1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı yönəlmiş qəsd idi

 

 

 

 1995-ci ilin mart hadisələrindən 19 il ötür.  Hər il xalqımız Novruz bayramını qarşılamağa hazırlaşanda istər-istəməz, həmin ilin mart hadisələri gözlərimiz önündə canlanır. O  vaxt xalqımız özünün müqəddəs bayramını böyük sevinc və təmtaraqla qeyd etməyə hazırlaşdığı zaman bir qrup vəzifə hərisi hakimiyyəti silahlı yolla ələ keçirmək üçün ölkədə qarşıdurma yaratmışdı.

Həmin hadisələri törədənlərin cinayətkar əməlləri heç zaman unudulmayacaq. Çünki hakimiyyət hərisi olan bir qrup xəyanətkar insan öz ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə dövlət çevrilişi etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunu gözü götürməyən xarici himayədarlarının təhriki ilə bu işə girişmişdilər.

Əslində, bu hadisələr 1994-cü ilin oktyabrında bəzi xarici  antiazərbaycan dairələrin diktəsi ilə dövlət çevrilişinə edilən cəhdin növbəti ssenarisi idi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənməyə, mövqeləri möhkəmlənməyə  başladı. Müstəqillik yolunda ilk addımlarını atan respublikamızın beynəlxalq aləmə inteqrasiyası antimilli dairələri təşvişə salmışdı. Ona görə də ölkədə  ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr xarici  havadarlarının diqtəsi ilə hərəkətə gəldilər. Çünki “Əsrin müqaviləsi”nin əleyhinə olan və respublikamıza təzyiq göstərmək istəyən  antiazərbaycan qüvvələrin hərəkətləri ölkə daxilində xalqa, dövlətə, dövlətçiliyə düşmən mövqelərlə üst-üstə düşmüşdü.

Qaragüruh xəyanətkar əməllərinə 1995-ci il martın 13-də Qazaxda başladı. Bu zaman silahlı insident baş verdi. Bununla da mart hadisələrinin əsası qoyulmuş oldu. Martın 14-də daxili işlər naziri XTPD-nin buraxılması və 3 gün ərzində silahlarının təhvil verməsi barədə əmr imzaladı. Əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Prezident Heydər Əliyev XTPD-çilərə bağışlanmaq imkanı yaradan xüsusi fərman verdi. 

Xüsusi Təyinatlı Polis Dəstəsinin 1990 - cı ildə  hansı məqsədlərlə yaradıldığı  hamıya bəlli idi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev XTPD - nin üzvlərinə martın 15-də televiziya ilə müraciət edərkən də onların torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaəti  xüsusilə qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadov bundan nəticə çıxarmamış, əksinə, hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək üçün  zorakılıq variantına əl atmışdı. R.Cavadov qardaşı, Xətai rayonunun o vaxtkı prokuroru, Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoyurdu. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə Cavadov qardaşları, nə onların göstərişlərini yerinə yetirənlər, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə  çatmaq  üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.

Hakimiyyəti zorla ələ keçirmək istəyən xəyanətkarlar  qeyri - qanuni silahlı dəstələrin köməyi ilə dövlət çevrilişinə can atırdılar. Azərbaycan Prezidenti  Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmiş, onları əfv edəcəyini bildirmişdi. Hətta, Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla  da  danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi.

  Ulu öndər Heydər Əliyevin çoxsaylı müraciətlərinə baxmayaraq,  Cavadov qardaşları öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. Martın 16-dan 17-nə keçən gecə  paytaxtın 8-ci Kilometr yaşayış sahəsində “OMON qərargahı” kimi tanınan yerdə silahlı qarşıdurma baş verdi. Nə qədər ağır olsa da, qeyd edək ki, bu qarşıdurmada insan tələfatı da oldu. Hərbçilər, mülki şəxslər və polis əməkdaşları silahlı qarşıdurmanın qurbanı oldular. Bu hadisə nəticəsində yüzdən çox insan yaralandı.

Azərbaycanda baş verən dövlət çevrilişi  cəhdinin başında bəzi xarici qüvvələrin dayandığı heç kimdə şübhə doğurmurdu. Respublikada qeyri - qanuni silahlı dəstələrə rəhbərlik edən Cavadov qardaşları və onların himayədarları isə düşmən qüvvələrin  sifarişlərini yerinə yetirirdilər. Xəyanətkarlara  bu qarşıdurmadan qalib çıxdıqdan sonra hakimiyyət kreslosu qazanacaqları vəd olunmuşdu. Lakin “Heydər - Xalq” birliyi bu çirkin niyyətin qarşısını qətiyyətlə aldı və Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələrin arzularını ürəklərində qoydu. 

Ümummilli lider Heydər Əliyev də  Azərbaycan xalqına müraciəti zamanı  baş verənləri xarici qüvvələrin və müxalifətin hərbi-siyasi təxribatı kimi dəyərləndirmişdi. Ulu öndər həmin müraciətində demişdi: “İnanıram ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı bu gün də bizi bu vəziyyətdən çıxaracaqdır. Gəlin hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəli gedək” - söyləyən ulu öndər Heydər Əliyevin xalqla birliyi dövlətimizi, müstəqilliyimizi daha bir bəladan xilas etmiş oldu. Məhz onun çağırışlarından sonra bölgələrdə minlərlə insanın iştirakı ilə haqqı, ədaləti müdafiə məqsədilə mitinqlər keçirilmişdi.

Sonrakı proseslər hər kəsə bəlli olduğundan, təfsilata varmaq istəmirik. Lakin bir məqam xüsusi vurğulanmalıdır ki, dövlət və müstəqillik uğrunda “Xalq-Heydər”  birliyi həmin hadisələrdə qalib gəlmiş və Azərbaycan növbəti bəladan yan keçmişdi.

 Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti və qətiyyəti, xalqın gücü, iradəsi nəticəsində müstəqilliyimizə qəsdin  qarşısı alındı.

 Birmənalı şəkildə demək olar ki, Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının  sabaha, gələcəyə ümidini daha da artırdı. Qüdrətli şəxsiyyət Heydər Əliyev düşmənlərimiz tərəfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Artıq bu gün Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi getdikcə artır. Hazırda dövlətimiz Cənubi Qafqazın iqtisadiyyatının 85, maliyyə kütləsinin 90 faizini əlində cəmləyir. Bu gün  regionda ən güclü ordu da Azərbaycana məxsusdur. Bütün bunlar bir daha sübut edir ki, 1995-ci ilin mart ayında dövləti və müstəqilliyi müdafiə edən xalqımız seçimində yanılmayıb.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında