Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi

 

Azərbaycan xalqı bütün tarixi boyu böyük sınaqlardan keçib. Tarixi Azərbaycan torpaqlarının şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonrakı dövr ərzində, eləcə də bütün iyirminci əsr boyu belə sınaqlar daha çox olub. Əsrin əvvəllərində, hələ erməni dövlətinin mövcud olmadığı zamanlarda ilk erməni-azərbaycanlı ziddiyyətləri yaradılıb, xalqımız günahsız qurbanlar verib. 1918-ci ildə Azərbaycanın əzəli torpağı olan İrəvanda qondarma erməni dövləti yaradılıb, bu ərazinin azərbaycanlı - türk əhalisinə qarşı genişmiqyaslı soyqırım və etnik təmizləmə siyasəti aparılıb, türksüz Ermənistan formalaşdırılmasına başlanılıb.

Ermənistanın böyük himayədarı Rusiya sonrakı illərdə də ermənilərlə birgə azərbaycanlılara qarşı milli diskriminasiya siyasəti aparıb. 1923-cü ildə yerli əhalinin iradəsinin ziddinə olaraq münbit torpağı və əlverişli təbii şəraiti olan Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Nəhayət, 1988-ci ildə özünün güclü himayədarlarına arxalanan Ermənistan yenidən Azərbaycandan torpaq qoparmaq iddiasına düşərək Dağlıq Qarabağda separatçı hərəkata başlayıb. Münaqişə genişlənərək müharibəyə çevrilib və Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələnib. Amma bu, Azərbaycanın hələ yenicə müstəqillik qazandığı, özünün silahlı qüvvələrinin olmadığı bir dövrə təsadüf edib. Kəmfürsət düşmənlər məhz bu vəziyyətdən isitifadə edərək Azərbaycan torpaqlarını işğal edə biliblər.

Ancaq tarix iyirminci əsrdə Azərbaycana iki dəfə müstəqil dövlət qurmaq imkanı da yaradıb. Doğrudur, birinci dəfə - 1918-ci ildə binası qoyulan müstəqil Azərbaycan uzun müddət yaşaya bilməyib, 23 aydan sonra Rusiyanın işğalına məruz qalıb. Xalqımızın 1991-ci ildə qazandığı ikinci müstəqillik şansı isə olduqca müqəddəs bir nemət kimi qorunmaqdadır. Həqiqətdir ki, bu müstəqillik çox çəkmədən - 1993-cü ildə bir tərəfdən erməni təcavüzü, digər tərəfdən isə xarici qüvvələr tərəfindən qızışdırılan daxili qarşıdurmalar nəticəsində az qala itirilmək təhlükəsi ilə üzləşmişdi. Amma xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkə böyük bir fəlakətdən xilas edildi.Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi. Bu, şübhəsiz ki, Heydər Əliyevin milli maraqların konturlarını dəqiq cızan uzaqgörən siyasəti, şəxsi cəsarəti və müdrikliyi sayəsində mümkün oldu.

Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini təhdid edən erməni təcavüzünü dayandırması, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilənin imzalanmasına nail olmasıdır. Məhz bundan sonra Prezident Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin qurulub möhkəmləndirilməsinə, iqtisadi tərəqqi yaradılmasına və sosial-mədəni problemlərin həllinə başladı. Uzaqgörən siyasətçi bu illərdə Azərbaycanın taleyüklü problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində milli birlik və həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş, bir-biri ilə lazımi əlaqələrə malik olmayan soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab etdi. Bu, həm də ona görə vacib idi ki, təxminən bir əsrlik təcrübəyə malik erməni diasporu bütün dünyada, əsasən də Qərb ölkələrində tarixi saxtalaşdıraraq sülhsevər Azərbaycan dövləti, eləcə də türk dünyası əleyhinə qarayaxma siyasəti aparırdı. Yenicə müstəqillik qazanmış, hələ daxili problemlərini belə yoluna qoymağa macal tapmamış Azərbaycan Respublikası ayrı-ayrı Avropa ölkələrində, ABŞ-da nüfuzdan salınır, erməni məkri hər şeyi özünün eybəcər rənginə boyayıb təqdim edirdi. Məhz bunun nəticəsi idi ki, 1992-ci ildə Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan ABŞ Konqresinin embarqosuna məruz qalmışdı. ABŞ Konqresi qəbul etdiyi “Azadlığa dəstək aktı”na 907-ci düzəliş əlavə edərək Azərbaycanı müstəqilliyin, azadlığın möhkəmləndirilməsi üçün ABŞ-ın maddi və mənəvi dəstəyindən məhrum etmişdi.

Ulu öndər Ermənistanın təcavüzünə, erməni diasporunun təxribatlarına layiqincə cavab vermək üçün Azərbaycan diasporunun yaradılması ideyasını irəli sürür və səfər etdiyi xarici ölkələrdə mütləq azərbaycanlılarla görüşür, milli himrəylik, milli birlik naminə birləşmənin labüdlüyünü təbliğ edirdi. Əslində milli birliyin yaradılması məsələsi Heydər Əliyevi daim düşündürürdü. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da imzaladığı fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik günü elan etmişdi. Sonradan xalqın tələbi ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə gələn Heydər Əliyev bu ideyanı daha geniş şəkildə həyata keçirməyə başladı.

Bu gün cəsarətlə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bu müqəddəs ideyanın gerçəkləşməsi naminə vaxtını və imkanlarını əsirgəməmiş, dünya azərbaycanlılarının ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün hər şeyi etmişdi. Sonralar ümummilli lider 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününun dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız, eyni zamanda, ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalı, Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməlidirlər. Azərbaycan hökuməti də Vətənimizin get-gedə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir. Bu vəzifələrin uğurla icrasını təmin etmək üçün ulu öndər ilk növbədə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında fərman verdi, 2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının birinci qurultayını keçirdi. Bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr endirilməyə başlandı.

Ümummilli liderin Azərbaycan diasporu ilə bağlı ideyalarının həyata keçirilməsi sonralar Prezident İlham Əliyevin də başlıca qayğılarından birinə çevrildi. Prezident ulu öndərin işini davam etdirərək ardıcıl və qətiyyətli addımlar atdı. 2006-cı ilin martında Dünya Azərbaycanlılarının ikinci qurultayı keçirildi. Bu tədbirdə Prezident İlham Əliyev Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və türk diasporlarının birləşərək amansız və məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmasını tövsiyə etdi. Məhz bu yeniləşən və zənginləşən diaspor siyasətinin nəticəsi idi ki, ikinci qurultayın dünya ictimaiyyətinə və dövlətlərinə müraciətində erməni təcavüzü və vəhşiliyinə layiqli qiymət verildi. Sənəddə deyilirdi: “1992-ci ilin fevralında azərbaycanlıların qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın insan xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özünü dünya xalşqlarına məzlum göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş mahiyyətini bir daha açıb göstərmişdir”.

Sonrakı mərhələdə Prezident İlham Əliyevin riyakar və saxta erməni siyasətinə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etmək siyasəti diaspor təşkilatlarımız tərəfindən də uğurla icra edilməyə başlandı. Bununla da 2003-cü ildən etibarən istər Azərbaycan diplomatiyası, istərsə də diaspor təşkilatlarımız ermənilərin yalançı təbliğatına bir-birinin ardınca ağır zərbələr endirməyə başladı. Bu sahədə dövlətmizin başçısı hələ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olarkən ciddi addımlar atmışdı. AŞPA-nın, demək olar ki, hər bir iclasında yeni bir erməni məkr və hiyləsinin üstü açılır, bu və ya digər erməni saxtakarlığına tutarlı cavab verilir, müvafiq qətnamə və qərar qəbul edilirdi. Sonradan erməni hiyləgərliyinin, Avropa xalqlarına yalan və böhtan dolu saxta tarix sırınması faktlarının ifşası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası və diasporunun bir nömrəli vəzifəsinə çevrildi. Bu uğurlu siyasət dünya ermənilərinin saxta “erməni soyqırımı” ilə bağlı iddialarının ayrı-ayrı ölkələrin, xüsusən də ABŞ-ın parlamentindən üzüqara şəkildə geri qayıtmasında da mühüm rol oynadı. Azərbaycan və türk diasporunun erməni uydurmalarına qarşı birgə mübarizəsi bu məsələdə də öz gücünü göstərmiş oldu. Birləşmiş diaspor təşkilatlarımızın ABŞ-da “erməni soyqırımı”nın müzakirəyə çıxarılmasına qarşı keçirdiyi birgə etiraz tədbirləri, şübhəsiz ki, təsirsiz ötüşmədi.

Ulu öndər öyrədirdi ki, gücümüz birliyimizdədir. Birliyimiz, həmrəyliyimiz ən kəsərli silahımızdır. Azərbaycan torpaqları üzərində özlərinə oyuncaq dövlət yaradıb tarixi ərazilərimizə qarşı yeni iddialar irəli sürənlərə cavabı da bu silahla verəcəyik. Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edib: “Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır... Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür.Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir.”

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında