Azərbaycanın iqtisadi və sosial inkişafı xalqın rifah halını daha da yaxşılaşdırır

 

 

 

 

Ölkə iqtisadiyyatında son illər ərzində yaşanan dinamik inkişaf tempi bu ilin on ayında da  davam etmişdir. Bütün makro-iqtisadi göstəricilər üzrə artım tempi qorunub saxlanılmışdır. Milli iqtisadiyyatın gücləndirilməsi, rəqabəttutumlu istehsalın təmini və strateji inkişaf proqramlarının qəbul edilməsi kimi vacib məsələlərin həllində müsbət nəticələr əldə edilmişdir.

Bu, Dövlət Statistika Komitəsinin  yanvar-oktyabr ayları üzrə məlumatında da öz ifadəsini tapmışdır. Belə ki, sözügedən dövrdə ölkədə 47,6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz, yaxud müqayisəli qiymətlərlə 2,6 milyard manat artmışdır. ÜDM-in 30,5 milyard manatı və ya 64,1 faizi məhsul istehsalı sahələrində, 14,1 milyard manatı, yaxud 29,6 faizi xidmət sahələrində yaradılmış, 3 milyard manatı (6,3 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 5 faiz, qeyri-neft sektorunda isə 6,7 faiz artmışdır. Hər bir nəfərə 5122,6 manatlıq (6528,9 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artmışdır.

Sənaye məhsulunun 74,4 faizi mədənçıxarma bölməsində, 19,9 faizi emal bölməsində, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində və 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Mədənçıxarma bölməsində 36,1 milyon ton neft, 14,6 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir. Emal bölməsində qida məhsulları istehsalı 3,7 faiz, içki istehsalı 6,4 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 31 faiz, poliqrafiya məhsulları istehsalı 44,8 faiz, neft məhsulları istehsalı 6,1 faiz, kimya sənayesi məhsulları istehsalı 18,4 faiz, əczaçılıq məhsulları istehsalı 15,8 faiz, tikinti materialları istehsalı 17,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 0,3 faiz, elektrik avadanlıqları istehsalı 1,9 faiz, maşın və avadanlıqlar istehsalı 12,3 faiz, avtomobil və qoşquların istehsalı 33,5 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,4 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 1,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 28,5 faiz artmışdır. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2938,8 min ton taxıl, 992,2 min ton kartof, 1191,1 min ton tərəvəz, 691,2 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 142,8 min   ton üzüm, 3,3 min ton tütün, 87 min ton şəkər çuğunduru, 549,9 ton yaşıl çay yarpağı, 31,5   min ton pambıq toplanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalı istehsalı 4,9 faiz, kartof istehsalı 2,5 faiz, tərəvəz istehsalı 0,1 faiz, meyvə və giləmeyvə istehsalı 3,9 faiz, bostan məhsulları istehsalı 0,5 faiz, üzüm istehsalı 14,5 faiz artmışdır. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 402,7 min ton ət, 1528,9 min ton süd, 1160,2 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunmuşdur. 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4 faiz, süd istehsalı 6,4 faiz, yumurta istehsalı 16,3 faiz , yun istehsalı 2,3 faiz artmışdır. Bitkiçilik məhsulları istehsalında 3,8 faiz, heyvandarlıq məhsulları istehsalında isə  5,6 faiz artım əldə edilmişdir. Kənd əməkçiləri gələn ilin bol məhsulu üçün möhkəm bünövrə qoymuşlar. Onlar 792,3 min hektar sahədə şum qaldırmış, 444,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 272,7 min hektar sahədə buğda, 172,1 min hektar sahədə isə arpa səpmişlər. İnşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13,1 milyard manat həcmində, yaxud keçən ilin müvafiq dövrü ilə müqayisədə  16,6 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 4,9 milyard manatı (37,1 faizi) qeyri-dövlət bölməsinə məxsus, 8,2 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə 8,7 milyard manat sərf olunmuş və ümumi vəsaitin 66,7 faizini təşkil etmişdir. İstifadə edilmiş vəsaitin 51,1 faizi və ya 6,7 milyard manatı məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 9,7 milyard manatını və ya 74,2 faizini daxili vəsait, 3,4 milyard manatını xarici vəsait təşkil etmişdir. 2013-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 5980,6 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən bəri ümumi sahəsi 1724,4 min kvadratmetr  yaşayış evləri, 26996 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 226 nəfərin qəbul edə bilən ambulator-poliklinika müəssisəsi, 1050 çarpayılıq xəstəxana, 1751 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Qaz turbinli İstilik Elektrik Stansiyası, “Alov Qüllələri” Kompleksindəki “Fairmont Baku” oteli, Naxçıvan MR-da Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində “Gilan” tekstil parkı, Polad boru zavodu, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Abşeron rayonunda plastik qablar və priforminlər istehsalı, “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Qazax rayonunda sement zavodu, Yevlax rayonunda Hava Limanı, Gədəbəy rayonunda yeni qızıl emalı zavodu, Qəbələ rayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda seramik plitələr istehsalı zavodu, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya idman kompleksləri, Sabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, İsmayıllı rayonunda Tikiş fabriki, “İsmayıllı-1” Su Elektrik stansiyası, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir. İlin əvvəlindən bəri nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 179,9 milyon ton və ya 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 7,8 faiz artaraq 1,4 milyard nəfər təşkil etmişdır. Rabitə müəssisələri tərəfindən ötən on ay ərzində  əhaliyə, müəssisə və təşkilatlara 1,3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8,5 faiz çox rabitə xidməti göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13,5 faiz artaraq 744,5 milyon manata çatmış və ümumi gəlirlərin 59,3 faizini təşkil etmişdir. Yanvar-oktyabr ayları ərzində əhaliyə 15,6 milyard manatlıq istehlak malları satılmış və ötən ilin on ayı ilə müqayisədə artım  9,7 faiz olmuşdur. Pullu xidmətlərin həcmi isə 6,9 faiz artaraq 5,1 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 8,1 milyard manatını və ya 51,8 faizini ərzaq məhsulları, 7,5 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, doqquz ay ərzində xarici ölkələrlə 26,1 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 69,1 faizini və ya 18 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30,9 faizini (8,1 milyard dollarını) isə idxal məhsulları təşkil etmişdir. Doqquz ayda  9,9 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır. Ticarət əməliyyatlarının 88,9 faizi uzaq xarici ölkələrlə,  11,1 faizi isə MDB-yə üzv dövlətlərlə aparılmışdır. İstehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,7 faiz, on ay ərzində isə keçən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz bahalaşmışdır. Ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 1,2 faiz və 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz və 0,5 faiz, xidmət tarifləri 0,2 faiz və 3,4 faiz bahalaşmışdır.

Göründüyü kimi, ölkədə inflyasiya faizi çox aşağıdır və əhalinin gəlirlərinin artımı onu 3 dəfəyə yaxın üstələyir. 2013-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 7,7 faiz artaraq 29,1 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində hər nəfərə düşən gəlirlər 6,4 faiz yüksələrək 3130,1 manata və ya orta hesabla ayda 313 manata çatmışdır. Muzdla işləyənlərin orta aylıq əmək haqqı isə yanvar-sentyabr aylarında 2012-ci ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 415 manat olmuşdur. Maliyyə Nazirliyinin məlumatlarına görə yanvar-sentyabr aylarında dövlət büdcəsinə 14,3 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 12,7 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 45,1 faizi və ya 5,7 milyard manatı iqtisadiyyatın inkişafına, 10,2 faizi, yaxud 1,3 milyardı manatı səhiyyə və təhsilə, 10,6 faizi və ya 1,4 milyard manatı isə sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1,6 milyard manatlıq profisit ÜDM-də 3,8 faiz təşkil etmişdir. 2013-cü il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 14,8 milyard manat kreditin məbləği 30 faiz artmış, onun 76,8 faizi uzunmüddətli olmuş, 5,4 faizinin ödəmə vaxtı keçmişdir. Cari ilin doqquz ayı ərzində əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 faiz artaraq 6,2 milyard manata çatmışdır. Əmanətlərin 2,4 milyard manatı xarici valyuta ilə, 3,8 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.

Göründüyü kimi, bu ilin on ayının sosial-iqtisadi inkişafının yekunları Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında