Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı ölkəmizin milli maraqlarına uyğun şəkildə inkişaf edir

 

Yüksək sosial-iqtisadi  inkişafı və getdikcə artan hərbi qüdrəti ilə  Cənubi Qafqaz regionunun lider dövlətinı çevrilən Azərbaycanla Şimali Atlantika Alyansı–NATO arasında əlaqələr gündən-günə möhkəmlənir. Mövcud təhlükəsizlik mühitində yeni tələblərin ortaya çıxması və bu mənada Azərbaycanın bölgədə və dünyada xüsusi rola malik olması qarşılıqlı əməkdaşlığı zərurətə çevirir. Qərbdə enerjiyə tələbatın sürətlə artdığı bir dövrdə karbohidrogen ehtiyyatları ilə zəngin olan ölkəmizin əhəmiyyəti də artır. Geostrateji mövqedə yerləşməsi, Avrasiyanın enerji və nəqliyyat dəhlizi olma potensialı dünyanın nüfuzlu dövlətlərinin, o cümlədən, beynəlxalq təşkilatların diqqətindən yayınmır. Bu baxımdan Şimali Atlantika Alyansının Azərbaycan ilə əlaqələrə xüsusi  əhəmiyyət verməsi də təbiidir.

Rəsmi Bakı isə ölkəmizin milli mənafeyi və Avratlantik məkana inteqrasiya siyasəti çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan - NATO münasibətləri bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq müstəvisində sürətlə inkişaf edir. Yüksək səviyyəli səfərlər zamanı qarşılıqlı hörmət və anlaşma şəraitində aparılan müzakirələr, əldə olunan nəticələr də belə deməyə əsas verir. Bu il yanvarın 15-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü də bu baxımdan əlamətdar olmuşdur.

Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırladan baş katib keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını vurğulamışdı. Şimali Atlantika Alyansı–Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı ölkəmizin tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdi. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu bir daha nəzərə çarpdırmış, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır. Öz növbəsində  dövlət başçımız NATO ilə əlaqələrin Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu bəyan etmiş və əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Ölkəmizin Əfqanıstanda aparılan NATO-nun antiterror əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verdiyi siyasi dəstək bütün dünyada, o cümlədən  Şimali Atlantika Alyansında razılıqla qarşılanır. Keçən ayın 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO-nun Mənzil-Qərargahında keçirilən iclasında  iştirakı bunu bir daha təsdiq edir.  İclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizliyin Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstandakı mövcud siyasi durum, NATO-nun bu ölkədə 2014-cü ildən sonrakı yeni missiyası və onun başlaması üçün lazımi olan hüquqi çərçivənin son vəziyyəti müzakirə olunmuşdur. Tədbirdə çıxış edən Azərbaycanın müdafiə naziri ölkəmizin Əfqanıstana dəstəyini qeyd etmiş və respublikamızın NATO-nun 2014-cü ildən sonrakı “Qətiyyətli dəstək” missiyasına töhfə verməyə davam edəcəyini bir daha təsdiqləmişdir.

Onu da qeyd edək ki, NATO dairələrində ölkəmizin müxtəlif istiqamətlərdə region dövlətlərinə nümunə olan fəaliyyəti hər zaman yüksək qiymətləndirilir. Bura həm beynəlxalq təhlükəsizliyin qorunması, həm NATO ilə əməkdaşlıq məsələsi, həm də Azərbaycan qoşunlarının Şimali Atlantika Alyansının standartları çərçivəsində qurulması daxildir. Təsadüfi deyil ki, bu gün Əfqanıstana göndərilən NATO yüklərinin 25 faizi Azərbaycan hava limanlarından yola salınır. Qərb ölkələri Azərbaycanın bu imkanlarından gələcəkdə də istifadə etmək fikrindədirlər. Koalisiya qüvvələri Əfqanıstandan çıxarılarkən yüklərin və şəxsi heyətin də Azərbaycan ərazisindən daşınması nəzərdə tutulub. Bu, ikitərəfli dəhlizdir. Yəni, həm Qərbdən Əfqanıstana, eyni zamanda Əfqanıstandan Qərbə doğrudur. Həmçinin, nəzərdən qaçırmaq olmaz ki, qoşunlar çıxarıldıqdan sonra Əfqanıstanın özü də Azərbaycanla əməkdaşlığa yüksək qiymət verir. Bu, Əfqanıstan güc strukturlarının kadrlarının hazırlanmasında, Əfqanıstanda bərpa işlərində Azərbaycanın həm təcrübəsindən, həm də potensialından istifadə edilməsində özünü göstərir. Azərbaycan Əfqanıstanın  Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Ölkəmiz artıq həmin fonda 1 milyon avro məbləğində maddi yardım göstərmişdir və daha 1 milyon avro yardım göstəriləcəkdir. Bu və digər proseslərdə Azərbaycanın rolu böyükdür. Bu baxımdan deyə bilərik ki, Azərbaycandan Əfqanıstana gedən istiqamət hələ bir çox onilliklər boyu dünyanın diqqət mərkəzində olacaqdır.

NATO-Azərbaycan əlaqələrinin bu səviyyəyə yüksəlməsi heç də səbəbsiz deyil.  Şimali Atlantika Alyansı ilə ölkəmiz arasında münasibətlərin  qurulması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətdir.  1993-cü ildə xalqın təkidli tələbiylə hakimiyyətə gələn böyük öndər Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan etdi. Ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olduqdan sonra — 1994-cü il mayın 4-də “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşuldu. Beləliklə, Azərbaycan  bu proqrama qoşulan 16-cı ölkə olmuşdur, Sovet İttifaqının keçmiş respublikaları arasında  isə sənədi imzalayan 4-cü ölkədir. Bu fakt da göstərirdi ki, həmin gündən etibarən əsaslı dayaqlara söykənən NATO - Azərbaycan əməkdaşlığı inkişaf edəcək və keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır.

Təbii ki, istənilən dövlətin istər ölkələrlə, istərsə də beynəlxalq hərbi-siyasi, iqtisadi-mədəni və digər təşkilatlarla əlaqələri onun milli mənafeyinin tələblərindən irəli gəlir. Bu baxımdan, Azərbaycanın xarici siyasəti də düzgün və düşünülmüş əsaslar üzərində qurulub. NATO ilə münasibətlərdə  rəsmi Bakı qarşı tərəfin müxtəlif səviyyəli əməkdaşlıq təkliflərini  özünün maraqları prizmasından dəyərləndirir. Bu, bir həqiqətdir ki, Şimali Atlantika Alyansı ilə əməkdaşlıq Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycanla sıx əlaqələr NATO üçün bir o qədər vacib və zəruridir. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Qafqazda, Şərq ilə Qərbin arasında çox mühüm strateji və geostrateji mövqedə yerləşir. Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısıdır. ABŞ-da 2011-ci il sentyabrın 11-də baş verən dəhşətli terror aktlarından sonra təhlükəsizliyin sərhədlərinin təkcə öz hüdudlarını deyil, bütün Şərqi də əhatə etdiyini anlayan Qərb dövlətləri ölkəmizin əvəzolunmaz tərəfdaş olduğunu bir daha anladılar. Artıq bütün dünya qəbul edir ki, beynəlxalq terrorçu təşkilatların maliyyə mənbələrindən biri və əsası olan narkotik-psixotrop maddələrin daşınmasının məhz bizim coğrafi məkanımızda qarşısının qətiyyətlə alınması, terrorizmə qarşı mübarizənin effektivliyini artırır.

Azərbaycanın təhlükəsizliyinin qorunması, Cənubi Qafqaz regionunda sülh və sabitliyin tam bərpa olunması bu gün NATO və ona üzv olan dövlətlər üçün əsas prioritetlərdən birini təşkil edir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qısa zamanda həlli məsələsi beynəlxalq ictimaiyyətlə yanaşı, Şimali Atlantika Alyansının da diqqət  mərkəzindədir. Əslində, NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamır. Ancaq təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar. Bu günədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan da məlum olur ki, təşkilat münaqişənin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində qətiyyətlidir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyyannaməsində, 2010-cu ildə Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən bəyanatda, 2012-ci ildə Çikaqoda keçirilən sayca 25-ci sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdı.

Şübhəsiz, qurumun bu mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi rəsmi  Bakı tərəfindən razılıqla qarşılanır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Şimali Atlantika Alyansının beynəlxalq hüququn prinsip və tələblərinə daim sədaqət nümayiş etdirdiyinə görə bir neçə dəfə təşkilat rəhbərliyinə təşəkkürünü bildirmişdir. Dövlət başçımız demişdir ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya olduqca minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik.  

Təqdirəlayiq haldır ki,  son 10 il ərzində də bir neçə mötəbər təşkilat Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Qərbin nüfuzlu qurumlarından biri olan  Avropa Parlamenti də problemin həllində dəfələrlə obyektiv mövqedən çıxış etmişdir. Son olaraq keçən il oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə  qəbul edilən qətnamə layihəsində də bu ədalətli mövqe yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Xüsusilə qeyd olunmalıdır ki,  qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi bir daha xatırladılmış,  Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 2009-cu il 10 iyul tarixli Akvil birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanmışdır. Diqqəti də məhz bu məqam çəkir ki,  Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu nəzərə çarpdırılmışdır. Yəni Avropa Parlamentinin son qətnaməsi, o cümlədən NATO-nun bəyanatları  bir daha onu təsdiq edir ki, beynəlxalq birlik münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.

Sonda qeyd edək ki, güclü dövlətin qurulması və dünyada özünəlayiq yer tutması üçün onun güclü iqtisadiyyata, qüdrətli orduya,  çevik xarici siyasətə daim ehtiyacı var. Azərbaycan Respublikası da 1993-cü ilin iyunundan başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşması,  xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Nəticədə, bu gün ölkəmiz  dünyanın inkişaf etməkdə olan dövlətləri sırasında özünəlayiq yer tutub.  Təsadüfi deyil ki, bu regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətlərini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Şimali Atlantika Alyansı  ilə əlaqələrimiz də məhz bu çərçivədə inkişaf edir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında