Əhalinin sosial problemlərinin həlli dövlət siyasətində prioritet istiqamətdir

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı iqtisadi və sosial sahədə əldə edilən nəticələri müzakirə edərkən ölkənin bütün sahələrdə irəli getdiyini, cari ilin də iqtisadi inkişaf baxımından respublika üçün uğurlu olacağına əminliyini bildirmişdir.

Qazanılan nailiyyətləri Azərbaycanda həyata keçirilən məqsədyönlü və köklü islahatların nəticəsi hesab edən Prezident qeyd etmişdir ki, hökumət sosial məsələlərin həllində də siyasəti düzgün istiqamətdə aparır. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirlərinin 4,5 faiz artdığını, inflyasiyanın isə cəmi 2 faiz təşkil etdiyini vurğulayan dövlət başçısı əhalinin gəlirlərinin inflyasiyanı 2 dəfədən çox üstələdiyini qeyd etmiş, bunun da insanların sosial məsələlərinin həlli üçün əsas şərt olduğunu bildirmişdir. “Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir”.

Azərbaycan Prezidenti sosial məsələlərdən söz açarkən ölkə əhalisi üçün vacib olan sağlamlıq məsələlərinə toxunmuşdur. Son dərəcə vacib sosial bir işə imza ataraq Bakıda və respublikanın bütün bölgələrində əhalinin sağlamlıq durumunun nəzarətə götürülməsi məsələsini önə çəkmişdir. “Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün, əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər bir yerində imkan vardır. Qısa müddət ərzində – cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır”.

 Heç birimiz inkar edə bilmərik ki, əhalinin müəyyən aztəminatlı təbəqəsi hər nasazlığında sağlamlığını bərpa etmək üçün müayinə və müalicə olunmur. Cənab Prezidentin bu amilə həssas və qayğı ilə yanaşması problemin kökündən həllinə yönəlmişdir. Respublikanın bütün bölgələrində bu məsələ yüksək səviyyədə həyata keçirilmiş və neçə-neçə ailə, ayrı-ayrı vətəndaşlar tam müayinə olunmuş, ehtiyac olan halda müalicə edilərək öz sağlamlıqlarına qovuşmuşdur. Müşavirədə Prezident bu məsələyə çox ciddi yanaşdığını bildirmişdir: “Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə, onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik”. Bu məsələnin həlli həm də dövlət başçısının insan amilinə, ölkə vətəndaşına verdiyi yüksək dəyərin göstəricisidir.

Müşavirədə birinci rübdə orta əməkhaqqının təxminən 7 faiz artdığı, bu gün Azərbaycanda orta əməkhaqqının 430 manat, yəni 550 dollar səviyyəsində olduğu vurğulanmışdır. Əhalinin həyat səviyyəsinin gündən-günə artması ölkənin inkişaf göstəricisidir. Danılmaz faktdır ki, bunu dövlət başçısı da yüksək qiymətləndirir: “Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır”.

İlin birinci rübündə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu proqramı dəstəkləyir. Prezident 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastrukturun, iqtisadi məsələlərin öz həllini tapacağına əminliyini bildirmişdir. Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir. Bütövlükdə, birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılmışdır. Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Dövlətin məqsədi 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdırmaqdır ki, sosial infrastruktur tamamilə yenilənsin.

Müşavirədə aztəminatlı ailələrin sosial problemlərinə də toxunulmuş və bildirilmişdir ki, sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulmuşdur. Dövlət başçısı bu məsələdən danışarkən belə proqramların ardıcıl olaraq həyata keçirildiyini və davamlı şəkildə keçiriləcəyini, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulamışdır: “Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır”.

Qeyd etməliyik ki, hazırda respublikamızda 612 114 nəfər ailə üzvünü əhatə edən 139 573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir.

Müşavirədə bu il də şəhid ailələrini, müharibə əlillərini, məcburi köçkünləri evlərlə təminetmə proqramının davam etdiriləcəyi, keçən il 20 mindən çox köçkünün yeni evlərə, mənzillərə köçdüyünü, bu il də ən azı 20 min köçkün ailəsinin evlərlə təmin olunacağı bildirilmişdir.

Digər sosial məsələlərin həlli yollarından danışarkən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. Bir müddət bundan əvvəl imzaladığım sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu proses davam etdiriləcəkdir. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin, münaribə veteranlarının və şəhid ailələrinin problemlərinin həlli yönündə dövlət başçısının təklif və tövsiyələrini əsas tutaraq ardıcıl işlər görür. Mart ayında 100 nəfər müharibə əlilinə “Naz - Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunmuşdur. Onlardan 95 nəfəri Qarabağ müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlilidir. Cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari il ərzində avtomobillə tam təmin olunması istiqamətində işlərin davamı olaraq aprelin 16-da ƏƏSMN tərəfindən daha 100 nəfər bu kateqoriyadan olan şəxs “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilmişdir. Həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılmışdır. Qeyd etmək lazımdır ki, aprelin 16-da verilən maşınlar da daxil olmaqla, minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür. Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açmışlar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin bu ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara Prezidentin növbəti qayğısı olduğunu vurğulamışlar.

Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlillərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytında ictimaiyyətə təqdim edilmişdir.

Bundan başqa, ilin ilk rübü ərzində Bakı Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 144 nəfər əlilliyi olan şəxs əlil arabaları ilə təmin olunmuşdur. Bu müddətdə mərkəz və onun Gəncə şəhərindəki filialı, eləcə də Naxçıvan istehsalat sahəsi tərəfindən müxtəlif növlərdə ümumilikdə 4881 ədəd protez-ortopedik məmulat hazırlanaraq qeyd olunan şəxslərin istifadəsinə verilmiş, müraciətlər əsasında 204 ədəd protez-ortopedik məmulat təmir edilmişdir. Həmçinin bu ilin yanvar-mart aylarında Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə filialının mürəkkəb protezləşdirmə stasionarlarında 176 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilmişdir.

Sosial məsələlərin həllindən danışarkən qeyd etmək yerinə düşər ki, Dövlət Məşğulluq Xidməti tərəfindən bu günlərdə “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirində 216 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilmiş, müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması məqsədilə işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunmuş, yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik məqsədilə 9-u dövlət, 77-i isə özəl sektora aid ümumilikdə 86 müəssisə və təşkilat tərəfindən 855 vakant iş yeri tələbə və məzunlara təqdim edilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunmuş, həmçinin, bu müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanmışdır.

Sosial sahədə aparılan məqsədyönlü tədbirlər, görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin hər bir ölkə vətəndaşına, xüsusilə də, əhalinin aztəminatlı təbəqəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığının sübutu olmaqla yanaşı, onu deməyə əsas verir ki, dövlət başçısı insan amilinə yüksək dəyər verir və hər bir vətəndaşın problemi onun diqqət mərkəzindədir.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında