ALP sədri Əvəz Temirxan: “Milli Şura” daxilində destruktiv qüvvələr var

 

Xalq belə  dağıdıcı müxalifətə həmişə “yox” deyib

Prezident seçkilərinin keçiriləcəyi gün yaxınlaşır. Seçkilərdə namizəd kimi iştirak etmək arzusunda olanlar ilkin mərhələni keçdikdən sonra imzatoplama kampaniyasına başlayıblar.  Hətta bu prosesi başa vurub namizədlikləri rəsmən qeydiyyata alınanlar da var. Mərkəzi Seçki Komissiyasından verilən məlumatlara görə, prezidentliyə namizəd olmaq istəyənlərin  təqdim etdikləri imzalar hazırda ekspertlər tərəfindən yoxlanılır. Göründüyü kimi, belə bir siyasi kampaniyaya ciddi yanaşanlar artıq təbliğat-təşviqat kampaniyasına hazırlaşırlar. “Milli Şura” adlı qondarma qurumda isə qarşıdurma getdikcə güclənir, qarşılıqlı ittihamlar geniş vüsət alır və qondarma qurum dağılmaq ərəfəsinə çatıb.

“Milli Şura”nın prezident seçkilərində iştirakı artıq şübhə altındadır. AXCP və Müsavat Partiyası rəhbərlərinin bu qurumu İctimai Palatanın bölməsinə çevirmək cəhdləri radikal müxalifət düşərgəsində də etirazla qarşılanır. “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahını nəzarətə götürmüş bu iki partiyanın rəhbərliyinin digər partiyalara qarşı saymamazlıq etmələri və əslində bu oyuncaq qurumun yardıcılarından biri hesab edilən reneqat Eldar Namazovla  onun dəstəsini oyundankənar vəziyyətdə saxlamaları qarşıdurmanı daha da gücləndirib. Artıq “Milli Şura”nın bir sıra üzvləri bu qurumdan uzaqlaşdıqlarını  açıq şəkildə bəyan edir, hətta seçicilərə müraciət edərək prezidentliyə namizəd Cəmil Həsənliyə səs verməməyə çağırırlar.  Ötən yazılarımızda da qeyd etmişdik ki, “EL” hərəkatının sədri, siyasi riyakar Eldar Namazovun müavini və qurumun “Milli Şura”dakı təmsilçilərindən biri olan Köçəri Nağıbəyli sensasion açıqlama ilə çıxış etmişdir. O, öz  açıqlamasında Azərbaycan xalqına müraciət edərək, onları prezident seçkilərində üzvü olduğu “Milli Şura”nın vahid namizədi Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb.

 Müxalifətdə olan bir sıra  siyasi partiya sədrləri  “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlini heç də müxalifətin vahid namizədi kimi qəbul etmirlər. Onların qənaətinə görə, Cəmil Həsənli AXCP və Müsavat Partiyasının namizədidir. Müxalifət isə təkcə bu iki partiyadan ibarət deyil.

Cəmil Həsənlinin müxalifətin vahid namizədi kimi ictimaiyyətə təqdim edilməsinə etirazını bildirən müxalif siyasi partiya sədrlərindən biri də ADP sədri  Sərdar Cəlaloğludur. Partiya sədri deyib ki,  Cəmil Həsənli müxalifətin deyil, sadəcə “Mili Şura”nın vahid namizədidir. Milli Şurada 5-6 partiya var, qalanları hamısı kənardadır, ortada isə qalıb iki partiya. Cəmil Həsənli Müsavat və AXCP-nin namizədidir. Onda belə çıxır ki, AXCP və Müsavat varsa, deməli, Azərbaycanda müxalifət var, yoxdursa, deməli müxalifət yoxdur? Azərbaycan müxalifətinin sərhədlərini bu şəkildə daraltmaq, müxalifət daxilində yeni bir savaş başlatmağa nə ehtiyac var? Lakin onların bu bəyanatlarından görünür ki, onlar müxalifət daxilində yeni bir savaş başlatmaq istəyirlər. Bu isə müxalifətin və xalqın maraqlarına uyğun deyil.

 Bu gün faktiki olaraq “Milli Şura” iki yerə parçalanıb. İndi  qurum İctimai Palatadan gələn AXCP-Müsavat və Rüstəm Məmməd İbrahimoviçlə gələnlər arasında bölünüb.

Məlum olduğu kimi, artıq Azərbaycan Liberal Partiyası da “Milli Şura”dan uzaqlaşıb. Bunu partiyanın sədri və üzvlərinin qurumun sonuncu sessiyasına qatılmaması da təsdiqlədi. ALP sədri Əvəz Temirxan  “Milli Şura” daxilində destruktiv qüvvələrin olduğunu bildirib. O, dolayı yolla  destruktiv qüvvələrin  AXCP və Müsavat partiyasının fünksionerləri olduğunu deyib. Partiya sədri qeyd edib ki, həmin  qüvvələr “Milli Şura” da hegemonluq edir, özlərindən başqa heç kimi yaxına buraxmırlar. Halbuki, “Milli Şura”da mitinq keçirmək istəyəndə bizə yalvarıb - yaxarırdılar ki, iştirakçı tapaq. Yaxşı bilirlər ki, onların çağırışlarına səs verən yoxdur. Biz İctimai Palatanın keçirdiyi mitinqlərdə də bunun şahidi olduq. Əli Kərimli ilə İsa Qəmbərin əsas məqsədləri  ümumi işə mane olmaqdır. Biz 20 ildir ki, bunun şahidiyik. Bu, onların xislətindən irəli gəlir, başqa cür davrana bilmirlər.

Ümumiyyətlə, “Milli Şura” yaranan gündən bu quruma inam olmayıb. İlk növbədə ona görə ki, bu təşkilat Azərbaycanda ictimai - siyasi sabitliyi pozmaqda  maraqlı olan dairələrin ideyası idi. Əsas məqsədləri də prezident seçkilərini pozmaq idi. Bu təşkilatın üzvlərinin kimliyi bəlli olandan sonra xəbis niyyətlər özünü büruzə verməyə başladı. Erməni lobbisinin sifarişlərini yerinə yetirən “Milli Şura” belə antiazərbaycan mövqeyi ilə çox uzağa gedə bilməzdi. Çünki artıq xalq satqın və xəyanətkarları, həmçinin radikalizmi qəbul etmir və belələrinin çağırışlarına məhəl də qoymur. Qondarma qurumun “fəaliyyətindən” aydın oldu ki, onların  əksəriyyəti öz maddi maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutur, bir qismi isə antiazərbaycan dairələrin tapşırıqlarını yerinə yetirməklə ölkədə çaşqınlıq yaratmağa can atırlar. Hətta, “Milli Şura”nın sədrinin təyin edilməsində və prezidentliyə vahid namizədlik seçimində də bunun şahidi olduq. Rüstəm Məmməd İbrahimoviç kimi erməni xislətli birisinin dalınca düşən radikal müxalifətin iç üzü bir daha aydın oldu. Ermənipərəst kinorejissorla bərabər , “Milli Şura”nın aparıcı üzvlərindən biri hesab edilən “EL” hərəkatının rəhbəri, guya eyni zamanda,  “Milli Şura”nın İcra Aparatının rəhbəri olan siyasi riyakar Eldar Namazovun da xisləti hamıya bəlli idi. Ona görə də bu qurum yarandığı gündən siyasi partiya sədrləri tərəfindən gah “ölü doğulmuş uşaq”, gah “bic uşaq” adlandırıldı. Budur, qurumun son aqibəti göz önündədir. Özlərinə sədr və prezidentliyə namizəd “seçdikləri” Rüstəm Məmməd İbrahimoviçi neçə vaxtdır ki, tapa bilmirlər. Onun Azərbaycandakı əlaltısı, “Milli Şura”nın İcra Aparatının rəhbəri reneqat Eldar Namazovu isə yaxınlarına buraxmırlar. Bu qurumu isə İctimai Palatanın bölməsinə çeviriblər. Yeri gəlmişkən, qeyd edək ki, artıq  “EL” hərəkatının rəhbəri reneqat Eldar Namazov və onun dəstəsi “Milli Şura”dan kənarlaşıblar. Eldar Namazov hakimiyyətdə tutduğu vəzifəsindən qovulduqdan sonra müxalifətə sığınıb. Lakin onu  və dəstə üzvlərini müxalifətçi kimi qəbul etmirlər. Onlara satqın,  xəyanətkar  kimi baxırlar.

“ Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikirləri də bunu təsdiqləyir. O deyib ki, “EL”  hərəkatı gündəmə gəldiyi gündən Azərbaycan müxalifəti iflic vəziyyətdədir. Onun sözlərinə görə,“EL” hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvləri öz aralarında didişirlər, çəkişirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic, tənəzzül prosesi başlayıb. Bu gün “Milli Şura”nın da, müxalifətin birliyinin də ayağından çəkən “EL” hərəkatı , Eldəniz Quliyev və onların bəyanatlarıdır.

Artıq müxalifət düşərgəsində də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “EL” hərəkatını qaranlıq bir layihə adlandırmasına  haqq qazandırıblar. Müxalifət funksionerləri qeyd  edirlər  ki, artıq “Milli Şura”nın qalması ümumi işin ziyanınadır. Çünki  bu gün “Milli Şura” adı altında İctimai Palata seçkilərdə iştirak edir. Ona görə də yaxşı olardı ki, “Milli Şura” buraxılsın. Əslində,  prezident seçkilərində İctimai Palata  iştirak edir, amma ad “Milli Şura”nındır. “Milli Şura”ya daxil olan ALP, KXCP, ACP və  “El” hərəkatı seçkidə və  imzatoplama kampaniyasında  iştirak etmirlər. Artıq Lalə Şövkət də  “Milli Şura”da təmsil olunmaqdan imtina edib. Bu barədə partiyanın sədri Əvəz Temirxan məlumat verib. O deyib ki, bu,  Lalə xanımın öz iradəsidir və o, “Milli Şura” üzvlüyündən azad olunmasını xahiş edib. Bu məsələ gündəmə çıxan kimi Müsavat Partiyası başqanının müşaviri Səxavət Soltan İsa Qəmbərin adından Lalə Şövkətin “Milli Şura”dan çıxarılmalı olduğunu deyib.

ALP sədri bildirib ki, bütün bunlar İsa Qəmbərin oyunudur və “Milli Şura”da aranı qarışdıran elə  İsa Qəmbərdir. Şurada siyasi liderlərdən birinin seçkiyə getməsinə imkan verməyən də Müsavat başqanı idi. Biz hesab edirdik ki, indiki vaxtda “Milli Şura”nın nüfuzuna, həm də Cəmil Həsənlinin seçkiqabağı təbliğatına zərbə vuran başda İsa Qəmbər olmaqla Müsavat funksionerləridir. Ə.Temirxan deyib ki,  biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o qorxaqdır, cəsarəti yoxdur. Bunu İsa Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar. İsa Qəmbər müşaviri vasitəsi ilə partiyamızın qeybətini edirsə, babalı onun boynuna.

İctimai Palatada olduğu kimi, “Milli Şura”da da AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər hegemonluq edirlər. “Milli Şura” prezident seçkilərində məğlub olanda  (bu, indidən özünü büruzə verir) Əli Kərimli ilə İsa Qəmbər bu məğlubiyyəti özlərinin deyil, “Milli Şura”nın məğlubiyyəti kimi sırıyacaqlar.

“Milli Şura” sanki yaxınlaşan fəlakətləri, tamamilə parçalanmalarını duyaraq bu işdə “əsas günahkar” axtarır. Deyəsən, artıq “EL” hərəkatının timsalında bu “qurbanı” tapıblar. Bunu politoloq  Qabil Hüseynli də bildirib. O deyib ki,  hazırda “EL” hərəkatının ətrafında o qədər də xoş olmayan bir vəziyyət formalaşmaqdadır: “Milli Şura”nın bəzi üzvləri sanki yaxınlaşan fəlakəti duyaraq Eldar Namazovla soyuq münasibətlər saxlamağa başlayıblar.

 Q.Hüseynli qeyd edib ki, “Milli Şura”da bəzi partiyalar çalışırlar ki, “EL” hərəkatı ilə bağlı problemlər “Milli Şura”ya yönəlməsin və bir növ özlərini bu məsələdə qorumağa çalışırlar. Çünki bütün bunlar “Milli Şura”nın prezident seçkiləri ilə əlaqədar işini poza bilər və buna görə də “Milli Şura”nın üzvləri “EL” hərəkatı ilə məsafəni bir az uzatmaq istəyirlər. Əslində isə buna ehtiyac qalmayıb. Çünki bu problemləri də yaradan elə onların özləridir.

 Politoloqun fikrincə, “Milli Şura”ya inamsızlıq yaradan amillərdən biri də Rüstəm Məmməd İbrahimoviçin yalan vədləri və Azərbaycana  gəlməməsi oldu. Q.Hüseynli vurğulayıb ki, kinorejissor  “Milli Şura”ya o qədər vədlər vermişdi və həmin vədlərdən heç birini də yerinə yetirmədi. O vədlərin də bir qismini məhz Eldar Namazovun dili ilə vermişdi. Görünür ki, bunlar da “Milli Şura” ilə “EL” hərəkatı arasındakı münasibətlərə təsirsiz ötüşməyib.

Hər halda, görünən budur ki, “Milli Şura” artıq parçalanmışdır və seçki gününə qədər daha da  nüfuzdan düşəcək. Artıq ermənipərəst dairələr də bu quruma bəslədikləri inamdan əl çəkiblər. Hətta, bildirilir ki, bu qurumu Londona dəvət edənlər də öz fikirlərindən daşınıblar. Bu xəbər yayılan kimi “Milli Şura” rəhbərliyi London səfərinin qeyri - müəyyən vaxta qədər təxirə salındığını bildirib. Əslində isə xəyanətkarları qəbul edən yoxdur. Özlərinin dedikləri kimi destruktiv qüvvələrdən ibarət olan bir qurumun sonu beləcə dağılmalı idi.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında