“Milli Şura” özünə problem yaratmaqla məşğuldur

 

Qondarma qurumun prezidentliyə vahid namizədi tapılmır

 Mərkəzi Seçki Komissiyasının avqustun 2-də keçirilən növbəti iclasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin tarixi müəyyənləşdirildi. Qərara alındı ki, 2013-cü il 9 oktyabr tarixi Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.

 İclasda qeyd olundu ki, Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirildiyindən və fəaliyyətdə olan Azərbaycan Respublikası Prezidentinin 5 illik səlahiyyət müddətinin başa çatmaqda olduğundan, növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 16-na təsadüf edir. Lakin Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə, səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2012-ci il 12 dekabr tarixli, 309 saylı qərarına əsasən, 2013-cü ildə 15 və 16 oktyabr Qurban bayramıdır. Ona görə də, göstərilənlər əsas götürülərək Azərbaycan Respublikasında növbəti prezident seçkiləri günü cari ilin oktyabr ayının iş günü hesab edilən digər gününə keçirilməklə qanunvericiliklə müəyyən olunmuş qaydada elan edilməlidir. Bütün bunları əsas götürərək Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2013-cü il 9 oktyabr tarixi Azərbaycan Respublikası prezidentinin seçkiləri günü elan edilsin.

MSK-nın bu qərarından sonra müxalifət düşərgəsində sevinənlərlə bərabər qəm dəryasına batanlar da oldu. Həmişə obyektiv məsələlərə qeyri-ciddi yanaşan və artıq buna vərdiş etmiş radikal müxalifət nümayəndələri bu dəfə də MSK - nın bu qərarına ağız büzüblər. Onların deməsindən belə çıxır ki, Mərkəzi Seçki Komissiyası qondarma “Milli Şura”nın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovla məsləhətləşməli və ondan sonra prezident seçkilərinin günü elan edilməli imiş. Məsələ təkcə bununla bitsəydi, nə var idi? Yəqin, Rüstəm İbrahimbəyov da onu ortalığa atıb oynadan erməni lobbisi ilə məsləhətləşməli, onlardan yeni təlimatlar almalı olacaqdı. Ancaq Mərkəzi Seçki Komissiyası qərar qəbul edərkən yalnız Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinə əsaslanır.

MSK-nın prezident seçkilərinin vaxtının müəyyənləşdirilməsi barədə qəbul etdiyi qərardan sonra oyuncaq “Milli Şura” üzvləri nə qədər məyus olsalar da, müsavatçılar bir o qədər seviniblər. Çünki artıq “Milli Şura”nın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçkiyə qatılmaq şansı xeyli azalıb. Rusiya vətəndaşlığına hələ də xitam verilməyən Rüstəm İbrahimbəyovun başı hələ də Gürcüstanda ermənilərlə məsləhətləşməyə və yeyib–içməyə qarışıb. Hərəkətlərindən də hiss olunur ki, onun prezident seçkilərinə namizəd kimi qatılmaq fikri yoxdur. Bu, xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də sezilir. O deyib ki, əslində nə “Milli Şura”nın sədrliyinə, nə də bu qurumdan prezidentliyə vahid namizəd olmasına razılıq verib. Guya həmfikirlərinin təkidindən sonra buna razılıq verib. Maraqlıdır, görəsən Rüstəm İbrahimbəyov həmfikirləri deyəndə kimləri nəzərdə tuturmuş? Axı, o siyasətçi deyil. Ona görə də siyasətlə məşğul olanlar sırasında onun həmfikri ola bilməz. Görünür, onunla birlikdə kino və video çəkilişləri aparan erməni rejissorlarını nəzərdə tuturmuş.

Qeyd etdiyimiz kimi, müsavatçıların sevinci az qala yerə-göyə sığmır. Onlar MSK-nın qərarından sonra hesab edirlər ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınma şansı azdır. Belə ki, qocalıb əldən düşmüş kinorejissor iki ölkənin vətəndaşıdır və digər ölkələr qarşısında öhdəliyi var. O, prezidentliyə namizədlərin qeydə alınması vaxtı başa çatana qədər digər ölkə vətəndaşlığından bəlkə də çıxa bilməyəcək. Əslinə baxsan, Rüstəm İbrahimbəyovun buna heç marağı da yoxdur. Ona görə də Rusiya vətəndaşlığından imtina etmək barədə qəti qərarı yoxdur. İsa Qəmbərin tapşırığına əsasən müsavatçılar yalnız Rüstəm İbrahimbəyovun namizədliklərini dəstəkləyirlər. “Milli Şura”dan digər namizədin irəli sürülməsinin qəti əleyhinə olan müsavatçılar qoca kinorejissorun “müdafisinə qalxıblar”. Bu da məqsədli şəkildə həyata keçirilir. Onlar çox yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyov sıradan çıxdıqdan sonra İsa Qəmbərə yol açılacaq. Dünənə qədər qocalıb əldən düşmüş prezidentliyə namizədi ələ salan, gülüş hədəfinə çevrən, “gündüzlər düz yol yeriyə bilməməkdə” ittiham edən müsavatçılar necə oldu ki, birdən-birə onun müsavatçıların" əziz-xələfinə” çevirdilər? Müsavat Partiyasının funksioneri Arif Hacıyev “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada bildirib: “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyov uğurlu, yaxşı namizəddir, Azərbaycan cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən bir sıra sosial qruplar, təbəqələr, ictimai birliklər, siyasi partiyalar tərəfindən vahid namizəd kimi qəbul olunmuş şəxsdir. Müsavat Partiyasının da resursları daxil olmaqla “Milli Şura”da Rüstəm İbrahimbəyovun seçki kampaniyasını yüksək səviyyədə təşkil etmək imkanına malik olan qüvvələr var”. Bu fakt müsavatçıların siyasi riyakarlığını, ikiüzlülüyünü göstərir, vəzifəyə görə cildən - cildə girmələrindən xəbər verir.

 Bir neçə gün əvvəl Müsavat Partiyasının divanında çıxış edən A.Hacıyev R.İbrahimbəyovu qorxaq adlandırmışdı, hətta Tbilisidə keçirilən görüşə etiraz edərək demişdir ki, “o, kimdir ki, onun ayağına gedək”. Müsavat funksioneri artıq İ.Qəmbərin namizədliyi üzərində düşünməyin zamanı olduğunu bildirmişdi. İndi isə deyir ki, R.İbrahimbəyov “uğurlu, yaxşı namizəddir”. Göründüyü kimi, dağıdıcı müxalifət nümayəndələri pisə yaxşı, düşmənə dost, dosta düşmən deməyə həmişə hazırdır. MSK - nın məlum qərarından sonra dünənə qədər “dəstəklədikləri” Rüstəm İbrahimbəyovun imkanlarının heçə enməsini yəqinləşdirən müsavatçılar sevinclərini gizlədə bilmirlər.

Oyuncaq “Milli Şura”nın üzvləri artıq prezidentliyə yeni vahid namizəd axtarışına başlayıblar. Tbilisi görüşündən sonra yoxa çıxan reneqat Eldar Namazovdan da xəbər tuta bilməyən qondarma qurumun üzvlərinin başı dərddədir. İndi onlar Mehman Əliyevin namizədliyi üzərində düşünürlər. Bu xəbər elə ilk növbədə M.Əliyevin özü üçün təəccüblü görünüb. M.Əliyev bu xəbəri eşidəndən sonra deyib ki, onun bu məsələ ilə bağlı heç bir iddiası yoxdur. O, dərhal Rüstəm İbrahimbəyovun da paxırını açaraq bildirib ki, Rüstəm İbrahimbəyovun də vahid namizədliklə bağlı iddiası yox idi. Ancaq sonradan zorla vahid namizəd kimi onu müəyyənləşdirdilər. O isə sona qədər davam gətirə bilmədi. Çünki yaxşı bilirdi ki, bu, onun yemi deyil. M.Əliyev “Milli Şura” üzvlərinə etibar etmədiyini də diqqətə çatdırıb." İndiki zamanda kimlə, hara getdiyini yaxşı fikirləşməlisən. Belə bir təklif olsa, mən də ətraflı götür-qoy etdikdən sonra münasibət bildirəcəyəm. Çünki “Milli Şura” da etlbarsız adamlar çoxdur. Onlar son anda səni meydanda tək qoyub özləri aradan çıxacaqlar. AXCP funksionerlərindən biri bu xəbəri istehza ilə qarşılayıb. AXCP sədri Əli Kərimli Mehman Əliyevi müdafiə edir. O, İsa Qəmbəri sıradan çıxarmaq üçün hətta, adı olub özü olmayan partiya sədrini də “Milli Şura”nın vahid namizədi kimi irəli sürmək fikrindədir. Onsuz da müxalifətdə olan partiya sədrləri də deyirlər ki, “Milli Şura” dələduzlar yığıncağıdır. Bu qurumun cəmiyyətdə nə nüfuzu, nə də hörməti var. Ümumiyyətlə, bu qondarma qurumu tanıyan yoxdur. Ona görə də onların prezidentliyə namizədlərinin də heç bir şansı olmayacaq.

 “Milli Şura”nın prezidentliyə vahid namizədlik məsələsi siyasi partiyaların funksionerləri, həmçinin tanınmış ictimai-siyasi xadimlər tərəfindən anormallıq kimi qarşılanıb. Bu qondarma qurumun üzvlərinin dünyanın hansı ölkəsində toplaşmalarından asılı olmayaraq prezident seçkilərində heç bir faiz də olsun səs toplamaq imkanları yoxdur. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da bu qənaətdədir. O, müsahibələrinin birində bu məsələyə münasibət bildirərkən deyib ki, “ Milli Şura” deyəndə, orda Müsavat–üstəgəl AXCP, üstəgəl kənardan gəlmiş bir-iki adam var. Bu radikal qanadın sosial dayağı yuxarı-aşağı heç 2 faiz də deyil. İstəyirsən ora təzədən bir-iki adam da gətirsinlər, xeyri yoxdur. Başqa bir tərəfdən, onlar müxalifətin vahid namizəd adını öz üzərlərinə götürmək istəyirlərsə, yanlışlığa yol verirlər. Azərbaycanda başqa müxalifət partiyaları da var. Onlar deməlidirlər ki, “radikal qanadın vahid namizədi”. M.Qurbanlı hesab edir ki, “Vahid namizəd bizik” - demək anormallıqdır. Siz də sıradan bir namizədsiniz. O, “Milli Şura” üzvlərinin Tbilisi toplantısına münasibət bildirərkən deyib ki, istəyir lap Parisdə toplaşsınlar, nə dəyişir? Tbilisidə toplaşmaq şou məqsədi daşıyırdı. Rüstəm İbrahimbəyovun Tbilisidə işi var idi, həm ziyarət, həm ticarət deyib, onları da çağırdı. Rüstəm İbrahimbəyov həmin vaxt Bakıya da gələ bilərdi. Vergi istintaq idarəsi də bəyan elədi ki, ona qarşı hər hansı cinayət işi qaldırılmayıb. Kinematoqrafçılar İttifaqına açılan cinayət işi ilə bağlı söhbət üçün onu da çağıra bilərlər. Burda nə var ki? Sadəcə, Rüstəm İbrahimbəyov özü Azərbaycana gəlmək istəmir. İttifaqa cinayət işi açılandan sonra o, dəfələrlə Azərbaycana gəlib-gedib. Hökumət ona niyə təzyiq etməlidir ki? O, sıradan bir namizəddir. Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov– hansı istəyir radikal qanadın namizədi kimi seçkidə iştirak etsin. Bunlar əfsanələrlə yaşayırlar. Elə bilirlər ki, onlar müxtəlif manevrlər edəndə, öz fəaliyyətlərinin üzərinə sehr pərdəsi çəkəndə, camaat deyəcək ay haray, baxın bunlar nədir, kimdir. Bir müddət istədilər özlərini ayrı-ayrı dövlətlərin müdafiə etdiyi şəxslər kimi göstərsinlər, amma bu da boşa çıxdı.

Rüstəm İbrahimbəyovun sıradan çıxdığını görən Rəsul Quliyev “Milli Şura”nın prezidentliyə vahid namizədi olmaq həvəsinə salıb. Müsavatçılar dərhal eks - spikeri Seçki Məcəlləsini bilməməkdə ittiham ediblər.G.Aslanlı “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında deyib ki, əgər “Milli Şura” Rəsul Quliyevin vahid namizədliyini irəli sürərsə, onda orada olan 131 nəfərin hamısının Seçki Məcəlləsindən bixəbər olduğu aşkara çıxar. Çünki onlar bilməlidirlər ki, ölkəmizdə prezidentliyə vahid namizəd olmaq üçün ən azı son 10 ili Azərbaycanda daimi yaşamaq şərtdir. Ona görə də 17 ildir ki, Amerikada yaşayan, bu müddətdə 1 saat da Azərbaycanda olmayan adam “Milli Şura”nın vahid namizədi kimi irəli sürülə bilməz. G.Aslanlı bildirib ki, bu adam bir həftə ərzində dörd fikir söyləyir. Bu, onu göstərir ki, Rəsul Quliyev gündəmdə qalmaq üçün bu sözləri ortaya atır, yəni tutdu qatıq, tutmadı ayran. Amma, o böyük səhvlər edir, eyni zamanda Seçki Məcəlləsindən heç xəbəri olmadığını ortaya qoyur.

 G.Aslanlı unutmamalıdır ki, Müsavat Partiyasının da təmsil olunduğu “Milli Şura”nın üzvləri həqiqətən də Seçki Məcəlləsindən bixəbərdirlər. Elə olmasaydı, İsa Qəmbər də daxil olmaqla “Milli Şura”nın üzvləri ikili vətəndaşlığı olan, Rusiya dövləti qarşısında öhdəliyi olan ermənipərəst qoca kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd seçməzdilər. İndi də onun əlində əsir–yesir qalıblar. Nə qədər çalışırlar prezidentliyə vahid namizədlərini Azərbaycana gətirə bilmirlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında