“Human Rights Watch” təşkilatının böhtanla dolu hesabatı bu qurumun ölkəmizə qarşı qərəzli olmasını bir daha təsdiqlədi

 

 

 

Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsi və dünya birliyinə uğurlu inteqrasiyası ikili standartlardan əl çəkə bilməyən bəzi ermənipərəst beynəlxalq təşkilatları ciddi təşvişə salıb. Ölkəmizin inkişafını gözü götürməyən antimilli dairələrin saxta məlumatları əsasında hazırlanan belə hesabatlar əslində həmin təşkilatların antidemokratik dairələr tərəfindən idarə olunduğundan xəbər verir.

Çirkli pullar hesabına demokratik inkişafı  olduğu kimi dəyərləndirməmək və bunu görməməzliyə vurmaq siyasi korluqdur. Belə “siyasi kor”lardan biri də beynəlxalq “Human Rights Watch” təşkilatıdır. Bu təşkilatın sanki əsas vəzifəsi  ölkəmizə böhtan atmaq, sürətli inkişafa, insan hüquq və azadlıqlarının qorunmasına və bu sahədə həyata keçirilən tədbirlərə kölgə salmaq üzərində köklənib.

Beynəlxalq “Human Rights Watch” təşkilatı  bu günlərdə 2014-cü ilin ilk hesabatını açıqlayıb.  2013-cü il üzrə dünyanın 90-a yaxın ölkəsində insan hüquq və azadlıqlarını “dəyərləndirən”  təşkilatın budəfəki hesabatında  da əsas hədəf yenə də Azərbaycan seçilib. Heç bir fakta əsaslanmayaraq, necə deyərlər,  cəmiyyətə yararsız adamlar kimi “gözlərini yumub, ağzını açan” və insanların hiddətinə səbəb olan yalanla dolu hesabat hazırlayan bu təşkilata adamın yazığı gəlir. Adını beynəlxalq təşkilat qoyan bir qurum çirkli pullardan ötrü bu qədər də rəzillik edərmi? Hesabatda qeyd olunur ki, guya Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması pis vəziyyətdədir və  hakimiyyət onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atıb, tənqidi əhval-ruhiyyəli jurnalistləri tutub, bir neçə dinc ictimai nümayişlər dağıdılıb və fundamental azadlıqları məhdudlaşdıran qanunvericilik qəbul edilib. Belə yalan məlumatları  hesabat adlandıran “Human Rights Watch” təşkilatının rəhbərinin diqqətinə bir neçə faktı çatdırmağı özümüzə borc bildik. Qabaqcadan qeyd edək ki, ölkəmizdə son on ildə insan hüquq və azadlıqlarının qorunması və bu sahədə həyata keçirilən tədbirlər dünya birliyində də yüksək səviyyədə dəyərləndirilir. Fakt üçün  diqqətə çatdıraq  ki, Prezident  İlham Əliyevin 10 ildə imzaladığı əfv sərəncamları  və amnistiya aktları ilə 35 160 nəfərdən çox məhkum azadlığa çıxıb.

Ölkə başçısı İlham Əliyev  2003-cü ildən 2013-cü ilədək, prezidentlik fəaliyyətinin 10 ili ərzində 23 əfv sərəncamı imzalayıb. Dövlət başçısının fərman və sərəncamlarına əsasən, indiyədək 5683 nəfərdən çox məhkum azadlığa buraxılıb. Sonuncu əfv sərəncamı  2013-cü il oktyabrın 14 - də -  Qurban bayramı münasibəti ilə imzalanıb. 1995-ci ildən 2013-cü ilədək olan dövrdə sayca 55-ci olan bu əfv sərəncamı ilə 153 nəfər əfv olunub. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi on il ərzində imzaladığı amnistiya aktlarını da “Human Rights Watch” təşkilatının diqqətinə çatdırırıq. 2003-2013-cü illərdə 3 amnistiya aktı imzalanıb.  2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564, 2013-cü ildə isə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Ümumiyyətlə, 1995-2003-cü illərdə Azərbaycanda 7 amnistiya aktı və 32 əfv sərəncamı imzalanıb.

Bütün bunlardan sonra  özünü beynəlxalq təşkilat kimi tanıdan bir qurumun Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasını tənqid etməsi adamda ikrah hissi doğurmurmu?

Azərbaycanda azad sözə, müstəqil mətbuata qarşı təzyiqlərdən danışmaq isə gülüncdür.  Hər bir qələm əhli çox yaxşı bilir ki, ölkəmizdə müstəqil mətbuatın inkişafı üçün yaradılmış əlverişli şərait dünyanın heç bir ölkəsində yoxdur. Məhz bu diqqət və qayğıya görə də Prezident İlham Əliyev iki il dalbadal “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Ölkəmizə qarşı qərəzli olan və  müstəqil mətbuatın inkişafında problemlər yaradıldığını iddia edərək böhtan xarakterli “hesabatlar” hazırlayan “Human Rights Watch” təşkilatı kimi xəbis niyyətli qurumlara bildirmək istəyirik ki, “Jurnalistlərin dostu” mükafatının təsisində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər. “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” sorğusuna rəyi soruşulanların 89 faizi “Azərbaycan Prezidenti İlham Əliyevi” cavabını verib. Bu da təsadüfi deyil. Milli mətbuatımızın 135 illik yubileyi bütün ölkədə bayram kimi qeyd olundu. Dövlətimizin başçısının imzaladığı sərəncama əsasən Bakıda və bütün bölgələrdə çoxsaylı tədbirlər həyata keçirildi, 100-dən çox media təmsilçisi “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, “Tərəqqi” medalına layiq görüldü.  Ölkə başçısı 2010-cu il iyulun 22-də jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sərəncam imzalamaqla milli mətbuatımızın 135 illik yubileyi təntənəsinə yeni ovqat bəxş etdi. 156 mənzilli binanın  tikintisi başa çatdı və dünyada ilk dəfə olaraq jurnalistlərə pulsuz mənzil paylanılması məhz Azərbaycanda reallaşdırıldı. Bu il isə  jurnalistlər üçün növbəti yaşayış binasının təməli qoyuldu.

Hazırda ölkə mətbuatı,  sözün əsl mənasında, keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilibdir. Facebook şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Beynəlxalq qurumlar da  2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasının məntiqi nəticələrini əyani surətdə görür və dəyərləndirir. KİV-lərə dövlət dəstəyinin sistemli mexanizmini hər bir jurnalist gündəlik həyatında hiss edir. Bu, özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlığının yüksəldilməsində də göstərməkdədir. Təbii ki, bütün bunların qarantı dövlətimizin başçısıdır.

2013-cü ilin oktyabr seçkilərində Prezident İlham Əliyevin 84,5 faiz səs çoxluğu ilə ölkə başçısı seçilməsi  antimilli dairələrlə yanaşı “Human Rights Watch” təşkilatını da ciddi narahat edibmiş. Böhtançı və qərəzkar quruma xatırlatmaq istərdik ki, Azərbaycanda “Xalq - Prezident ” vəhdəti sarsılmazdır və hər hansı bədxah, o cümlədən, ikili standart nümayiş etdirən ermənipərəst qurumlar bu birliyi sarsıda bilməzlər. Seçicilərin öz seçimlərini azad, ədalətli və obyektiv şəkildə həyata keçirməsi üçün hər cür şərait yaradılmışdı. Bunu prezident seçkilərini müşahidə edən beynəlxalq qurumların nümayəndələri də yekun rəylərində təsdiqləyiblər. Həmçinin seçkilərə namizəd kimi qatılanların təbliğat -  təşviqat kampaniyalarının yüksək səviyyədə təşkili də  beynəlxalq müşahidəçilərin yekun rəylərində öz əksini tapıb. İstər seçki ərəfəsində, istərsə də seçkidən sonra mitinq keçirmək istəyənlərə şəhərin mərkəzində yer ayrılmış və aksiya iştirakçılarının təhlükəsizliyi asayiş keşikçiləri tərəfindən təmin olunmuşdu.

Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin, həmçinin digər nüfuzlu qurumların müşahidəçilərinin rəylərində də namizədlər və seçicilər üçün yaradılmış əlverişli şərait, aşkarlığın və demokratik prinsiplərin təmin olunması yüksək qiymətləndirilib. Bütün bunlara baxmayaraq, “Human Rights Watch” təşkilatı öz qərəzli hesabatı ilə könül bulandırmaq istəyir. Ancaq bu qurumun saxta və qərəzli hesabatı heç nəyi dəyişməyəcək.  Çünki Azərbaycanın  xarici QHT-nin böhtan və saxtakarlığı ilə qarşılaşması birinci hal deyil. “Human Rights Watch” təşkilatı zaman - zaman   ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutub və bu gün də çirkin mövqeyindən əl çəkmir. Bunun siyasi sifariş olduğu artıq ictimaiyyətə də bəllidir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün belə qərəzli cəhdlər heç bir nəticə verməyəcək. Çünki Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və dünya birliyinə sürətlə inteqrasiya edir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında