Yeni Azərbaycan Partiyası bu günün və sabahın partiyasıdır

 

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında ən nüfuzlu, ən güclü siyasi qüvvədir. Partiyanın üzvləri sırasına dövlət xadimləri, ziyalılar, tanınmış insanlarla yanaşı, respublikanın ən fəal, aparıcı gəncləri də daxildir və onlar çoxluq təşkil edir. Biz gənclərin bu partiyaya üstünlük verməyimizin əsas səbəbi isə odur ki, onun potensialı, perspektivləri çox yüksəkdir. Biz YAP-a üzv olmaqla Azərbaycanın gələcəyinin qurucuları sırasına daxil oluruq, ölkəmizin çiçəklənməsinə və tərəqqisinə sanballı töhfə veririk. 

Keçən il YAP üçün, ümumilikdə ölkəmiz üçün çox əlamətdar bir il oldu. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin 21-ci, Yeni Azərbaycan Partiyasının yaranmasının isə 20-ci ildönümü təntənəli şəkildə qeyd olundu. Hər iki tarix bir-birinə çox sıx bağlıdır. Cari ildə YAP-ın fəaliyyəti həyata keçirdiyi tədbirlərlə, layihələrlə daha da zənginləşdi. Partiya fəaliyyətini, beynəlxalq əlaqələrini daha da genişləndirdi, ətrafına yeni-yeni vətənpərvər insanları cəlb etdi. Bütün bunların hamısı, əslində, həm də ölkənin inkişafına istiqamətlənmiş tədbirlərin tərkib hissəsi hesab olunmalıdır. Unutmaq lazım deyil ki, YAP-ın ən önəmli və ən birinci məqsədi Azərbaycanı inkişaf etdirmək, onu gücləndirməkdir.  Partiya üzvlərinin hamısı bu məqsədin ətrafında sıx birləşərək ümumi işimizə  dəstək olmağa çalışır.

Baş tutan tədbirlər sırasında humanizm xarakteri daşıyan layihələr xüsusi yer tutur. Belə tədbirlər həm də milli-mənəvi dəyərlərimizə ehtiramı ifadə edir. İnsanpərvərlik, ehtiyacı olanlara qayğı və diqqət milli keyfiyyətlərimizdən irəli gəlir. Partiya bu xüsusiyyətlərə ictimai xarakter verərək özünün humanistlik və xoş məramını bir daha göstərir. YAP-ın bütün üzvləri, eyni zamanda Azərbaycan xalqının böyük əksəriyyəti dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasətini, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə köməyi ilə ölkəmizdə həyata keçirilən humanist tədbirləri dəstəkləyirlər. Çünki  ölkəmizdə reallaşan bütün layihələr insanlara bir çağırışdır ki, hər zaman qayğıkeş, mehriban və mərhəmətli olsunlar. Dövlət başçımız tərəfindən idarəetmədə bu cür yanaşmanın tətbiq olunması cəmiyyətimizdə milli-mənəvi keyfiyyətləri yüksəldir. YAP-ın əsas siyasi xətti də qüdrətli, müstəqil Azərbaycanı gücləndirməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, nəsildən-nəsilə ötürməkdən ibarətdir. 

Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəlmişdir. Bu illər ərzində hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Belə bir ağır zamanda xalqımız  ümid yeri axtarır, xilaskarın kim ola biləcəyini düşünürdü. Təbii ki, bu insan ancaq dünya səviyyəli siyasətçi və dövlət xadimi, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev idi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuat vasitəsilə ona müraciət ünvanladılar.

Partiyanın konfransı 21 noyabr 1992-ci ildə qədim diyarımız Naxçıvanda keçirildi və ulu öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanda güclü və sağlam dayaqlara söykənən bir partiyanın əsası qoyuldu. Partiya qısa müddətdə geniş şöhrət qazanaraq sağlam qüvvələri öz ətrafında birləşdirə bildi. 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi ilə YAP-ın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi və bundan sonra o, iqtidar partiyasına çevrilərək ölkədə dövlət quruculuğu prosesində yaxından iştirak etdi.

Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultaylarında vacib qərarlar qəbul edildi.  YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edildi və sədrin yeni təsis olunan birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçildi. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçdi. YAP bu gün də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.

Ulu öndərimizin ən böyük tarixi xidmətlərindən biri də odur ki, o, xalqa İlham Əliyev kimi praqmatik siyasi lider, müdrik rəhbər, sadiq davamçı bəxş etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili və xarici siyasət məhz ulu öndər Heydər Əliyev siyasətinin davamıdır. Hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətlər sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır. YAP Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. Bu baxımdan da əldə olunan bütün nailiyyətləri, həm də YAP-ın uğurları kimi qeyd etmək lazımdır. Beləliklə, son 21 il ərzində möhtəşəm iqtisadi-siyasi uğurlara imza atıldı.

Bu gün ölkəmizə səfər edən hər bir əcnəbi qonaq paytaxımızda gedən sürətli inkişafa heyran qalır. Hazırda YAP-ın hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafda oynadığı xüsusi roldan qürur hissi keçirir. Bu gün YAP ümumxalq partiyasına çevrilmişdir və onun üzvlərinin sayı 600 mini keçmişdir. Partiyanın gücü tək onun üzvlərinin sayında deyil, həm də xalqın bu partiyaya sevgisindən, inamından irəli gəlir. Belə bir partiyanın mövcudlugu isə ozü böyük uğurdur və gələcəyə inamdır. Bütün bunlarla yanaşı, YAP hazırda MDB məkanında ən böyük siyasi təşkilatlardan biridir. YAP-ın beynəlxalq əlaqələri çox genişdir, müxtəlif ölkələrin hakim partiyaları ilə mehriban münasibələri vardır. Bu da onu göstərir ki, partiyamız regionda və dünyada çox böyük siyasi nüfuza malikdir.

1995-ci ildə YAP-ın Qadınlar Şurası və Gənclər Birliyi təsis olundu. Bu gün partiyanın tərkibində qadınlar 49 faizlə təmsil olunurlar. Qadınlar Şurası daim yığıncaqlar keçirir və partiyada olan müxtəlif məsələri müzakirə edir. YAP  Gənclər Birliyi vasitəsilə Azərbaycan gəncləri ölkənin siyasi həyatında artıq öz sözlərini deyə biliblər və gənclər siyasətinin aparıcı qüvvəsidir. Fəxrlə deməliyik ki, Gənclər Birliyinin üzvlərinin fəallığı, ictimai aktivliyi günü-gündən artır. YAP Gənclər Birliyi digər ölkələrdəki gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir, ikitərəfli görüşlər, birgə layihələr həyata keçirir.

Uğurlu və gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan dünyanın ən gözəl, abad, inkişaf etmiş  ölkələrindən birinə çevrilib. Bunu təkcə paytaxt Bakıya yox, bütünlüklə şəhər və rayonlarımıza aid etmək olar. Yeni iş yerlərinin açılması, əhalinin problemlərinin vaxtında çözülməsi, insanların yaşayışının yaxşılaşması buna əyani sübutdur. Artıq Azərbaycan dünyada söz sahibi olan bir dövlətə çevrilib. Beynəlxalq konfranslarda dövlətimizlə hesablaşan güclər artıq reallığı qəbul etməyə başlayıblar.

Turistlərin Azərbaycana axını da ölkəmizin beynəlxalq aləmdəki imicindən xəbər verir. Gələn turistlərin rayonlarımıza olan marağı bizi sevindirməyə bilməz. Təbii ki, bu yüksəlişin, dinamik inkişafın novatoru Prezident İlham Əliyevdir. Biz də bu nailiyyətlərə görə məhz möhtərəm Prezidentimizə  minnətdarıq.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP üzvü Mehriban xanım Əliyeva Azərbaycan xalqını dünyada tanıtmaq üçün möhtəşəm işlər görür. O, nəinki ölkə daxilində nəhəng layihələrin həyata keçirilməsində ciddi uğurlara imza atır, hətta xarici ölkələrdə də Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini, ədəbiyyatını təbliğ edir. Dünyanın çox yerində Mehriban xanımın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun sayəsində Azərbaycan layiqincə tanınır. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.

Qətiyyətlə demək olar ki, bu gün YAP-ın  nüfuzu gündə-günə artır. Belə gözəl ölkədə yaşamaq və belə bir samballı və mötəbər partiyanın üzvü olmaq hər birimiz üçün şərəfli və qürurvericidir. YAP-ın ancaq bir məqsədi var: bu millətə, bu dövlətə xidmət etmək. Bu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Biz gənclər,  həmçinin bütün xalqımız Heydər Əliyev yolunun uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik və onu həmişə dəstəkləyəcəyik.

YAP xalqın partiyasıdır. Daim xalqa xidmət edir, onun milli maraqlarımızın keşiyində durur və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızı daha da işıqlı gələcəyə aparır.  Biz inanırıq ki, Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq, xalqımızın yaşayış səviyyəsi daha da yüksələcək, ölkəmizin beynəlxalq aləmdəki səsi daha gur eşidiləcək. Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn tələbləri çərçivəsində öz həllini tapacaqdır. Bütün bunları isə Azərbaycanda ən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası və onun rəhbəri, Prezident İlham Əliyev reallaşdıracaqdır.

Leyla NAMAZOVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında