Radikal müxalifətin bir-birini təkrarlayan qondarma birlikləri sıradan çıxır

 

 

 

“İctimai Palata” ilə “Milli Şura” da arxivin küncünə atılır.  Hər dəfə ölkəmizdə hər hansı bir seçki keçirilən ərəfədə radikal müxalifət  yeni bir  qurumla peyda olur.  Seçkiyə qədər birlik görüntüsü yaratmağa çalışan müxalifət nümayəndələri  həmişə olduğu kimi, son anda  bir-birlərinə olan nifrətlərini gizlədə bilmir və birincilik uğrunda aralarında ciddi qarşıdurma yaranır. Azərbaycan ictimaiyyəti  zaman-zaman bunun şahidi olub.

 Radikal müxalifətin yaratdığı  SİDSUH, DUH, DUBB, “YES”,  Məşvərət məclisləri və digərlərinin acınacaqlı aqibəti göz qabağındadır. Sonuncu  parlament seçkilərindən sonra yaradılan “İctimai Palata” da bu il oktyabrın 9-da keçirilən prezident seçkiləri ərəfəsində unuduldu. Əslində “İctimai Palata” da  AXCP və Müsavat Partiyası rəhbərləri və funksionerlərinin  şəxsi ambisiyalarını təmin etmək məqsədilə yaradılmışdı. Ancaq  ermənipərəst dairələr tərəfindən Milli Şura adlı qondarma qurumun ortalığa atılması “İctimai Palata”nı sıradan çıxardı.

Müxalif qüvvələr yaratdıqları lüzumsuz və əhəmiyyətsiz qurumların  uzunömürlü olmasını nümayiş etdirmək üçün  müxtəlif cildlərə girirlər. “İctimai Palata” da belələrindən idi. Əslində bu qurum da  mahiyyəti, məramı və məqsədinə görə əvvəlkilərdən heç nə  ilə fərqlənmirdi. Söz yox ki, radikal müxalifət bu qurumları  məqsədsiz yaratmır. Əsas məqsədləri isə düşmən dairələrdən çirkli pullar qoparmaqdır. Onlara qrantlar verən  antiazərbaycan qrupları inandırmağa çalışırlar ki, guya yeni  yaratdıqları qurum cəmiyyətin sosial-siyasi sifarişidir.  Yalnız belə əhəmiyyətsiz  qurumları yartmaqda mahir olan AXCP və Müsavat Partiyasının rəhbərləri  müxalifətin birlik görüntüsü nümayiş etdirmək üçün  sonradan adı olub özü olmayan  bir neçə partiyanı da öz sıralarına qoşurlar. Bununla da qrant almaq istədikləri  antimilli dairələrə sübut etmək istəyirlər ki, guya bu təşkilat  ayrı-ayrı partiyaların, onların rəhbərlərinin təşəbbüsü və siyasi maraqlarının ifadəsi qismində təşkil olunub. Həmin birliklərin saxta olması tez bir zamanda özünü büruzə verir. Elə buna görə də dağıdıcı müxalifətin yaratdığı qurumların  ömürləri çox az olur və seçki başa çatan kimi  tarixin arxivinə göndərilirlər. SİDSUH, DUH, “YES” və digərlərinin aqibətini indi “İctimai Palata” ilə “Milli Şura” da yaşamaqdadır.  Bir vaxtlar AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər “İctimai Palata”nı müxalifətin mükəmməl “birlik forması” kimi təqdim edirdilər. Hətta, İsa Qəmbər Almaniyada və Gürcüstanda Erməni Ümummilli Hərəkatının rəhbəri Aram Manukyanla əməkdaşlıq haqqında saziş imzalayanda da “İctimai Palata”nı uzun-uzadı tərifləmiş və bu qurumun  müxalifətin birliyi sayəsində yarandığını bildirmişdi. İndi isə “İctimai Palata” da ömrünü başa vurub.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu günlərdə kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində  bildirib  ki, “İctimai Palata” artıq öz missiyasını başa vurub. Ona görə də bu qurum vasitəsilə  hər hansı dinləmə keçirməyə ehtiyac yoxdur. Prezident seçkiləri ərəfəsində meydana gələn  “Milli Şura” “İctimai Palata”nın iflasını sürətləndirdi. AXCP sədrinin müavini müxalifətin yaratdığı qurumların hamısının bir-birini təkrarladığını etiraf edərək deyib ki,  “İctimai Palata”da təmsil olunan qüvvələrin tam əksəriyyəti, həm də  “Milli Şura”da təmsil olunurlar. Ona görə də “İctimai Palata”nın  saxlanılması məqsədəuyğun deyil. F.Qəhrəmanlı deyib ki, müxalifət düşərgəsində bir-birini təkrarlayan  iki birliyin saxlanılmasnın heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə bir-birindən  fərqlənməyən iki qurum çərçivəsində səmərəli fəaliyyət göstərmək praktiki olaraq mümkün deyil. Ona görə də “İctimai Palata” faktiki olaraq siyasi proseslərdə arxaya keçib və bu qurumun  hər hansı dinləmə keçirmək kimi təşəbbüslərinə, fəaliyyətinə ehtiyac yoxdur. Partiya sədrinin qənaətinə görə, indiki halda ən doğru addım “İctimai Palata”nın  buraxılmasıdır.

Əslində “İctimai Palata” yaranan gündən bu qurumda AXCP ilə Müsavat Partiyası  arasında münasibətlərin necə gərgin olduğu hamıya bəlli idi. Bu “münasibətlər” prezident seçkiləri ərəfəsində özünü açıq şəkildə büruzə verdi. “İctimai Palata” prezident seçkilərinə vahid namizədlə getmək barədə məsələ müzakirə edən zaman İsa Qəmbər öz namizədliyini irəli sürdü və bununla bir daha təsdiqlədi ki, müxalifət düşərgəsində şəxsi maraqlar hər şeydən, hətta, xalqın taleyüklü məsələlərindən də üstündür. Müsavat Partiyasının bu gedişi, həm də “İctimai Palata”nın qondarma qurum olmasından xəbər verirdi.

Cəbhəçilərin müsavatçılara cavabı da özünü çox gözlətmədi. “Milli Şura” məsələsi ortalığa atılanda və bu qurumun sədrinin siyasətdən kənar, dövlət idarəçiliyindən tamamilə bixəbər  kinorejissor Rüstəm Məmməd İbrahimoviçin olması sanki AXCP rəhbərinin və funksionerlərinin Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısına sədd çəkmək üçün göydəndüşmə fürsət oldu. AXCP tədricən “Milli Şura”da nəzarəti öz əlinə keçirdi və son anda prezidentliyə vahid namizəd məsələsində Rüstəm Məmməd İbrahimoviçin dublyoru, AXCP sədrinin sabiq müavini Cəmil Həsənliyə qismət oldu.

Prezident seçkilərindən bir müddət sonra “Milli Şura” nın sədrlik məsələsi müzakirə olundu. Müsavatçılar çox çalışsalar da, İsa Qəmbəri bu qondarma quruma sədr seçə bilmədilər. Ona görə də bu qurumdan çıxıb yenidən “İctimai Palata”nı bərpa etmək fikrinə düşdülər. AXCP sədrinin müavininin deməsindən belə qənaətə gəlmək olar ki, artıq “İctimai Palata” ölüb və ölünü diriltmək də qeyri-mümkündür. İndi AXCP - nin bəzi funksionerləri müsavatçıları ələ salaraq deyirlər ki, bəlkə  İsa Qəmbərin Şeyx Nəsrullah kimi ölü diriltmək qabiliyyəti var? Görünür başqan “İctimai Palata”nı “dirildib” ona sədrlik etmək istəyir.

AXCP üzvü Elman Dadaşov  iddia edir ki, müsavatçıların İsa Qəmbəri  “Milli Şura”ya və ya “İctimai Palata”ya sədr seçməkdə məqsədləri onu başqanlıqdan uzaqlaşdırmaqdır. İndi müsavatçılar açıq şəkildə deyirlər ki, iyirmi ildir  Müsavat Partiyası ölkədə keçirilən bütün seçkilərdə, hətta bələdiyyə seçkilərində də qələbə qazana bilmir. Ona görə də İsa Qəmbər başqanlıqdan getməlidir. Bu fikirləri açıq şəkildə səsləndirdiklərinə görə hətta müsavatçı gənclər  Orxan Eyyubzadə və Samir Poladov  partiya sıralarından xaric ediliblər. Bu səmimi etirafı etməklə  guya onlar Müsavat Partiyasına,  partiyanın rəhbər şəxslərinə qarşı böhtan xarakterli acıqlamalar yayıb və Müsavat  Partiyasının nüfuzuna xələl gətiriblər. Halbuki, Müsavat Partiyası gənclər təşkilatının rəhbəri də İsa Qəmbərin 20 ildən artıq başqanlıq etməsinə narazılığını bildirmişdi. 

AXCP sədrinin müavini F.Qəhrəmanlının  “İctimai Palata”nın ömrünü başa vurması iddiasına müsavatçılardan dərhal cavab gəldi. Müsavat Partiyası başqanının müavini, “İctimai Palata”nın katibi Gülağa Aslanlı isə hesab edir ki, “İctimai Palata” fəaliyyətini başa vurmayıb. Söz yox ki, Müsavat Partiyasının əksər üzvləri, o cümlədən digər müxalifət  partiyalarının rəhbərləri də “İctimai Palata”nı lüzumsuz qurum hesab edirlər. Gülağa Aslanlının isə buna etiraz etməsi başa düşüləndir. Axı, bu adam “ o böyüklükdə” bir təşkilatın katibidir. Belə bir “vəzifəni” əldən buraxmaq G.Aslanlı üçün çox çətindir.

 “İctimai Palata”nın Koordinasiya Şurasının  üzvü, Vətəndaş Həmrəyliyi Partiyası  Ali Məclisinin sədri Rafiq Manaflı, AXP sədri Pənah Hüseyn, ADP sədri Sərdar Cəlaloğlu və digər partiya sədrləri “İctimai Palata”nın sonunun çoxdan yetişdiyini bildiriblər. Ona görə də bu qurumun buraxılması qənaətindədirlər. Əslində radikal müxalifətin yaratdığı “Milli Şura” da ömrünü başa vurub. Hazırda bu qurumun yalnız quru adı var. “Milli Şura”nın sonuncu mitinqi də bunu təsdiqlədi. Mitinq hətta sosial məsələlərlə əlaqədar çağırılsa da, cəmi 500 - 600 nəfər gəldi. Bu  fakt da xalqın radikal müxalifətə inamının olmamasının göstəricisidir.

 Artıq “Milli Şura”nın da üzvləri bu qurumdan uzaqlaşıblar. Bu qurumun yaradıcılarından biri hesab edilən “EL” Hərəkatının rəhbəri, “Milli Şura”nın İcra Aparatının rəhbəri reneqat Eldar Namazov da etiraf edib ki, “Milli Şura”nın  strategiyasını və taktikasını müəyyənləşdirən ümumi bir konsepsiya  yoxdur. Siyasi riyakar deyib ki, qısa vaxt ərzində  9 nəfərin, həmçinin Azərbaycan Liberal Partiyası və Acıq Cəmiyyət Partiyasının bu qurumu tərk etmələri  bir çox mətləblərdən xəbər verir.   Göründüyü kimi, radikal müxalifətin bir-birini təkrarlayan mənasız birlikləri tədricən sıradan çıxır. İndi növbə “İctimai Palata” ya çatıb. Ardınca isə “Milli Şura” da arxivin küncünə yollanır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında