Gənclik davamlı inkişafın əsas qüvvəsidir

 

 

 

 

Gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin  qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Dövlət gənclər siyasəti  gənclərin öz bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

 Ulu öndər Heydər Əliyev ilk dəfə1969-cu ildə hakimiyyətə gəldikdən sonra gəncləri tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Bu da təsadüfi deyildi. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edirdi və deyirdi ki, gənclər bizim gələcəyimizdir. Ona görə də gənclərimizin inkişaf etmiş dövlətlərdə təhsil almaları üçün bütün imkanlardan istifadə edirdi.

Azərbaycan müstəqillik qazandıqdan bir müddət sonra ölkədə yaranmış hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos bütün sahələrdə olduğu kimi, gəncliyin də həyatında öz mənfi təsirini göstərdi. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra ölkəyə rəhbərliyə qayıdışı ilə digər sahələr kimi gəncliyin də inkişafında əsaslı dönüş yaratdı.

Ümummilli lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə  onlara xüsusi diqqət göstərib. Ulu öndər hesab edirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Bu gün ölkəmizdə bütün  yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər  sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

 Prezident Heydər Əliyevin fərmanı ilə 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox vacib və zəruri bir tədbir idi. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra gəncliyin sabaha olan inamı daha da möhkəmləndi. Artıq gəncliyin yüksəliş yolu müəyyənləşdirilmiş, tərəqqisi üçün hüquqi baza yaradılmışdı.  1996-cı il fevralın 2-də  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda  Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyev şəxsən iştirak edirdi.

Ulu öndərimiz Azərbaycan gəncləri forumunun ilk ildönümü münasibətilə keçirilən tədbirdə gənclərə müraciətində bildirirdi: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.” Ulu öndər 1997-ci ildə sərəncam imzalayaraq, fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. Artıq 17 ildir ki, ölkəmizdə “Gənclər günü” böyük təntənə ilə qeyd edilir.

Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

- gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;

- istedadlı gənclərə dövlət qayğısı;

- gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;

- gənclərin məşğulluğunun təmin edilməsi;

- gənc ailələrə dövlət yardımı;

- gənclər təşkilatlarına dövlət yardımı.

 Gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, onun həyata keçirməyə çalışdığı siyasətin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə də gətirib çıxarır. Çünki gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Məhz ulu öndərin qətiyyətli səyilə gənclərlə dialoq yaranmış,  özünəinam artmış, onlar dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlamışlar. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik gənclərin formalaşması dövlətin gələcəyinin əsas təmini rolunda çıxış edir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub.

Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir. Bu siyasəti aşağıdakı kimi təsnif etmək olar:

- gənclərin dövlətin ictimai-siyasi həyatında fəal iştirak etməsi gənclər siyasətinin düzgün reallaşmasının göstəricisidir;

- gənclər siyasəti müddətsiz həyata keçirilən bir siyasətdir, yəni dövlətin bu gününü, sabahını müəyyənləşdirən və formalaşdıran siyasətdir;

- gənclər Azərbaycan gerçəkliklərin dünyaya obyektiv şəkildə nümayiş olunmasının əsas qüvvələrindəndir;

- Azərbaycanın dinamik inkişafı zəngin intellektual potensiala malik gənclərin yetişdirilməsi ilə birbaşa əlaqəlidir;

- dövlətin gənclərin fəaliyyəti üçün geniş imkanlar yaratması siyasi kursun uğurla həyata keçirilməsinin təminatıdır.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə xüsusi diqqət ayrılmışdır. Azərbaycan gənclərinin beynəlxalq səviyyədə tanıdılması və onların inkişafının stimullaşdırılması məqsədilə istedadlı tələbə, gənc alim, yaradıcı gənclərin beynəlxalq mübadiləsi dəstəklənmiş, xaricdə keçirilən yarış, müsabiqə layihə təqdimatında iştirakı təmin edilmişdir. Buna sübut artıq 2010-cu ildən start götürən Avropa Şurasının gənclərlə bağlı keçirdiyi seminarlarda Azərbaycan gənclərinin də təmsil olunmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı da gənclərə dövlət qayğısının artırılmasına xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.

“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin etmişdir.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə çalışır və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdən ibarətdir. 

Azərbaycan tək-tək ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir.  Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsili üzrə Dövlət Proqramı” dövlətin gənclərin inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Son illər dövlət orqanlarına işə qəbul edilənlərin 70 faizə qədərini gənclər təşkil edir. Ölkə başçısı  İlham Əliyevin apardığı dövlət gənclər siyasəti Azərbaycan gənclərinin cəmiyyətdə rolunu, onların ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da artırmışdır.

Azərbaycan gəncliyinin ən dəyərli xüsusiyyətlərindən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olub. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənib. Bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır və  bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir.

Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir qüdrətli ordusu var. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.  Ölkə başcısı tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin məntiqi nəticəsidi olaraq  Gəncə şəhəri 2016-cı il üçün “Avropa gənclər paytaxtı” seçilmişdir. Bu  xəbəri gəncəli gənclərimiz çox böyük sevinc və qürur hissi ilə qarşıladılar. Bu ad uğrunda  Avropanın 12 şəhəri öz namizdəliyini irəli sürmüşdü. Bunlardan Türkiyədən Konya, Gürcüstandan Batumi, Polşadan Katovitse, İtaliyadan Lesse kimi şəhərlər ilk mərhələdə yarışmadan kənarda qaldılar və Gəncə Bolqarıstanın Varna, Şimali İrlandiyanın Qalvey, Litvanın Vilnus və İspaniyanın iki şəhəri – La Laquna və Badajas şəhərləri ilə ikinci mərhələyə adladı. Çox sevindirici haldır ki, sonda qalib Gəncə şəhəri oldu. Bu qələbə  bütün dünyada Azərbaycanın müasir Avropa ölkəsi olduğunu bir daha təsdiqlədi.

Bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkə gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda  Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən  ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilik və idman  yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.

 Əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu  artıq sübut edib. Gəncliyin ölkə başcısı İlham Əliyevin  ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza  atacaq.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında