“İqtisadi Azadlıq İndeksi - 2014” hesabatında ölkəmiz daha altı pillə irəliləmişdir

 

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, ölkəmizin sosial - iqtisadi uğurlarının real mənzərəsi bir daha təsdiq edir ki, 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilməkdədir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə bazar iqtisadiyyatına  keçid dövrünü başa çatdırmış və bu gün dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla həyata keçirməklə regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirir və  zənginləşdirir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm oyunçuya çevrilir və onun təhlükəsizliyinə öz layiqli töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Ötən il Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmışdır. Dövlət və özəl sektorlarda iş yerləri ixtisara salınmış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Hazırda bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə ÜDM-in ümumi həcmindən yuxarıdır. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruyub saxlaya  bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə inkişaf üçün əlverişli şərait yaradılmışdır. Gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır.

Azərbaycanda  neft strategiyasının uğurla davam etdirilməsi, ölkənin  xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan dövləti iqtisadi cəhətdən möhkəmlənərək qüdrətlənmiş və  sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq şəkildə büruzə vermişdir.

BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxil edilmişdir. Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrini təhlil edərkən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu sahədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Azərbaycan dövləti  istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentaliteti, milli dəyərləri və xarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da ölkəmizin siyasi modelinin mühüm xüsusiyyətlərindən biridir.

ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən azad ölkələr sırasına daxil olmuşdur. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində ciddi irəliləyişlərin əldə olunduğu göstərilir.

Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanmışdır. Bu rəsmi sənəddə həmçinin dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.

Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuşdur və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksək olmuşdur. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə Hindistan, İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Rusiya, Ukrayna kimi dövlətləri qabaqlamışdır.

Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirmişdir.

“Bir pəncərə” prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirmişdir. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilmişdir, minimal kapital isə tələb olunmur.

Hesabatda bildirilir ki, son illər neft və qaz hasilatı, tikinti sektoru və iqtisadiyyata yönəldilən özəl investisiyaların həcmi  artmışdır. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq TANAP layihəsini təsdiq etmişlər.

Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan artıq  iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmış, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox investisiya yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötmüş, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 5,3 faizə enmişdir.

Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqının maraqlarını müdafiə edəcəkdir”.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və yola saldığımız 2013-cü il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün  inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyaya nail olunması, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsidir.

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında