Prezident İlham ƏLİYEV: Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır

 

 

 

Azərbaycan cənab İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu. Müdrik və uzaqgörən Azərbaycan xalqı gələcək taleyi baxımından zaman-zaman ona xeyirli olanı seçmiş və dəyər vermişdir. Ölkənin əlamətdar hadisələrindən biri olan 2013-cü il 9 oktyabr seçkilərində də xalq gələcəyə hesablanmış uğurlu seçimini böyük məhəbbətlə və elliklə həyata keçirərək onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasətə səs verdi. Əslində, Azərbaycan xalqı son 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və uğurların davam etdirilməsinə səs verdi. Çünki son 10 ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı.   

Ötən 10 illik fəaliyyəti dövründə dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatların respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmasına və hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmasına təkcə Azərbaycan xalqı şahidlik etmir. Dünya birliyi son illərdə Azərbaycanın dinamik inkişafının reallığa çevrilməsini görür və qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda keçirilən islahatları nəinki təqdir edir, hətta indi bir çox dövlətlərdə ölkəmizin təcrübəsi öyrənilir. Azərbaycanda iqtisadi islahatların köklü xarakter daşıması, ölkəmizdə bazar iqtisadiyyatına keçidə planlı iqtisadiyyatdan başlanılması və bu islahatların güclü sosial siyasətlə dəstəklənməsinin nəticəsi olaraq Azərbaycanda cəmi 2 faiz inflyasiya baş vermiş, əhalinin gəlirləri artmışdır.

Artıq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır və görürük ki, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilmişdir. Azərbaycan Prezidentinin ardıcıl olaraq göstərdiyi qayğı və diqqət ölkənin hər yerində çox ciddi inkişafa, canlanmaya, yüksək əhval-ruhiyyəyə təkan verib. Bu gün şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz abadlaşır, tikinti-quruculuq işləri üstünlük təşkil edir, yeni parklar, xiyabanlar, mərkəzlər açılır, küçələrimiz yenidən qurulur. Ölkəmizdə yeni istehsal sahələri, böyük sənaye müəssisələri yaradılır, nəticədə işsizlik demək olar ki, aradan qaldırılıb. İnkaredilməz faktdır ki, 10 il əvvəl dövlət tərəfindən qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri məhz respublikada işsizliyin aradan qaldırılması idi. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da təşkil edilən andiçmə mərasimində bu məsələyə toxunaraq demişdir: “Son 10 ildə Azərbaycanda 1milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapmışdır. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək”.

Qeyd etməliyik ki, dövlətimizin təşəbbüsü, diqqəti və nəzarəti ilə aparılan sənayeləşmə siyasəti daha yeni iş yerlərinin açılmasını zəruri edir və təbii olaraq bu proses davam etdirilir və gələcəkdə də bu işin ardıcıllığı qorunub saxlanılacaqdır. Həmçinin aparılan islahatlar və görülən işlər onu deməyə əsas verir ki, hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixrac sənaye potensialı yaradacaqdır.

Azərbaycanda nəzərdə tutulan bütün layihələr vaxtında həyata keçirilir. Bu il çox böyük Dövlət İnvestisiya Proqramı icra edilir və artıq bu proqram tam şəkildə başa çatdırılmaq üzrədir. Bu da öz növbəsində gələcək illər üçün daha da yaxşı zəmin yaradacaqdır. Çünki investisiya proqramında nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq və istənilən layihənin həyata keçirilməsində yaranan problemlər aradan qaldırılacaqdır.

Regionların inkişafını nəzərdə tutan proqrama əsasən aparılan işlər nəticəsində Azərbaycanın bütün bölgələri dəyişir, inkişaf edir. İndi hər hansı bölgəyə ayaq bassaq, böyük tikinti meydançasını xatırladan mənzərə ilə qarşılaşarıq. Hər yerdə abadlıq, quruculuq, təmir-bərpa, tikinti işləri göz oxşayır. Yeni obyektlər işə salınır və bu, işsizliyin aradan qalxmasına kömək edir, əhali yeni iş yerləri ilə təmin olunur və bunun da nəticəsində vətəndaşlarımızın rifah halı yaxşılaşır. Andiçmə mərasimində Prezident İlham Əliyev bu barədə demişdir: “İki regional beşillik proqram icra edilmişdir. Bölgələr abadlaşdı, canlandı. Bölgələrdə infrastruktur yaradıldı və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azaldı”. Ölkəmizin dövlət xərcləri, büdcə xərcləri ildən-ilə artır. İnflyasiya aşağı səviyyədədir. Bu sosial məna daşıyır və dövlətin vətəndaşlarına olan münasibətinin göstəricisidir. Bakı və ətraf qəsəbələrdə proqrama əsasən infrastruktur layihələr icra  olunur, quruculuq işləri davam edir, məktəb tikintisi, səhiyyə obyektlərinin tikintisi aparılır və ilin sonuna qədər proqramın böyük hissəsi icra ediləcək.

Yol tikintisi başlıca məqsəddir və Azərbaycan vətəndaşının rahatlığına hesablanmış işdir. Buna görə də bölgələrdə yolların tikintisi ilə bağlı ciddi işlər aparılmışdır. Magistral yollarda da, dəmir yolunda da çox böyük işlər görülmüşdür. Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunmuş, 6 körpü inşa və təmir edilmişdir. Təkcə Bakı şəhərində Buzovna—Mərdəkan—Qala avtomobil yolunun Buzovna—Mərdəkan hissəsi istismara verilmiş, Bilgəh—Pirşağı—Novxanı—Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilmişdir.

Dəmir yolunda da geniş əhatəli işlər görülmüş və bu yolun yenidən qurulması layihəsi qatarların sürətinin artmasına imkan verəcək. Bu layihə də insanların rahatlığına hesablanmış reallıqdır ki, nəzərəçarpacaq uğurla həyata keçirilir. Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi baxımdan çox böyük əhəmiyyəti vardır. Çünki Azərbaycan tranzit imkanlarını genişləndirir və bu layihənin həyata keçməsi işə birbaşa təsir edir. Bu yolun işə salınması nəticəsində demək olar ki, yükdaşımaların həcmi artacaq. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizin ictimai və siyasi maraqlarını dolğun şəkildə təmin edəcək. Hazırda Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Bu ilin 6 ayı ərzində dəmiryolunun 82 kilometrlik hissəsi yenidən qurulmuşdur. Nəqliyyatdan istifadənin asanlaşmasını təmin edən bütün bu işlər xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edir. Bunlar isə ölkə vətəndaşları tərəfindən dərin rəğbətlə qarşılanır, dövlətə minnətdarlıqla dəyərləndirilir.

Dövlətin güclənməsi üçün ölkədə həyata keçirilən infrastruktur layihələrin də öz yeri, xüsusi çəkisi var. Bu infrastruktur layihələri arasında içməli su və kanalizasiya problemləri, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrlərdə digər infrastruktur layihələri uğurla icra edilmişdir. Buna dövlət büdcəsindən maliyyə ayrılır və gələcəkdə də bu layihələrə əlavə vəsait ayrılacaqdır. Bu layihələrin arasında içməli su layihəsi, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. İnsanların sağlamlığı üçün Azərbaycan Prezidenti əlindən gələni edir. Ramazan bayramı ərəfəsində—avqustun 7-də Kürdəmirdə 22 min əhaliyə içməli təmiz bulaq suyunun verilməsi, avqustun 14-də İsmayıllıda əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması, Oğuzda 50 min əhalinin içməli suya olan tələbatının ödənilməsi, avqustun 16-da Qaxda 14 min nəfərin su təchizatı və kanalizasiya tələbatını ödəyəcək sistemin, avqustun 17-də Zaqatalada  48 min nəfərə, sentyabrın 4-də isə Biləsuvarda 470 min əhaliyə xidmət edəcək su sisteminin işə salınması, insanlara, onların ailələrinə necə böyük sevinc, fərəh gətirmişdir. Dövlətin istəyi, məqsədi də məhz ölkə vətəndaşlarının gün-güzəranlarının yüksəlməsi, firavan yaşayışlarının təmin olunmasıdır ki, bu yolda əlindən gələni edir.

Azərbaycan keçid dövrünü artıq başa vurmuşdur və bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir: istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Bu sahədə, xüsusilə də, sosial  məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə baxılır, onun müsbət məqamları seçilir, sosial siyasətimiz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırılır və ona uyğunlaşdırılır. Hamıya yaxşı məlumdur ki, Azərbaycanda iqtisadiyyat son 20 il ərzində bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunsa da, çox güclü sosial siyasət də aparılır. Bütün dünyada belədir ki, sosial məsələlərə diqqət yetirilməyən ölkələrdə vətəndaşlar üçün böyük sosial problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Bu gün Azərbaycanda sosial sahədə aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin fikrinə diqqət edək: “Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial problemlər icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna böyük ehtiyac vardır”. Demək lazımdır ki, son bir neçə il ərzində dünyanı, xüsusilə, Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, nəzərdə tutulan sosial layihə ixtisar edilməmiş, əksinə, maaşlar, pensiyalar qaldırılmış, sosialyönümlü investisiyalara vəsait ayrılmışdır. Hətta 2013-cü ilin ötən dövrü ərzində makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etmişdir. Son on il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı isə 29,3 faizdən 45 faizə çatdırılmışdır. Pensiyanın baza hissəsini 100 faiz alanların, yəni 1milyon 90 min nəfərin pensiyası 15 manat, pensiyanın baza hissəsini 120 faiz həcmində alan 15 min 580 nəfərin pensiyası 19 manat 50 qəpik, baza hissəsini 200 faiz həcmində alan 7763 nəfərin pensiyası isə 31manat 50 qəpik artmışdır. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatdırılmışdır. Bundan başqa döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artırılmışdır. Böyük Vətən müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, I qrup BVM əlillərinin pensiyasının baza hissəsi isə 37 manat 50 qəpik həcmində artırılmış, II qrup BVM əlillərinin pensiyasının baza hissəsi 31 manat 50 qəpik, III qrup BVM əlillərinin pensiyasının baza hissəsi isə 28 manat 50 qəpik artırılmışdır. Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün ilin sonuna təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunacaq. Müqayisə üçün bildirək ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir və bu göstəriciyə görə Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dolları, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar və s. təşkil edir.

Dövlət başçısının diqqət və qayğısı əhalinin güzəranının yaxşılaşdırılması məqsədilə atılan digər addımlarda da özünü göstərir. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin davamlı olaraq aparılması qarşıda duran prioritet vəzifələrdəndir. Sentyabrdan minimum əmək haqqının artırılaraq 105 manat səviyyəsinə çatdırılması, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan ayrı-ayrı sahələrdə çalışan insanların vəzifə maaşlarının 10 faiz həcmində, şəhid ailəsi, Milli Qəhrəmanlar üçün prezident təqaüdlərinin, fəxri adlara, uşağa qulluğa görə verilən ödənişlərin və digər müavinətlərin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması ölkəmizdə insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatların uğurla gerçəkləşdirilməsinin ən gözəl nümunəsidir. Təqdir edilməli haldır ki, Azərbaycanın sosialyönümlü inkişaf strategiyası hər bir ölkə vətəndaşının sosial müdafiəsini ən yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. 

Qeyd etmək yerinə düşər ki, 10 il öncə Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idisə, indi bu rəqəm 24 milyardı ötüb keçmişdir. Dövlət başçısı haqlı olaraq qeyd etmişdir ki, “...İqtisadi inkişaf tempinə görə son 10 ildə Azərbaycan qədər inkişaf edən ölkə olmamışdır”. Məhz bunun nəticəsidir ki, ölkəmizin vətəndaşlarının vəzifə maaşlarının, pensiya və müavinətlərinin artırılmasına əlverişli imkan yaranmışdır. Çünki əməkhaqlarının artırılması dövlətimizin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır və bu kurs əvvəlki illərdə olduğu kimi gələcək illərdə də çox böyük inam və uğurla davam etdiriləcəkdir.

Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır. Azərbaycan Prezidenti də xalqa arxalandığını, xalqın onu dəstəkləməsini qiymətləndirir və deyir: “Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiqli yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir. ...Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında