Prezident İlham Əliyev: Ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir

 

 

 

 

 

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində, idxal məhsullarından asılılığın azaldılması və maliyyə bölməsinin  idxal inflyasiyasından qorunmasında qeyri-neft sektorunun rolu əvəzsizdir. Son 10 ildə bu sahə daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi və sosial siyasət nəticəsində keçid dövrü uğurla başa çatdırılıb. Hazırda isə iqtisadiyyatın şaxələndirilməsi prosesi məqsədli və sürətli şəkildə davam etdirilir.

Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı danışılmışdır. Dövlət başçısı giriş nitqində demişdir:"Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır".

Bu gün ölkəmizdə  neft və qaz gəlirlərindən əldə edilən vəsaitlərdən qeyri-neft sektorunun  inkişafında çevik və praqmatik şəkildə istifadə olunur. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları getdikcə  artır. Hazırda  maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir. Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi  cəmi 2 faiz olmuşdur.

Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafına valyuta ehtiyatlarımızın getdikcə artması öz müsbət təsirini göstərir. Ölkə rəhbəri bununla əlaqədar iclasda vurğulamışdır ki, hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə, ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, bizim böyük investisiya proqramlarımız icra edilsə də valyuta ehtiyatlarımız azalmır, əksinə,  daha da  artır. Bu da ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Azərbaycan dövləti iqtisadiyyatın, sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası üçün öz maliyyə imkanlarından səriştəli şəkildə istifadə edir, eyni zamanda, valyuta ehtiyatlarımızın da ildən-ilə artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Hazırda müstəqil Azərbaycan dövlətinin bu təcrübəsi,  vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini reallaşdırmaq siyasəti dünya miqyasında artıq bir nümunə kimi qəbul olunur.

Qeyri-neft sektorunun inkişafında özəl bölmənin rolu danılmazdır. Ona görə də  Azərbaycanda sahibkarlıqla bağlı məsələlər uğurla həll edilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin üç ayında  1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılmışdır. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir.

Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki dövlət proqramının icra olunduğu 10 il ərzində  regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

İclasda qeyd edilmişdir ki, bu ilin üç ayı ərzində dövlət başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır. Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Hazırda isə  500-dək müəssisənin tikintisi davam etdirilir.  Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan xarici investisiyalar üçün münbit şərait yaradılmışdır. Çünki Azərbaycanda ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı,  ixtisaslı əmək ehtiyatlarının coxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində fəal iştirakı, ən əsası isə  respublikamızın  coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli cıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır. 

Yuxarıda sadaladığımız əlverişli və münbit biznes mühitinin formalaşdırılması hətta Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarında da öz əksini tapmış və Azərbaycan dünyanın 183 ölkəsi arasında 66-cı yerə layiq görülməklə biznesə başlamaq parametrləri üzrə inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşmışdır.

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Sənayenin dinamik inkişafı 2014-cü ildə də diqqət mərkəzində saxlanılır. Azərbaycanda iri sənaye komplekslərinin yaradılması istiqamətində hazırda mühüm  tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu məqsədlə ölkədə sənayenin inkişafına dair 2015-2020-ci illər üzrə  Dövlət Proqramının da hazırlanması nəzərdə tutulmuşdur.

Son illər sənayenin inkişafına mühüm önəm verilməsinin nəticəsi kimi bir neçə fakta diqqət yetirək. Ötən il qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi  irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.

Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət büdcəsinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr reallaşdırılmışdır. Ötən il qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Azərbaycanda kosmik sənayenin yaradılması,  “Azərspace-1" peykinin fəzaya qaldırılması dövlətimizin böyük tarixi uğurudur.

Sənayeləşmə siyasətinin uğurlu davamı qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. Son bir ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal müəssisələri, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları və onlarca digər sənaye obyekti istifadəyə verilmişdir. Onu da deyək ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.

Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə iradə nümayiş etdirən regional gücə çevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında