Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələri genişlənir

 

 

 

 

 

 

Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet  istiqamətlərindən biridir. Bu il noyabr ayının 28-29-da Vilnüsdə keçirilən Avropa İttifaqının 3-cü “Şərq tərəfdaşlığı” sammitində mühüm əhəmiyyəti olan sənədin–Azərbaycan ilə adıçəkilən qurum arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması da məhz bunun nəticəsidir. Xatırladaq ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə, 2006-cı ildən Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildən isə Şərq Tərəfdaşlığı Təşəbbüsünə əsaslanır.

“Şərq tərəfdaşlığı”nın əsası 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada qoyulmuşdur. “Şərq tərəfdaşlığı” təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Bu, Avropa İttifaqı və tərəfdaş ölkələr arasında münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. “Şərq tərəfdaşlığı”nda məqsəd tərəfdaş ölkələri Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir.

 

Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. İkitərəfli əməkdaşlıq xətti ilə Avropa İttifaqı son nəticə kimi onunla assosiasiya sazişinin imzalanmasına yönəlmiş yeni müqaviləyə əsaslanan münasibətlərin qurulmasını təklif edir. Tərəfdaşlıq Avropa İttifaqının iqtisadiyyatına tədrici inteqrasiyanı daha da təşviq edəcək, dərin və hərtərəfli azad ticarət məkanının qurulması ilə nəticələnəcəkdir.

Digər məqsəd Avropa İttifaqının Şərq tərəfdaşları üçün uzun müddətdə viza rejiminin tam liberallaşdırılması ilə səfərlərin yüngülləşdirilməsidir. Enerji bazarlarının qarşılıqlı əlaqələndirilməsi və inteqrasiyası ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulması da bu yanaşmaya daxildir. Əlavə olaraq, Avropa İttifaqının vəhdətlik siyasətinə əsaslanaraq pilot təşəbbüs olaraq regional inkişaf təşviq olunacaqdır. Nəticədə, tərəfdaşlığın güclənməsini təmin etmək məqsədilə diqqətin ölkənin əsas qurumlarına yönələcəyi yeni hərtərəfli institusional potensial quruculuğu proqramı tərtib olunacaqdır.

Çoxtərəfli əməkdaşlıq xətti ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı qanunvericilik və standartlarını təqdim etmək, islahatlar sahəsində təcrübə və ən uğurlu praktika mübadiləsi aparmaq məqsədilə yeni forum təqdim edir. Bütün tərəfdaşlar arasında əlverişli mübadilə təmin etmək üçün demokratiya, yaxşı idarəçilik, sabitlik, iqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətlərinə uyğunlaşma, enerji təhlükəsizliyi və insanlar arasında əlaqə məsələlərini əhatə edən 4 tematik ekspert platformaları təsis edilmişdir.

“Şərq tərəfdaşlığı” istiqamətində irəliləyiş hər iki ildən bir yüksək səviyyədə təşkil edilən sammit görüşündə və hər il xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda nəzərdən keçirilir. AVRONEST Parlament Assambleyası, Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə yerli və regional hökumət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə birgə “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi daha böyük perspektivlərə yol açacaqdır.

Heç kəsə sirr deyil ki, Avropa İttifaqının nəqliyyat və enerji sahələrindəki təşəbbüslərində ölkəmizin  iştirakı beynəlxalq miqyasda  yüksək dəyərləndirilir. Avropa İttifaqının TRASEKA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfransın məhz Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın bariz nümunəsi idi. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun texniki əlavələri olmuşdur.  “Yeni İpək Yolu” adlandırılan TRASEKA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi həmin dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları ilə Avropa və dünya bazarlarına çıxış imkanlarını yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

Hazırda Avropa İttifaqı ölkələri Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 41 faizdən çox olmuşdur. Bu ilin 10 ayında isə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz  artmış və ümumi ticarət dövriyyəsindəki payı 43 faizi keçmişdir.

Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 13  ölkə ilə hökumətlərarası komissiya yaradılmışdır.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair birgə bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul olunması bu istiqamətdə əməkdaşlığımızı  strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır.

Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərimizdir. Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.

Respublikamız xarici investisiyalar üçün cəlbedici ölkədir, biznes və investisiya mühitinin davamlı olaraq daha da yaxşılaşdırılması iqtisadi siyasətin prioritetlərindəndir. Azərbaycan iqtisadiyyatına 156 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bunun da təqribən yarısı xarici investisiyalardır. Ümumi investisiyaların 65 faizi qeyri-neft sektoruna yönəldilmişdir. 2008-ci ildən başlayaraq qeyri-neft sektoruna xarici investorlar tərəfindən yatırılmış investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaları üstələmişdir. Belə ki, son 5 ildə qeyri-neft sektoruna qoyulan xarici investisiyalar neft sektoruna qoyulan investisiyaları hər il orta hesabla 17 faiz  qabaqlamışdır. Təkcə 2012-ci ildə qeyri-neft sektoruna yatırılan xarici investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaların həcmindən 25 faiz  çox olmuşdur.

Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülür. Ölkəmiz, eyni zamanda, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır.

2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80 faizədək artırmaq niyyətindədir. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr qeyri-neft sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Bu məqsədlə şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq.

Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi dövlətlərinin payı 36,5 faiz  təşkil edir. Bunlar əsasən Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır. Avropa İttifaqının 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış və bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün bunlar isə gələcəkdə də Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında