Azərbaycan Avropaya inteqrasiyaya xüsusi önəm verir

Avropa dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər

 

Azərbaycan Respublikası elmi əsaslara söykənən strateji xarici siyasət xəttini yeni dünya düzəninin qabaqcıl meyarları ilə zənginləşdirərək uğurla davam etdirir. Dövlətçilik mənafelərini ən yüksək səviyyədə təmin etməyə və əldə olunan nailiyyətləri qorumağa yönəlmiş bu siyasətdə müasir dünyada  xüsusi geosiyasi çəkisi və iqtisadi potensialı olan Avropa İttifaqı və quruma üzv olan ölkələr tam nəzərə alınır.

Bəzi böyük dövlətlərə nəsib olmayan müstəqil xarici siyasət yürütmək kimi mühüm bir uğura imza atan Azərbaycan bu qurumla, eyni zamanda, Avropa ölkələri ilə ayrı-ayrılıqda bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq və dostluq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Çünki, respublikamızın əsas hədəflərindən biri də Qərbə inteqrasiya, qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində qabaqcıl təcrübələrdən bəhrələnmək və ümumilikdə, Cənubi Qafqaz regionunu maraqların toqquşduğu məkana deyil, əməkdaşlıq, sülh və təhlükəsizlik məkanına çevirməkdir. Bu ilin ilk altı ayı ərzində dövlət başçımız İlham Əliyevin xarici səfərləri də bu məqsədlərin reallaşdırılmasına istiqamətlənib.

Prezident İlham Əliyevin bu il yanvarın 22-də Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərin bu baxımdan mühüm əhəmiyyəti var. Həmin günlər təkcə Avrasiyanın deyil, bütün dünyanın siyasi-iqtisadi güc dairələrinin diqqəti Davosa yönəlmişdi. Qürurla deyə bilərik ki, dövlət başçımızın Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə bir daha qeyd edilmişdir ki, ölkəmiz bu gün regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınır. Vurğulanmışdır ki, Azərbaycan vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməkdədir. Son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, ölkəmizin regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli artırılmış, beynəlxalq enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri nəzərəçarpacaq səviyyədə yüksəlmişdir.

Avropanın və dünyanın iqtisadi-siyasi dairələrinin Azərbaycan Prezidentinə böyük diqqət göstərməsi, onunla görüşməyə, fikir mübadiləsi aparmağa cəhd göstərmələri ölkəmizin Qərbdə, həmçinin beynəlxalq aləmdə qazandığı nüfuzdan xəbər verirdi. Həmin mötəbər tədbirdə Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi barədə qərar bir daha göstərdi ki, Cənubi Qafqaz regionunun güc mərkəzi kimi qəbul edilən Azərbaycan artıq nüfuzlu beynəlxalq tədbirləri məkanına çevrilib. Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın Bakıda keçirilən forumun Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verdiyini bildirməsi isə göstərdi ki, Azərbaycan ümumilikdə, regionun Avropaya və dünyaya inteqrasiyasında aparıcı rol oynayır.

Bu gün Cənub-Şərqi Avropa dövlətlərinin iqtisadi, siyasi, və sosial-mədəni həyatının bütün sahələrində dünyanın inkişaf etmiş ölkələrinin əldə etdiyi qabaqcıl təcrübənin uğurlu tətbiqi nəticəsində əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Bu dövlətlər regional, dövlətlərarası və beynəlxalq münasibətlər sahəsində özlərinin xarici siyasət prioritetlərini müəyyən edərək, sivilizasiya qaydaları əsasında dünyada özünəməxsus yerlərini tutublar. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 12-də Xorvatiyaya və martın 13-də Monteneqroya etdiyi rəsmi səfərlər mühüm əhəmiyyətə malikdir. Həmin səfərlər zamanı Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb bəyannaməsinin, Monteneqro ilə ölkəmiz arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamənin imzalanması bütün tərəflərin əməkdaşlığa böyük maraq göstərdiyinin təzahürü idi. Çünki, həmin dövlətlər həm siyasi-iqtisadi məsələlərdə, həm də bu gün Avropa üçün bir nömrəli məsələ olan enerji mənbələrinin şaxələndiliməsi prosesində Azərbaycanın ən yaxın tərəfdaşlarına çevriliblər.

Yeni qlobal tarazlaşma proseslərində böyük təsir imkanları olan Qərbi və Mərkəzi Avropa ölkələri ilə Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş Azərbaycanın əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir. Bu mənada, respublikamızın Avstriya ilə münasibətlərinin inkişafı regionlararası əməkdaşlığın inkişafına da böyük töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 13-də Avstriyaya rəsmi səfəri bu əlaqələrin yeni mərhələdə inkişafında müstəsna rol oynadı. Səfər zamanı iki ölkə arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması isə ikitərəfli münasibətlərimizin mühüm mərhələyə yüksəlməsindən xəbər verirdi. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlər arasında xüsusi yer tutur. Çünki, həmin sənəd əməkdaşlığımızın mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və bir çox sahələri əhatə edir. Bu, olduqca mühüm Bəyannamədir. Sənəd münasibətlərin və tərəfdaşlığın yüksək səviyyədə olduğunu təsdiq edir. Bir daha onu göstərir ki, rəsmi Bakı və Vyana dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında siyasi iradə nümayiş etdirir. Ümumiyyətlə, belə səfərlər Avstriya - Azərbaycan əməkdaşlığını möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Azərbaycanın Avropa İttifaqı kimi nüfuzlu bir təşkilata inteqrasiyasını sürətləndirir.

Avropa İttifaqı mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Azərbaycan ilə İttifaq qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində iş birliyinin dərinləşdirilməsi, regional sabitliyin və inkişafın təmin edilməsi, siyasi islahatların və demokratik proseslərin dərinləşdirilməsi, investisiyaların təşviqi və yeni maliyyə mənbələrinin cəlb edilməsi kimi bir sıra mühüm məsələlərdə vahid mövqedən çıxış edir, bu sahədə iş birliyini dərinləşdirmək üçün konkret addımlar atırlar. Prezident İlham Əliyevin iyunun 21-də Belçika Krallığına işgüzar səfərinin nəticələri də belə deməyə əsas verir.

Bu gün enerji təhlükəsizliyi də Avropa və bütün dünya üçün prioritet məsələ kimi gündəmdədir. Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqətini üzərinə cəlb etmişdir. Bu, həm də ona görə belədir ki, Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan ölkə məhz Azərbaycan olmuşdur. Bu gün ölkəmizin nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik. Bununla belə Azərbaycan enerji layihələrinin həyata keçirilməsində təşəbbüskar ölkə kimi çıxış edərək Avropa İttifaqının rəğbətini qazanır. Keçən il Türkiyə ilə Trans-Anadolu qaz boru kəməri layihəsi barədə tarixi saziş imzalandı. Burada Azərbaycanın payı 80 faizdir. Yəni bu, o deməkdir ki, layihənin icrasına dair bütün əsas məsuliyyəti, maliyyə öhdəliyini, TANAP-a rəhbərliyi üzərimizə götürmüşük və əminik ki, bu, uğurlu nəticəni şərtləndirən amil olacaqdır. Bu, bizim üçün, avropalı tərəfdaşlarımız üçün çox vacib məsələdir. Çünki Azərbaycan qazı dünya üçün, Avropa üçün yeni enerji mənbəyidir. TANAP layihəsinin elan edilməsi “Cənub qaz dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub qaz dəhlizi”nin yaradıldığı bir vaxtda atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir.

Bu gün Avropanın enerji xəritəsini dəyişəcək Trans-Adriatik boru kəməri (TAP) layihəsində çox mühüm mərhələyə gəlinmişdir. İyulun 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin TAP layihəsində iştirakını təmin etmək məqsədilə İsveçrənin Sürix şəhərində ARDNŞ ilə “TAP AG” şirkətinin hazırkı səhmdarları arasında səhmlərin alqı-satqısı barədə müqavilənin imzalanması mərasimi keçirilib. Bununla da ARDNŞ-in TAP boru kəməri layihəsinə qoşulması rəsmiləşdirilmişdir. Bundan əvvəl isə mayın 23-də Tiranada Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina hökumət nümayəndələri TAP və İon-Adriatik (IAP) qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bir daha xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi TAP boru kəməri vasitəsilə həyata keçiriləcəkdir. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaqdır. TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcəkdir.

Azərbaycanın Avropaya inteqrasiyasında göstərdiyi qətiyyət islamafobiya, ksenofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr, eyni zamanda erməni lobbisi tərəfindən qısqanclıqla qarşılanır. İyulun 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ barədə danışan dövlət başçımız demişdir ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində 750 deputatı olan Avropa Parlamentinin cəmisi 20-30 nəfəri iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bu qətnamələrin qəbul edilməsinə nail olurlar.

Prezident İlham Əliyev Avropa İttifaqına son səfəri barədə danışarkən demişdir: “Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaqdır? Azərbaycanın maraqları necə təmin ediləcəkdir? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı. Çünki hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyildir”.

Bütün bunlar bir daha göstərir ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Ancaq təbii ki, bu əlaqələr qarşılıqlı maraqlar və hörmət üzərində qurulmalıdır. Hər bir halda hüquqi dövlətə və açıq cəmiyyət quran Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa, regional sabitliyə və inkişafa verdiyi əvəzsiz töhfələr, dinamik inkişafın onu güvənilən və arzuolunan tərəfdaşa çevirməsi də Avropa İttifaqının və ümumilikdə Qərb dövlətlərinin diqqətindən yayınmır.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında