Azərbaycan – Türkiyə qardaşlıq münasibətləri zamanın sınağından çıxmış möhkəm təməl üzərindədir

 

 

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra qonşu ölkələrlə münasibətlər qurmaq, tanınmaq imkanı əldə etdi. Müstəqilliyimizi tanımış ilk dövlət də, şübhəsiz ki, qardaş Türkiyə Cümhuriyyəti oldu. Bugünədək Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləməkdə davam edən  Türkiyə Cümhuriyyəti ilə münasibətlər ölkəmiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Soykökümüz, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında əməkdaşlıq daha da genişlənməkdə və dərinləşməkdədir.

Aprelin 4-də Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiqlədi. Xatırladaq ki, Türkiyədə martın 30-da baş tutan və olduqca gərgin keçən bələdiyyə seçkilərində Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası ( AKP) səslərin 44 faizdən çoxunu toplayaraq qalib oldu. Bu qalibiyyətin ardından R. T. Ərdoğanın ilk xarici səfərini məhz qardaş Azərbaycana etməsi bir daha təsdiqlədi ki, bizi bağlayan amillər, strateji müttəfiqlik təsadüfi deyil. Bu, həm cəmiyyətlərimizin, həm də dövlət münasibətlərimizin əsas ana xəttini təşkil edir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərimiz sağlam təməllər üzərində qurulub. Dövlət başçısı İlham Əliyevin də ötən il prezident seçkilərində qələbədən sonra ilk səfərini məhz Türkiyəyə etməsi bu prosesin bir ənənə halını alması üçün atılan prinsipial addım kimi dəyərləndirilir.

Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi kökləri var. Bu iki ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnak-bolşeviklərin təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadilədə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər. İstər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də ölkəmizdə sovet hakimiyyətinin ilk illərində – daha dəqiq desək, Nəriman Nərimanovun ölkəyə rəhbərlik etdiyi illərdə Türkiyə ilə münasibətlər yüksək səviyyədə olmuş, hətta kommunizmin sərt repressiya illərində belə, xalqın qəlbindən qardaş dövlətə olan məhəbbət zorla belə çıxarıla bilməmişdir. Sonralar – 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.

1991-ci ildən sonra diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivlərini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Onun XXI əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, “1993-cü ilin yayından başlayaraq Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.”

Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında tutduğu müdrik və uzagörən xətt bu gün də davam etdirilir. Azərbaycan və Türkiyənin bölgədə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxlaq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.

Türkiyə nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir.

Türkiyənin Qafqazda mövqeyi əsasən Azərbaycanın və Azərbaycanla müttəfiqliyə, sıx münasibətlər qurmağa ehtiyacı olan Gürcüstanın hesabına təmin olunur. Azərbaycanla, demək olar ki, birbaşa quru əlaqəsi olmayan (təcrid edilmiş Naxçıvanla əlaqə istisna olmaqla) Türkiyə yalnız Gürcüstan, Rusiya və İran vasitəsilə Azərbaycana və Orta Asiyaya daxil olmaq, onlarla hərtərəfli inteqrasiyaya girmək imkanına malikdir. Azərbaycan-Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir. Prezident İlham Əliyevin R.T. Ərdoğanla birgə mətbuat konfransındakı çıxışında qeyd etdiyi kimi, bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir.

Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq hərbi müstəvidə də davam etdirilir. Dünyanın ən güclü ordularından hesab olunan Türk Silahlı Qüvvələrinin təcrübəsindən Azərbaycan Ordusu da faydalanır. Mətbuat konfransında Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etdi: “Bu gün biz, eyni zamanda, hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu sahədə də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış bizim ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır. Bu işğal, ədalətsizlik davam edir. Buna son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, belə də olacaqdır. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq.”

Əlbəttə, Türkiyə Cümhuriyyətinin regionun güc sahibi hesab edilməsi bizi sevindirməyə bilməz. Hazırda qarşılaşdığımız Qarabağ probleminin həllində, iqtisadi potensialın artırılmasında, ordunun, təhsilin, səhiyyənin inkişaf etdirilməsində Türkiyə təcrübəsindən yararlanma və bütövlükdə, digər dövlətlərlə, xüsusilə böyük dövlətlərlə münasibətlərin tənzimlənməsində qardaş dövlətə güvənmə hissi həmişə olmuş və olacaqdır. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etdi ki, biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuat konfransındakı çıxışında maraqlı nüansların üstündə bir daha dayanmaqla Azərbaycan Respublikasına verilən önəmi göstərərək dedi: Çox mənalı müzakirələr nəticəsində xarici ticarət dövriyyəsi təqribən 15 milyard dollara doğru gedən iki ölkənin gələcəyə baxışındakı bünövrə günbəgün daha da möhkəmlənir. Bir az əvvəl cənab Prezidentin də ifadə etdiyi kimi, Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür. Bunların ən əhəmiyyətlisi də, təbii ki, TANAP layihəsidir. Bu layihə ilə əlaqədar başlanan rəsmiləşdirmə işləri ilə bağlı Nazirlər Kabinetinin qərarı da qəbul edilmişdir. Qarşıdakı aylarda, inşallah, burada addımlar atılacaq və TANAP-la bağlı 2018-ci il hədəfinə nail olacağımız an inanıram ki, bu beynəlxalq layihə aramızdakı qardaşlığımızı qat-qat gücləndirəcəkdir... Bizim aramızda təbii ki, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət - bütün bu sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq.

Sonra Baş nazir Qarabağ məsələsinə toxunmaqla Türkiyənin hökumət başçısı kimi bu dövlətin siyasətini bir daha bəyan edərək dedi ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Bunu təkrar aramızda müzakirə etdik və Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da yenə eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz. Bunun xüsusilə ekran qarşısında bizi izləyənlərin bilməsini bir daha istəyirəm. Bu baxımdan bunu ifadə edirəm.

 Bu gün beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri üst-üstə düşür. Hər iki tərəf regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. 1993-cü ilin aprelində Ermənistan qoşunları Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən və BMT-nin işğal olunmuş əraziləri tərk etməsi barədə qətnaməsini icra etmədikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və problem həllini tapmayana qədər sərhədləri açmamaqda qərarlıdır. Türkiyə ardıcıl olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını, bu məsələ ilə bağlı BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsini tələb edir.

Göründüyü kimi, münasibətlərin bu cür formalaşması yalnız bir məsələnin üstündə dayanır: Qardaşlığın! Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında qardaşlığın, strateji əməkdaşlığın ən yüksək səviyyədə olması, təbii ki, bədxahlarımız, xüsusilə də düşmən Ermənistan tərəfindən xoş qarşılana bilməz. Onlar hər vəchlə bu münasibətləri pozmağa çalışsalar da, heç nəyə nail ola bilməmişlər. İnşaallah, bundan sonra da hər iki dövlətin və qardaş xalqların müdrikliyi sayəsində heç bir şeyə nail ola bilməyəcəklər.

Anar TURAN, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında