ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana qarşı tutduğu qərəzli mövqedən əl çəkməlidir

 

Demokratiyanın, insan hüquq və azadlıqlarının qorunması bəşəriyyətin gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir. Sürətlə qloballaşan dünyada gedən poseslər də bir daha göstərir ki, insanlığın gələcəyi ayrı-ayrı ölkələrdə demokratiyanın inkişafından, müasir dövrün tələblərinə cavab verən qanunların qəbulundan və onun tətbiqindən çox asılıdır. Bu, qlobal demokratik sistemin formalaşması və ümumbəşəri dəyərlərin, insan amilinin ön plana çıxması baxımından önəmlidir.  Azərbaycan Respublikası da müstəqillik əldə etdikdən sonra demokratik inkişafı özünün əsas meyarı hesab etmiş və bu yolda, hətta onilliklərlə demokratiya tarixi olan dövlətlərə nümunə göstərmişdir.

1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün məhz Azərbaycanda ləğv edilməsi ölkəmizdə humanizm prinsiplərinə yüksək dəyər verilməsini xarakterizə edən amillərdən biridir. Ancaq bu və digər belə mütərəqqi dəyişikliklərə baxmayaraq, bəzi xarici dairələr və qurumlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Təəssüf ki, həmin təşkilatlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində qəbul edilən qərarları, həyata keçirilən tədbirləri görməməzliyə vurur, qərəzli mövqe tuturlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının bu günlərdə yaydığı 1 nömrəli aralıq hesabatı ilə tanış olandan buna bir daha əmin oluruq.

Qarşıdan gələn 9 oktyabr prezident seçkiləri ilə bağlı Azərbaycan hakimiyyəti əsassız arqumentlərlə tənqid hədəfinə çevrilir, guya, ölkədə qeyri-demokratik seçki mühitinin hökm sürdüyü, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu iddia edilir. Təbii ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tamamilə qərəzli olan bu hesabata münasibətini açıqlayıb və əsaslı faktlarla sənədin müəlliflərinin qərəzli mövqeyini ortaya çıxarıb. Bu məsələyə bir az sonra qayıdacağıq. Əvvəlcə təkcə seçki prosesini deyil, ümumilikdə Azərbaycanın demokratik inkişafını şübhə altına alan digər məsələlərə münasibət bildirmək istərdik. Təbii ki, biz mətbuat işçilərinin diqqətini ilk növbədə, guya, ölkəmizdə media azadlığının boğulması ilə bağlı hesabatda yer alan qeyri-obyektiv ifadələr çəkdi. Əminliklə deyə bilərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası bu sənədi hazırlayarkən Ermənistanla Azərbaycanın yerini səhv salıb. Təcavüzkar dövlətdə təkcə medianın deyil, ümumilikdə ölkənin bərbad vəziyyətə salındığını hamımız bilirik. Burada təəccüblü heç nə yoxdur. Təəccüblüsü odur ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər  mediaya və burada çalışanlara diqqət və qayğı göstərilmədiyi halda, bu təşkilatın ekspertləri  haradansa ona verilən qeyri-obyektiv məlumatları əsas götürərək ölkəmizə ləkə atmağa cəhd göstərirlər.

Müstəqil Azərbaycanda mediaya böyük diqqət göstərilir. Hələ 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən  Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürülmüşdü. Həmin tarixi hadisədən 10 il sonra – 2008-ci ildə isə Kütləvi İnformasiya Vasitələrinin  İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və  müvafiq fond yaradıldı. Bununla da iqtidar-müxalifət ayrı-seçkiliyi qoyulmadan mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrildi. Yəni, Azərbaycan dövləti  mətbuatın  inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə  bu sahənin inkişafının əvəzsiz bir stimuluna çevrildi. Dövlət başçımız  2010-cu ilin iyulunda   Milli Mətbuat Günü Mətbuat Şurasının yeni binasının açılışına gəlməklə yanaşı,  həmkarlarımızın böyük  bir qrupunu da  mükafatlandırmışdı.  Həmin görüşdə jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə dərindən maraqlanan dövlət başçısı dərhal onlara mənzil tikilməsini nəzərdə tutan  sərəncam imzaladı. İki ay əvvəl biz həmin sərəncamın bəxş etdiyi sevincə şahidlik etdik. 156 həmkarımız illərdən bəri arzusunda olduğu  bir məsələnin həll olunmasının  - mənzil şəraitinin yaxşılaşdırılmasının sevincini yaşadı. Jurnalistlər üçün növbəti binanın tikintisinə dair qərarın qəbul olunması isə bu sevincə növbəti sevinc qatdı. 

Bu gün Azərbaycanda 4 min 500-dən çox qəzet rəsmi qeydiyyata alınıb,  bir dövlət televiziyası, bir ictimai televiziya və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir.  Bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəldikdə, Seçkiləri Müşahidə Missiyasının nəzərinə çatdırılmalıdır ki, belə bir qənaətə gəlinməsinə əsas verən faktları və ya buna şərait yarada biləcək qanunları Azərbaycan ictimaiyyətinə açıqlasın. 

Sevindirici haldır ki, bu gün Azərbaycanda sosial şəbəkələrdə insanlar bir-biri ilə rahat ünsiyyət qurur, istədikləri vaxt öz mövqelərini, düşüncələrini yüzlərlə insana çatdırmaqda heç bir problemlə qarşılaşmırlar. Bu barədə danışan Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, artıq respublika əhalisinin 70 faizə yaxını internet istifadəçisidir və bu rəqəm ilbəil artır: “Bu gün Azərbaycan hakimiyyəti vətəndaşlara informasiyanın sərbəst əldə olunması üçün bütün imkanları yaradıb, ölkədə internet azaddır.  Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir, onlarla internet-radiolar, eyni sayda internet-televiziyalar, yüzlərlə elektron qəzet və jurnallar mövcuddur, əhali arasında Facebook, Twitter, Instagram kimi sosial şəbəkələr olduqca populyardır. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda, siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının hesabatındakı guya, Azərbaycanda ifadə və sərbəst toplaşma azadlıqlarının məhdudlaşdırılması ilə bağlı qeyri-obyektiv, qərəzli fikirlərə gəlincə, qeyd etmək yerinə düşərdi ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq, mitinq keçirilməsi üçün Bakının müxtəlif ərazilərində əlverişli yer ayrılmışdır, hətta siyasi mənsubiyyətindən asılı olmayaraq, aksiya iştirakçılarının təhlükəsizliyi dövlət tərəfindən təmin olunur. Məgər bu vaxta qədər müxalifətin keçirmək istədiyi aksiyalara icazə verilməyib? Sadəcə olaraq, dağıdıcı müxalifət çox yaxşı bilir ki, artıq onların çağırışlarına məhəl qoyan yoxdur. Ona görə də icazəli mitinqlərdən imtina edərək əhalinin gur olduğu  yerlərdə “mitinq keçirmək” istəyirlər. Bu da məqsədli şəkildə edilir. Həm parklarda istirahət edən pensiyaçıları “öz adamları” kimi təqdim edəcək, həm də asayiş keşikçiləri ilə qarşıdurma yaranacaq. Bundan da öz məqsədləri üçün istifadə edəcəklər.

Bundan başqa, 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Əsas Qanunumuzun 54  maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapmışdır. Ölkə rəhbərimizin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Bu əhəmiyyətli sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Bunu da yada salaq ki, ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə hazırlanmış dövlət proqramları bu sahədə böyük uğurlar qazanmağımıza zəmanət verir.

ATƏT missiyasının hesabatında cinayət törətmiş, qanunlarımızı pozmuş bəzi şəxslərin həbs edilməsi ilə bağlı əsassız fikirlərin yer alması da təəccüb doğurur. Çünki ölkəmizdə hər kəs yaxşı bilir ki, Azərbaycan hüquqi dövlətdir və burada heç kəs ortada dəlil, fakt olmadan, qanun pozuntusu faktı olmadan həbs edilə bilməz. Əgər kimsə “Molotov kokteyli” ilə polisə hücum etməyi, aranı qarışdırmağı planlaşdırırsa və İsmayıllı hadisələrində olduğu kimi, insanları təxribatlar törətməyə çağırırsa, bunun üçün sistemli təbliğat aparırsa, o, kimliyindən asılı olmayaraq məsuliyyətə cədb edilməlidir. Bu, qanunlarımızın tələbidir. Dövlətimizin, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi naminə bu, vacibdir. Cinayət törədən, qanunları pozan şəxsin jurnalist, siyasi fəal olması nəticəni dəyişdirə bilməz. Hüquqi dövlətlərdə məhz belə olmalıdır. Azərbaycanda da hər şeyi qanunlar tənzimləyir. O qanunlar ki, beynəlxalq təşkilatların özləri həmin qanunların hazırlanmasında dəstəklərini əsirgəməmiş və onlara müsbət rəy vermişlər.

Gələk, seçki prosesi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının hesabatında yer alan əsassız fikirlərə. Mərkəzi Seçki Komissiyasının açıqlamasında da qeyd edildiyi kimi, bu məsələ ilə bağlı hesabatda toxunulan məsələlərin heç birində reallıq nəzərə alınmamışdır. Məsələn, təəccüblüdür ki, Azərbaycan Respublikası 9 oktyabr prezident seçkilərində qadın namizədin irəli sürülməməsi ilə bağlı əsassız olaraq tənqid edilir. Halbuki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilmişdir. Qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunmuşlar. Bu seçkilərdə də qadınların seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa ölkələrində indiyədək qadın dövlət başçısı olmayan kifayət qədər nümunə göstərmək olar.

2010-cu il parlament seçkilərindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlı bildirmək istərdik ki, 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilmişdir. Bu haqda məlumat MSK-nın sədri tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru cənab Janez Lenarçiçə cari il avqustun 12-də ünvanlanmışdır.

Seçki komissiyalarının təşkili ilə bağlı bildirilən irada gəlincə, qeyd etmək yerinə düşər  ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinə tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşdırılmışdır. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək üçün istifadə etmişlər. MSK-nın üzvləri qanunla tələb edilən kvorumun olmadığına görə qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları qəbul edə bilməmişlər və MSK iflic vəziyyətinə düşmüşdür. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun o vaxtkı direktoru Jerar Studmanın müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmək çağırışları ilə məktubların göndərilməsinə baxmayaraq, boykot davam etmiş və Konstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranmışdır. Seçki komissiyalarının təşkili formulası bundan sonra Milli Məclis tərəfindən təkmilləşdirilmişdir. Bu mövqe, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının əlaqələndiriciləri tərəfindən qanunvericiliyi və onun hazırkı implementasiyasını QHT-lərin seçki prosesini müşahidə etmək qabiliyyətinə mane olan hal kimi səciyyələndirilməsinə də aiddir.

Hesabatda təəccübə səbəb olan  anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf qurulmasına zərurətin olması təəssüratı yaradır. Hesab edirik ki, müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı.

Sonda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının da diqqətini çəkə biləcək bir açıqlamaya toxunmaq istərdik.  MSK  sədrinin müavini Natiq Məmmədov deyib ki, seçki prosesi başlanandan Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb. O əlavə edib ki,  prosesin rəvan getməsi, yaradılan şəraitin yüksək olması görünməkdədir: “Lakin indiyədək nə namizədliyin irəli sürülməsi və qeydə alınması, nə də təşviqat mərhələsində MSK-ya rəsmi şəkildə bu və ya digər pozuntunun olması ilə bağlı hər hansı bir şikayət daxil olmayıb”. Göründüyü kimi,  Azərbaycan vətəndaşları ölkəmizdəki seçki prosesindən narazı deyil. Bəs elə isə ATƏT missiyasının bu “narazı” hesabatının səbəbi nədir?  Hər halda bunu onların özləri və onlara yanlış məlumat verənlər daha yaxşı bilirlər. 

Rauf  KƏNGƏRLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında