Zəminə Dünyamalıyeva: Bu gün bu müxalifətin hərəkətləri, nadürüstlükləri, nankorluqları, özlərindən başqa heç kimi görməmələri insanları diksindirib

 

 

 

Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması və dünya birliyinə inteqrasiyası bu gün beynəlxalq  aləmin diqqət mərkəzindədir. Son on ilin inkişafına nəzər yetirdikdə Azərbaycanın  dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 40 ölkəsi sırasında olması qürur  hissi doğurur.

Son 10 ildə ölkədə ÜDM 3,4 dəfə artmış, 1 milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 46,7 faizdən 6 faizə enmişdir. Bütün bunlar  əhalinin rifahının yüksəlməsindən, iqtisadiyyatın dinamik inkişafından xəbər verir. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən mühüm dövlətdir.

Bu günlərdə dövlət başçısının imzaladığı sərəncamlarla dövlət müəssisələrində  çalışan bir sıra işçilərin əmək haqları artırılmış, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi sitiqamətində növbəti addımlar atılmışdır. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı əhalinin sosial müdafiəsini gücləndirmək və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi davamıdır.

Hazırda Azərbaycanın xarici əlaqələri genişlənir, mövqeləri getdikcə möhkəmlənir və Avropanın əhəmiyyətli ölkələrindən birinə çevrilir. Ukraynanın  “Obozrevatel”  onlayn resursu da bu məsələyə diqqət yetirərək ölkəmizin inkişafını, beynəlxalq aləmdəki əlaqələrini əks etdirən məqalə dərc etmişdir. Həmin məqalədə deyilir ki, Azərbaycan Avropa İttifaqı, ABŞ, Yaxın Şərq və MDB ölkələri ilə uğurlu əməkdaşlıq edir. Rusiya Prezidenti Vladimir Putinin Bakıya sonuncu səfəri göstərdi ki, Azərbaycan ən müxtəlif tərəfdaşlarla dil tapmağı və bərabərhüquqlu dialoq aparmağı bacarır.

Azərbaycan iqtisadiyyatı müştərək layihələr sayəsində inkişafın yeni səviyyəsinə nail olmuşdur. Bu gün enerji resursları ilə bağlı olmayan yüksək texnologiya və elm tutumlu istiqamətlərin inkişafına xüsusi diqqət yetirilir. Bütün bunlar ölkənin xarici siyasi mövqelərini gücləndirmişdir. Azərbaycan Bolqarıstanda, Albaniyada və digər Balkan ölkələrində, habelə Avstriya, Almaniya və İtaliya kimi Avropa ölkələrində ciddi tərəfdar  kimi  tanınır. ABŞ Yaxın Şərqdə ən sabit dövlət kimi Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu dönə-dönə nümayiş etdirir. ABŞ Azərbaycanı, sadəcə olaraq, Avropa üçün enerji donoru kimi deyil, Yaxın Şərqdə sülhün açarı olan müttəfiq kimi qəbul edir.

Azərbaycan Yaxın Şərqdəki münaqişələrin çoxunda ədalətli münsif  kimi çıxış edir. Son iyirmi ildə ölkəmiz beynəlxalq arenada nüfuzlu siyasi oyunçuya çevrilə bilmişdir. Dövlətimizin ardıcıl olaraq siyasəti xətti bir tərəfdən “çoxvektorlu siyasət”, digər tərəfdən güclü tərəfdaşlarla “bərabərhüquqlu münasibətlər siyasəti” adlandırmaq olar.

Göründüyü kimi, xarici kütləvi informasiya vasitələri də Azərbaycanın sürətli inkişafını, beynəlxalq aləmə inteqrasiyasını çox yüksək dəyərləndirir. Dünyanın super dövləti olan ABŞ-ın ölkəmizlə əməkdaşlığına böyük önəm verməsini hər bir azərbaycanlı qürur hissi ilə qarşılamalıdır.

Hazırda ölkəmiz mühüm əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir. Təbii ki, bu ilin payızında keçiriləcək prezident seçkilərini nəzərdə tuturuq. Bu seçkiləri də şəffaf, azad, ədalətli və demokratik şəraitdə başa vurmaqla respublikamz özünün müstəqillik tarixinə daha bir parlaq səhifə yazacaq. Hazırda prezdent seçkilərinin keçirilməsinə çox ciddi hazırlıq işləri görülür. Bunu respublikamıza səfərə gələn və seçkilərə hazırlıq prosesi ilə yaxından tanış olan xarici diplomatlar da təsdiqləyirlər. MDB Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin prezident seçkilərinə hazırlıqla əlaqədar səsləndirdiyi fikirlər də bunu təsdiqləyir.

Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə  məlumat verərkən, respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını deyib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Leonid Slutski hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını vurğulayıb. O, başçılıq etdiyi missiyanın yerli və digər beynəlxalq təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməsinin önəmini qeyd edib. L.Slutski Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Təssüf edirik ki, bu uğurlarımızı gözü götürməyən, hər addımbaşı ermənipərəst və ikili stahdartlar nümayiş etdirən bəzi beynəlxalaq təşkilatlara yalan informasiyalar ötürən antimilli dairələr hər vasitə ilə respublikamızın  getdikcə artan reytinqinə xələl gətirmək istəyirlər. Hər seçkidə müxtəlif adlarla özlərini ortalığa atan belə xəyanətkarlar son anda yenə də rüsvay olur, qazandıqları isə xarici düşmənlərimizdən aldıqları çirkli pullardır.  Builki prezident seçkilərində isə “Milli Şura” adı ilə peyda olublar. Ancaq bu dəfə daha tez fiaskoya uğradılar. Çünki budəfəki qondarma quruma  toplaşanlar da həmişəki xəyanətkarlardır. Onların iç üzləri indi hamıya, hətta, özlərinə də bəllidir. Layiq olduqları qiyməti isə eyni qurumdakı həmfikirləri verir. Artıq “Milli Şura”nın üzvləri bu qurumun  təbliğat kampinayasında iştirak etməyəcəklərini bəyan edirlər. Bunu qurumun İctimai Palatadan heç bir fərqi olmaması ilə izah edirlər.  İctimai Palatanın  Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal  bildirib ki, İctimai Palata Cəmil Həsənlinin təbliğat kampaniyasında iştirak etməyəcək. Onun deməsinə görə, bu gün İctimai Palata ilə “Milli Şura” nın heç bir fərqi yoxdur. Çünki İctimai Palatanın əksər üzvləri “Milli Şura”nın tərkibindədir. Ona görə də İctimai Palatanın fəaliyyəti xeyli səngiyib. V.Mirkamal  deyib: “Koordinasiya Şurasının 17 üzvündən 14-ü “Milli Şura”da təmsil olunur. Bu baxımdan İctimai Palata ayrıca bir qurum kimi təbliğat-təşviqat kampaniyasında iştirak edə bilməz. Əslində, İctimai Palatanın quru adı qalıb”.

 

“Milli Şura” üzvlərinin xəyanətkar əməllərdən əl çəkməmələri, ölkəmiz haqqında donosbazlıq etmələri, seçki ərəfəsində ölkədə qarışıqlıq salmağa cəhd etmələri, həmçinin  müxalifət düşərgəsində qarşıdurma yaratmaları öz həmfikirləri tərəfindən də ciddi narazılıqla  qarşılanıb. “Bu gün bu müxalifətin hərəkətləri, etdikləri nadürüstlüklər, nankorluqlar, özlərindən başqa heç kimi görməmələri insanları diksindirib”. Bu fikirləri Açıq Cəmiyyət Partiyasının  (ACP) funksioneri səsləndirib. O, “Milli Şura”nın bugünkü durumuna münasibət bildirərkən deyib ki, hazırkı müxalifət 20 ildir ki, heç nəyə nail ola bilmir. Bu insanlar düşünmürlər ki, bu millət onlardan bezib. Onları nə görmək, nə eşitmək istəyirlər, onları bu cəmiyyətdən silib atmaq istəyirlər. 

Z.Dünyamalıyeva isə bildirib ki, “Milli Şura”nı indi İsa Qəmbər idarə edir, amma “Milli Şura”nın formalaşmasına elə İsa Qəmbər birinci mane olanlardan idi. “Milli Şura”nı İsa Qəmbərlər dolaşığa salıb. ACP-çi xanım “Milli Şura” rəhbərlərinə xitabən deyib ki, adını demokratik qüvvə qoymuş belələri nə qədər yazıq və miskindirlər.İnsan nə qədər burnunun ucundan o tərəfi görməz, nə qədər cılız olar, nə qədər həzm qabiliyyəti kiçik olar ki, özündən üstün kimisə  görəndə bu qədər təşvişə düşsün. “Milli Şura” rəhbərləri özlərinin o kiçik beyinləri ilə nəyəsə  kölgə salmağı düşünürlərsə,  hər şeyi şəxsi maraqlarına qurban verirlərsə, yazıq onların halına. Hələ sual altındadır ki, həqiqətən, bunlar müxalifətdir, ya yox?

Z.Dünyamalıyeva açıqlamasında həmçinin bildirib ki,  o da “Milli Şura”nı tərk edib: “Mən avqustun 23-də etirazımla “Milli Şura”ya yox dedim. Yəni, artıq “Milli Şura”da iştirak etmirəm. Fikrimi deyib, “Mili Şura”dan çıxmışam”.

Artıq ACP lideri Rəsul Quliyev də “Milli Şura”nın məğlubiyyətini indidən yəqinləşdirib. O, “Milli Şura”da təmsil olunmasına baxmayaraq, müxalifətin birliyinə qarşı açıq mövqe nümayiş etdirib. R.Quliyev  bildirib ki, “Milli Şura” üzvləri seçkilərdə müxalifətin qalib gələcəyini bildirməklə xalqı ələ salırlar. O, öz açıqlamasında deyib: “Bu gün “Milli Şura”nın məqsədinin prezident seçkilərini udmaq olduğunu iddia edənlər növbəti dəfə xalqı ələ salırlar. Bu seçkilərdə “Milli Şura” üzvlərindən bəzilərinin məqsədi seçkiləri udmaq yox, özlərinin heç kimə lazım olmayan siyasi ömürlərini uzatmaqdır”.

Eks-spiker həmçinin qondarma  “Milli Şura”nın bəzi üzvlərini dağıdıcılıqda ittiham edib: “Milli Şura” üzvlərinin konkret iş görmək əvəzinə dağıdıcı fəaliyyətini davam etdirəcəklərinə şübhə ola bilməzdi. Başqa sözlə, Azərbaycanın tarixində işləmək şansına malik olmayan, anadan ölü doğulmuş uşaq meydana gəldi. “Milli Şura”nı “taleyüklü təşkilat” adlandırmaqlarına baxmayaraq, onun iclaslarında heç bir stenoqrama aparmamaq, əvvəldən axıra qədər bütün prosesin videosunu yazmamaq bu qurumun  hansı tarixi rolundan danışmağa əsas verir? Əgər bunlar olsaydı, bu gün xalq o yazılara baxıb “Milli Şura”nın işləmək üçün yox, dağılmaq üçün yaradıldığını aydın görə bilərdi”.

 Dağıdıcı müxalifətin ünvanına səsləndirililən  ittihamlar səngimək bilmir. “Azadlıq” Partiyasının sədri Əhməd Oruc da öz açıqlamalarında  İsa Qəmbərin  5-10 manat pul vəd edən istənilən buqələmunu dəstəklədiyini bildirirb. Onun deməsinə görə, kim İsa Qəmbərə pul versə, həmin adam müxalifətin vahid namizədi elan olunacaq. O, həm də AXCP sədri Əli Kərimlini və Müsavat Partiyasının başqanını yalançlıqda, adamları aldatmaqda suçlayıb, aldıqları qrantlar hesabına uşaqlarını xarici ölkələrin ən bahalı  təhsil müəssisələrində yerləşdirdiklərini deyib. Ə.Oruc həmin partiya sədrlərinə işarə edərək deyib: “Mən adamları heç vaxt aldatmamışam. Öz övladını xaricdə oxudub, xalqın övladlarının aldadılaraq institutdan qovulması, həyatlarının məhv edilməsi, ailələrinin dağılması ilə nəticələnən işlərə təhrik edənlərdən olmamışam”.

Artıq İsa Qəmbər ona pul vəd edən buqələmunu - Rüstəm  Məmməd İbrahimoviçi də  dəstəkləmir. Çünki qoca kinorejissor  “Milli Şura”da oyundankənar vəziyyətdə qaldığına görə bu quruma pul vermək niyyətindən vaz keçib. Müsavat başqanı  ümidini “Milli Şura”nın bir qrup nümayəndəsinin Londona edəcəyi səfərə bağlayıb. Bu səfərdə əsas məqsəd Londonda fəaliyyət göstərən donor təşkilatlardan “Milli Şura” üçün pul dilənməkdir. Baxmayaraq ki, İ.Qəmbər ictimaiyyətə səfərin əsas məqsədi barədə yanlış məlumat verir. Ümumiyyətlə, müxalifət düşərgəsi İ.Qəmbərin fitnəkar əməllərindən, hiyləgərliyindən və ara qarışdırmasından hələ çox əziyyət çəkəcək.

Dağıdıcı müxalifətin bütün antimilli  hərəkətlərinə, ara qarışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın dediklərini də radikal müxalifət nümayəndələrinin diqqətinə çatdırmaqla onların bütün cəhdlərinin iflasa uğrayacağını bir daha xatırladırıq.

Amerikalı diplomat deyib: “Avropa ilə Asiyanın qovuşuğunda önəmli geostrateji mövqeyə malik olan Azərbaycan uğurlu  balanslaşdırılmış xarici siyasət yürüdür. Heydər Əliyev o vaxt bir çox ölkə rəhbərlərindən fərqli  olaraq dünyanın dəyişdiyini yaxşı başa düşürdü və siyasətini də məhz buna görə qururdu. Təqdirəlayiq haldır ki, bu gün həmin siyasət uğurla davam etdirilir. İqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə xüsusi önəm verən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan artıq Avropanın bir hissəsinə çevrilmişdir və təkcə bu qitə üçün deyil, bütün dünya üçün xüsusi önəmə malik bir dövlətdir”.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında