Demokratik idarəçilik tendensiyası Azərbaycana beynəlxalq aləmdə yeni nüfuz qazandırır

 

 

Son illərdə keçirilən azad, ədalətli və  şəffaf  seçkilər bunun təsdiqi kimi qiymətləndirilir

Azərbaycan Respublikası 1993-cü ilin yayından sonra demokratiyanı özünün əsas siyasi xətti elan edib. Ona görə də həmin ildən günümüzədək atılan bütün addımlar demokratiyanın inkişafına və demokratik təsisatların daha da möhkəmləndirilməsinə yönəlib.

Şübhəsiz, bu sistemin əsas meyarlarından biri də azad, şəffaf və ədalətli seçkilərin keçirilməsidir. Çünki seçkilərin qanunvericiliyə uyğun keçirilməsi, şəffaflığı, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etməsi demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur.

Ötən illərdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilmişdir. Hələ 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Seçki Məcəlləsinin qəbulu ölkəmizdə möhkəm və səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxardı. O zaman Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfindən müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş, bu sənədin azad və ədalətli seçkilərin keçirilməsindən ötrü mükəmməl hüquqi baza olduğu bildirilmişdi.  Bununla belə, Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirilir.

Seçki Məcəlləsi qəbul ediləndən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olunmasına yönəlib. Məcəllə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlıqda hazırlanmış və həmin dövrdəki hesabatlarda da bu sənədin əsasında demokratik seçkilərin keçirilməsinin mümkünlüyü xüsusi qeyd olunmuşdur. Bu mənada, 2009-cu ilin martında məcəlləyə əlavə və dəyişikliklərlə bağlı ölkəmizdə keçirilmiş referendumda seçicilərin fəallıq nümayiş etdirməsi və irəli sürülən təkliflərin səs çoxluğu ilə  qəbul edilməsi demokratiyanın təntənəsi idi.

Reallıqları düzgün qiymətləndirməyən və məsələlərə daim ikili standartlardan yanaşan bəzi beynəlxalq təşkilatlar isə demokratiya yolunda qətiyyətlə irəliləyən ölkəmizin əldə etdiyi nailiyyətləri görməzliyə vurur, uğurlarımıza qısqanclıqla yanaşırlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamların yer alması da bunu bir daha təsdiq edir. Hesabatda ölkəmiz qeyri-müvafiq olaraq, avtoritar rejim kimi təqdim edilərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətlər təkzib edilmişdir.

Birmənalı şəkildə deyə bilərik ki, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa qətiyyən uyğun gəlmir. Çünki Azərbaycan hakimiyəti ölkədə daim demokratik inkişaf proseslərini diqqətdə saxlamaqla yanaşı demokratiyanın əsas şərtlərindən biri və birincisi olan azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün siyasi iradə də nümayiş etdirir. Halbuki, demokratiya yolunu seçdiyini iddia edən bəzi ölkələr bunu müəyyən məqsədlər naminə, məsələn, beynəlxalq ictimaiyyətin təzyiqlərindən yaxa qurtarmaq üçün edirlər. Reallıqda isə demokratikləşmə istiqamətində irəliyə doğru heç bir addım atmır, müəyyən qanunlar qəbul etsələr də, onu həyata keçirmirlər. Bəs bu məsələdə ölkəmizdə vəziyyət necədir?

Bəri başdan deyək ki, Azərbaycan rəhbərliyi əvvəldən dəfələrlə bəyan edib ki, mükəmməl demokratik cəmiyyətin qurulması təkamül yolu ilə mümkündür. Çünki təkamülün olmadığı cəmiyyətlərdə bəzi şüursuz insanlar demokratiyanı özbaşınalıq, hərc-mərclik kimi qəbul edirlər. Buna görə də köhnə təfəkkürdən xilas olmadan və cəmiyyətdə demokratik ənənələr formalaşmadan istənilən səviyyəyə çatmaq çətindir. Ötən dövr ərzində, həqiqətən, hər sahədə böyük inkişaf yolu keçmişik. Azərbaycan dövləti ilə yanaşı, cəmiyyəti də inkişafın daha yüksək mərhələsinə qədəm qoyub. Bu gün insanlar hər şeyin qanun çərçivəsində olmasına xüsusi diqqət yetirir, siyasi mübarizənin intellektual səviyyədə aparılmasına üstünlük verirlər.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun məlum hesabatına cavab olaraq hazırladığı və sentyabrın 9-da qurumun saytında yerləşdirilən “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli təhlili yazıda da  ölkəmizdəki demokratik inkişaf prosesləri və respublikamızdakı bütün seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlı iqtidarın atdığı qətiyyətli addımlar öz əksini tapmışdır. Materialda deyilir ki, aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə bəyan etmişdir. Bu müstəvidə ölkə hüquqi çərçivəsini təkmilləşdirmiş və beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulamışdır.

Bundan əlavə, hakimiyyət qurumları şəffaflığı təmin etmək məqsədi ilə mühüm səylər göstərmişdir. Məsələn, internet vasitəsilə müşahidə ediləcək səsvermə məntəqələrinin sayı 10 faizdən 20 faizə çatdırılacaqdır. Məntəqələrdə quraşdırılacaq veb-kameraların sayı da artırılacaqdır. Əvvəlki seçkilər zamanı məntəqələrdə 500 kamera quraşdırılmışdısa, 2013-cü il prezident seçkilərində 1000-ə yaxın kameranın quraşdırılacağı bildirilir. Bütövlükdə, seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir.

Bu müsbət irəliləyişlər elə bir ölkədə əldə edilir ki, bu ölkənin 20 faiz torpağı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan çox  qaçqın və məcburi köçkün öz yurd-yuvasından didərgin salınıb.

Maraqlı burasıdır ki, demokratiyanın beşiyi hesab edilən ABŞ da bu reallıqları hətta yüksək səviyyədə dilə gətirdiyi və böyük sülhün əldə edilməsinin əhəmiyyətini vurğuladığı halda, bəzi beynəlxalq təşkilatlar yenə də bunu nəzərə almırlar. Hətta Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın azərbaycanlı həmkarına ünvanladığı məktubunda da regiondakı hərtərəfli inkişaf naminə sülhün vacib amil olduğu vurğulanmışdır.  Cənab Obama yazır: “Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”.  Əgər böyük sülh razılaşması əldə olunarsa, təbbi ki, bu, həm də ölkələrin demokratik yüksəlişini  sürətləndirəcəkdir. Bu gün isə işğal faktını nəzərə alaraq, demokratiya və insan hüquqlarının təşviqinə həsr edilmiş beynəlxalq təşkilatın yalnız 20 ildə əldə edilən irəliləyişləri daha məmnuniyyətlə qarşılaması gözlənilən olardı.

Sevindirici haldır ki, bu gün bir sıra beynəlxalq müşahidəçilər  Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirirlər. Həmin obyektiv rəylərə, müsbət təriflərə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətləri təkzib etməsi ölkə ictimaiyyəti tərəfindən də etirazla qarşılanıb.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli təhlili yazısında ölkəmizdə gedən demokratikləşmə prosesləri və seçkilərin dünya standartlarına uyğun keçirilməsi ilə bağlı deyilən bütün məqamlar Azərbaycan cəmiyyətinin ümumi fikrinə uyğundur. Faktlara nəzər salanda reallıq bir daha ortaya çıxır.

Məlumdur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli liderin prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu. Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə 5 prezident, 4 parlament və 3 bələdiyyə seçkisi keçirilib. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlib. Bütün bunların kökündə isə Azərbaycan hakimiyyətinin ölkədə demokraktiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır.

Respublikamızın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzində olub. Azərbaycan hakimiyyətinin seçkilərdə aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Təsadüfi deyil ki, regionda və dünyada ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in hesabatlarında da ölkəmizdəki demokratik inkişaf öz əksini tapmışdır. Məsələn,  2008-ci ildə keçirilən prezident seçkilərinə dair ATƏT-in hesabatında deyilir ki,  Azərbaycanda ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara riayət edilməsində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır.

Reallıq da ondan xəbər verir ki, Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib-seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir. Seçkilərdə tətbiq olunan bir sıra yeniliklər – müxtəlif təşkilatlar tərəfindən “exit-poll”un keçirilməsi, səsvermə məntəqələrində veb-kameraların quraşdırılması, barmaqların mürəkkəblə işarələnməsi təsdiq edir ki, Azərbaycan Respublikası seçkilərin şəffaflığının təmin olunması üçün istənilən mütərəqqi və ən yeni üsulları tətbiq etməyə hazırdır.

Beynəlxalq təşkilatlar xüsusən seçkilər öncəsi seçki ilə bağlı müxtəlif məsələlərə dair fikirlər səsləndirir, təkliflərini verirlər. O tövsiyələr ki, həqiqi mənada Azərbaycanda seçki praktikasının yaxşılaşdırılmasına, həm qanunverici, həm digər hakimiyyət qollarının formalaşmasına yardım edir, eləcə də Azərbaycanın imicinə müsbət təsir göstərir, ölkəmiz məmnuniyyətlə onları qəbul edir. O təkliflər ki, seçkilərin taleyini ayrı-ayrı insanların, təşkilatların iradəsindən asılı vəziyyətə salır və bəzən seçkilərin pozulmasına şərait yaradır, təbii ki, bu təkliflər qəbuledilməzdir. Çünki biz müstəqil dövlətik, nəyi necə etdiyimizi də özümüz müəyyən edirik, eyni zamanda, transmilli dünyanın bir hissəsi kimi dünya təşkilatlarının rəylərinə də diqqətlə yanaşırıq.

Bəli, Azərbaycan demokratik inkişaf yolunu seçən və bu yolda inamla irəliləyən bir dövlətdir. Biz sivil dünyanın mütərəqqi, cəmiyyətin yüksəlişinə xidmət edən, demokratik prinsiplərə söykənən inkişaf modellərini rəhbər tuturuq. Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də Vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Bu gün Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Eyni zamanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi üçün hər bir şərait mövcuddur. Bütün bunlar qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə təşkil olunacağını və keçiriləcəyini qətiyyətlə söyləməyə tam əsas verir.

Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev qeyd etdi ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi kimi yadda qalacaq:

– Azərbaycanda prezidentliyə namizədlərin qeydə alınması prosesi çox yüksək səviyyədə həyata keçirilir. Onlar üçün bu günə qədər heç bir maneçilik törədilməyib. Eyni zamanda, REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun belə namizədliyinin qeydə alınması və bu tip məsələlərin olması bir daha onu göstərir ki, Azərbaycan iqtidarı prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsində daha maraqlıdır.

Hesab edirəm ki, Azərbaycana qarşı belə qərəzli basqıların arxasında həmin qurumların şəxsi maraqları durur. Lakin unutmaq lazım deyil ki, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Digər tərəfdən, isə ölkəmizin hazırki rəhbəri də 1992-ci ildə hakimiyyətdə olan rəhbərlərdən deyil. Dövlət başçımızın dünya siyasətindən çox gözəl anlayışı var. Buna görə Avropanın bəzi qurumları və yaxud da bir sıra dövlətlərin kəşfiyyat orqanlarının əlaltıları olan təşkilatların bu kimi addımlar atması olduqca mənasızdır. Həmin təşkilatlar Azərbaycanın nə qədər demokratik, dünyəvi və sülhsevər dövlət olduğunu anlasalar, daha yaxşı olar.

Təhlil xarakterli yazıda yer alan “Məntiqli və siyasi etika Qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumların Azərbaycan Respublikasını seçdiyi yolda (sosial tərəqqi və parlament demokratiyası) dəstəkləməsinə səbəb olacaq” fikirlərinə də aydınlıq gətirən politoloqun fikrincə, Azərbaycan əvvəldən demokratiya yolunu seçib: “Azərbaycan Avropaya inteqrasiya etməyi, eləcə də Atlantik hövzəsindəki ölkələrlə sıx əlaqələr saxlamağı, həmçinin regionda aparıcı dövlət olmağı qarşısına məqsəd qoyub. Qərb dövlətləri istəsələr də, istəməsələr də ulu öndər Heydər Əliyevin siyasəti davam etdiriləcək və bundan sonra da belə olacaq. Azərbaycanın inkişaf modeli artıq Avropada qəbul olunub. Qərb ölkələri də bu modeli digər dövlətlərə nümunə kimi göstərir. Bir sözlə, Qərb başa düşməlidir ki, bura Şərqdir və hər addımda ehtiyatlı olmalıdır”.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında