Londona səfər edənlər anlamalıdırlar ki, seçkinin taleyini Azərbaycan seçicilərinin iradəsi müəyyənləşdirir

 

Elə buna görə də Londonda müxalifləri başa salıblar ki, “seçki hər bir ölkənin daxili işidir”

Azərbaycanda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində həyəcan və gərginlik daha da artır. Çünki çox yaxşı bilirlər ki, onların çağırışlarına, səslərinə səs verən yoxdur. Bunu keçirdikləri mitinqlərə toplaşanların sayı da təsdiqlədi. Hər dəfə müxtəlif adlarla insanların qarşısına çıxan radikal müxalifətin artıq bütün maskaları cırılıb. Builki prezident seçkiləri ərəfəsində “Milli Şura” adı ilə peyda olsalar da, əsl simalarını gizlədə bilmədilər.  Yenə antimilli əməllərlə məşğul oldular. Xalqdan dəstək ala bilməyən bu qurumun üzvləri indi də xarici ağalarına üz tutublar.

“Milli Şura”nın sədri və  prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviç dağıdıcı müxalifətin bütün ümidlərini puç elədi. Siyasətlə maraqlanmayan, bu sahədə heç bir təcrübəsi olmayan qoca kinorejissor son anda açıq şəkildə bəyan etdi ki, onun prezident seçkilərinə qatılmaq həvəsi yoxdur. O, sonradan dərk etdi ki, ətrafına toplaşanlar heç də onun qabiliyyətinə, olmayan siyasi dünyagörüşünə və ermənilərin yanındakı nüfuzuna aşiq olmayıblar. Rüstəm Məmməd İbrahimoviçə aydın oldu ki, onu vahid namizəd adı ilə ortalığa atanların əsas fikri heç də prezident seçkiləri yox, qoca kinorejissorun var-dövlətini talan etməkdir. Hətta Kinematoqrafçılar İttifaqının rəhbəri kimi təşkilatın mülkünü və büdcəsini talan edərək topladığı vəsait də əldən çıxdı. Üstəlik evini də qərargaha çevirmişdilər. Bir sözlə, “Milli Şura” yaranana qədər az qala beynəlxalq aləmdə tanındığı iddia edilən İctimai Palata da unuduldu. Bu qurumun üzvləri də birdən-birə dönüb oldular “Milli Şura”çı. Milçək şirəyə daraşan kimi Rüstəm Məmməd İbrahimoviçin var-dövlətinə daraşan radikal müxalifət bir də onda ayıldı ki, qoca kinorejissor başını götürüb xarici ölkələrə qaçıb. Hətta onun ən yaxın müttəfiqləri də bir müddət qurumun prezidentliyə vahid namizədini tapa bilmədilər. Sonda “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviç bəyan etdi ki, o, rəhbərlik etdiyi qurumun üzvlərini tanımır, onların kim tərəfindən təyin olunduğundan da xəbərsizdir və belələri ilə bir masa arxasında oturmaq da istəmir.

Bu xəbərdən sonra “Milli Şura”nın başbilənləri qazanc əldə etmək üçün  bir “nəzir qutusu”  təşkil edib bu qutuya hərənin bir manat atmasına görə yalvar-yaxar etdilər. Onların bu hiylələri də baş tutmadı. Çünki xalq artıq belələrinə yaxşı bələddir. Hamıya yaxşı məlumdur ki, bu “nəzir qutusuna” toplanan pullar axırda AXCP və Müsavat Partiyasının rəhbərləri arasında bölünəcək. Ona görə də heç kim bu yalan vədlərə inanmadı. Çünki əvvəllər də dəfələrlə belə fırıldaqların şahidi olmuşdular. AXCP və Müsavat Partiyasının üzvləri İctimai Palata adından dəfələrlə adamları aldadaraq “əgər mitinqə gəlsəniz sizə yaxşı pul veriləcək”— vədləri vermiş və ya gəncləri aldadaraq onları şəhərin mərkəzində qeyri-qanuni aksiyalar keçirməyə təhrik etmişdilər. Sonda isə heç kimə pul verməmişdilər. Bu da mitinq təşkilatçıları ilə iştirakçıları arasında dava-dalaşa səbəb olmuşdu. Bütün bunlardan əlləri üzülən dağıdıcı müxalifət başbilənləri son anda “nəzir qutusu” üsuluna əl atdılar. Bu da bir nəticə vermədi. Uzun yalvar-yaxardan sonra cəmi  509 manat pul toplaya bildilər. Təbii ki, bu məbləğ radikal müxalifəti qane edə bilməzdi. Çünki onlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan dairələrdən külli miqdarda çirkli pullar alırdılar. Ona görə də “nəzir qutusu”ndan ümidləri üzüldükdən sonra yenidən xarici himayədarlarının yanına getdilər. İndi “Milli Şura” rəhbərlərinin sorağı Londondan gəlir. Reneqat Eldar Namazovun deməsinə görə, Rüstəm Məmməd İbrahimoviç də onlara qoşulacaq. Ancaq hələ ki, onu tapa bilmirlər.

Əldə etdiyimiz məlumata görə, “Milli Şura”nın sədri Rüstəm Məmməd İbrahimoviç  qurumun prezidentliyə  vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib. Dünənə qədər verdiyi açıqlamalarda sentyabrın 12-də Londona səfər edəcəyini və orada C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərdə iştirak edəcəyini bildirən Rüstəm Məmməd İbrahimoviç  Londona getməyib. Səfərdən imtina etməsinin səbəbini soruşan həmfikirlərinə isə sərt şəkildə deyib: “Əl çəkin məndən. Mənim daha vacib işlərim var. Getməyəcəyəm, vəssalam!”

Xatirinizdədirsə, bir qədər əvvəl Rüstəm Məmməd İbrahimoviç müsahibələrinin birində demişdi ki, o, “Milli Şura” üzvləri ilə bir masa arxasında oturmaq istəmir. London səfərindən imtina etməsinin də əsas səbəbi  budur.

Londonda hansısa qeyri-hökumət təşkilatının üzvləri ilə görüşən siyasi riyakar Eldar Namazov bu görüşü az qala dövlət səviyyəli görüş kimi dəyərləndirmək istəyir. Ancaq hər şey göz qabağındadır. Onun yalanları isə ayaq tutsa da, yerimir. Görüşdə əsas məqsəd Azərbaycanın uğurlarına kölgə salmaq, seçkiyə  yüksək səviyyəli hazırlıq prosesini aşağılamaq, guya müxalifət nümayəndələrinə görüş keçirməyə imkan verilməməsi barədə məlumatlar yaymaqdır. Özünü savadlı və qabiliyyətli kimi təqdim edən reneqat Eldar Namazov hələ də bilmir ki, prezidentliyə namizədin təbliğat-təşviqat kampaniyası Seçki Məcəlləsi ilə müəyyənləşdirilir. Namizədliyi qeydə alınanların təbliğat-təşviqat kampaniyasına hələ start verilməyib. Onların seçicilərlə qapalı və açıq şəraitdə görüş keçirmələri üçün müvafiq yerlər müəyyənləşdirilib və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün namizədlər həmin yerlərdə görüş keçirə biləcəklər. Siyasi riyakar Eldar Namazov qanunvericilik aktları ilə yaxından tanış olsaydı, Londonda kimlərəsə yalvarıb-yaxarmağa ehtiyac qalmazdı. 

“Milli Şura” üzvləri bu  səfər zamanı  sıravi britaniyalılarla görüşüb onları inandırmağa çalışacaqlar ki, nəyimiz var, sizə qurbandır. Təki bizə “hə” deyin. Xatırlayırsınızsa, Rüstəm Məmməd İbrahimoviç ABŞ-a gedəndə Rəsul Quliyev istisna olmaqla kiminlə görüşdüyü barədə açıqlama verilmədi. Britaniya səfəri barədə də heç bir açıqlama verilməyəcək. Çünki onların  görüşəcəkləri adamlar kifayət qədər aşağı səviyyəlidirlər. “Milli Şura” üzvləri ilə görüşənlərin hər hansı əhəmiyyətli statusu olsaydı, İsa Qəmbər, Rəsul Quliyev, AXCP nümayəndələri  də gedərdilər. Müxalifət düşərgəsinin nümayəndəsinin deməsinə görə, əgər bu görüşdə 5-10 manat xeyir olsaydı, Əli Kərimli ilə İsa Qəmbər heç kimə imkan verməzdilər. Özləri getməsələr də, mütləq yaxın adamlarını göndərərdilər.

Artıq xarici ölkələrdə də bilirlər ki, “Milli Şura”nın üzvləri  xalq tərəfindən qəbul olunmayan xəyanətkarlardır. Ona görə də belələri  hər hansı bir ölkədə ciddi qəbul olunmurlar.  Belə səfərlərdə əsas məqsəd isə özlərini reklam etməkdir. Xalq arasında  nüfuzu olmayan, ictimai rəyə təsir edə bilməyən,  cəmiyyətdə  kifayət qədər tanınmayan adamlar, heç vaxt yüksək dairələr tərəfindən qəbul olunmurlar. Ona görə də xarici ölkələrdə də  tanınmış hər hansı siyasətçi  onlarla bir masa arxasında oturub nəyisə müzakirə etməkdən boyun qaçırır. Londonda ölkəmiz əleyhinə donosbazlıq edən “Milli Şura” üzvlərinə ABŞ-dakı  Ceymstaun Fondunun prezidenti Qlen Hovardın fikirlərini xatırlatmaq istərdik: “Hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi qüdrətini təşkil edir, bu regionda sərmayələrin 75 faizi Azərbaycana yatırılır. Azərbaycan regionda əsas iqtisadi gücə çevrilir və Asiya üçün bir qapıdır. Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın iqtisadi liderinə çevrilməyi bacarıb”.

“Milli Şura”ya  toplaşanların əməllərinin dövlətçiliyə, müstəqilliyimizə, ümumiyyətlə, xalqa xəyanət olduğu artıq digər partiyaların üzvləri tərəfindən də etiraf olunur. Məsələn, Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov deyib ki, “Milli Şura” üzvü Eldəniz Quliyevin siyasətdə olması  Azərbaycan siyasətinin acı durumunun işarəsidir. Görün Azərbaycan müxalifəti  hansı durumdadır ki, Eldəniz Quliyev ölçü vahidi olmağa səy göstərir. E.İsmayılov  “Milli Şura” üzvlərini xarici ölkələrin səfirliklərinə sığınmaqda, kimlərinsə oyuncağına çevrilib yalan məlumatlar, proqnozlar verməkdə ittiham edib. Partiya sədrinin müavini deyib ki, Eldəniz Quliyevin dəstəklədiyi Eldar Namazov, Rüstəm İbrahimbəyov bəlkə dərin iman sahibləridir, mücahiddirlər? Bəlkə Amerika, İsrail, İngiltərə səfirliklərinin qapılarına ayaq döyən onlar deyil, bizlər idik? Bəlkə uzun müddət müxalif qüvvələrlə kimlərinsə maraqları naminə məzələnən bizlər olmuşuq? Bu gün “Milli Şura” adlı qurum çox rəzil bir durumdadır.

“Milli Şura” üzvlərinin qarşıdan gələn prezident seçkilərində ümidlərini xarici ölkələrə bağlaması reneqat Eldar Namazovun “Azadlıq” qəzetinə verdiyi açıqlamada da özünü büruzə verir. O, sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarla  “Milli Şura” təmsilçilərinin  görüşündən razı qalqıqlarını bildirib.  Eldar Namazov deyib ki, qarşıdan gələn prezident seçkilərinin bütün mərhələləri müzakirə edildi. Guya çox açıq və səmərəli müzakirələr olub.

Bu adam hələ də dərk edə bilmir ki, Azərbaycanda seçkilərin nəticəsini seçicilərin iradəsi müəyyənləşdirir. Ona görə də prezident seçkilərini hər hansı bir ölkənin səfiri ilə müzakirə etmək və bundan qürur duymaq səviyyəsizlikdir. Bütün bunlar radikal müxalifətin iç üzünü açır, onların xəyanətkar olmalarını bir daha təsdiqləyir.

“Milli Şura” üzvlərinin ümidlərini xarici ölkələrə, bir çox hallarda isə düşmənlərimizə bağlamaları və çirkli pullar hesabına öz xalqına, millətinə xəyanət etmələri bir daha təsdiqləyir ki, dünyanın heç bir ölkəsində bu qədər  miskin, mənliyi, qüruru olmayan, millilikdən uzaq müxalifət yoxdur. Xarici ölkələrin səfiri qarşısında müntəzir dayanmalarını ört-basdır etmək əvəzinə, utanıb-qızarmadan bu barədə sevinə-sevinə açıqlama da verirlər. Görəsən bu dəfə nə vəd olunub ki, siyasi riyakar bu görüşdən belə məmnunluqla danışır? Bizim müxalifəti seçkilərdən çox pul maraqlandırır. Ancaq onlara “seçki hər bir ölkənin daxili işidir” cavabı da verilə bilər.

Artıq “Milli Şura” üzvləri də təmsil olunduqları qurumun namizədinin qələbə qazanmasına heç bir ümidi olmadığını bildirirlər. Bu təşkilatın təmsilçisi Zəfər Quliyev deyib ki, bizim bu seçkilərdə qələbə qazanmağımız qeyri-mümkündür. O, bunu beynəlxalq aləmdən kifayət qədər dəstək ala bilməmələri ilə əlaqələndirib. Onun sözlərinə görə, “Milli Şura”nın  xalq arasında da nüfuzu yoxdur. Bu,  imzatoplama kampaniyası zamanı da özünü göstərib. “Milli Şura”nın  namizədinə imza toplayanlar müraciət etdikləri şəxslərdən “nahaq əziyyət çəkirsiniz. Xalq öz seçimini artıq edib. Əbəs yerə qapı-qapı düşməyin” cavabını alıblar.

 

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında