Avropa Şurası ədalətli olmaq niyyətindədirsə, ilk növbədə Ermənistanı cəzalandırmalıdır

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının dördüncü iş günündə təxirəsalınmaz müzakirələr təriqi ilə Rusiyanın bu təşkilatdakı səlahiyyətlərinin məhdudlaşdırılması məsələsinin müzakirələri geniş rezonans doğurmuşdur.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Assambleyadakı həmin diskussiyalar kontekstində bir daha Ermənistanın Azərbaycana təcavüzü məsələsini gündəmə gətirən sənəd hazırlamışdır. Avropa Şurasının Ermənistana qarşı indiyə qədər sərt tədbirlər görməməsinin mütləq başqa daha ağır fəsadlara da bais olacağının vurğulandığı sənəddə deyilir: “Avropa Şurasının Parlament Assambleyasında indi və bütün ötən dövrlərdə apardığımız bütün müzakirələrin ortaq bir fəlsəfəsi var - həqiqət axtarışı. Nədir həqiqət, harada yerləşir o? Daha böyük həqiqətlərin yanında, yoxsa müxtəlif yalanların arasında? Həqiqət yalnız güclülərin, seçilmişlərin tərəfindədir, yoxsa bu dəyər hamıya aiddir? Bu cür ziddiyyətli suallar qoyula bilirsə, demək, həqiqət hələ ki, son dərəcə mücərrəddir və onun dəqiq yeri bəlli deyildir. Bu gün də məhz belədir. Qaynar, bəzi məqamlarda çılğın müzakirələr gedir, əsl həqiqəti isə bütün tərəfləri və rəngləri ilə görmək barədə heç düşünmək belə istəmirik. Bəzən deyirlər ki, həqiqət müqayisələrdə ortaya çıxır. Kiçik bir müqayisə aparaq və görək ki, bu saatlarda həqiqət axtaranların heç də səmimi həqiqətpərəst olmadığını sübut edən hansı danılmaz dəlillər meydandadır. Rusiyanı biz Krım probleminə görə ittiham edirik. Amma həmin hadisələri Parlament Assambleyasında araşdıraraq ona hüquqi qiymət verdiyi bir sənəd hələ ortada yoxdur. Halbuki, Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü məsələsini dəqiq qiymətləndirən və 2005-ci il yanvarın 25-də Assambleyanın qəbul etdiyi  ayrıca qətnamə vardır. Həmin qətnamə ilk bəndlərindəcə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını təsdiqləyir.

Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyinə görə Avropa Şurası Ermənistana qarşı indiyədək hansı sanksiyalar tətbiq edib, nə zaman Ermənistanın səsvermə hüququnu müvəqqəti olsa belə əlindən alıb, nə vaxt Ermənistanı heç olmazsa indi Rusiyanı tənqid etdiyi kimi danlayıb, töhmətləndirib?

Heç vaxt, heç bir tədbir görülməyib! Biz ədalətli, prinsipial olmalı olduğumuzu niyə yalnız indi Rusiyaya münasibətdə yada salırıq?

Biz bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edir, istənilən işğalın əleyhinəyik. Hər bir cəza isə cinayətə uyğun, törədilmiş əməlin həcminə müvafiq olmalıdır. Ermənistanın digər üzv dövlətə - Azərbaycana qarşı törətdiyi qanlı cinayətlərin miqyasları çox nəhəngdir. Dağılmış şəhər və kəndlər, öldürülmüş insanlar, zəhərlənmiş təbiət, məhv edilmiş mədəni irs. Bütün bunlara görə Avropa Şurası hələ Ermənistana cəza verməyibsə, hətta bu barədə düşünməyibsə və Rusiyanı cəzalandırmaq məsələsini qaldırırsa, bu, ikili standartın ən bariz örnəyi deməkdir.

Əgər Krım hadisələrinə görə Rusiyanı ilin sonunadək səsvermə hüququndan məhrum ediriksə, gərək onda qat-qat ağır cinayətkar olan və təcavüzkar olduğunu BMT-dən tutmuş AŞPA-ya qədər bir çox beynəlxalq təşkilatların rəsmi sənədləri ilə təsdiqlədiyi Ermənistana daha əvvəl bundan qat-qat ağır sanksiyalar tətbiq edək. Etməmişiksə, demək obyektiv olmamışıq, ədalətli olmamışıq, saxtakarlıq etmişik.

Qəbul etmək istəmədiyimiz hərəkətlərin, baş vermişlərin və bu tipdə bundan sonra baş verəcəklərin günahkarı ən əvvəl Assambleyadır. Əgər vaxtında Ermənistan üçün bu mühakiməni qurmuş olsaydıq, bu gün və sabah belə müzakirələrə bəlkə də ehtiyac olmazdı. Təəssüflər ki, gec ayılmışıq.

Daha böyük günahkar hələ cəzalanmayıb. Mən əvvəl o günün gəlməsini gözləyirəm”.

Rafael Hüseynovun hazırladığı bu sənəd nəşr edilərək Parlament Assambleyasında yayılmışdır.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında