AXCP - Müsavat qarşıdurması daha da güclənir “Milli Şura” isə adı olub özü olmayan quruma çevrilməkdədir

 

 

 

 

Bu ilin oktyabrında keçirilmiş prezident seçkilərindən sonra müxalifət düşərgəsində tam sakitlik yaranmışdı. Görünür gec də olsa, destruktiv müxalifət  nümayəndələri dərk edirlər ki, xalq radikalizmə yox deyir, öz maddi maraqlarını düşünən, vəzifədən ötrü düşmənlərimizlə əməkdaşlıq edən xəyanətkarları  isə qəbul etmir. Keçirilmiş sonuncu prezident seçkilərində də bunun şahidi olduq. Prezident seçkilərindən sonra tələm - tələsik bir neçə cılız mitinq keçirən radikal müxalifət nümayəndələri bir də onda ayıldılar ki, meydanda tək qalıblar. Bundan sonra onlar bir küncə çəkilib səs - səmirlərini çıxarmadılar.

Dekabrın 3 - də radikal müxalifət nümayəndələri yenidən yaddaşlara qayıtmaq üçün qondarma “Milli Şura”nın toplantısını keçirdilər. Həmişə olduğu kimi, bu dəfə  də köhnə vərdişlərindən əl çəkə bilmədilər və bir-birilərini söyməklə, təhqir etməklə, hətta fiziki təzyiq göstərməklə yenidən  diqqəti cəlb etdilər. Əsas mübarizə isə AXCP ilə Müsavat Partiyası arasında gedir. Bu iki partiyanın rəhbərlərinin bir-birinə olan “sonsuz sevgisi”, “dərin məhəbbəti” və “qarşılıqlı hörməti” digər siyasi partiya funksionerlərinə də məlumdur. Hər dəfə radikal müxalifət hər hansı bir qurum yaradanda  müxalifət partiyalarının funksionerləri dərhal deyirlər ki, AXCP ilə Müsavat Partiyası bu qurumda təmsil olunursa, demək həmin qurumun ömrü çox qısa olacaq. Çünki orada  cəbhəçilərlə müsavatçılar  arasında birincilik üstündə ciddi münaqişə yaranacaq. Bunun səbəbini isə BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikirləri ilə əsaslandırmaq istərdik. Partiya sədri Əli Kərimli ilə İsa Qəmbərin uzun müddət bir təşkilatda olmasını qeyri-mümkün hesab edərək deyib: “Mən Əli Kərimlinin və İsa Qəmbərin biri-birilərinə olan münasibətlərinin kökünü bilirəm. Bu insanların bir-birinə patoloji nifrəti var. Bu nifrətin kökü hətta AXC hakimiyyətə gəlməmişdən öncəyə gedib çıxır. AXC hakimiyyəti illərində də bu nifrət davam edib, bu gün də davam edir. Onların bir yerdə olması mümkün olan bir şey deyil".  Q.Həsənquliyev  2003-cü ilin prezident seçkilərini xatırladaraq deyib ki, Əli Kərimli bir komandada hakimiyyətdə olduğu İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəkləmişdi. Halbuki, Əli Kərimlinin sədrliyi ilə keçirilən bütün Rəyasət Heyətinin iclaslarında Etibar Məmmədovun Surət Hüseynovu dəstəklədiyi və AXC-ni hakimiyyətdən saldığı vurğulanır. Bu adam İsa Qəmbərə nə qədər nifrət edirsə, hətta onu yox, AXC-ni hakimiyyətdən salan şəxsi müdafiə edir. Bundan başqa, onların tərəfdaşları mütəmadi şəkildə sosial şəbəkələrdə başqa adlar altında bir-birilərini təhqir edir, aşağılayıcı kampaniyalar aparırlar. Bu baxımdan, onlar arasında birliyin yaranması mümkün deyil. Onların müvəqqəti birgəliyi zorən birgəlikdir və ortada səmimilik yoxdur. Bu insanların demokratik dəyərlər uğrunda mübarizə adlandırdıqları fəaliyyətləri, əslində, yalnız şəxsi ambisiyalara söykənən avantüradır. Hələ 2003-cü ildə bunları Londonda belə, bir araya gətirə bilmədilər. Çünki bu mümkün deyil. Onlar demrokratiya sözündən yalnız çətir kimi istifadə edirlər.

“Milli Şura”nın dekabrın 3-də keçirilən toplantısında da bunun şahidi olduq. AXCP sədri Əli Kərimli bütün vasitələrlə İsa Qəmbərin bu quruma rəhbərlik etməsinə əngəllər yaratdı və istəyinə nail oldu. Artıq Müsavat Partiyası da “Milli Şura”nı tərk etmək barədə qərara gəlib. Buna qədər isə bu qurumu Lalə Şövkət və onun Əvəz Temirxana əmanət etdiyi ALP tərk etmişdi. Əslində gedənlər sırasına Rəsul Quliyevi də əlavə etmək olardı. Çünki Rəsul Quliyev artıq bir neçə dəfə “Milli Şura”dan istefa verdiyini demiş, bu qurumda təmsil olunanların ünvanına sərt ittihamlar səsləndirmişdi. Oyuncaq qurumun  son sessiyasında “Milli Şura”nın İcra Aparatının rəhbəri  siyasi riyakar Eldar Namazov da öz postundan istefa verdi. Eyni zamanda reneqat  Eldar Namazovun rəhbərlik etdiyi “EL” Hərəkatının da “Milli Şura”nı tərk etməyə hazırlaşması barədə məlumatlar yayılır.

Göründüyü kimi, hazırda “Milli Şura” adı olub özü olmayan bur quruma çevrilir. Bu gün faktiki olaraq “Milli Şura” Əli Kərimlinin nəzarəti altındadır. AXCP sədri sabiq müavini Cəmil Həsənlini “Milli Şura”ya sədr seçdirərək nəzarəti tam öz əlinə alıb. Müsavatçılar buna ciddi etiraz etsələr də, artıq iş-işdən keçib. Çünki Cəmil Həsənli qurumun sədri, ermənipərəst kinorejissor Rüstəm Məmməd İbrahimoviç isə fəxri sədr seçilib. Buna etiraz edən müsavatçılara isə AXCP sədrinin tapşırığı ilə sosial şəbəkələrdə təhqiramiz “hədiyyələr” bəxş edilir. İlk belə hücum zərbəsi alan Rauf Arifoğlu onu təhqir edən AXCP üzvünü polisə verib. “Yeni Müsavat” qəzetinin baş redaktoru  AXCP-nin İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan şikayət edib. Rauf Arifoğlu müsavat.com-a açıqlamasında faktı təsdiq edib və bildirib ki, Vüqar Qədirov “Facebook”da onun ünvanına təhqir yazıb. R.Arifoğlu bildirib ki, onu təhqir edən AXCP üzvü  öz partiya liderindən birbaşa tapşırıq alıb.  O deyib ki, bunlar şəbəkə halında işləyirlər. Mərkəzdən tapşırıq gələn kimi, bütün fəallar hədəf göstərilən obyektin üstünə düşürlər.

 Baş redaktor qeyd edib ki, bu tərbiyəsizin (AXCP üzvü Vüqar Qədirovu nəzərdə tutur)  mənə yazdıqlarını ictimai qaydada şəxsən  AXCP-nin liderlərinə ünvanlayacağam. Görüm dözəcəklərmi? R.Arifoğlu vaxtilə AXCP sədri Əli Kərimlinin şəxsən ondan  və qardaşı Azər Ayxandan ölkənin Baş prokuroruna şikayət etdiyini diqqətə çatdırıb və deyib ki, biz bu şikayətlərə görə aylarla istintaq altında qalmışıq, həftələrlə izahatlar yazmış, bir dəfə isə polis vasitəsi ilə saxlanaraq, dustaq maşınında zorla ifadə verməyə aparılmışıq: “Hesab edirəm ki, o zaman Əli bəy düz eləmişdisə, indi də mən düz edirəm. Yox, o zaman onun etdikləri səhv idisə, bunu rəsmən etiraf edəndən sonra, mən də hərəkətimə bir daha baxaram...”

Bir faktı da xatırladaq ki,  “Milli Şura”nın dekabın 3-də keçirilən toplantısında  AXCP sədri Əli Kərimli fürsətdən yararlanaraq “Azadlıq” qəzetinin “problemlərinin” araşdırılması və bu barədə  qondarma qurum tərəfindən bəyanat qəbul edilməsini gündəmə gətirib. İlk etiraz da başda İsa Qəmbər olmaqla müsavatçılardan gəlib və onlar bu təklifin əleyhinə olduqlarını açıq şəkildə bildiriblər. Bununla da AXCP - Müsavat qarşıdurması daha kəskin xarakter alıb.

“Milli Şura”nın sonuncu toplantısında baş verənlər və bu qurumun tamamilə AXCP-nin nəzarətinə keçməsi iki partiya arasındakı vəziyyəti daha da kəskinləşdirib. Artıq müsavat funksionerləri “Milli Şura” üzvlüyündən gedəcəklərini də gizlətmirlər. Müxalifətdə olan digər siyasi partiya sədrləri də  bundan sonra bu iki partiyanın bir qurumda fəaliyyət göstərməsini qeyri-mümkün hesab edirlər.

ADP sədri Sərdar Cəlaloğlunun fikirləri də bunu təsdiqləyir. Partiya sədrinin qənaətinə görə, Müsavat Partiyasının xarici ölkə vətəndaşı olduğu üçün Rüstəm Məmməd İbrahimoviçin “Milli Şura”nın fəxri sədri seçilməsinə qarşı çıxmasını bəhanə sayır. S. Cəlaloğlu deyib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin bəyanatı və partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının açıqlaması ilə tanış olub. O bildirib ki, R. İbrahimbəyovun xarici ölkə vətəndaşı olması faktı ilk dəfə ortaya çıxmır: “Rüstəm İbrahimbəyov “Milli Şura”nı yaradanda da xarici ölkə vətəndaşı idi və Müsavat Partiyası “Milli Şura”ya daxil olmuşdu. Mən Müsavat Partiyasının bu arqumentini bir bəhanə kimi qəbul edirəm, daha çox Müsavat Partiyasının “Milli Şura”da istədiklərini, müəyyən islahatları həyata keçirmək üçün bir tələb sayıram. Əgər “Milli Şura”da müəyyən qüvvələr Müsavat Partiyasına ciddi müqavimət göstərsə, Müsavat Partiyası yüz faiz “Milli Şura”dan çıxacaq”.

“Milli Şura”nın sonuncu toplantısında müsavatçılar artıq belə bir ciddi müqavimətlə üzləşdilər. AXCP-nin  funksionerləri sədrlərindən aldıqları tapşırığa əsasən müsavatçılara hücuma keçdilər və hazırda bu hücum sosial şəbəkələr vasitəsilə getdikcə genişləndirilir. İki partiya arasındakı vəziyyət gündən-günə gərginləşir. Bu gərginliyin artmasına təkan vermiş “Milli Şura” isə adı olub özü olmayan quruma çevrilir.

Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında