Postsovet məkanında dini və milli dözümlülüyün ən mükəmməl nümunəsi Azərbaycanda yaradılır

 

 

 

Ölkəmizin çoxmillətli, çoxkonfessiyalı dövlət olması bizim böyük sərvətimizdir

Geridə qalan 20 il gənc müstəqil dövlətimizin həyatında xüsusilə qeyd olunmalı çoxsaylı faktlarla yaddaşlara yazıldı. Bu faktlar sırasında Azərbaycanın Avropa ailəsinin ən fəal üzvlərindən birinə çevrilməsi dünyaya inteqrasiyamızın məhz beynəlxalq ictimaiyyət tərəfindən arzulanması, respublikamızın Avropanın enerji təminatçılarından biri kimi tanınması, BMT Təhlükəsizlik Şurasının üzvü seçilməyimiz, “Böyük İyirmiliy”in iclaslarına dəvət almağımız, olimpiya hərəkatının ikişafina qısa müddətdə böyük töhfələr verməyimiz, ölkə paytaxtının dünya ekspertləri tərəfindən ən sabit açıq şəhər kimi tanınması və başqa çoxsaylı məqamlar vardır.

Ancaq ölkəmizdə reallaşdırılan dünya miqyaslı siyasi, iqtisadi, elmi, mədəni simpozium, konfrans, qurultay və forumların, eləcə də mötəbər idman yarışlarının şahidi olmuş əcnəbilər öz ölkələrinin mətbuatında Bakı və respublikamız barədə söz açarkən daha bir mühüm faktı önə çəkirlər: “Azərbaycan Respublikası dini və milli tolerantlığın ən yüksək səviyyədə qorunduğu Avrasiya ölkələrindən biridir”, “ Bu ölkədə heç kəsin dini və ya milli kimliyinə görə fərqləndirilməsi halları qeydə alınmır”, “Bakıda insanlar məscidə necə sərbəst gedirlərsə, kilsə və sinaqoqa da eyni dərəcədə sərbəst yığışırlar” və sairə ifadələrə artıq tez-tez rast gəlirik. Bir çox ekspertlər bunu Heydər Əliyev siyasi kursunun nəticəsi kimi, bəziləri isə gənc müstəqil dövlətimizin bəşəri dəyərlərə verdiyi önəm kimi qiymətləndirirlər. Hər iki arqumentin müəllifləri kifayət qədər haqlıdırlar.

Bu qəbildən olan arqumentləri təkcə beynəlxalq aləmdəki obyektiv insanların dilindən eşitmirik, həm də ölkə miqyaslı tədbirlərdə bu məsələlər tez-tez və qürurverici məqam kimi xatırladılr. Ən maraqlısı isə odur ki, bu məqamlar Azərbaycanda istənilən dövlət rəsmisinin nitq və çıxışlarında tez-tez yada salınır. Məsələn, bu ilin Ramazan ayında Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə verilən iftar məclisindəki nitqlərin hamısında ölkəmizdəki milli və dini tolerantlıq yüksək qiymətləndirilərək deyilmişdir ki, bizim ölkədə yaradılan vətəndaş birliyi reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.

Bu bir faktdır ki, artıq bizim dövlətimiz ölkəmizdə hökm sürən milli və dini tolerantlığın milli tariximizin konkret bir dövrü ilə əlaqələndirilməsi faktı ilə razılaşmır. Çünki ictimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugünkü reallıqlar həmin tezisin əyani sübutudur.

Əlbəttə, siyasi, diplomatik, iqtisadi, elmi-mədəni istiqamətindən asılı olmayaraq ölkədə reallaşdırılan bütün tədbirlər son nəticədə dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də qeyd olunan məqamlarda Azərbaycan dövlətinin mövqeyi aydındır: “Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz”.

Azərbaycan rəsmiləri təkcə adıçəkilən tədbirdə deyil, eləcə də iştirak və çıxış etdikləri yerli və beynəlxalq tədbirlərin hamısında dünyanın müxtəlif ölkələrində izlənilən mənfi tendensiyalardan ciddi şəkildə narahat olduqlarını dilə gətirirlər. Bizim hər bir rəsmi şəxsimiz Azərbaycandakı dini və milli tolerantlığı dünyanın hər yerində görmək istəyir. Adıçəkilən tədbirdə xatırladılmışdır: “Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən öz üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər”.

Respublikamızda, xüsusən, paytaxt Bakıda bəşər övladı üçün nümunə kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan tədbirlər davamlı olmuşdur. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Artıq şeyx həzrətləri dediyi kimi, bu da nadir bir təcrübədir. Çünki Azərbaycanda din-dövlət münasibətlərinin düzgün istiqamətdə inkişafı üçün bu mərasimlər çox lazımdır. Hər bir sahədə olduğu kimi, ulu öndərin o cümlədən bu sahədə qoyduğu ənənələr də yaşayır, davam edir. Din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə tam başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün bu münasibətlər demək olar ki, sıfırdan qurulmalı idi və quruldu da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bizim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı.

Ölkəmizin sərhəd qonşusu olan Ermənistanda bir xalqın yaşadığı (monoetnik) və bir dinin mövcud olduğu (monoteist) dövlət yaratmış ermənilər bu sivilizasiyadan və insanlıqdan kənar əməlləri ilə fəxr edirlər. Avropalı ekspertlərin fikrincə isə postsovet məkanında formalaşdırılmış dövlətçilik mədəniyyətinə görə Azərbaycanın təcrübəsi regionun əksər ölkələri tərəfindən öyrənilməlidir. Onların fikrincə ölkəmizdəki bu tolerant təfəkkürün təməlində Heydər Əliyev siyasi müdrikliyi və uzaqgörənliyi dayanır.

Respublikamızda mövcud olan dini və milli tolerantlıq nümunəsi, bütün xalqların bərabərhüquqlu vətəndaş kimi, qardaşcasına, çiyin-çiyinə yaşaması bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Azərbaycanda hər bir istiqamət üzrə düşünülmüş siyasət vardır. Hər bir məsələ ilə bağlı konkret yanaşma mexanizmləri, yanaşma prinsipləri vardır, o cümlədən ictimai proseslərlə, dini siyasətlə bağlı dövlətin xüsusi diqqət mərkəzində saxladığı məqamlar vardır.

Yeri gəlmişkən, bu gün bəzi ölkələrdə ya dini konfessiyalara qarşı açıq hücumlar olur, ya da dinin dövlətin işlərinə qarışması ilə zamanın tələblərinə uyğun olmayan absurd addımlar atılır. Azərbaycanda isə vəziyyət bunların hər ikisinin əksinədir. Dövlət öz vətəndaşı olan insanların hər birinə yüksək səviyyəli vicdan azadlığı verib. Məscid, kilsə və sinaqoqlar sərbəst fəaliyyət göstərir və onların heç biri dövlətin ən kiçik səviyyəli sayılacaq belə işlərinə qarışmır. İnsanların vicdan azadlığının təmin olunması, onların dini ibadəti üçün lazımi şəraitin yaradılması məqsədiylə müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Dövlət başçımız yeni tikilən məscidləri yada salmaqla bərabər digər ənənəvi dinlərin nümayəndələri üçün yaradılan şəraitdən də söz açır: “Son 10 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir. Digər dinlərin dini ocaqları, məbədləri təmir edilir. Yəni, bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən tam əminəm ki, insanlarda başqa dinlərə olan hörmət öz dininə hörmətdən başlayır. Bu nadir atmosferi biz düzgün qiymətləndirməliyik, qorumalıyıq, eyni zamanda, dünyada təbliğ etməliyik. Azərbaycan haqqında dolğun məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Bütün bu tendensiyalar gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuzunun artmasına öz müsbət təsirini göstərir. Çünki zəmanəmiz informasiya – kommunikasiya texnologiyaları zəmanəsidir və ona görə də Bakıda keçirilən bir tədbirin əks-sədası yarım saatdan sonra dünyanın o biri başından gəlir. Dövlət başçımızın dediyi kimi, son illər ərzində Azərbaycan ilə bağlı olan reallıqlar dünya ictimaiyyətinə əhatəli şəkildə çatdırılır. Dünyada Azərbaycan ilə bağlı olan fikirlər müsbətdir. Bizim beynəlxalq nüfuzumuz artır. Əgər belə olmasaydı, dünya birliyi bizə böyük etibar göstərib BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Məlum olduğu kimi həmin seçkilər zamanı 155 ölkə bizə inandı, bizi dəstəklədi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyəti deməkdir.

Xüsusilə qeyd olunmalı məqamlardan biri də odur ki, Heydər Əliyev siyasi dühasının nəticəsi olaraq ölkəmizdə başqa bir dəyərli ənənə də formalaşdırılmışdır. Bu da Bakıda və respublikamızın digər şəhərlərində dini və milli tolerantlığı təbliğ edən beynəlxalq tədbirlərin keçirilməsidir. Dövlət rəsmilərimizin vurğuladığı kimi, Azərbaycanda multikulturalizmlə bağlı keçirilən tədbirlər artıq dünyanın diqqətini cəlb edir. Doğrudur, multikulturalizm anlayışı nisbətən yeni anlayışdır. Ancaq bu anlayışın mahiyyəti əsrlər boyu Azərbaycanda mövcud olmuşdur. Yəni, bu, bizim normal həyat tərzimizdir, başqa cür ola da bilməz. Ona görə Azərbaycanda bu mövzu ilə bağlı keçirilən mötəbər tədbirlər təbiidir. Azərbaycanda bir neçə il bundan əvvəl dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir. Humanitar forumlar keçirilir. İkinci dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də çox əlamətdar hadisə idi. Çünki bu, artıq yeni ənənəyə çevrilmişdir. Bu tədbirlərin keçirilməsi və açıq fikir mübadiləsinin aparılması özlüyündə müsbət haldır. Çünki ilk növbədə Azərbaycanın timsalında dinlərarası, millətlərarası münasibətlərin necə uğurla tənzimlənməsini hər kəs müşahidə edə bilər. Eyni zamanda, bu forumlarda açıq şəkildə aparılan fikir mübadiləsi insanları birləşdirir, yaxınlaşdırır. Bəzi hallarda mövcud olan anlaşılmazlıqları da aradan götürür.

Bir sözlə, bu gün Azərbaycan beynəlxalq aləmə inteqrasiyanı sürətləndirməsinə, ölkənin bütün dünya üçün açıq elan olunmasına, dinamik inkişaf edən iqtisadiyyatına, dünya miqyasında hamının hörmətlə yanaşdığı siyasi kursuna, Avrasiyada ən yüksək qiymətləndirilən biznes mühitinə, əsas insan hüquq və azadlıqlarının Avropa təcrübəsi səviyyəsində qorunmasına, seçki qanunvericiliyinin ən ali dərəcədə təkmilləşdirilməsinə və bir neçə bu kimi digər amillərə görə bütün beynəlxalq təşkilatlar tərəfindən hörmət və ehtiramla qəbul edilir. Ancaq bəzi ekspertlərin fikrincə Azərbaycan dövləti bütün bunları öz əhalisi , ölkə vətəndaşları üçün yaradıb. Gənc müstəqil Azərbaycan dövlətinin bütövlükdə bəşər övladı üçün verdiyi ən mükəmməl töhfə isə bu ölkədə hökm sürən ali dini və milli dözümlülük şəraiti, beynəlxalq aləmdə tolerantlıq kimi qəbul edilən əsl insani keyfiyyətlərdir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında