regionun təbii relyefini tamamilə dəyişmiş, torpaqlar yararsız hala düşmüş, qurunt sularının səviyyəsi yüz metrdən də çox aşağı enmişdir.

Vəziyyətdən çıxış yolu kimi bu rayonların hər birində qazılan yüzlərlə artezian quyusu taxıl zəmilərində, pambıq sahələrində, üzüm plantasiyalarında, meyvə bağlarında və heyvandarlıqda məsuldarlığın artırılmasına kömək edə bilmir. Beləliklə, Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan dəyir, yaşıllıqlar quruyub məhv olur, torpağın bioloji strukturunda ziyanlı proseslər baş verir, bölgədə ciddi ekoloji gərginlik daim artır. Ermənilərin işğalçılıq siyasəti Sərsəngi bu gün Azərbaycana qarşı ekoloji mübarizə siyasətinə çevirib.

     Qeyd etdiyimiz faktlar AŞPA məruzəçisinə real sübutlar və sənədlərlə çatdırılacaq, Azərbaycanın işğaldankənar, cəbhəyanı rayonlarındakı vəziyyətin acınacaqlı mənzərəsi AŞPA ilə yanaşı, beynəlxalq ictimaiyyət üçün də aydın olacaq. Şübhəsiz, üzləşdiyimiz humanitar fəlakət təhlükəsi dünya ictimaiyyəti və beynəlxalq təşkilatların diqqətindən kənarda qalmayacaq. Mövcud vəziyyətlə bağlı AŞPA məruzəçisinə AVCİYA və respublikamızın əlaqədar təşkilatları tərəfindən çatdırılacaq həqiqətlər məruzədə obyektiv əksini tapacaq. Problemin həlli ilə əlaqədar məruzəçinin siyasi iradə göstərəcəyi təqdirdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir zəruri sənədə imza atılmasına nail olacaq.

Ənvər Qafarlı sonda dedi:

– Sərsəngin düçar olduğu bugünkü vəziyyət, Azərbaycan üçün ciddi problemə çevrilmiş humanitar faciə hər bir vətəndaşı, medianı, vətəndaş cəmiyyətini, siyasi partiyaları, QHT-ləri, dünya azərbaycanlılarını bir araya gətirməli, bu məsələdə beynəlxalq təşkilatlara həmrəyliyimizi nümayiş etdirməliyik. “Sərsəng harayı”nı bütün dünyaya uca səslə çatdırmaqla bəyan etməliyik ki, Ermənistanın Azərbaycana təcavüzü, 20 faiz ərazimizi işğal etməsi təkcə bir milyon vətəndaşımızın qaçqın və köçkünlüyünə səbəb olmamış, eyni zamanda, 6 cəbhəyanı rayonumuzun 400 mindən çox sakinini 20 ildən çoxdur ki, əzab-əziyyətli, təhlükəli həyat yaşamaq məcburiyyətində qoymuşdur.

T.AYDINOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında