Fərəc QULİYEV: “Milli Şura”da təmsil olunan partiyaların öz aralarında yetərincə ziddiyyətlər var

 

“Milli Şura”nın Tbilisidə erməni mənşəli Andrey Nersesyanın

ocağına toplaşması bu qurumun nə qədər “milli” olmasını təsdiqlədi

“Milli Şura”nın  öz toplantısını Tbilisidə keçirmək qərarı müxalifət düşərgəsində də narazılıqla qarşılanmışdı. Hətta bu qurumun üzvü olan bir sıra partiyaların rəhbərləri   Tbilisiyə getməyəcəklərini qabaqcadan bəyan etmişdilər. Çünki həmin partiyaların rəhbərliyi “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyovu Bakıda gözləyirdilər.

Ermənipərəst kinorejissor hələ 15 gün əvvəl bəyan etmişdi ki, iyulun sonlarında mütləq Bakıya dönəcək. Ancaq yenə də verdiyi vədə xilaf çıxdı. Görünür, belə qorxaq və aciz bir adamın ətrafına toplaşmağı özlərinə ar bilən bəzi partiya sədrləri Tbilisiyə getməkdən imtina etdilər. Rüstəm İbrahimbəyov isə ermənilərə olan hüsn - rəğbətini bir daha nümayiş etdirməyi özünə ar bilmədi. Kim bilir, bəlkə də bu çirkin işdən zövq də alır. Elə olmasaydı, qondarma qurumun üzvlərini Tbilisidə erməni əsilli  Andrey Nersesyanın ocağına toplamazdı.

 Xəbər verildiyi kimi, qondarma  “Milli Şura”da təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü olmuşdur. Bu görüş Tbilisidə “Vere Palace” otelində keçirilmişdir. Görüşün bu oteldə keçirilməsi təsadüfi olmamışdır. Sən demə, həmin otel erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsus imiş. Hazırda  bu otel Nersesyanın oğlu tərəfindən idarə olunur.  Onu da qeyd edək ki, A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun oğlunun hazırda Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqələri olduğu bildirilir. Oğul Nersesyan Serj Sarkisyanın Gürcüstanda əsas dayaqlarından biri sayılır.

Göründüyü kimi, müxalifətin prezidentliyə vahid namizədi olan Rüstəm İbrahimbəyov ermənilərə olan məhəbbətini gizlətmədi və erməni lobbisinə xoş gəlsin deyə, “Milli Şura”nın toplantısının  Nersesyana məxsus oteldə keçirilməsini təşkil etdi.

Tbilisidə diqqətçəkən məqamlardan biri də Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Milli Şura”nın toplantısına gec qatılması olub. Müsavatçıların deməsinə görə, İ.Qəmbərin toplantılara gec qatılması onun köhnə adətidir. Ancaq Tbilisidə isə gecikməsinin başqa səbəbi var idi. İ.Qəmbər  əvvəlcə Erməni Ümummilli Hərəkatının rəhbəri Aram Manukyanla  görüşüb məsləhətləşmələr aparmış, sonra “Milli Şura”nın toplantısına qatılmışdır. Məlum olduğu kimi, Aram Manukyanla İsa Qəmbər neçə illərdir ki, dostluq və əməkdaşlıq edir.

Yəqin ki, bir neçə il əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbərlə  Erməni Ümummilli Hərəkatının rəhbəri Aram Manukyan arasında  Almaniyada ikitərəfli əməkdaşlıq barəsində müqavilə imzalandığını heç kim unutmayıb. Potsdam müqaviləsindən sonra, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərlə əməkdaşlıq barədə saziş imzalanmasına etiraz əlaməti olaraq, hətta Müsavat Partiyasından kütləvi istefalar olmuşdu. Buna baxmayaraq, İsa Qəmbər Aram Manukyanla dostluq və əməkdaşlıq əlaqələrini bu gün də davam etdirir. Tbilisidə də görüşü zamanı prezident seçkiləri barəsində müzakirə aparılmış və  İ.Qəmbər onların dəstəyinə ehtiyacı olduğunu bildirmişdir.

“Milli Şura”nın toplantısı bu dəfə də əhəmiyyətsiz və nəticəsiz olmuşdur. Bu görüşə gedən müxtəlif partiya sədrləri və funksionerlərinin məqsədləri heç də eyni olmamışdır. Məsələn, ACP sədri Sülhəddin Əkbər Tbilisiyə Rəsul Quliyevin göstərişi ilə getmişdir. Bu partiyanın rəhbərliyi çox yaxşı bilir ki, Rüstəm İbrahimbəyovun prezident seçkilərinə vahid namizəd kimi qatılmaq şansı sıfıra bərabərdir. Bunun bir neçə səbəbləri var. Hadisələrin gedişi göstərir ki, artıq bunu Rüstəm İbrahimbəyov da dərk etməyə başlayıb. O, geriyə çəkilib reneqat Eldar Namazovu irəli vermək istəyir. Rəsul Quliyev isə “Milli Şura”nın ptrezidentliyə vahid namizədi olmaq üçün dəridən - qabıqdan çıxır. Ona görə də ACP sədri S.Əkbərə bərk - bərk tapşırmışdı ki, məqam düşən kimi onun namizədliyini irəli sürsün.

Müsavatçlar da Tbilisiyə  bu istəklə getmişdilər. Onlar da İsa Qəmbərin vahid namizədlik məsələsini reallaşdırmağa cəhd edirlər. Ancaq AXCP sədri Əli Kərimli və reneqat Eldar Namazov cütlüyü bu arzuların reallaşmasına imkan vermədi. Onların planlarına əsasən Rüstəm İbrahimbəyov hələ ki, prezidentliyə vahid namizədlikdən imtina etmədi. Ona görə də ACP və müsavatçılar  Tibilisidə məqsədlərinə çata bilmədilər.

 “Milli Şura”nın Tbilisi toplantısı da əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Bu dəfə də əhəmiyyətsiz bə məzmunsuz söz - söhbətlər, dedi - qodular və hakimiyyətin ünvanına şər və böhtanlar yağdırıldı. Rüstəm İbrahimbəyov isə Azərbaycana gəlməməsini əsassız bəhanələrlə ört - basdır edərək  siyasi həmfikirlərini bu dəfə də aldatdı. Guya o, Rusiya vətəndaşlığından çıxa bilmədiyinə görə Bakıya gələ bilmir. Buna görə də Rüstəm İbrahimbəyovun bu tezlikdə Bakıya dönüşü məqsədəuyğun hesab edilməyib. Əslində isə o, müxtəlif bəhanələrlə vaxt qazanıb özünün əvəzinə  prezidentliyə namizədliyi reneqat Eldar Namzova ötürmək istəyir. Tiblisidə də bəzi partiya sədrlərinin buna razılığını almağa çalışsa da, məsələni hələ qapalı saxlamaq niyyətindədir. Çünki, Müsavat daxil olmaqla bəzi partiyaların ona etiraz edəcəklərini yaxşı bilir.

Prezident seçkilərinin keçirilməsinə iki aydan bir qədər artıq vaxt qalıb. Bu - gün sabah seçki prosesinin başlanmasına start veriləcək. Ancaq  “Milli Şura” müxalifətin  vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ilə bağlı prosesin sürətləndirilməsi məsələsini  müzakirəyə çıxarıb. Görəsən, bundan ötrü Tbilisiyə getməyə ehtiyac var idimi? Fikir verin, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsi hansı vasitələrlə ört - basdır edilir. Guya, Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki və təşkilatı sahədə hazırlıq işləri, eyni zamanda, ictimai və beynəlxalq rəyin hazırlanması sahəsində aparılan iş tamamlanmadığından o, 31 iyul 2013-cü il tarixdə Bakıya dönüşünü məqsədəuyğun hesab etməmişdir.“Milli Şura"nın gülünc qərarından belə çıxır ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi  üçün mütləq hansısa  beynəlxalq təşkilatın rəyi olmalıdır. Bəli, başadüşülən qərardır. Biz neçə vaxtdır yazırdıq ki, Rüstəm İbrahimbəyov ermənipərəst dairələrin əlində alətə çevrilib. Bu dairələr prezident seçkisi öncəsi ən çirkin vasitələrə əl ataraq ölkəmizdə çaşqınlıq və qarşıdurma yaratmaq istəyirlər. Ona görə də  mənfur niyyətlərini həyata keçirmək  üçün satqın və xəyanətkarlardan istifadə edirlər. Belələrindən biri də Rüstəm İbrahimbəyovdur. Onun Azərbaycana dönüşü isə təxribatçı dairələrdən asılıdır. Yəni, dəqiq vaxtı onlar müəyyənləşdirəcəklər. Ona görə də Rüstəm İbrahimbəyov hər dəfə həmfikirlərini aldadır və Azərbaycana qayıtmasında, guya, süni əngəllərin olduğunu bəhanə edir.

 Tbilisidə erməni ocağına toplaşanlar beynəlxalq təşkilatlarda ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq haqqında qeybət etməyi də unutmayıblar. Ümumiyyətlə, “Milli Şura”nın Tbilisi toplantısı da şou xarakterli olmuş, məqsəd və məramın nədən ibarət olduğu məlum olmamışdır. Bunu siyasi partiya sədrləri, ictimai - siyasi xadimlər də təsdiqləyirlər. Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da  “Milli Şura” üzvlərinin Tbilisidə toplaşmasına münasibət bildirərkən deyib ki, şuranın çıxardığı qərarlar cəmiyyətdə impuls, hansısa təlatüm yaradacaq gücdə deyil. Bu təşkilat gündən-günə zəifləyir.Onun sözlərinə görə, “Milli Şura”nın toplantısından hər hansı nəticə gözləmək mümkün deyil. Bütün hallarda vəziyyət müzakirə olunacaq. Amma bunu müzakirə etmək üçün Tbilisiyə getməyə ehtiyac yox idi.

F.Mustafa  hesab edir ki, indi internet əsridir və internet üzərindən hər hansı məsələni müzakirə etmək daha məqsədəuyğundur. “Milli Şura”nın Tbilisi toplantısı siyasi texnologiya olaraq düşünülüb və cəmiyyətin diqqətini ora yönəltmək istəyirlər. Amma seçki prosesində müxalifətin aktivliyinin zəiflədilməsi prosesi daha çox müşahidə edilir. Bu cür gediş-gəliş yerinə, seçki kampaniyasının daha demokratik keçirilməsi üçün təşəbbüslərin artırılmasına ehtiyac var. Təəssüf ki, bu da yayındırıcı varianta çevirilib və hər hansı bir şəkildə irəliləyiş gözlənilmir.  Partiya sədrinin qənaətinə görə, “Milli Şura” son iki ayı səmərəli şəkildə keçirmədi və bunun nəticələrini seçki ərəfəsində daha çox hiss edəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev də  “Milli Şura”nın Tbilisi toplantısında verilən qərarların heç bir əhəmiyyəti  olmadığını və bunun  mövcud duruma təsir göstərməyəcəyini bildirib. Partiya sədri “Milli Şura”nın Tbilisidə baş tutan toplantısının seçkilər ərəfəsində mühüm dəyişikliklərə yol açacağına inanmadığını deyib. F.Quliyev fikrini əsaslandıraraq deyib: “Bütün hallarda hesab edirəm ki, o qurumun harada toplanmasından asılı olmayaraq, verdiyi qərarların proseslərə ciddi təsiri olmayacaq. Çünki “Milli Şura”da təmsil olunan partiyaların öz aralarında yetərincə ziddiyyətlər var və digər tərəfdən, onların bir çoxunun hətta öz imzalarına hörmət etmədiklərinin şahidi olmuşuq.Belə olan halda onların hansısa sənəd qəbul edib-etmədiklərinin bir əhəmiyyəti yoxdur”.

 F.Quliyev  daha sonra deyib ki, qarşıdakı qısa müddətdə bu qurumla  bağlı bir çox məqamlara tam aydınlıq gələcək. Ümumiyyətlə, o, qarşıdakı yaxın dönəmdə ölkədəki seçkiqabağı siyasi vəziyyətdə ciddi müəyyənlik yaradacaq proseslərin şahidi olacağımızı düşünür.

Partiya sədrləri və siyasi xadimlərin “Milli Şura”nın cəmiyyətə təsir edə biləcək gücdə olmaması qənaətinə gəlmələri bu qurumun bütün ümidlərini xaricə – ermənipərəst dairələrə bağlamasına rəvac verir. Onların Azərbaycanda dayaqlarının olmamsı, xalqdan dəstək ala bilməmələri də çox zəif və aciz olmalarından xəbər verir. Tbilisidə keçirilən toplantıda qəbul edilən bəyanat da  bundan xəbər verir. Həmin bəyanatdan  aydın olur ki, “Milli Şura” prezident seçkisində bütün ümidlərini xarici dairələrə bağlayıb. Bəyanatda bildirilir ki,  qarşıdan gələn prezident seçkilərində “Milli Şura”nın  vahid namizədlə istirak etməsinə  dəstək vermələri üçün ABŞ, Avropa Birliyi və beynəlxalq təşkilatlara müraciətlər edilib.

 Göründüyü kimi, “Milli Şura”nın Tbilisi toplantısı da iflasa uğradı. Ancaq görünən bu oldu ki, Rüstəm İbrahimbəyov ermənilərə olan məhəbbətini gizlədə bilmədi. Onun təşkilatçılığı və rəhbərliyi ilə keçirilən toplantının Tbilisidə  məhz erməni əsilli  Andrey Nersesyana məxsus oteldə baş tutması  bir daha bu niyyəti açıqladı.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında