“Milli Şura”nın sədri də bu qurumdakı eybəcərliklərdən bezib

 

Rüstəm Məmməd İbrahimoviçin son müsahibələri belə deməyə əsas verir

Müxalifət düşərgəsində, xüsusən,  “Milli Şura” daxilində gedən  əcaib-qəraib proseslər həm ölkə daxilindəki qaragüruhçular arasında,  həm də xaricdəki antiazərbaycan qüvvələrin düşüncələrində  kifayət qədər məyusluq hissləri yaratmışdır.

 Çünki son 20 ildə heç bir seçkidə az da olsa uğur qazana bilməyən qaragüruhçular öz sıralarında yeni bir simanı  – yazıçı-rejissor Rüstəm Məmməd İbrahimoviçi görəndə kifayət qədər əmin olmuşdular ki,  bu dəfə ölkədəki siyasi proseslər tamamilə başqa ssenari üzrə gedəcək.  Doğrudur, onların gözlədiyi kimi proseslər başqa ssenari üzrə getdi. Amma yeni ssenari müxalifətin vəziyyətini bir az da ağırlaşdırmaqla yanaşı, düşərgəni dalana dirəmiş oldu.

Əslində, Azərbaycan müxalifətini çıxılmaz vəziyyətə salan  təkcə bu düşərgəyə rəhbərlik edənlərin səriştəsizliyi və ya siyasi diletantlığı deyil. Burada daha böyük səbəblər var ki, onların da birincisi iqtidarın müxalifətə nisbətən müqayisəolunmaz dərəcədə güclü olmasıdır. Son zamanlar Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuzu, demək olar ki, günbəgün artır. Seçki ərəfəsində olan ölkədə bu amil çox məqamlardan xəbər verir. Bu faktlar sübut edir ki,  Azərbaycanda yeridilən daxili və xarici siyasət dünya miqyasında  az qala  hamı tərəfindən dəstəklənir. Bu isə Azərbaycan müxalifətinin vəziyyətini daha da qəlizləşdirir. Üstəlik, ilin əvvəlində özlərinin yaratdıqları illüziyalar əsasında ictimaiyyətə sırıdıqları “Milli Şura”ya  Moskvadan da dəstək var” kimi absurd  fikirlər tamamilə yalan oldu. Hələ bu harasıdır, istənilən məqamda kömək umub müraciət etdikləri Amerika Birləşmiş Ştatlarının dövlət başçısı da seçkiyə sayılı günlər qalmış azərbaycanlı həmkarına məktub yazaraq ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması istiqamətində onunla birgə fəaliyyətin davam etdirilməsi istəyindən söz açdı.

 Cənab Obamanın Bakıya ünvanladığı məktubdan söz açarkən  başqa bir məqamı  da yada salmaq zərurəti var. Belə ki, beynəlxalq aləmdə gedən ictimai-siyasi prosesləri izləyən istənilən oxucu seçki ərəfəsində olan bəzi ölkələrdəki vəziyyətlə Azərbaycandakı vəziyyəti çox asanlıqla müqayisə edə bilir. Elə ölkələr var ki, prezident seçkilərinə hələ yarım il qalmış sanki beynəlxalq aləmdən təcrid olunmuş bir vəziyyətə düşür. Bu isə həmin ölkə iqtidarına dünya miqyasında olan münasibətin göstəricisi kimi qəbul edilir. Beynəlxalq təşkilatlar və aparıcı siyasi güc mərkəzləri xalqın etimadını qazanmayan iqtidarla o qədər də sıx əməkdaşlıq etməyə maraq göstərmirlər. Azərbaycan isə son aylar təkcə öz regionumuzun deyil, eləcə də bütövlükdə Avrasiyanın siyasi-diplomatik mərkəzlərindən birinə çevrilir. Yəni Azərbaycan müxalifətinin əli bu baxımdan da hər yerdən üzülmüş kimidir.

Azərbaycan müxalifətini çıxılmaz vəziyyətə salan əsas səbəblərdən biri də lidersizlik bəlasıdır.  Yeni Azərbaycan Partiyası yarandıqdan qısa müddət sonra ona görə hakimiyyətə gəlmişdi ki, onun lideri vardı və xalqın böyük əksəriyyəti həmin liderə inanır, etimad göstərirdi. Bu gün və əslində son iyirmi ildə müxalifətdə olan siyasi partiyaların hamısı istənilən mübarizədə ona görə məğlub olurlar ki, bu partiyaların heç birinin, deməli, həm də bütövlükdə müxalifət düşərgəsinin siyasi lideri yoxdur və xalqın cüzi  hissəsinin belə etimadını qazana bilməyiblər. Ölkə əhalisi bu adamlara inanmır. Daha doğrusu, inana bilmir. Necə də inansınlar? Axı bu adamların son iyirmi ildəki fəaliyyətləri xalqın gözü qarşısında baş verib və həmin proseslər bu gün daha açıq şəkildə davam etdirilir.

Bu gün müxalifətin önündə getmək missiyasını üzərinə götürmüş  insanların xarakteristikası göstərir ki, yaxın 20-25 ildə Azərbaycan müxalifətinin önündə gedəcək bir sima olmayacaq.  RÜSTƏM MƏMMƏD İBRAHİMOVİÇ - bu adam son iki-üç ildə özünün ermənipərəstliyi ilə, bir az da açıq desək, düşmən dəyirmanına su tökməyi ilə gündəmə gəlmişdir. Rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının əmlakını soyub talaması da onun tərcümeyi - halını kifayət qədər tündləşdirmişdir.  Bu ilin əvvəlindən bəri isə o, özünə inanan adamları aldatmaqla, ələ salmaqla, qorxaqlıq və ikiüzlülüklə, ən pisi qeyri -səmimiliklə  yaddaşlara yazıldı. İndi müxalifət düşərgəsində onu hamı yalançı ədib adlandırır. “Yeni Müsavat” qəzeti yazır ki, bu adam Azərbaycan müxalifətinə qoşulduqdan sonra bircə dəfə də olsun, səmimi ola bilməyib. Qəzet haqlıdır. Çünki Rüstəm Məmməd İbrahimoviç özünün ikili vətəndaşlığı olmasını, üstəlik, üçüncü bir ölkə qarşısında da  vətəndaş öhdəliyinin yarandığını nəinki seçicilərdən və öz oxucularından, hətta, yenicə silahdaş olduğu müxalifətçilərdən də gizlətmişdi. Üstəlik, 16-17 dəfə “Bakıya gəlirəm”- dedi və gəlmədi. Məgər müsavatçılar bu boyda həngamələrdən sonra yenə də ona inanarlarmı? Məmməd İbrahimoviç müsavatçıların ortaya qoyduğu mövqeyinin acığına mətbuata verdiyi müsahibədə söyləyir ki, mən Lalə Şövkətin yanındayam. Xatırladaq ki, Lalə Şövkət  Hacıyeva İsa Qəmbər kimi adamların Heydər Əliyev böyüklüyü ilə müqayisə olunmaz dərəcədə kiçik olduğunu söyləmişdi. Deməli,  Rüstəm bəy Lalə Şövkətin həmin fikrinə şərikdir.

Düşərgənin önündə getmək iddiasında olan İSA QƏMBƏRin keçmişi hamıya yaxşı məlumdur ( Qəzetimizin ötən sayında “Milli Şura” üzvü Əvəz Temirxanın İsa Qəmbərə xəbərdarlığını yada saldığımıza görə indi həmin məsələyə təkrarən qayıtmaq istəmirik). Müsavat başqanının siyasi fəaliyyətinin bu günü də çox “zəngindir”. Belə ki, İsa Qəmbər  “Ziyalılar Forumu”nun, “El” hərəkatının və onların xaricdəki havadarlarının  yaratdıqları “Milli Şura”nı elə bir “ustalıqla” dağıdıb heçə döndərdi ki, həmin qurumun beşiyi başında dayananlar nəyin və necə baş verdiyini kəsdirə bilmədilər. Müsavat başqanı yaxşı bilirdi ki, növbəti  seçkidə də heç bir uğura nail ola bilməyəcək. Ona görə də  “El” hərəkatı rəhbərlərinin dediyi kimi, seçkidə qalib gəlmək üçün deyil, məhz “Milli Şura”nın nə zamansa qazanılacaq uğurlarını əngəlləmək üçün siyasi mübarizəyə  başladı və istəyinə nail oldu. Bilavasitə İsa Qəmbərin dolaşıq variantları ucbatından “Milli Şura” müxalifətin digər  qurumlarına nisbətən qısaömürlü oldu. Müxalifət mətbuatı yazır ki, “Milli Şura” üzvlərinin London səfərinin pozulması da bilavasitə  İsa Qəmbərin öz düşərgədaşlarına qurduğu tələnin nəticəsidir.  Belə ki, Müsavat başqanı  “Milli Şura” üzvlərinə özünün dediyi kimi “bəzi məsələlərdə güzəştə getsə də” ( söhbətin  hansı güzəştdən getdiyi məlum deyil), Londona gedəcək nümayəndə heyətinin tərkibinin müəyyənləşdirilməsi məsələsində güzəştə getmədi və nəticədə səfər təxirə salındı.

Öz adının birinci hecasına  uyğun “El” hərəkatı yaradıb elə kəf gəlməklə gündəlik tələbatlarını ödəməyə çalışan ( ifadə Müsavat fəalı Fazil Əhmədlinindir) ELDAR NAMAZOV müasir siyasətimizdə reneqat adını daşıyan ilk simadır. Bu adam Heydər Əliyev kimi siyasət dahisinin komandasında  ola-ola özünə yer tapa bilmədisə, siyasi xəyanətkarlıq etdisə, onda Rüstəm Məmməd İbrahimoviç onu nə üçün  məsuliyyətsizsən - deyə məzəmmətləyir? O boyda iqtidarın təmsilçisi olub əliəyrilik edən adama pul göndərilməsinin özü səhv addım idi ki, qoca ssenarist atmışdı. Bir də ki, onun son illər atdığı doğru addımı görən olubmu? O ki qaldı Fazil Əhmədlinin Eldar Namazov haqqında söylədiyi “gündəlik tələbatlarını ödəməyə çalışan” - ifadəsinə, deməliyik ki,  o, yeni bir ərzi-hal  kəşf etməyib. Sadəcə bir həqiqəti dilə gətirib. Çünki Eldar Namazovda gündəlik tələbatlarını ödəməkdən başqa hansı bir perspektivi götür-qoy etmək imkanı var ki?

 Müxalifət düşərgəsinin bir çox məlumatlı mənbələrinə istinadən yayılan xəbərlərdə deyilir ki, guya  AXCP sədri ƏLİ  KƏRİMLİ  özünü “Milli Şura” üzvləri  Rüstəm İbrahimbəyov, Eldar Namazov, İsa Qəmbər , Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva və başqa müxalifətçilərin hamısından üstün tutur və bunun həqiqət olduğunu əsaslandırmağa çalışır. Ona görə də Müsavat divanından Əli Kərimlinin ünvanına mesaj gəlir ki, siz haqlısınız. Çünki adını çəkdiyiniz adamların heç biri öz liderini zəhərləməkdə ittiham olunmayıb. Həmin “rekordu” ancaq siz qazanmısınız.  Müxalifətin indiyədək yaradılıb öldürülən onlarla təşkilatının heç birinin iclasında və ya sessiyasında yumruq davası olmamışdı.  Müsavatçıların fikrincə belə bir “rekordu” da məhz Əli Kərimli “ Milli Şura”nın sessiyasında öz qoçularının əli ilə qazanıb. Bir sözlə, bu gün Azərbaycan müxalifətinin önündə getmək istəyənlərin xarakteristikasını öyrənməyə çalışan hər kəs “Milli Şura”nın son üç-dörd aydakı fəaliyyətinə nəzər salmaqla çox şeyə nail ola bilər.

Başqa bir məsləhət.  Bugünkü Azərbaycan müxalifətinin hansı səviyyədə olduğunu bilmək üçün  Rüstəm Məmməd İbrahimoviçin son müsahibələrinə diqqət yetirmək də kifayətdir.  Məsələn, biz onun “Mediaforum” saytına verdiyi müsahibədən cəmi üç məqamı hörmətli oxuculara təqdim etməklə fikirlərimizi tamamlayırıq:

Müxbir sual verir:

- Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuradan getməsi haqda məlumatlar yayılıb. Bu doğrudurmu?

- Dəqiq informasiyam yoxdur.

Bizim qeyd: Necə informasiyası olsun, gedib oturubdu dünyanın o biri başında. Şura da burda dağılıb gedir. Başqa sual:

- Lalə Şövkətin narazılığı nə ilə əlaqəlidir?

- Narazılığı var və çox əsaslıdır, köklü səbəbləri var. Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm.

Bizim qeyd: Görünür, Rüstəm bəyin “qapaz” siyasəti özünü doğrultmadı. Yoxsa  bütün narazılıqların qarşısını alardı.

 Nəhayət, seçdiyimiz üçüncü  sual:

- Rusiya vətəndaşlığından çıxmağınızla bağlı durum nə yerdədir?

- Aydın məsələdir ki, Rusiya seçkidə iştirakımı istəsəydi, məsələni istisna yolla həll edərdi. Proses əslində uzun çəkir. İyul ayında vahid namizəd kimi irəli sürüləndə bütün imkanlarımdan istifadə edib məsələni tez həll etməyə çalışdım. Görünür, onların layihəsi deyiləm, problem həll olunmadı.

Bizim qeyd: Bizə elə bu cümlə lazım idi. Çünki Rüstəm Məmməd İbrahimoviç uzun müddət israrla bildirirdi ki, mənim ikili vətəndaşlığım yoxdur. Daha Müsavat funksionerləri onu qeyri-səmimilikdə günahlandırmasınlar, neyləsinlər?

Vəssalam. Bu da müxalifətin ərzi-halı.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında