AXCP və Müsavat Partiyası nəhayət, “Milli Şura”da öz rəqiblərini tələyə sala bildilər

 

Reneqat Eldar Namazovun dəstəsi isə oyundankənar vəziyyətdə qaldı

Bu iki partiya həmişə belə olub. Nə zaman ki, dağıdıcı düşərgədə birlikdən söhbət gedib, “ana məsələsi” ortaya çıxıb AXCP ilə Müsavat Partiyası dərhal birincilik uğrunda mübarizəyə başlayıblar. Əvvəlcə bir-birilərini didib-parçalamağa çalışıblar.

 Bunun nəticə vermədiyini, heç birinin təkbaşına önə keçə bilmədiyini gördükdə isə hiyləgər planlarını birgə həyata keçirərək başqalarının təşəbbüslərini, layihələrini sözün həqiqi mənasında əngəlləyiblər. Məqsəd isə birdir: radikal düşərgədə hegemonluq etmək, tərəfdaşlarına qarşı hörmətsizliyə yol vermək hesabına olsa belə, öz istəklərini diktə etdirmək, bütün təşəbbüsləri ələ alaraq nəticədə xaricdəki ermənipərəst, antimilli, antiazərbaycan dairələr tərəfindən verilən qrantları ələ keçirməkdir.

 Gedişat onu göstərir ki, AXCP və Müsavat cütlüyünün “səyi” nəticəsində “Milli Şura”nın dağılma prosesi yekunlaşma mərhələsindədir. Şurada bir narazılıq dalğası yatırılmamış o birisi daha güclü şəkildə qabarmağa başlayır. Gah Rəsul Quliyev, gah Mirmahmud Mirəlioğlu, indi də Eldar Namazov inciklər sırasındadırlar. Arada bir Rüstəm Məmməd İbrahimoviç də küsmüşdü ki, mətbuat onun xoşuna gələn tərzdə yazmır. Əvəz Temirxan da deyib ki, “voobşe” danışmaq istəmir. Maşallah, göz dəyməsin, çox “monolit” qurumdur. Kağızdan düzəldilmiş və bir üfürməyə bənd olan evcik “Milli Şura”dan daha möhkəmdir. Bütün bunlar bir tərəfə, məlumdur ki, bu ideyanı ortaya atan, Rüstəm Məmməd İbrahimoviçi meydana çıxaran, müxalifəti bir araya gətirən, əslində, “El”çilər olub. Əgər “El” hərəkatı “Milli Şura”dan küsüb və ya küsdürülübsə, tam əminliklə demək olar ki, artıq qondarma qurumun sonu çatıb. Bu, reallıqdır.

Bir daha xatırladaq ki, “El” hərəkatı “Milli Şura”da təmsil olunmuş partiyalardan incik düşərək sentyabrın 3-də keçirilən sessiyaya qatılmayıb. “Yeni Müsavat” qəzeti yazır ki,  “El” rəhbərliyi şuradakı təşkilatların istintaq altında olan “El”çiləri müdafiə etmədiklərini iddia edirlər. Küskünlüyün səbəbi də budur. Sentyabrın 4-də Müsavat başqanı İsa Qəmbərin, Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin və Eldar Namazovun keçirdiyi birgə görüşdə iştirak edən  “Milli Şura”nın seçki qərargahının həmsədri Arif Hacılı  məsələni ört-basdır etmək məqsədiylə bildirib: “Deməzdim ki, hər hansı bir inciklik yoxdur. Bu vəziyyət mətbuatda qərəzli olaraq şişirdilir. Hesab edirəm ki, “El” hərəkatı bundan sonra da seçki prosesinin əsas təşkilatçılardan biri kimi fəaliyyətini davam etdirəcək. Açığı buna şübhə etməyə də heç ehtiyac yox idi". Bax xoruzun quyruğu da burada, yəni Arif Hacılının “deməzdim ki, hər hansı bir inciklik yoxdur” – sözündə görünür. Bu açıqlama bir daha sübut edir ki, tərəflər arasında dərin uçurum yaranıb. Eldar Namazov, həm də AXCP sədri Əli Kərimli ilə görüş keçirsə də heç nə dəyişməyib və dəyişməyəcək də. Çünki  AXCP ilə Müsavat cütlüyü artıq  “Milli Şura”da reneqatın dəstəsini sıxışdıraraq oradan uzaqlaşdırmağa nail olub.

Təsadüfi deyil ki, “El” hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev son günlər AXCP və Müsavat barədə danışanda “sizin”, “bizim” ifadələrini daha çox işlədir. O, “Milli Şura”nın sessiyasına qatılmamağı hərəkatın toplantısının çağrılması ilə əlaqələndirsə də, məlumdur ki, ALP də burada iştirak etməyib. Partiyanın sədri Əvəz Temirxan bunu təsdiqləsə də, səbəbləri barədə hələlik danışmaq istəmədiyini deyib. Görünən odur ki, reneqat Eldar Namazov ilə kinodramaturq Rüstəm Məmməd İbrahimoviç bunları o ki var barmaqlarına doladılar, indi də cavab alırlar. Müsavat və AXCP isə göstərməyə çalışır ki, istəklərinə nail olublar və bundan sonra kinoçəkən və onun kassirinə ehtiyacları yoxdur. Onsuz da  sponsorlar bunların fərasətsizliklərindən qəzəblənərək dəstək verməyi dayandırıblar.

Radikal düşərgədə  soyuq küləklərin əsməsinin başqa səbəbi də var.  Heç kəsə sirr deyil ki, Rüstəm Məmməd İbrahimoviç özündən sonra məhz Eldar Namazovun “Milli Şura”nın ehtiyat namizədi seçilməsini istəyirdi. Lakin  AXCP ilə Müsavat Partiyası buna imkan vermədi. Ona görə də reneqat Namazov və “El” hərəkatından başda Eldəniz Quliyev olmaqla yaxın tərəfdarları öz planlarının baş tutmamasından bərk qəzəblənərək “Milli Şura”nı tərk etmək qərarına gəliblər.  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də qeyd edib ki, “Milli Şura”da Eldar Namazovun və digərlərinin nüfuzu heçə enib və qondarma qurum yenə də iki partiyanın, AXCP ilə Müsavatın birliyinə çevrilib.

ASDP sədri vurğulayıb ki, “Milli Şura” bir-birilərini gözü götürməyən, bir-birilərinə nifrət edən insanların yığıncağıdır: “Onların bir yerə yığışmalarının bir məqsədi var idi və həmin məqsəd ondan ibarət idi ki, himayədarları birləşməyi tapşırmışdı”. Araz Əlizadənin fikrincə, bu insanlar ona görə birləşmişdilər ki, Rüstəm Məmməd İbrahimoviç onlar üçün “yaxşı namizəd” idi: “Yəni bilirdilər ki, Rüstəm İbrahimbəyov keçməyəcək və bunların özləri seçkilərdə iştirak edəcəklər. Amma məsələ burasındadır ki, himayədarları yenə tələb etdilər ki, hər halda vahid namizəd ilə seçkiyə getməlisiniz. O zaman elə bir namizəd tapdılar ki, mən buna “aldanmış kəvakib” deyirəm və bunlar da bunu salıblar ortaya oynadırlar”.

Siyasi şərhçi Cümşüd Nuriyev də dağıdıcı müxalifət liderlərinin dublyor Cəmil Həsənlini qabağa vermələrini təsadüf hesab etmir. O, bir çox qaranlıq məqamların olduğunu deyərək, açılması vacib olan sirlərə də eyham vurur: “Elə məsələlər var ki, hələlik onları deməyin vaxtı deyil. Ayın 16-dan sonra hər şey gün kimi aydın olacaq. Cəmil Həsənli ilə bağlı elə açıqlamalar verəcəyik ki, onun nəinki prezidentliyə müxalifətin namizədi kimi qatılması düzgün deyil, ümumiyyətlə onun mənəvi haqqı yoxdur ki, bu yükün altına girsin. Bu məsələlər vaxtı gələndə açıqlanacaq. Ona görə də yalançı təbliğatlar aparınca, Elman Bayraqdarın Əli Kərimli haqda yazdıqlarını oxusunlar ki, hazırkı namizədin ən böyük dəstəkləyicisi olan AXCP sədrinin İngiltərədə neçə milyonluq villası və sair  gizlin işləri olduğunu da xalqa açsınlar. Onun nələrlə məşğul olması məlumdur.

Cəmil Həsənlini şişirdən AXCP-nin mətbu orqanıdı. Müsavata yaxın qəzetdə daha çox çəkişmə və dartışmalara yer ayırırlar. Bəzi saytlarda guya ki, Cəmil Həsənlinin layiqli namizəd olması haqda tez-tez yazılar gedir. Amma onu irəli verənlərə və komandasına baxanda, sadəcə Azərbaycan üçün faciəvi günlərdən başqa bir şey təsəvvür etmək olmur”.

Politoloq onu da vurğulayıb ki, əslində, bunlar Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin namizəd kimi onları təmsil edəcəklərini gözləmirdilər. Ancaq vəziyyət dəyişəndən sonra birdən-birə ətrafdakıları inandırmaq üçün onu şişirdib, tərifləməyə başladılar. Guya, onu Qərb dəstəkləyirmiş. Onun İngiltərəyə niyə dəvət olunduğunu da açıb deyəcəyik. Bunun arxasında kimlərin durması məsələsini də hamı biləcək. Bütün bunlar üzə çıxandan sonra dublyor Cəmil Həsənlinin və onu irəli verənlərin halı necə olacaqsa, təsəvvür eləmək mümkün deyil. Müxalifətin ən böyük bədbəxtliyi odur ki, dublyoru çayxana səviyyəsində olan bazar adamlarının təbliğ etməsinə şərait yaradırlar. Cəmil Həsənlinin siyasətçi olması Rüstəm Məmməd İbrahimoviçin siyasətçi olması kimi bir şeydir. Üç ayın içində heç kim siyasətçi ola bilmir.  Azərbaycan cəmiyyətində dublyor Cəmil Həsənlinin hansısa bir idarəçilik təcrübəsi olması kiməsə məlum deyil. O, siyasi idarəçiliklə məşğul olmayıb və onun dövlətçilik təcrübəsi də yoxdur. Düzdür, cəbhənin vaxtında müşavir işləsə də, bir iş görmədi. O, fəaliyyətsiz olduğu üçün bir fiqur kimi kimsənin yadında qalmadı.

Bəlkə də, ona görə “Milli Şura”nın üzvü Köçəri Nağıbəyli bəyanat verərək seçiciləri qurumun namizədi dublyor Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb. Göründüyü kimi, “Milli Şura”nın 129 üzvünün hərəsinin öz namizədi var. Dublyor Cəmil Həsənliyə namizədi olduğu qurumun üzvləri səs verməyəcəklərsə, şuranın bəzi üzvlərinin cəmiyyətin yüksək dəstəyini əldə edəcəkləri barədə iddiaları xülyadan başqa bir şey deyil. Onsuz da bu adamın dublyor olması ilə bağlı “Milli Şura”nın və “El” hərəkatının daxilində böyük narazılıq var. İsa Qəmbər və Əli Kərimlinin  dəstəkləməsinə baxmayaraq, AXCP və Müsavatın, o cümlədən “El” hərəkatının üzvləri hesab edirlər ki, Cəmil Həsənlinin “Milli Şura”nın dublyoru olmağa heç bir mənəvi haqqı yoxdur. O, son 20 ildə müxalifətin keçirdiyi mitinq və aksiyalarda fəal şəkildə iştirak etməyib. Ən vacib məqamlarda da bildirib ki, elmi  işlə məşğuldur, hansısa universitetdə mühazirə deməyə gedir və s.

Cəmil Həsənlinin xarici ölkələrdə ingilis dilində mühazirələr deməsi də şübhəli məsələdir. Öz həmkarlarının bildirdiyinə görə, o, ingilis dilini aşağı səviyyədə bilir.

Dublyor yalnız növbəti dəfə deputat seçilə bilmədikdən sonra müxalifətə qoşulmaq qərarına gəlib və  son 1 ilə yaxın dövr ərzində müxalifətin keçirdiyi tədbirlərdə görünməyə başlayıb. Milli Məclisin deputatı olanda da hakimiyyəti tərifləyən çıxışlar edib. Hətta hakimiyyət dəhlizlərində İsa Qəmbəri və Əli Kərimlini aşağılayan fikirlər səsləndirib, onları radikallıqda ittiham edib. Əbülfəz Elçibəydən sonra AXCP-yə nifrət etdiyinə görə partiyanı tərk etdiyini bildirib. Ona görə də belə bir şəxsin “Milli Şura”nın vahid namizədi olmasına müxalifətdaxili etirazlar başadüşüləndir. 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında