Azərbaycan Konstitusiyası ölkədə hüquqi dövlət quruculuğunu təmin etmişdir

 

 

 

 

1995-ci il noyabr ayının 12 – də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Həmin konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə bu ali qanuna əlavə və dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması müstəqil dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görədir ki, bu mühüm sənəd ulu öndərin möhtəşəm əsəri adlandırılır. 1995-ci il iyunun 5-də Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək ümummilli lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etmişdir. Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin də süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna uğurla nail olmuşdu.

Azərbaycan SSR-in sonuncu konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edilmişdi. Bu konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün olduqca cəsarətli addım kimi dəyərləndirilir. Çünki SSRİ-nin milli siyasətinin olduqca şovinist bir zəmində qurulduğu dövrdə respublikanın ali qanununda belə bir maddənin yer tutması əsl tarixi cəsarət və ədalət demək idi. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyət təşkil edən  bu çətin vəzifənin də öhdəsindən  o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev uğurla gəlmişdi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməsi ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunmuşdu. Beləliklə, SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi qüvvədən düşmüşdü. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının layihəsini hazırlamaq üçün sonrakı illərdə Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı.

XX əsrdə qazandığımız uğurların, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə axtarıb tapmaq lazımdır. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri ölkədə hüquqi, demokratik, sivil dövlət quruculuğu proqramının həyata keçirilməsinə nail olmaq idi. 18 il bundan əvvəl noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və yeni parlamentin təşkili üçün seçkilər keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi olmuşdu.

Ümummilli lider Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirir. Eyni zamanda, bu konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixinin çox önəmli bir səhifəsini, 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsinin məramını özündə yaşadan, tarixi varislik ənənələrinə sadiqlik nümayiş etdirən bir tarixi sənəddir.

Müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlanmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Ümummilli lider Heydər Əliyevin Əsas Qanunumuzla bağlı söylədiyi “Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir” fikri bu ali hüquqi sənədin dövlət və cəmiyyətdəki roluna verilən ən mühüm qiymətdir.

1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, yeni konstitutsiyanın tələblərinə uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş və ölkəmiz nəinki MDB, hətta Şərq aləmində bu tarixi qərarı ilk qəbul edən  dövlət olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr də belə addım atmamışdılar.

1998-ci il iyunun 18-də isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açmışdır. 14 iyul 1998-ci il tarixində Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda, 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi.

Həmin il avqustun 8-də dövlət başçısı Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı tarixi bir qərara imza atmış – ölkədə senzura ləğv edilmişdir. 1999-cu il dekabrın 12-də isə konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarından daha birinə əməl olunmuş – Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkədə yerli özünüidarə institutu fəaliyyətə başlamışdır. Nəhayət, 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birliyinin sırasında özünəlayiq yer tutduğunu sübut etmişdir.

Nəticədə ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas hüquqlar və azadlıqlar təsbit olunmuş, Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqlənmişdi.

Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi birinci konstitusiya həm bütün qabaqcıl demokratik ölkələrin qanunvericiliyində təsbit olunan, həm də beynəlxalq hüquq və normalarda nəzərdə tutulan insan hüquq və azadlıqlarının geniş əhatəsini özündə əks etdirən ilk hüquqi sənəd olmuşdur. Azərbaycanın dövlətçilik tarixində hüquqi dövlətin və qanunun aliliyinin prioritetliyi, demokratik ənənələr həmin vaxta qədər mövcud olmamışdı. Buna görə də ümummilli liderin memarı olduğu konstitusiyada insan hüquq və azadlıqlarının mahiyyətinin təsbit olunması onun ən dəyərli və olduqca humanist bir sənəd olduğunu təyin edən amillərdən idi. Beləliklə, Prezident Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiya hazırlanaraq, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyulmuşdur.

Tarix Əsas Qanunumuzun nə qədər güclü, kamil bir tarixi sənəd olduğunu təsdiqləmiş və o, əsl  demokratik konstitutsiya kimi tanınmışdır. Möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı əldə etmişdir. Əsas qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları təsbit olunmuşdur. Konstitusiyanın 24-cü maddəsinin 1-ci hissəsində deyilir: “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır”.

Azadlıq – cəmiyyətə zərər yetirməyən hər şeyi etmək imkanı olduğu kimi, həm də cəmiyyətin qanunlarına riayət etməkdir. Məhz buna görədir ki, azadlığın sərhədləri yalnız qanunla müəyyənləşdirilə bilər. İnsan hüquqlarının və azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi Azərbaycan Respublikasında dövlətin ali məqsədi kimi təsbit edilir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən 3-cü fəslinin əsasını təşkil etmişdir.

Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində ölkənin içtimai-siyasi həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən onlarca qanun qəbul edilmişdir. Ən əsası isə konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib çatmasını təmin etmişdir. Bu illərdə Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olunmuşdur.

Milli Konstitusiyamızın müəyyənləşdirdiyi kimi, Azərbaycanın yolu demokratiya yoludur. Son prezident seçkiləri  dövründə həyata keçirilən bütün seçki prosesləri də bunu aydın göstərdi. Prezident İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir. Azərbaycan həm də sürətli inkişaf yolunda olan, xarici ölkələrə sərmayə qoyan, dünyanın enerji təhlükəsizliyinə və beynəlxalq sülhyaratma missiyasına töhfələr verən dövlətdir. Azərbaycan Konstitusiyası isə beynəlxalq aləmdə nüfuzu və mövqeyi durmadan artan ölkəmizin hərtərəfli inkişafının təminatçısıdır.

Fəxrəddin AĞAMİRZƏYEV,

Füzuli Hərbi Məhkəməsinin hakimi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında