Azərbaycanda uğurlu investisiya siyasəti həyata keçirilir

 

 

 

 

 

Son  illər Azərbaycan Respublikasının  valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artması  ölkədə uğurlu investisiya siyasətinin həyata keçirilməsinə geniş imkanlar yaradır. Keçid iqtisadiyyatı dövrünü arxada qoymuş Azərbaycan  artıq dünyanın sürətlə inkişaf etməkdə olan dövlətlərinin sırasına  qoşulmuşdur.

Azərbaycanda reallaşdırılan  uğurlu neft strategiyası, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Ölkəmizin sürətlə artmaqda olan valyuta ehtiyatları isə öz növbəsində bütün lazımi infrastruktur layihələrini vaxtında və müvəffəqiyyətlə reallaşdırmağa imkan verir. Artıq bir neçə ildir ki, Azərbaycan karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirir.

Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti bu prosesi bir qədər də sürətləndirir. 2013-cü ildə Azərbaycan iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, ölkəmizin tarixində rekord göstəricidir. Xatırladaq ki, ümumi investisiyaların 17,5 milyard dollarını daxili sərmayələr təşkil etmişdir. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu barədə demişdir: “...Son bir neçə ildə ölkə iqtisadiyyatına 20-22 milyard dollar investisiya qoyulurdu, ötən il bu rəqəm 28 milyard dollara çatmışdır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin on bir ayında   ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard  592,3 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 14,8 faiz çoxdur. Kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olmuşdur. Belə ki, ötən il tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi inşaat işləri üçün xərclənmiş məbləğin 66,4 faizini təşkil etmişdir. Bu da əvvəlki illə müqayisədə 26,7 faiz çoxdur. Hesabat dövründə məhsul istehsalı obyektlərinin inşasında 7 milyard 383,9 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 7 milyard 208,4 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitin 74,1 faizini daxili, 25,9 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir. Daxili mənbələrdən yönəldilən 5,9 milyard manatı dövlət müəssisə və təşkilatlarının, qalanları isə bank kreditlərinin, büdcə və büdcədənkənar fondların vəsaitlərinin, əhalinin şəxsi vəsaitlərinin və s. payına düşmüşdür. Göründüyü kimi, son illər ölkənin maliyyə imkanlarının xeyli artması dövlətin mülkiyyətində olan müəssisə və təşkilatlar tərəfindən inşaat işlərinə daha çox vəsait xərclənməsinə imkan yaradır. Dövlət mülkiyyətli müəssisə və təşkilatların inşaat işlərinə 9 milyard 129,1 milyon manat vəsait sərf etmələri də bunu təsdiqləyir. Hesabat dövründə qeyri-dövlət müəssisələri isə əsas kapitala 5 milyard 463,2 milyon manat vəsait sərf etmişlər. Bu da ondan irəli gəlir ki, hazırda Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərə dövlət dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin verilməsi onların maliyyə imkanlarının ilbəil artmasına imkan yaradır.

Son illər Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə 2013-cü ilin on bir ayında da əsas kapitala yönəldilmiş bütün vəsaitin 43 faizinin (6 milyard 388,7 milyon  manat) sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. Məhz bunun nəticəsidir ki, ötən il Azərbaycanda çoxsaylı sənaye müəssisələri fəaliyyətə başlamışdır. Ötən il Azərbaycanda neft hasilatında sabitlik əldə edilmiş, qeyri-neft sənayesi 9,8 faiz artmışdır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə il bundan əvvəl irəli sürülən sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Prezident İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə cari ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi ölkəmizdə iqtisadiyyatın özəyini təşkil edən bu sahənin gələcək inkişafı üçün geniş perspektivlər vəd edir. 2013-cü ilin on bir ayında  Azərbaycanın qeyri-neft sənaye sahələrinin inkişafına 10 milyard 250,2 milyon manat vəsait xərclənmişdir ki, bu da əsas kapitala yönəldilmiş vəsaitin 70,2 faizini təşkil edir. Hesabat dövründə ölkəmizdə neft sənayesinin inkişafına 4 milyard 342,1 milyon manat vəsait sərf olunmuşdu. Bu isə əsas kapitala yönəldilmiş vəsaitin 29,8 faizi deməkdir.

 Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 20,4 faizi nəqliyyat və anbar təsərrüfatına, 7,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 3, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3,3 faizi istirahət, əyləncə və incəsənətə, 6,8 faizi dövlət idarəetməsinə, 1 faizi ticarətə, 4,7 faizi təhsilə, 1,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə və s. sahələrə   sərf olunmuşdur.

Məlum olduğu kimi, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bunun hesabına ölkədə yeni iş yerlərinin yaradılması prioritet istiqamətlərdəndir. Bu məqsədlə ölkənin qeyri-neft sahələrinin inkişafına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycanda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 9 milyard 811,5 milyon manatı və ya 76,8 faizi qeyri-neft sektorunun payına düşmüşdür.

 Son illər ölkəmizin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik obyektlər istifadəyə verilir. Bu baxımdan yola saldığımız 2013-cü il də  ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-ci il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları” ili elan olunmuşdur. Bu heç də təsadüfi deyildi. Çünki ötən ilin fevral ayında Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ilə ölkəmiz İKT sahəsində əsrin ən böyük uğuruna imza atmışdır. Bununla həm də Azərbaycan Respublikası kosmik ölkələr sırasına qoşulmuş, beynəlxalq peyk ailəsinin üzvünə çevrilmişdir.

Son illər istər paytaxt Bakının, istərsə də ölkənin bütün regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Bu da həyatın bütün sahələrində son dərəcə vacib infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsinə imkan yaradır. Bu baxımdan yola saldığımız 2013-cü ildə mühüm işlər görülmüşdür. Həmin obyektlərin siyahısı isə olduqca genişdir. Bakı şəhərində Gəmi Təmiri və Gəmiqayırma Zavodu (bununla həm də Azərbaycan regionun ilk gəmi istehsal edən dövlətinə çevrilmişdir), Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikası, paytaxtımızın simvoluna çevrilmiş “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli,  metronun “Gənclik” stansiyasının yaxınlığındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağı, “Azadlıq” meydanında 2 min maşın tutumuna malik ikimərtəbəli yeraltı avtomobil dayanacağı və s. obyektlər bu qəbildəndir.

Azərbaycanın maliyyə imkanlarının ilbəil artması regionların sosial-iqtisadi inkişafını bir qədər də sürətləndirir, bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilir. Son illərin buraxılış obyektlərinin əksəriyyətinin regionların payına düşməsi isə, heç şübhəsiz, Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Bu baxımdan 2013-cü ildə də ölkənin ayrı-ayrı regionlarında çoxsaylı xidmət və istehsal təyinatlı obyektlər, təhsil, səhiyyə və idman, mədəni-məişət obyektləri tikilib istifadəyə verilmişdir.

Ölkəmizin ikinci böyük sənaye mərkəzi statusunu qaytarmaqda olan Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, polad boru istehsalı müəssisəsi və Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Arpaçay SES,  Şirvan şəhərində “Cənub” İstilik Elektrik Stansiyası, Şirvan-Muğan qrup su kəməri, olimpiya-idman kompleksi, Abşeron rayonunda birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, həmçinin Ağcabədi, Balakən, Gədəbəy, Qazax, Qəbələ, Hacıqabul, İsmayıllı, Şabran və digər rayonlarda çoxsaylı istehsal təyinatlı və sosial infrastruktur  obyektləri işə salınmışdır. Bununla yanaşı,  ölkədə həyata keçirilən uğurlu investisiya siyasəti nəticəsində il ərzində digər sahələrdə də son dərəcə vacib olan bir sıra infrastruktur obyektləri inşa edilmişdir.

Dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə 2008-ci ilin  avqust ayında Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühüm Dövlət Proqramı qəbul olunmuşdu. Ötən müddətdə adı çəkilən sənədin icrası ilə əlaqədar olaraq ölkədə, xüsusən də ayrı-ayrı bölgələrdə mühüm işlər görülmüşdür. 2013-cü ilin investisiya proqramında da bu vacib məsələyə xüsusi diqqət yetirilmişdir. Belə ki, ötən il Bakı şəhəri Xətai rayonunun ərazisində çörək zavodu, Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi, Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodu, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəydə  soyuducu anbar kompleksləri, Qəbələ rayonunda üzüm emalı zavodu və heyvandarlıq-südçülük kompleksi və s. obyektlər ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən Dövlət Proqramına mühüm töhfə sayıla bilər.

2013-cü ildə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm layihələr həyata keçirilmişdir.  Paytaxt Bakı ilə yanaşı, regionlarda da magistral və dövlət əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulmuş, digər mühüm əhəmiyyət kəsb edən yolların tikintisi sürətlə davam  etdirilmişdir. Son illər Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında ayrılmış külli məbləğdə vəsait hesabına kənd yollarının təmiri və yeni yolların çəkilişi intensiv xarakter almışdır. Bütövlükdə isə il ərzində ölkədə 500 kilometr uzunluğunda müasir, rahat yollar çəkilmişdir.

 Ötən il bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1874,4 min kvadratmetr olan yeni yaşayış evləri, 1050 çarpayılıq xəstəxana, növbədə 248 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 29334 şagird yerlik ümumtəhsil məktəbləri, 1866 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və s. obyektlər istifadəyə verilmişdir.

Göründüyü kimi, Azərbaycan 2013-cü  ildə investisiyaların cəlb olunması sahəsində uğurlu siyasətini davam etdirmişdir. Əvvəlki illərdə olduğu kimi, Azərbaycana xarici investisiyaların axınının davam etməsi isə, heç şübhəsiz,  ölkəmizdə hökm sürən əlverişli biznes mühiti ilə bağlıdır. Bu baxımdan ötən ilin on bir ayında xarici mənbələrdən əsas kapitala 3 milyard 776,5 manat investisiya yönəldilməsi diqqəti cəlb edir. Onu da deyək ki, xarici investisiyalar  əvvəlki  illə müqayisədə bir qədər çox olmuşdur.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş  vəsaitin 3 milyard 301,4 milyon manatı Böyük Britaniya, ABŞ, Norveç, Yaponiya, Çexiya, Türkiyə və Fransadan olan investorların payına düşmüşdür. Bundan əlavə, Rusiya, İran, Cənubi Koreya, Sinqapur, Almaniya, Niderland, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı, Avropa Şurası və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları da ölkəmizə investisiya qoyuluşunda fəallıq göstərmişlər.

Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret işlər görülür. Neft amilindən bacarıqla istifadə olunaraq iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir, ölkəmizin gələcək tərəqqisinə, xalqın firavan yaşayışına xidmət göstərən vacib investisiya layihələri həyata keçirilir. Bütün bunlar isə əsas kapitala yönəldilən vəsaitlərin həcminin getdikcə artmasına səbəb olur.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında