Radikal müxalifət dağılmaqda olan “Milli Şura”nı xilas etməyə çalışır

 

 

 

Ancaq müxalif düşərgədəki reallıq bütün bu cəhdlərin əbəs olduğunu göstərir

Xarici antimilli, antiazərbaycan dairələrin layihəsi olan, fəaliyyət istiqamətlərinin əsas konturları da məhz həmin dairələr tərəfindən müəyyənləşdirilən və xalq arasında  heç bir vəchlə Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi kimi qəbul edilməyən “Milli Şura” adlı qondarma qurum sözün həqiqi mənasında iflas ərəfəsindədir.  Əslində, həm prezident seçkiləri öncəsi, həm də seçki sonrası qondarma qurumun keçirdiyi mitinqlərdə KXCP, ALP, ACP partiyalarının, eləcə də, “El” hərəkatının həm sıravi üzvlərinin, həm də rəhbər şəxslərinin böyük qisminin iştirak etməməsi də bu gün baş verən proseslərin xəbərçisi idi.  Artıq radikal düşərgədə yeni qurumların yaradılması və ya ayrı-ayrı partiyaların təkbaşına siyasi fəaliyyətlərini davam etdirməsi barədə ciddi fikirlər səsləndirilir, konkret addımlar atılır.

Budur, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müavini, “Milli Şura”nın mitinq komitəsinin sabiq sədri Asəf Quliyev yeni təşkilatın yaranma tarixini açıqlayıb. O,  bildirib ki, “Xalq arzusu” adlanacaq hərəkat dekabrın 1-də elan olunacaq: “Hazırlıq gedir, ayın 1-də Azərbaycan Demokratik Partiyasının qərargahında yığıncaq keçirəcəyik və yeni təşkilatın yaranmasını elan edəcəyik”. Asəf Quliyev həmçinin bildirib ki, burada  AXCP-dən istefa səbəblərini də açıqlayacaq: “Yığıncaqda AXCP-dən getməyimin səbəblərini və yeni təşkilatın fəaliyyət istiqamətini açıqlayacağam”. Onun sözlərinə görə, dekabr ayında yeni təşkilatın qurultayı keçiriləcək və qurultayda həm təşkilatın adı, həm də digər məsələlər bir daha müzakirə ediləcək. Təkcə bu fakt deyil,  son günlər müxalifət düşərgəsinin gündəliyini zəbt edən  “Məşvərət Şurası” və ya “İdarəetmə Heyəti” adlı qurumun yaradılması barədə söhbətlər də,  artıq “Milli Şura”nın siyasi səhnədən getməsinin rəsmiləşdirilməsi anlamına gəlir. Doğrudur, bu qurumların “Milli Şura”nın tərkibində yaradılacağı da deyilir. Ancaq çökməkdə olan qondarma qurumun daxilində ikinci şuranın yaradılması qətiyyən inandırıcı deyil. Odur ki, “Milli Şura”nın taleyi barədə deyilənlər artıq özünü doğruldur.

“Milli Şura”nın dağılmağa üz tutduğunu göstərən növbəti əsaslı faktlardan biri də neçə müddətdir onun sessiyalarının baş tutmamasıdır.  Üç aya yaxın vaxt ərzində bu qurum bir dəfə də olsun sessiya keçirə bilməyib.  Daxili ziddiyyətlər və rəqiblərin bir-birinə düşmən münasibəti, eyni zamanda, həddini aşan qarşılıqlı ittihamlar buna heç cür imkan verməyib. Son günlər isə iddia edirdilər ki, bəs, dublyor Cəmil Həsənli xaricdə səfərdə olduğu üçün onsuz hər hansı bir tədbir keçirmək istəmirlər. Cəmil Həsənlinin “səfər sərəgüzəştləri” barədə fikirlərimizi bildirəcəyik, ancaq əvvəlcə onu qeyd edək ki, radikal düşərgənin əsas simaları bir yerə toplaşa bilməmələrini heç nə ilə əsaslandıra bilmirlər.  “Milli Şura”nın icra aparatının rəhbəri Eldar Namazov da “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada nə qədər çalışsa da, vəziyyətdən çıxa, qondarma qurumun böhran keçirdiyini gizlədə bilməyib. İddia edib ki, guya, prezident seçkilərindən əvvəl seçki kampaniyasının təbliğat-təşviqat dövründə işlərin həddən artıq sıxlığı səbəbindən sessiya baş tutmayıb. Seçki də artıq arxada qalıb. Cəmil Həsənlinin Avropaya və ABŞ-a uzunmüddətli səfərlərinin olmasını əsas gətirənlərin bəhanəsi də o, ölkəyə qayıtdıqdan sonra tamam tükənib.

Reneqat Eldar Namazov məcbur qalıb deyib ki, yaxın günlərdə qərar qəbul olunacaq və sessiyanın günü, həmçinin gündəliyi ilə bağlı mediaya məlumat veriləcək. Sessiyada hansı məsələlərin müzakirə edilməsinin, hansı struktur islahatlarına gedilməsinin, kimlərinsə çıxarılıb, kimlərinsə qəbul edilməsinin gözlənilib-gözlənilmədiyi barədə suala isə buqələmun siyasətçi belə cavab verib ki, bəs, sessiyanın gündəlik layihəsi ümumi məsləhətləşmələrdən sonra formalaşır. O, son zamanlar müzakirəsi aparılan  “Məşvərət Şurası” və ya “İdarəetmə Heyəti”nə də eyham vuraraq  qeyd edib ki, seçki kampaniyasına qatılanda hətta əsasnamədə nəzərdə tutulan strukturların da bəziləri hələ tam formalaşmamışdı. Odur ki, həm əsasnamədə nəzərdə tutulan strukturların formalaşması vacibdir, eyni zamanda əsasnamənin özündə də müəyyən dəyişikliklər ola bilər. Yeni vəziyyətə uyğun olaraq hədəflərimizi və strukturlarımızı formalaşdırmalıyıq.

Bundan sonrakı mərhələdə kütləvi aksiyaların olub-olmayacağına gəlincə, Eldar Namazov bildirib ki, seçkidən sonra seçki qərargahında iclas keçirilib və dublyor Cəmil Həsənlinin iştirakı olmadan sessiyanın, aksiyaların keçirilməməsi barədə ümumi rəyə gəlinib: “Kütləvi aksiyalar siyasi mübarizənin əsas təsiredici üsullarından biridir. “Milli Şura”  bundan imtina etməyib və edə bilməz. Sadəcə, kütləvi aksiyanı hansı şüarlarla nə vaxt keçirilməsi məsələləri var və bununla bağlı qərar sessiyada müzakirələr zamanı veriləcək".  O, sessiyada həmsədrlik institutunun yaradılması məsələsinin gündəmə gəlib-gəlməyəcəyi haqda da danışıb: “Hesab edirəm ki, “Milli Şura”nın strukturlaşma və təşkilati məsələlərinə mütləq baxılmalıdır. Bu, həmsədrlik institutuna da, icra aparatına da, komissiyalara da, nəzərdə tutulan “Məşvərət Şurası” adlanan məsələlərə də aiddir. Bütün bu məsələlər müzakirə olunmalıdır”. Reneqat “Milli Şura”dakı qarşıdurmaları nəzərə alaraq, bu qurumun  yaxın vaxtlarda baş tuta biləcək heç bir tədbirində iştirak etməyəcəyini pərdələmək üçün bəhanə gətirib ki, noyabrın 27-dən Avropaya səfəri başlayacaq.

Bu, belə. Gələk dublyor Cəmil Həsənlinin ABŞ-a səfərinə. Əvvəlcə onu qeyd edək ki, radikal müxalifət düşərgəsinin istənilən lideri xaricə sanki Azərbaycan dövlətinə qarşı iş aparmaq, erməni lobbisi tərəfindən ölkə əleyhinə aparılan kütləvi təbliğatda iştirak etmək üçün gedir. Bu zaman ölkəmizin əsas milli maraqları da ayaqlar altına atılır. Baxın, Cəmil Həsənli okeanın o tayında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə deyib.   O, erməni lobbisinin və onunla həmahəng çalışan antiazərbaycan dairələrin tezislərinə, irəli sürdükləri çürük və əsassız fikirlərə əsaslanaraq növbəti dəfə öz xalqına xəyanət edərək deyib ki, Qarabağ probleminin həlli “Ermənistanın və Azərbaycanın demokratikləşməsindən keçir”.

Dəhşətdir. Bir azərbaycanlı “tarixçi-alim” görün nə qədər sarsaq və öz dövlətinə, ölkəsinə qarşı nə qədər zərərli fikirlər səsləndirir. Onun Ermənistandakı antidemokratik vəzyyət barədə nəsə deməsini başa düşmək olar. Çünki  bu dövlətdə hərbi faşist diktaturası hökm sürür, hətta seçkilər zamanı prezidentliyə namizədlər də bütün dünyanın gözləri qarşısında sui-qəsdə məruz qalaraq güllələndilər. Digər tərəfdən, hər halda Cəmil Həsənli aqressiv faşizm ideologiyasının hakim olduğu təcavüzkar bir dövlətdə demokratik idarəçiliyin mümkün olmadığını  bilməmiş deyil. Bunu da yaxşı bilir ki, torpaqlarımızın işğalı  bu gün demokratiyadan dəm vuran başda Serj Sarkisyan olmaqla, digər erməni liderlərinin rəhbərliyi ilə reallaşdırılıb.  Azərbaycana gəldikdə, ölkəmiz  barədə bu sözləri demək üçün gərək o qədər qərəzli və antimilli ruhda olasan ki, öz dövlətinə böhtan ata biləsən. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Ölkəmizdə keçirilən bütün seçkilər müasir dünyanın qabaqcıl meyarlarına tam cavab verir. Dublyor Cəmil Həsənlinin cəmiyyətdə siyasətçi kimi qəbul edilməməsinə və seçkilərdə səs toplaya bilməməsinə görə ölkəmizdəki demokratik seçki sistemini günahlandırması və Azərbaycan xalqına nifrət duyğuları bəsləməsi, həqiqətən çox təəssüf doğurur. 

Etibarlı mənbələrdən aldığımız məlumatlara əsasən, əslində Cəmil Həsənli ABŞ-da “tarixçi alim” statusuna qətiyyən yaraşmayan bir tərzdə müxtəlif fondların, ayrı-ayrı idarələrin dəhlizlərində, qapılar arxasında saatlarla gözləsə də, arzu etdiyi simalarla görüşməyə müvəffəq olmayıb və yaxud çox aşağı ranqlı məmurların köməkçiləri tərəfindən etika xatirinə içəri alınıb. Avropa parlamentarilərinə demokratiya ilə bağlı özüsayağı “master-klas dərsi” verən Cəmil Həsənli  ABŞ-ın bostanına daş atmaqdan da qalmayıb.  Onun danışıqlarından belə anlaşılıb ki, ABŞ Azərbaycana münasibətdə öz dövlət maraqlarından geri çəkilməlidir. O, hər görüşdə Qərbi və ABŞ-ı Azərbaycanda enerji maraqlarını müdafiə etmələrinə görə qınayıb, onları ölkəmizə təzyiq göstərməyə, hətta sanksiyalar tətbiq etməyə çağırıb. Xarici antimilli dairələrlə sıx təmasda olan  radikal düşərgənin prezidentliyə növbəti vahid namizədi olmuş şəxsdən bundan artıq nə gözləmək olardı?  Təbii ki, heç nə. 

Antimilli ruhda olan bu insanların toplaşdığı “Milli Şura” adlı qondarma qurumun dağılması qaçılmazdır. “El” hərəkatının, AXCP, Müsavat kimi radikalyönümlü partiyaların sırf şəxsi maraqlara, daha çox da maddi gözləntilərə görə üz tutduqları qurumun  konstruktiv siyasi subyektə çevrilməsi mümkün deyil. Bura cəmləşən dağıdıcı ünsürlərin  siyasi texnologiyalar nöqteyi-nəzərindən tükəndikləri göz qabağındadır.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında