Monteneqro Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlıdır

 

 

Aprelin 17-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf etdiyini vurğulamış, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmışdır.

 Bu ilin mart ayında Azərbaycan nümayəndə heyətinin Monteneqroya səfərini xatırladan nazir Şahin Mustafayev səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının, görüşlərin, həmçinin iş adamlarının iştirakı ilə biznes forumun keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Diqqətə çatdırılmışdır ki, ötən il TAP layihəsi üzrə imzalanmış Anlaşma Memorandumu Azərbaycan və Monteneqro arasında enerji sahəsində əməkdaşlıq üçün gözəl imkandır. Hazırda iki ölkə arasında bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası dövlətlərimiz arasında əlaqələrin inkişafına xidmət edəcəkdir. Ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, infrastruktur və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.

Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını bir daha vurğulamışdır. Nazir təəssüflə qeyd etmişdir ki, münaqişə ilə bağlı hələ də ikili standartlar tətbiq olunur, işğalçı Ermənistanın və Azərbaycanın  Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin nümayəndələrinə Avropaya səfər etmək üçün vizalar verilir, beynəlxalq tribunalarda onlara çıxış etmək imkanı yaradılır. Şahin Mustafayev beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini qeyd etmişdir.

Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç inkişaf edən Azərbaycan-Monteneqro əlaqələrindən məmnunluğunu ifadə etmiş, respublikamızın dinamik inkişafının ölkəsinin diqqət mərkəzində olduğunu demişdir.

Monteneqro barədə məlumat verən R.Krivokapiç ölkəsinin Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafında, xüsusilə də investisiya qoyuluşu sahəsində maraqlı olduğunu diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında