“Milli Şura” üzvləri özləri bu qurumu parçalamaqla məşğuldurlar

 

ALP və “EL” Hərəkatının qondarma təşkilatın sonuncu sessiyasını boykot etmələri də bundan xəbər verir

 “Milli Şura” yarananda həm siyasi ekspertlər, həm də partiya sədrləri bu təşkilatın ömrünün çox qısa olacağanı bildirmişdilər. Hər şeydən əvvəl ona görə ki, radikal müxalifət hər seçki ərəfəsində belə bir qondarma qurum təşkil etməklə şou yaradır və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan antiazərbaycan dairələrlə əlaqəyə girərək bəzi beynəlxalq təşkilatların sifarişlərini yerinə yetirirlər. “Milli Şura” da məhz belə qurumlardan biri idi. Azərbaycanın inkişafını gözü götürməyən dairələrin ideyası əsasında yaranmış bu qurumun uzunömürlü olacağı şübhə doğururdu. Çünki xalq radikalizmə nifrət edir və onların çağırışlarına qətiyyətlə “yox” deyir.

Xəbis niyyətlər üzərində köklənmiş qondarma “Milli Şura”ya Rüstəm Məmməd İbrahimoviç kimi antimilli bir kinorejissorun sədr seçilməsi qurumun qısa ömürlü olması haqqında proqnozları təsdiqləməkdədir. Budur, artıq bütün deyilənlər özünü doğrultmaq üzrədir. Prezident seçkilərinə bir aya yaxın vaxt qalmış “Milli Şura”nın parçalanması reallaşmaq üzrədir. Bu təşkilatın sonuncu sessiyasında (əgər buna sessiya demək mümkündürsə) baş verənlər də deyilənləri sübut edir. Artıq “Milli Şura” nın parçalanması göz önündədir. Özü də bu qurumu, necə deyərlər, yaradanlar özləri də dağıdırlar.

 “Milli Şura”da əsas mövqe tutan AXCP və Müsavat Partiyasının üzvləri guya bu qurumun prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin imzatoplama kampaniyasının başa çatdığını bildirirlər. Təbii ki, qısa müddət ərzində bu qədər imzanın toplanması qeyri - mümkündür. Digər tərəfdən, “Milli Şura”da parçalanmanın olması, KXCP, ALP və ACP - nin imzatoplama kampaniyasından imtina etmələri şübhəli məqamlardan xəbər verir. Təbii ki, bu barədə son qərarı MSK - nın ekspertləri verəcəklər. Ancaq bir faktı diqqətə çatdırmaq istərdik.

Neçə gündür ki, “Milli Şura” rəhbərliyi xalqa müraciət edərək bu qurumun prezidentliyə namizədi Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin adına bank hesabı açıldğı barədə məlumat veririlər və hər kəsdən həmin hesaba 1 manat köçürməsini rica edirlər. Oyuncaq təşkilatın başbilənləri həmin müraciətdə bildirirdilər ki, “1 manat kampaniyası”nda əsas məqsədləri xalqın “Milli Şura”nın prezidentliyə namizədinə münasibətini öyrənməkdir. Bu təşkilatın sonuncu toplantısında “1 manat kampaniyası” barəsində məlumat verən Cəmil Həsənlinin seçki gərargahının həmrəhbəri (xəbər verdiyimiz kimi, “Milli Şura” nın prezidentliyə namizədinin seçki qərargahının iki rəhbəri var) Arif Hacılı namizədlərinin bank hesabına bu vaxta qədər cəmi 509 manat köçürüldüyünü bildirib. Əgər “Milli Şura”nın namizədinin bank hesabına cəmi 509 nəfər 1 manat köçürübsə, bəs 45 min imzanı necə toplayıblar? Məgər imza verənlərdən heç olmasa, 50 faizinin imkanı olmadımı ki, bank hesabına da 1 manat köçürməklə öz imzalarının reallığına tam inam yaratsınlar? İndidən “Milli Şura” üzvlərinin topladıqları imzalar müəyyən şübhələr yaratmağa başlayıb. Hər halda bu qurumun prezidentliyə namizədinə 1 manatını qıymayanların seçki günü ona səs vermələri inandırıcı görünmür.

 “Milli Şura”nın sonuncu sessiyasının üzvləri tərəfindən boykot edilməsi də diqqət çəkən məqamlardandır. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və “Milli Şura”da təmsil olunan digər ALP üzvlərinin, həmçinin bu qurumun yaradıcılarından hesab olunan “EL” Hərəkatının rəhbəri, siyasi riyakar Eldar Namazov və onun dəstəsinin toplantıya qatılmamaları da bu oyuncaq təşkilatın sonunun yetişməsindən xəbər verir. Ümumiyyətlə, “Milli Şura”nın növbəti sessiyasında iştirak etmək üçün bu qurumun 131 üzvündən 64 nəfəri qeydiyyatdan keçib. Göründüyü kimi, heç yetərsay da yoxdur.

“EL” Hərəkatının “Milli Şura”nı boykot etməsi haqda əvvəllər də məlumat vermişdik. Bunun əsas səbəbi oyuncaq təşkilatın prezidentliyə namizədi Rüstəm Məmməd İbrahimoviçin dublyoru rolunda Cəmil Həsənlinin irəli verilməsi olmuşdu. Sən demə, reneqat Eldar Namazovun dəstəsi tam əmin imiş ki, Rüstəm Məmməd İbrahimoviç prezident seçkilərinə namizəd kimi qatılmasa, onun dublyoru siyasi riyakar Eldar Namazov olacaq. “Milli Şura”nın Tbilisidə keçirilən toplantısında da Rüstəm Məmməd İbrahimoviçlə reneqat Eldar Namazov bu barədə razılığa gəlibmişlər. Əgər xatırlayırsınızsa, bu görüşdən sonra “EL” Hərəkatının rəhbəri bir neçə gün yoxa çıxdı. Onu hətta dəstə üzvləri də tapa bilmədi. Sonradan məlum oldu ki, Rüstəm Məmməd İbrahimoviç prezident seçkilərində öz əvəzində reneqat Eldar Namazovun namizəd kimi iştirakı üçün erməni lobbisindən razılıq almaq məqsədilə onu xarici ölkələrdən birinə dəvət etmiş, hətta təlimatlandırmışdır. Ancaq AXCP sədrinin gizli planları bunun qarşısını aldı və “Milli Şura”nın prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviçin dublyoru bir vaxtlar Əli Kərimlinin müavini olmuş Cəmil Həsənli təyin edildi. Bundan sonra “EL” Hərəkatının üzvləri ilə “Milli Şura”nın yolları ayrıldı. “EL”çilər sonuncu toplantıya qatılmamaları ilə “Milli Şura”nın toplantılarını boykot etdiklərini açıq şəkildə ortaya qoydular.

Sessiyalarda mütəmadi olaraq iştirak edən “EL” sədri Eldar Namazovun, habelə qurumun yaradıcıları və fəal üzvləri Zəfər Quliyevin, Eldəniz Quliyevin və Köçəri Nağıbəylinin sonuncu sessiyada iştirak etməmələri ilk olaraq ağıla təşkilatın “Milli Şura”nın sessiyasını boykot etməsi fikrini gətirir. Hətta “Milli Şura”nın sessiyasını pozmaq üçün həmin vaxt “EL” Hərəkatı da başqa bir yerdə toplantı keçirirdi.

“EL” Hərəkatının “Milli Şura”nın sessiyasını boykot etməsinə aydınlıq gətirən təşkilatın üzvü Zəfər Quliyev bildirib ki, bu gün bizim təşkilatın da öz toplantısı olub. “Sessiyada iştirak etməməyimizlə bağlı onu deyə bilərəm ki, buna səbəb təşkilatın bir çox ciddi problemlərinin olmasıdır”. O deyib ki, “Milli Şura”da birlik yoxdur. Əsas problemi isə Müsavat Partiyası ilə AXCP yaradır. Bu partiyaların rəhbərləri “Milli Şura”nın digər üzvlərinə yuxarıdan aşağı və həqarətlə baxır, saymamazlıq edir və özlərini hegemon kimi aparırlar. İstənilən qərarlar bu partiyaların rəhbərlərinin diktəsi əsasında qəbul edilir. Z.Quliyev deyib ki, “EL” Hərəkatı iki həftəyə yaxındır ki, ciddi problemlərlə üz-üzədir. Amma nə bizim müttəfiqlərimiz olan müxalifət partiyalarından, nə də “Milli Şura” tərəfindən dəstək görmürük. Sıxıntılı günlərinizdə “Milli Şura”nın bizə dəstək olmaması bizdə müəyyən şübhələr oyadıb. Bizim təşkilatımıza qarşı problemlərin yaranmasında artıq öz müttəfiqlərimizdən şübhələnirik və buna əsasımız da var. Bunun üçün təşkilatın rəhbərliyi ilə toplantı keçirildi və bu problemlərin yaranma səbəbi müzakirə olundu. Bundan sonra ortaya dəqiq mövqe qoyuldu. Hər şey məlum olduqdan sonra “Milli Şura”nın sessiyasında iştirak etmədik.

 “El” Hərəkatının “Milli Şura”nın sessiyasına qatılmamasının digər səbəbi isə qeyd etdiyimiz kimi, vahid namizədliyin Rüstəm Məmməd İbrahimoviçdən Cəmil Həsənliyə keçməsi ilə əlaqədardır. AXCP-Müsavat qrupunun bu təyinatdan qalib çıxması, ardınca seçki qərargahının reneqat Eldar Namazovun əlindən alınaraq bu iki partiyanın təsiri altına verilməsi parçalanmanı daha da sürətləndirdi.

 ALP sədri Ə.Temirxan isə “Milli Şura”nın sessiyasına qatılmamalarının səbəbini onun rəhbərlik etdiyi partiyaya etimadsızlıq göstərilməsi ilə əlaqələndirib. O da bildirib ki, əslində “Milli Şura” AXCP və Müsavat qruplaşması deməkdir. Onun dediyinə görə, bu təşkilat “İctimai Palata”dan heç nəyi ilə fərqlənmir. Ə.Temirxan deyib ki, ALP üzvlərinin “Milli Şura”nın sessiyasını boykot etməsinə AXCP sədri Əli Kərimli səbəb olub. Çünki əvvəlcədən razılaşdırılmış qaydalara görə, “Milli Şura”nın hər sessiyasına bir partiyanın rəhbəri sədrlik etməli idi. Bu sıralama ilə Cəmil Həsənlinin vahid namizəd elan edildiyi “Milli Şura”nın 23 avqust sessiyasına sədrlik etmək növbəsi ALP sədrinin olub. Lakin AXCP sədri Əli Kərimli həmin vaxt bu məsələyə açıq şəkildə etiraz edərək sessiyanın kifayət qədər “ciddi” olduğunu, C.Həsənlinin yeni vahid namizəd elan olunacağını nəzərə alaraq iclasa müxalifətdə daha “ağır çəkili” bir partiya rəhbərinin sədrlik etməsinin vacibliyini bildirib. Ona görə də “Milli Şura”nın 23 avqust sessiyasına ALP sədri Əvəz Temirxanın rəhbərlik etməsinin qarşısı alınıb və sessiyaya İsa Qəmbər rəhbərlik edib. Ə.Temirxan bunu onlara qarşı inamsızlıq və “Milli Şura”da hegemonluq kimi dəyərləndirərək bu qurumu boykot yolunu seçib. ALP rəhbərliyi bu günlərdə “Milli Şura” ilə bağlı sərt açıqlamalar verəcəyini də bildirib.

ACP lideri Rəsul Quliyev də AXCP və Müsavatı “Milli Şura”nı parçalamaqda  ittiham edib və deyib ki hazırda “Milli Şura” adı altında ictimai palatanın zəifləmiş formatı fəaliyyət göstərir.

Ümumiyyətlə, “Milli Şura”nın bu sessiyası da az sayda iştirakçıların olması ilə diqqəti çəkdi. Toplantıya gəlməyənlərin heç də hamısı “EL” Hərəkatının üzvləri deyil. Bu da “Milli Şura”ya olan inamsızlığın getdikcə artmasından və qurumun sonunun yaxınlaşmasından xəbər verir. “Milli Şura”nın sessiyasını boykot edən üzvləri deyiblər ki, bundan sonra bu quruma qarşı hələ yeni “sürprizlər” və daha ağır zərbələr olacaq. “EL” Hərəkatnın rəhbərliyindən bildiriblər ki, bu qurumu təsis edən AXCP və Müsavat tərəfindən aldadılmış və təhqir olunmuş 6 partiyanın rəhbərlərinin ortadakı narazılıqlarla bağlı və AXCP sədri ilə Müsavat Partiyası başqanının hegemonluğuna etiraz olaraq yaxın günlərdə toplantısı gözlənilir.

Bütün bunlar deməyə əsas verir ki, “Milli Şura”nın  parçalanması artıq  reallaşır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında