Azərbaycanın xarici siyasəti ölkəmizə dünya birliyində böyük nüfuz qazandırmışdır

 

 

 

Beynəlxalq münasibətlər sisteminin aparıcı subyektlərindən biri kimi, uğurlu xarici siyasət həyata keçirən Azərbaycan Respublikası güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoniyasını təmin etməklə dünya birliyində böyük nüfuz qazanmışdır. Bu gün Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həlledici geosiyasi oyunçuya çevrilmişdir. Ölkəmiz inkişaf etmiş Qərb dövlətləri üçün Şərqə və Mərkəzi Asiyaya açılan “geosiyasi pəncərə”, Şərqi və Mərkəzi Asiya ölkələri üçün isə Qərbə inteqrasiya məkanı rolunu uğurla yerinə yetirir. Ümumilikdə, regiona nəzər yetirdikdə bir daha görürük ki, Azərbaycan həm də Şimalla Cənubun qovşağında yerləşən məkan kimi bütün dünyanın diqqətini cəlb edir, qlobal güc mərkəzlərinin maraq dairəsinə çevrilir.

Azərbaycanın geoloji zənginliyinə, geosiyasi və coğrafi mövqeyinə, həmçinin bu kimi üstün cəhətlərlə birlikdə aparılan uğurlu daxili və xarici siyasətə nəzər yetirən istənilən nüfuzlu siyasətçi ölkəmizin böyük gələcəyi olduğunu əminliklə vurğulayır. Bu mənada, İsrail Prezidenti Şimon Peresin Azərbaycan barədə fikirlərini qeyd etmək kifayətdir. Prezident Peres demişdir: “Azərbaycan qeyri-adi ölkədir və olduğum digər ölkələrdən fərqlənir. Mən Azərbaycanda səfərdə olmuşam. Bu ölkə məndə xoş təəssüratlar yaradıb. Heydər Əliyev Fondunda oldum və həqiqətən, anladım ki, o, gözəl insan olub, böyük istedada, qeyri-adi zəkaya malik olub. İlham Əliyevlə isə ingilis dilində danışırdıq. O, ingilis dilini mükəmməl bilir. Hər iki Əliyevlər belə qərar veriblər ki, Azərbaycan öz yolu ilə inkişaf etməlidir, taleyini, gələcəyini özü həll etməlidir.

Bu gələcək üçbucaqlı daş üzərində dayanır: birincisi – ölkənin qədim mədəniyyətidir, ikincisi – zəngin yeraltı sərvətidir, üçüncü üçbucaqlı daş isə – elmin inkişafı, elmin yeni istiqamətlərinin inkişafıdır. Bu ölkə öz ənənələrini qoruyub saxlamaq istəyir və eləcə də müasir həyatın bir hissəsinə çevrilməyi arzulayır. Məncə, bu, çox müdrikcəsinə həyata keçirilir. Əslində, bu gün bu və ya digər ölkənin nə coğrafi ölçüləri, nə də əhalisinin sayı mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, dünya daim dəyişir. Mən Prezident Əliyevi çox yüksək dəyərləndirirəm. O, çox mədəni bir insandır: müstəqildir, liberaldır. O, qorxan insanlardan deyil. O, asanlıqla geri çəkilməz və Azərbaycanın böyük gələcəyinə ürəkdən inanır. Mənim kimi. Mən də bu ölkənin uğurlu gələcəyinə əminəm”.

Sevindirici hal ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli maraqların təmin edilməsinə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasətimiz nəinki ölkəmizin, hətta bütövlükdə regionun uğurlu gələcəyini təmin etməyə istiqamətlənib. Budur, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti regionun inkişafının hərəkətverici qüvvəsinə çevrilməklə burada artıq tamamilə fərqli bir geosiyasi mənzərənin formalaşmasına yol açıb. Xüsusən də reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transregional layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir. Bunlara misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini misal göstərmək olar. Azərbaycanın səyləri sayəsində gələcəkdə Transanadolu, Transadriatik qaz kəmərləri layihələrinin, bütövlükdə “Cənub dəhlizi”nin reallaşması, şübhəsiz ki, Cənubi Qafqazın dünyanın siyasi, iqtisadi, o cümlədən enerji xəritəsində tutduğu mövqeyini xeyli dərəcədə gücləndirəcək, regionda təhlükəsizliyin və sabitliyin təminatına çevriləcəkdir.

Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Azərbaycan geniş bir əhatədə – Xəzər və Qara dəniz bölgəsində baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir regional liderə çevrilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu olaraq imkanları getdikcə artır. Keçən il dekabrın 17-də imzalanan “Şahdəniz-2" layihəsi üzrə saziş bu imkanları daha da artırmışdır. Bu baxımdan, beynəlxalq ekspertlərin həmin sazişi “XXI əsrin müqaviləsi" adlandırması təsadüfi deyil. Azərbaycan öz təbii qazının Avropaya və Türkiyəyə çatdırılmasını nəzərdə tutan bu layihəni imzalamaqla, Cənubi Qafqazın lider dövləti olduğunu bir daha təsdiqlədi.

Bu gün Azərbaycan beynəlxalq səviyyəli nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə iş aparır. Bakı-Tbilisi-Qars kimi çox mühüm bir dəmir yolu layihəsinin həyata keçirilməsi regional əməkdaşlığın bariz nümunəsidir və Azərbaycanla yanaşı, həm də Cənubi Qafqazın əhəmiyyətini dünya miqyasında artırır. Onu da qeyd edək ki, Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bundan başqa, qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının yenidən qurulması, çoxşaxəli regional infrastruktur sisteminin yaradılması buna misal ola bilər.

Şübhəsiz ki, 2011-ci il oktyabrın 25-də ölkəmizin böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqil Azərbaycan Respublikasının ən möhtəşəm nailiyyəti idi. Bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərinin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq, yeni-yeni ölkələrlə uğurlu ikitərəfli münasibətlərin formalaşdırılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv iş, effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. Nəticədə, Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Səsvermə prosesi kifayət qədər gərgin oldu, ancaq bu səsvermə Azərbaycanın təkcə region üçün deyil, dünya üçün önəmli ölkələrdən biri olduğunu bir daha ortaya qoydu.

BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, həmçinin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, UNESCO, İSESCO eləcə də digər regional və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın xarici siyasətində qarşıya qoyulan vəzifələrin ən önəmlisidir. Dövlətimizin başçısının düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində hazırda dünyanın ən qüdrətli dövlətləri, həmçinin mötəbər beynəlxalq qurumlar münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyirlər. Artıq dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və staus-kvonun dəyişməsinin tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. Ancaq buna baxmayaraq, uzun illərdir ki, pozulan beynəlxalq hüquq, ədalət bərpa olunmayıb. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz təcavüzkar Ermənistanın işğalı altındadır. İşarə etdiyimiz kimi, beynəlxalq təşkilatlar Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda, o cümlədən dünyanın mühüm hərbi-siyasi təşkilatı olan NATO-nun zirvə toplantılarında oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir.

Dövlət başçımızın həm ölkə daxilindəki müxtəlif tədbirlərdəki nitqlərində, həm də beynəlxalq təşkilatların tribunasından çıxış edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün göstərdiyi qətiyyət dünya ictimaiyyətinin diqqətindən yayınmır. Azərbaycan Prezidenti dövlətin bu məsələyə dair mövqeyini həm işğalçı ölkənin rəhbərləri ilə, həm vasitəçi ölkələrin rəsmiləri ilə, həm də beynəlxalq təşkilatlarda müzakirələr zamanı konkret şəkildə ifadə edir: “Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunacaqdır”.

Xarici ekspertlər İlham Əliyevin bu qətiyyəti barədə söz açarkən daha çox bir arqumenti əsas kimi önə çəkirlər: “O, təkcə dövlət başçısının deyil, 50 milyonluq bir xalqın ürək sözlərini dilə gətirdiyinə görə qətiyyətli və güclüdür”. Tamamilə haqlı yanaşmadır. Çünki bugünkü Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, Azərbaycan xalqının mənafelərini və mövqeyini ifadə edir. Özü də təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda deyil, bütün məsələlərdə. Bu barədə danışan Prezident İlham Əliyev demişdir: “Biz beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi həmişə olduğu kimi ifadə edirik. Hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Bu mövqe ədalətə, beynəlxalq hüquqa və Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Azərbaycan tərəfindən aparılan xarici siyasət nəticəsində bu gün dünya miqyasında bizə çox böyük inam və hörmət vardır”.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında