Radikal müxalifət düşərgəsi daxili böhran və ciddi qarşıdurma üzündən ağır durumdadır

 

 

 

 

Daha çox ermənipərəstliyi ilə tanınan qoca kinodramaturq Rüstəm Məmməd İbrahimoviçin ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli Şura” və bu qondarma quruma  üzv olan radikal müxalifət partiyaları 9 oktyabr prezident seçkilərindən sonra ağır günlər yaşayırlar. İstər qurum daxilində, istərsə də müxalifət partiyalarında qarşıdurma, toqquşma halları, qarşılıqlı ittihamlar daha da artıb. Hər biri ictimaiyyətin “Milli Şura”nın keçirdiyi mitinqlərə biganə yanaşması və qondarma qurumun vahid namizədini dəstəkləməməsi məsələsində günahı digərinin üzərinə atır.  Açıq Cəmiyyət Partiyasının istefa verən lideri Rəsul Quliyevlə “Milli Şura” üzvləri arasında qarşılıqlı ittihamlar səngimək bilmir.

Rəsul Quliyev növbəti açıqlamasında bildirib ki, “Milli Şura”nın 20 ildir müxalifətçilik edən liderlərinin özlərinə bəraət qazandırmaq üçün göstərdiyi səbəblər başa düşülən deyil: “Bu, ən zərərli ideyadır. Bu ideya ilə istənilən məğlubiyyətə haqq qazandırmaq olar. Heç kim Yeltsin tankın üstünə çıxdığına görə qalib gəldi – deməz. Tarixin təkəri fırlanır. Fakt filankəs uddu, filankəs məğlub oldu söhbətindən gedir. Fəlakət ondadır ki, ideya müəllifi olan liderlər bu sözləri  bir neçə dəfə deyəndən sonra özünün heç bir günahı olmadığına inanır, yenidən qolunu çırmayıb 5 ildən sonra biz udacağıq — deməyə hazırlaşırlar. Bu artıq 20 ildir təkrar olunur. Bu tipli fikirlər xalq arasında çoxdan geniş yayılmış lətifələrə çevrilib.”  Bu məqamda, qondarma qurumdan ayrılan Rəsul Quliyevin sabiq tərəfdaşlarına açıq məktubunu da qeyd etmək yerinə düşər. O,  yazıb ki, “Milli Şura” qarşısına qoyduğu “tarixi” missiyasını nəinki yerinə yetirə bilmədi, əksinə, çox ağır məğlubiyyətə uğradı. 2010-cu ildən “İctimai Palata” adlanan qurum iki ildən artıq bir müddətdə nağıllarla camaatı aldatdı. İndi də həmin funksiyanı “Milli Şura” adı altında davam etdirmək istəyirlər: “İndi də ”Milli Şura” adından yenidən 5 il də özümüzün şəxsi və cılız ambisiyalarımıza görə xalqı aldatmamalıyıq”. Rəsul Quliyev bildirib ki, Müsavat və AXCP faktiki seçkilərin təşkili məsələsindən hamını uzaqlaşdırıb, bütün məsuliyyəti öz üzərlərinə götürüblər. Ona görə də bu gün məğlubiyyətə görə izahat verməlidirlər. Eyni zamanda, real plan və proqramı olmayan “Milli Şura” heç kimə lazım deyil, ilk növbədə, xalqa.

Maraqlıdır ki, radikal düşərgənin daxilində də əksəriyyət artıq bu cür düşünməyə başlayıb. Ona görə də müxalifət partiyasının liderlərinə qarşı daxili etirazlar gündən-günə artır, onlar siyasi qabiliyyətsizlikdə, səriştəsizlikdə ittiham olunurlar. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bunun təbii hal olduğunu bildirib. O, belə hesab edir ki, müxalifətin radikal qanadının 9 oktyabr prezident seçkilərində ağır məğlubiyyətə uğraması, seçicilərin mütləq əksəriyyətinin radikal düşərgəyə rəğbət bəsləməməsinin, onları rədd etməsinin nəticəsidir. Xalq bir daha  Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiyini açıq-aşkar ortaya qoydu: “Dünyanın hər yerində seçki prosesindən sonra seçkilərdə iştirak edən siyasi partiyalar onun nəticələrinə uyğun qərarlar qəbul edirlər. Yəni bu gün müxalifətin radikal qanadı faktiki olaraq iflasa uğrayıb. Belə olan halda, iflasa uğrayan müxalifətin başında duran şəxslər məntiqi olaraq istefa verməlidirlər”. Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərlərinin vəzifələrində qalmasının olduqca təəccübləndirici hal olduğunu deyən Mübariz Qurbanlı onu da bildirib ki, bu adamlar seçkidə “Milli Şura” deyilən qurumu yaradaraq Cəmil Həsənlinin simasında namizəd irəli sürməklə məğlubiyyətlərini rəsmiləşdirdilər: “Çünki hər kəs bilirdi ki, Cəmil Həsənli Əli Kərimli və İsa Qəmbərin ortaya atdığı namizəddir. Heç bir nəticə əldə edə bilməyən müxalifətin radikal qanadı iflasa uğradı. Ona görə də müxalifət partiyasından istefaları təbii proses kimi qiymətləndirirəm. İstefa verən insanlar partiya rəhbərlərinin özlərindən başqa heç nə düşünmədiklərini görərək bu addımı atmağa məcbur oldular. Nə qədər ki, bu partiyalar radikal çağırışları öndə tutacaqlar, onlar heç bir nailiyyət əldə edə bilməyəcəklər”.

Son vaxtlar bu düşərgənin ruporu olan qəzetlərdə də  “Milli Şura”nın dağılma mərhələsində olduğu, müxalifətin daxildə “inamsızlıq böhranı”  yaşadığı tez-tez qeyd olunur. Məsələn,  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, “Milli Şura” birləşdirici yox, ayırıcı bir formatdır: “Milli Şura”da konfliktlər, onu təsis edən partiyaların bir-birinə qarşı verdiyi bəyanat və ittihamlar heç düşmənlər arasında da olmur. “Milli Şura”nı təsis edən qurumların bir yarısı digər yarısına qarşıdır”. O qeyd edib ki, “Milli Şura”nın bir sessiyası olmadı ki, tam həmrəylik şəraitində keçsin. “Təlatümlər indi də davam edir. Bu baxımdan, “Milli Şura” layihəsi Azərbaycana, onun müxalifətinə problemdən başqa heç nə vermədi”. Düzgün nəticədir. Bu, onu göstərir ki, radikal düşərgənin daxilində də artıq reallıqları görməyə başlayıblar. Reallıq isə budur ki, “Milli Şura”  Azərbaycanda marağı olan, eyni zamanda ölkəmizə düşmən gözü ilə baxan xarici antimilli, antiazərbaycan dairələr tərəfindən ortaya atılmış təxribat xarakterli bir layihə idi.

Bunu anlamaq üçün  “Milli Şura”nın sədri Rüstəm Məmməd İbrahimoviçin  “Rosbalt” agentliyinə müsahibəsini xatırlamaq kifayətdir. İbrahimoviç həmin müsahibədə Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirmiş, ermənilərin ünvanına təriflər yağdırmış, yenə regionlardan paytaxt Bakıya gələn soydaşlarımızı aşağılayan ifadələr işlətmişdir. Özünü “xalqın xilaskarı”, “Azərbaycanın gələcəyi” adlandıran bir şəxsin bu kimi açıqlamalar verməsi bir daha “Milli Şura”nın hansı qüvvələrin əlində alətə çevrildiyini ortaya qoyurdu. Reneqat Eldar Namazov ABŞ Konqresində təşkil edilən brifinqdə, sonra isə İsa Qəmbər Brüsselə səfəri zamanı çıxışlarında Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağdan, torpaqlarımızın işğalı faktından, soydaşlarımızın doğma ev-eşiklərindən didərgin salınmalarından bir kəlmə də olsun danışmadılar, əksinə, ölkəmizin beynəlxalq imicinə xələl gətirəcək fikirlər səsləndirdilər. Bunların yolunu davam etdirən “Milli Şura”nın prezidentliyə ikinci vahid namizədi, dublyor Cəmil Həsənlinin “İndependent” qəzetində Dağlıq Qarabağın ərazi mənsubiyyəti ilə bağlı erməni ideoloqlarının tezisləri ilə üst-üstə düşən fikirlərinin yer alması milli xəyanətkarlığın növbəti nümunəsi idi. Bir daha aydın oldu ki, “Milli Şura” konturları xaricdəki antiazərbaycançı dairələrin mətbəxində cızılan antimilli bir layihədir və əsas məqsəd ölkə daxilində xaos, qarşıdurmalar yaratmaqla Azərbaycanda keçiriləcək prezident seçkilərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə xələl gətirmək idi.

Bu isə alınmadı. Alınmayacaq da. Çünki Azərbaycan xalqı da, beynəlxalq ictimaiyyət də artıq kimin kim olduğunu yaxşı bilir. Bu gün cəmiyyətimiz siyasi mübarizənin intelektual səviyyədə, məqbul metodlarla aparılmasını dəstəkləyir, hər bir halda milli mənafeyimizin ön planda tutulması prinsipini qəbul edir. Radikal müxalifət düşərgəsi isə hakimiyyətə gəlmək üçün hətta Azərbaycana düşmən kəsilən erməni lobbisi ilə də əlaqələr qurur, onların bütün sifarişlərini canla-başla yerinə yetirir. Ancaq yenə də uğur qazana bilmir. Əvəzində isə istənilən seçki prosesindən sonra müxalifətdaxili qarşıdurmalar güclənir, istefalar artır. Onların özləri də yaxşı anlayırlar ki, cılız təfəkkürlə, xəyanətkarlıqla, şəxsi mənafeyi milli mənafedən qat-qat üstün tutmaqla heç nəyə nail olmaq mümkün deyil. Müxalifətin köhnə təfəkkürlü funksionerlərə deyil, xalqın, millətin mənafeyini düşünən, ölkəsini sevən yeni rəhbərlərə ehtiyacı var.

Rauf  KƏNGƏRLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında