Uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki mövqelərini daha da möhkəmləndirmişdir

 

 

 

 

Azərbaycanın coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşməsi ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edir. Dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən və zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız üçün diplomatik fəaliyyətin düzgün seçilməsi müstəqilliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində mühüm rol oynamışdır və bu amil indi də özünü göstərməkdədir. Ölkəmiz strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən milli maraqları qorumaq və Cənubi Qafqazın aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən isə bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq vəzifələrini prioritet kimi qarşıya qoymuşdur.

 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan dövləti bu məqsədlərə nail olmaq istiqamətində ciddi nailiyyətlərə imza atıb. Son 10 il ərzində isə bu sahədə daha ciddi irəliləyişlər olmuş, müstəqillik tariximizə əbədi yazılacaq uğurlara imza atılmışdır. Aparılmış təhlillər göstərir ki, əldə olunan uğurlar zəruri amillərə söykənir. İlk növbədə Azərbaycanda daxili siyasi stabilliyin təmin olunmasını və bunun uzunmüddətli xarakter almasını qeyd etmək istərdik. Digər tərəfdən iqtisadi sahədə qazanılmış nailiyyətlər və bunun da nəticəsi olaraq dövlətin iqtisadi qüdrətinin artması, xarici dövlətlərdən asılılığın tamamilə aradan qalxması, milli maraq və mənafelərin qorunması, nəhayət xarici siyasətdə peşəkar yanaşmanın gücləndirilməsi zəruri şərtlərdəndir. Düzgün müəyyənləşdirilmiş xarici siyasət srtategiyası nəticəsində həm Azərbaycanın bölgədə aparıcı dövlət olması faktı reallığa çevrildi, həm də region, Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən yeni enerji layihələrinin təməli qoyuldu. Son on ildə bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirib.

 Ötən 10 ildə Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirib. Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istər enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur. Xarici siyasətin daha dinamik forma alması, bu siyasəti həyata keçirən qurumlar arasında koordinasiyanın gücləndirilməsi üçün ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin Bakı müşavirələrinin ənənəsi qoyuldu. İlk belə müşavirə 2004-cü il iyulun 27-də keçirilib. Həmin müşavirədə çıxış edən Prezident İlham Əliyev səfirlərin qarşısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində “hücum diplomatiyası” vəzifəsini qoyub. Təsadüfi deyil ki, hücum diplomatiyası sayəsində uzun illər Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbisi son illər müdafiə taktikası seçməli olub. İndi Ermənistanın dövlət rəsmiləri də etiraf edirlər ki, Azərbaycan informasiya, təbliğat diplomatiyasında daha güclü mövqedədir. Bunun sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində vəziyyət müsbətə doğru xeyli dəyişib.

Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində müstəqillik tariximizə əbədi həkk olan siyasi hadisə baş verdi. Bu, hər bir soydaşımızda qürur doğuracaq məqam, Azərbaycanın böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. Xalqımız üçün tarixi əhəmiyyətli hadisə hesab olunan bu uğur ötən10 il ərzində həyata keçirilən xarici siyasətin əsas nailiyyətlərindən biridir. Bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərinin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq, yeni-yeni ölkələrlə uğurlu ikitərəfli münasibətlərin formalaşdırılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv iş, effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. Nəticədə 2011-ci il oktyabrın 25-də Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Səsvermə prosesi kifayət qədər gərgin oldu, kəskin rəqabət şəraitində keçdi və nəhayət, Azərbaycanın rəqibi Sloveniya kifayət qədər səs toplaya bilməyəcəyini görüb namizədliyini geri götürdü. Bundan sonra keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verdi, 24 ölkə isə bitərəf qaldı. Dünyanın 155 ölkəsinin Azərbaycanı bu səsvermədə dəstəkləməsi böyük diplomatik uğur kimi hamı tərəfindən tanınıb. Bu səsvermə Azərbaycanın təkcə region üçün deyil, dünya üçün önəmli ölkələrdən biri olduğunu ortaya qoydu. Sonradan məlum olub ki, Ermənistan da əvvəlcə BMT Təhlükəsizlik Şurasına seçilmək iddiasına düşübmüş, ancaq heç bir şansı olmadığını görərək bəri başdan öz namizədliyini geri götürmüşdür.

 Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü olduğu iki il müddətində bu quruma iki dəfə sədlik etdi. BMT Təhlükəsizlik Şurasında ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını prioritet məqsəd kimi qarşıya qoyaraq ölkəmiz qurumun qeyri-daimi üzvü kimi aktiv fəaliyyətini davam etdirmiş, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş və həmişə də öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

 Ötən ilin oktyabr ayından etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə bu nüfuzlu qurumun tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclas keçirilmişdir. Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələr keçirmək üçün Təhlükəsizlik Şurasının üzvləri Afrikaya səfər etmişdir. Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə çoxsaylı müzakirələr keçirilmiş, qətnamələr və bəyanatlar qəbul olunmuşdur.

Azərbaycanın beynəlxalq aləmdə reytinqinin yüksəlməsində xarici siyasətin böyük rol oynadığı danılmaz faktdır. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri və Azərbaycana səfərə gəlmiş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə keçirdikləri görüşlərdə ilk növbədə reallıqları diqqətə çatdırmış, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini hələ də işğal altında saxlamasını və bu işğal nəticəsində bir milyondan artıq soydaşımızın öz ata-baba torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün kimi yaşamalarını xüsusi olaraq diqqətə çatdırmışdır. Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu haqsızlığa göz yumur. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrində, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası, Avropa Parlamenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmışdır, bu gün də ərazimizin 20 faizi hələ də düşmən tapdağı altındadır.

Bu istiqamətdə aparılmış ardıcıl səylərin nəticəsidir ki, bu il fevralın 6-7-də Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında qəbul edilmiş yekun bəyannamədə dövlət və hökumət başçıları tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilmişdir.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü il avqustun 16-da Qəbələdə keçirilmiş III Zirvə görüşündə qəbul edilmiş bəyannamədə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanmışdır.

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin il ərzində xarici nümayəndə heyətləri ilə keçirdiyi çoxsaylı görüşləri zəngin olmuşdur. Dövlətimizn başçısının mötəbər beynəlxalq tədbirlərdə çıxışları, xarici siyasət fəaliyyətinin əsas istiqamətləri üzrə verdiyi təlimatlar və qarşıya qoyduğu vəzifə və tapşırıqlar həyata keçirilən xarici siyasətin əsas prioritetlərindən olmuşdur. Litva, Ukrayna, Avstriya, Türkiyə, Belarus, Belçika, Monteneqro, Xorvatiya, İsveçrə və digər ölkələrə dövlət, rəsmi və işgüzar səfərlər zamanı Azərbaycan həqiqqətləri olduğu kimi çatdırılmış, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı əməkdaşlığın davamlı olması üçün mühüm əhəmiyyətli sənədlər imzalanmışdır. Ötən il Azərbaycan Prezidenti Türkiyə, Rusiya, Gürcüstan, Latviya, Belarus, Sloveniya, Serbiya, Makedoniya, Rumıniya, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Makedoniya və Litvanın dövlət və hökumət başçılarını qəbul etmiş və bu görüşlər zamanı da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır.

Onu da qeyd edək ki, həyata keçirilən xarici siyasət sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla isti münasibətlər yaratmaq, əməkdaşlığı daha da genişləndirmək ölkə başçısının diqqətdə saxladığı məsələlərdəndir. ATƏT, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibləri, BMT Baş Məclisinin 67-ci sessiyasının rəhbərliyi, Avropa Şurasının Parlament Assambleyasının sədri, NATO-nun baş katibinin müavinləri və digər yüksək səviyyəli rəsmi şəxslərlə Azərbaycanda mühüm görüşlər keçirilmiş, ikitərəfli və çoxtərəfli əsasda xarici siyasət fəaliyyətinin strateji xətt üzrə uğurlu inkişaf təmin olunmuşdur.

BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, eləcə də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, UNESCO, İSESCO eləcə də digər regional və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmişdir. Ölkə başçısının səfərləri, habelə xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri zamanı, ümumilikdə, müxtəlif sahələrdə əməkdaşlıq üzrə 30-dan artıq dövlətlə 90-dan çox ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilmişdir.

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət enerji sahəsində də tədqirəlayiq layihələrin reallaşdırılmasını təmin etmişdir. Azərbaycanın təbii qazının Avropaya nəql edilməsi üçün Şahdəniz konsorsiumu tərəfindən ixrac marşrutunun seçilməsi və ona dair investisiya qərarının verilməsi tarixi hadisəyə çevrildi. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasiminin məhz Bakıda keçirilməsi Azərbaycanın dünya birliyindəki reytinqinin yüksək səviyyədə olmasından xəbər verirdi. Mərasimdə Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumu və “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalanmışdır.

 Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayını artırmışdır. Təkcə ötən il ərzində Türkiyə, Gürcüstan, Norveç, Slovakiya, Rumıniya, Yunanıstan, Bosniya və Herseqovina, Belarus, Banqladeş, Kolumbiya, Ukrayna, Misir, Fələstin, Küveyt, Litva və Qambiyanın xarici işlər nazirləri Azərbaycana rəsmi və işgüzar səfərlər etmişlər. Bu səfərlər zamanı müxtəlif dövlətlərlə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr aparılmış, siyasi-iqtisadi, humanitar, hərbi-siyasi, təhlükəsizlik, müdafiə, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə müvafiq işlər görülmüşdür.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi xətt ölkəmizin beynəlxalq aləmdəki reytinqini daha da yüksəltmişdir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında