Müxalif qurumlar arasında qarşıdurma və ziddiyyətlər getdikcə şiddətlənir

 

 

Həftə ərzində müxalifət düşərgəsinin fəaliyyəti və ya fəaliyyətsizliyi barədə çoxlu sayda məlumatlar yayıldı. Həmin informasiyaların ən maraqlılarından biri də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun  Milli Şura deyilən müxalif qurumu tapmaca adlandırması idi. Özü də, cavabı tapılmayan tapmaca.

Partiya sədrinin “Modern.az” saytına verdiyi müsahibədə  qeyd olunur ki, “Milli Şura” yaradılanda xaricdən asılı olsa da, sonradan milliləşdirilmişdi. Buna baxmayaraq qurumda təmsil olunan tərəflər bir-birini anlaya bilmirlər. Bu isə o demək idi ki,  ölkədəki müxalif partiya rəhbərlərinin bir-birini anlaması üçün kamil bir “tərcüməçiyə” ehtiyac var. Doğrudur, bu missiyanı əvvəlcə  yazı-pozu məsələsinə daha yaxın olan Rüstəm Məmməd İbrahimoviç yerinə yetirmək istəmişdi. Sonra məlum oldu ki, o, başqa sahələrdə uğur qazana bilsə də, “tərcüməçilikdə” o qədər də irəli gedə bilmir və o səbəbdən də Müsavatla AXCP , eləcə də  digər partiyalar arasında olan münasibətləri bir-birinin başa düşə biləcəyi dilə çevirə bilmədi. Qərəz... “tərcüməçiyə” ehtiyac duyulan başqa bir məqama da diqqət yetirək.

Sərdar Cəlaloğlu deyir ki, “Milli Şura” formalaşdırılanda antidemokratik şəkildə formalaşdırıldığına görə indi oradakı partiya rəhbərlərinin məntiqini başa düşmək olmur. İnsafən, ADP sədri bir məsələdə haqlıdır ki, “Milli Şura” yaradılanda ortada çox yox, bir az səmimiyyət olsaydı, indi qurum bu şəkildə parçalanmazdı.

Həftə ərzində müxalifətin ərzi-halı ilə bağlı oxuduğumuz məlumatlardan biri də  İctimai Palata  (yəni, İP) deyilən siyasi qurumun siyasi səhnədən getməsi barədə oldu. AXCP-nin bir çox hallarda “üzdə olan” fiqurlarından biri - Fuad Qəhrəmanlının dilindən səsləndirilən “ İctimai Palata buraxılır” adlı informasiya (Virtual. az. internet səhifəsi, belə əsaslandırılırdı ki, “İctimai Palata artıq missiyasını başa çatdırıb”). Bu  informasiya  isə palatanın  fəaliyyətinə xitam verilməsi barədə məsələnin  yenidən gündəmə gətirilməsi ilə əsaslandırılır. Xəbərdə bildirilir ki, hələ oktyabrın sonlarında AXP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn qurumun saxlanmasına ehtiyac olmadığını bildirmiş və yaxın zamanlarda buraxılacağını dilə gətirmişdi. İki ay keçsə də, Koordinasiya Şurasının sessiyası hələ çağırılmayıb. Bu isə adıçəkilən şuranın artıq fəaliyyət göstərmədiyini sübut edir.

Fuad Qəhrəmanlı  adəti üzrə yenə də hamının adından danışmaq  təcrübəsindən istifadə edərək qeyd edib ki, İctimai Palatanın bir qurum kimi saxlanmasına ehtiyac yoxdur: “Bu məsələnin gecikməsi, görünür, qurumun  Koordinasiya Şurasının məsələ ilə bağlı konkret qərar verməməsi ilə əlaqədardır. Yaxın günlərdə məsələnin həllini tapmasını gözləyirik. İctimai Palata artıq missiyasını və funksiyasını başa çatdırıb”.

Burada diqqət yetirilməli daha  bir məqam  var. Fuad Qəhrəmanlı deyir ki,  İctimai Palatanı buraxıb  əsas diqqəti  “Milli Şura”ya yönəltməliyik.  Həmişəki kimi yenə də reallıqları zərrə qədər də nəzərə almayan  AXCP funksioneri deyir ki, ölkədə siyasi proseslərin əsas ağırlığı “Milli Şura”nın üzərinə düşüb. İstənilən qurumun saxlanılması siyasi və sosial zərurətə əsaslanmalıdır. Belə zərurət yoxdursa, həmin qurum formal xarakter daşıyır. Ona görə də İctimai Palatanın aylardır toplantısı keçirilmir, fəaliyyət göstərmir. Formal xarakter daşıyan strukturun buraxılması barədə, yəqin, bu günlərdə qərar olacaq. Biz isə bu məqamda  əlavə edirik ki, ölkənin bu günkü siyasi həyatında mövcudluğuna zərurət olmayan, formal xarakter daşıyan qurumlardan biri də elə “Milli Şura” dedikləri qurumdur. Fuad Qəhrəmanlı ona görə bu qurumun tezliklə siyasi səhnədən getməsini istəyir ki,  İctimai Palatanın mövcudluğunu Müsavat Partiyası dəstəkləyir.  Yəni Sərdar Cəlaloğlunun dediyi kimi, bu adamlar bir-birini anlaya bilmirlər.

 AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  İctimai Palatanın taleyi barədə elə danışır ki, guya kimdənsə muştuluq istəyir. Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli isə İctimai Palatanın buraxılmasına  qətiyyən ehtiyac olmadığını vurğulayır:  “Faktiki olaraq Milli Şuranın yaranması İP-in fəaliyyətinin nəticəsində müxalifətin bir araya gəlməsi və yeni təkliflərin dəyərləndirilməsi hesabına mümkün olub”. Fuad Qəhrəmanlı deyir ki, İctimai Palatadakıların hamısı bu qurumun fəaliyyətinə xitam verilməsinin tərəfdarıdır. Mustafa Hacıbəyli isə israr edir ki, İctimai Palatanın üzvlərinin əksəriyyəti qurumun fəaliyyətinə xitam verilməsinin əleyhinədir: “Milli Şura” və İctimai Palata indiyədək bir-birini təkzib etməyib və qarşı çıxmayıblar. İndi də onları üz-üzə qoymağa ehtiyac görmürəm”.

Bu məsələyə müxalifətin digər partiyalarının təmsilçilərinin də özünəməxsus münasibətləri vardır.  Əksər müxalif partiya təmsilçiləri deyirlər ki, son 20 ildə Müsavatla AXCP daim bütün müxalif partiyaların adından danışmağa vərdiş ediblər. Onlar unudurlar ki, demokratiya dedikləri məfhum hər kəsin səsinin eşidilməsini tələb edir.  Öz səsinin eşidilməsini istəyənlərtdən biri də İctimai Palatanın Koordinasiya Şurasının üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflıdır.  İctimai Palatanın fəaliyyətinə xitam verilməsi məsələsinə münasibət bildirən VHP  təmsilçisinin  fikrincə, bu qurum “Milli Şura”ya transfer olunub: “İP-in rəhbərliyində üç nəfər istisna olmaqla, qalanları ”Milli Şura"da təmsil olunur.  “ Milli Şura” formatı varsa, Koordinasiya Şurasınin rəhbərliyindəki insanların əksəriyyəti təşkilatda təmsil olunursa, paralel strukturun saxlanmasına ehtiyac görmürəm. 3 aydan çoxdur ki, nə Koordinasiya Şurasının  iclası keçirilir, nə də sessiyası çağırılır. Ümumiyyətlə, İctimai Palata fəaliyyətini dondurub. Bir təşkilat ki, elementar yığıncaqlarını çağırmırsa - onun  fəaliyyəti barədə danışmağın əhəmiyyəti yoxdur. Siyasi proseslərdə paralellikdən qaçmaq xətrinə İctimai Palatanın fəaliyyətinə xitam verilməlidir".

Beləliklə, müxalifət daxilindəki AXCP-Müsavat qarşıdurması bu düşərgənin siyasi fəaliyyətini açıq şəkildə əngəllədiyi kimi, siyasi təşkilatların fəaliyyət göstərməsinə də, onların  fəaliyyətinin dayandırılmasına da mane olur. Necə ki, İctimai Palatanı  AXCP yaşamağa qoymur, Müsavat isə ölməyə.  Görək, bu mübarizə kimin xeyrinə başa çatacaq. “İctimai Palata fəaliyyətini dayandırdı”sözünün həsrətində olanların, yoxsa, “ona da, buna da ehtiyacımız var” deyə həm “İP”-in, həm də “Milli Şura”nın kəndirindən bərk-bərk yapışanların.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında