Eldar Namazovun “El” Partiyası yaratmasına “Milli Şura” imkan verməyibmiş

 

 

 

Yaxud, məğlubiyyətdən sonrakı bəhanələr seriyası davam edir

Bu adam haqqında  indiyə qədər nə yazılıbsa, hamısı  tam olmasa da, bir çox hallarda həqiqətə söykənib. Axır vaxtlar elə bəyanatlarla ,  elə mülahizələrlə camaat arasına çıxır ki, adam onun neçə üzü olduğunu dəqiqləşdirə bilmir.

Hətta iqtidaryönlü mətbuat təmsilçiləri  bir yana,  müxalifətdəki həmkarlarınıın da onun ünvanına  səsləndirdikləri tənqidi fikirlərin obyektiv olduğunun şahidinə çevrilirik. Məsələn, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli deyir ki, Eldar Namazov indi də Müsavatı hədəfə götürüb (xatırladaq ki, Əhrar Partiyası  Müsavatın əsas simalarından olan Arif  Hacılının “dar günün yarağı” kimi yaradıb bir tərəfdə  ehtiyat saxladığı siyasi təşkilatdır. Məlumatlı mənbələrin fikrincə, Müsavatda  “İsa Qəmbərə etibar yoxdur” prinsipi ilə öz işini ehtiyatlı tutan adamlardan biri də məhz Arif Hacılıdır). Biz Vaqif Hacıbəylinin həmin fikrini o qədər də əhəmiyyətli bir məqam kimi qabartmaq istəməzdik. Amma son hadisələr göstərir ki elə Əhrar sədri də haqlıdır.

Qərəz, qoşulmadığı təşkilat, partiya, hərəkat qalmayan Eldar Namazov  bütün bunlar az imiş kimi çox qısa müddətdə  “El” adlı partiya da yaratmaq istəyirmiş. Sadəcə, “Milli Şura”nın yaranması, orada işlərin başdan aşması, çoxsaylı qastrollar, turnelər həmin layihəni bir az gecikdirib. Bəli, bəli, bütün bunları  Ziyalılar Forumunda, “El” Hərəkatında, “Milli Şura”da, İctimai Palatada və daha bir neçə təşkilat baş rollardan birini ifa edən Eldar Namazov “Publika. az” internet saytına verdiyi  “Milli Şura bizim perspektivimizə imkan vermədi” ( 19 noyabr, 2013-cü il) adlı  müsahibəsində söyləyib.  Müsahibəni oxuyan ekspertlər dərhal yazdılar ki, Eldar Namazovun hansı perspektivi ola bilər ki, ona da  imkan verilməsin? Hələ bunlar nədir ki? Reneqat Namazov lap yaxın günlərdə, hətta,  Cəmil Həsənlinin qastrolunun  başa çatmasını gözləmədən Avropa turnesinə çıxacağını  da söyləyir. Adı çəkilən müsahibədən sitat gətirək ki, oxucu “ola bilməz”-deyə bilməsin: “Xaricə səfər zamanı  bir neçə tədbirlərə, görüşlərə qatılmağı planlaşdırıram. Amma  bu, təkcə Strasburqda olmayacaq. Strasburqda da görüş var, anacaq ondan başqa digər Avropa ölkələrində  də olmağı planlaşdırıram”. 

 Eldar Namazov rəhbərliyində təmsil olunduğu çoxsaylı ictimai- siyasi təşkilatlardan biri olan “Milli Şura”da  fikir ayrılıqlarının, qarşılıqlı ittihamların olduğu barədə verilən sualı cavablandırarkən   göz görəsi  bilərəkdən bəzi sandıqları açır ki, ortalığa daha çox pambıq tökülsün:  “Qarşılıqlı ittihamlar deyəndə Milli Şuranın hədəfləri, planları ilə bağlı ciddi müzakirələr gedir. Bu da təbiidir. Milli Şura iyun ayında yarandı, tam formalaşmamış seçki kampaniyasına başladı. Seçki kampaniyası bitəndən sonra bu məsələləri yenidən müzakirə etməliyik. Əgər Milli Şura 2012-ci ildə yaransaydı və heç olmasa bir il fəaliyyət göstərə bilsəydi, bu müzakirələrə ehtiyac da olmayacaqdı. Proseslər elə oldu ki, Milli Şura yalnız iyun ayının əvvəllərində yarandı. Öz əsasnaməsində nəzərdə tutulan strukturları tam formalaşmamış seçki kampaniyasına daxil oldu. Ona görə də indi belə bir müzakirələrin getməsi təbii və qaçılmazdır. Hesab edirəm ki, sessiyada bütün bu məsələlərlə bağlı qərarlar qəbul edəcəyik”.

Açıq şəkildə göz qabağında olan məsələdir. Özünü elə göstərir ki, guya “Milli Şura”dakı qarşıdurmalar, fikir ayrılıqları barədə sualı cavablandırır, əslində isə müxalifətin onlarla təşkilatının birləşdiyi bir  qurumun  seçkidəki məğlubiyyətini malalamaq üçün yollar axtarır. Üstəlik, əlavə edir ki,  bir qurumun  yaranmasından qısa müddət sonra belə məsələlərdə hansısa uğura imza atılması təcrübəsi yoxdur.  Biz isə əlavə edirik ki, “Milli Şura” dedikləri qurum bir partiya və ya hərəkat olsaydı, o yeni yaranmış hesab olunardı. Əslində isə  orada  20-25 il təcrübəsi olan partiya və ictimai təşkilatlar cəmləşmişdilər və ona görə də  bu, seçkidəki məğlubiyyəti malalamaq üçün o qədər də tutarlı arqument deyil. Müqayisə yerinə düşməsə də xatırladaq ki, 1993-cü ildə Yeni Azərbaycan Partiyası da o qədər də təcrübəsi olan  siyasi təşkilat deyildi. Sadəcə o təşkilatı xalq dəstəkləyirdi.  “Milli Şura” deyilən qurumu isə xalq yaxın buraxmaq istəmədi və ona görə də labüd məğlubiyyətlə üzləşdilər. Bundan başqa, “Milli Şura”nın yaranacağı barədə söz-söhbət hələ fevral ayından etibarən davam edirdi. Yəni düz-əməlli siyasətçiləri, o yoxdursa,  siyasətləri olsaydı, yeni qurumu seçkiyə bir il, il yarım qalmış formalaşdıra bilərdilər. 

Formalaşdıra bilməyiblər. Çünki bu qurumun yaradılması ideyası siyasətçilərdən deyil, Ziyalılar Forumundan gəlib. Həmin forumdakı ziyalıları da ... az qala deyirdim ki, hamı tanıyır, amma heç kim tanımır. Xalqın tanımadığı ziyalının isə forumu da belə olar, Milli Şurası da. Bir daha müsahibəyə diqqət yetirək:  “Demokratik düşərgənin birləşməsi ilə bağlı müxtəlif cəhdlər var idi, müəyyən təkliflər irəli sürülmüşdü. İctimai Palata və Demokratik Qüvvələrin Məşvərət Məclisində bu proses gedirdi. Hər iki qurumu bir araya gətirmək cəhdləri olurdu.  Sadəcə olaraq, bu cəhdlər bir nəticə verməyəndən sonra Ziyalılar Forumunun  içindən Milli Şura ideyası səsləndi və reallaşması üç-dörd ay vaxt apardı”. Yəni Eldar Namazov və onun kimi ziyalılar barışa bilməyən, birləşmək istəməyən siyasi təşkilatları birləşdirmək istəyiblər və nəticə  göz qabağındadır. Reneqatcasına ortaya düşən Namazovu indi reneqat kimi  də “Milli Şura”dan çıxartmaq istəyirlər.

O ki qaldı “El” hərəkatının partiyaya çevrilməsi haqqında məlumatların  dolaşmasına, qeyd edək ki,  Eldar Namazov belə bir perspektivin olduğunu  çox qətiyyətlə söyləyir: “Bu məsələləri müzakirə edirik. Sadəcə olaraq Milli Şuranın yaranması, onun fəaliyyətində iştirakımız  imkan vermədi ki, “El”in təşkilati və perspektivi haqqında düşünək. Seçki kampaniyasından sonra bütün bu işləri addım-addım bərpa edəcəyik”.

“El” sədri bir gündə verdiyi ikinci müsahibəsində isə “Milli Şura”nın fəaliyyətinə xitam veriləcəyi barədə sualı cavablandırarkən yox sözünü dilinə gətirə bilmir. Əksinə, ortaya bir şərt şəkilçisi atır ki, əgər elə olmasa belə olacaq. Ona görə də bu yazını yeni yaranacaq partiyanın sədrinin “Yeni Müsavat” qəzetinin 19 noyabr 2013-cü il tarixli sayına verdiyi  ( “Eldar Namazov Milli Şuradakı konfliktlərdən danışdı” adlı) müsahibənin son abzası ilə tamamlamaq istəyirik:

Sual: – Milli Şuranın fəaliyyətinə xitam verilməsi ehtimalı varmı?

Cavab: – Bu, Milli Şuranın üzvlərindən asılıdır. Amma heç kim fəaliyyətə xitam verilməsi təklifini irəli sürməyib. Hətta bir-biri ilə mübahisə edən, mətbuatda qarşılıqlı ittihamlar səsləndirən  insanlar da deyirlər ki, əgər onların təklifləri qəbul olunsa, onların təklif etdiyi yolla gedilsə, Milli Şura daha da güclənəcək...”

Bəs o təkliflər qəbul olunmasa və o yollarla gedilməsə?

Onda “Milli Şura”nın fəaliyyətinə heç şübhəsiz ki xitam veriləcək.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında