AŞPA-nın komitə iclasında Azərbaycandakı mədəni müxtəliflik haqqında danışılmışdır

 

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprel ayının əvvəllərində keçiriləcək yaz sessiyası ərəfəsində bu təşkilatın Parisdəki qərargahında elm, təhsil və  mədəniyyət komitəsinin növbəti iclasında bir sıra aktual siyasi və mədəni problemlər müzakirə olunmuşdur.

İclasın gündəliyinə daxil edilmiş “Təhsil sahəsində idarəçilik və keyfiyyətin artırılması”, “İnternetin səmərəli idarə olunması, kiberməkanda təhlükəsizliyin təminatı”, “Televiziyada zorakılığın nümayişi və bunun uşaqlara mənfi təsiri” adlı məruzələrin hər biri böyük maraq doğurmuşdur. Yalnız Parlament Assambleyasının deputatları deyil, dəvət olunmuş ekspertlər də problemlərlə bağlı mövqelərini bildirmişlər.

İndiyədək bu komitənin xətti ilə təhsil problemləri üzrə üç ayrıca məruzə hazırlamış Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirələrdə fəal iştirak etmiş, təqdim olunmuş hesabatın daha da mükəmməlləşdirilməsi üçün təkliflərini irəli sürmüşdür. AŞPA-da son illərdə aparılan islahatlar çərçivəsində bu iclasda irəli sürülən ideyalardan biri də komitə daxilində təhsil problemləri ilə əlaqədar ayrıca yardımçı komitənin yaradılması olmuşdur. Həmin yardımçı komitəyə ilk növbədə daha əvvəllər Avropada təhsilin keyfiyyətinin artırılması, ortaq təhsil məkanının formalaşdırılması, dərslik siyasəti istiqamətində məruzələr hazırlamış deputatların, o cümlədən bu istiqamətdə artıq komitənin ekspertləri sırasında olan Rafael Hüseynovun daxil edilməsi nəzərdə tutulur.

Mədəniyyət, elm, təhsil və media komitəsinin bu toplantısında ən çox maraq doğuran mövzulardan biri də “Çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri” olmuşdur. Portuqaliyalı deputat Karlos Kosta Nevesin təqdim etdiyi və komitə iclasında müzakirə olunaraq qətnamə layihəsi təsdiq edilən bu məruzənin Assambleyanın növbəti sessiyalarından birinin gündəliyinə daxil edilməsi qərara alınmışdır.

Bəhs edilən mövzunun Azərbaycan üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirən deputat Rafael Hüseynov demişdir: “Çoxmədəniyyətlilik, mənşəyi və xarakteri etibarı ilə müxtəlif olan mədəniyyətlərin vahid məkanda qovuşması Azərbaycanın tarixi taleyinin ayrılmaz hadisəsidir. Azərbaycan coğrafi baxımdan həm Şərq, həm Qərb ölkəsidir və həm də sırf özünəməxsus xüsusiyyətləri olan Qafqaz regionuna aiddir. Hər üç istiqamətdən gələn mədəni və mənəvi dəyərlər Azərbaycanda əsrlərcə qaynayıb-qarışmış və onlar üzvi şəkildə qovuşaraq tam təkrarsız olan Azərbaycan mədəniyyətini formalaşdırmışlar. Eyni hal Azərbaycan müstəvisində yanaşı yaşayıb fəaliyyət göstərən dinlər və dini icmaların da həyatında cərəyan etmişdir. Ən gözəli isə budur ki, həmin tarixi ənənələr bu gün də  Azərbaycanda həm xalq, həm dövlət səviyyəsində müasir tələblərə uyğun şəklidə uğurla davam etdirilməkdədir. Ona görə də Azərbaycan bu gün dünyanın əksər ölkələrinə dini tolerantlığın və mədəni müxtəlifliyin ahəngdar mövcudluğu baxımından ən münasib bir nümunə sayıla bilər. Təsadüfi deyil ki, son illər Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və bir çox oxşar beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etmişdir. Başqa sözlə, Azərbaycanda bu istiqamətdə tarixi yaddaş və indi aparılan siyasət bir-birini tamamlamaqda, səsləşməkdədir”.

Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanmışdır.

Komitə üzvləri belə bir fikirdə yekdil olmuşlar ki, ölkələr və xalqlar arasında anlaşmanın, yaxınlaşmanın daha da artması üçün bu xəttin gücləndirilməsinə yönələn xoş niyyətin davamlı olması vacibdir.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında