“Milli Şura” antimilli fəaliyyətlə məşğuldur

 

Arif Hacılının “bizim gücümüz hər bir həşəratla birgəliyimizdə deyil” ifadəsi “Milli Şura”ya toplaşanları ifşa etdi

Siyasi ekspertlərin proqnozları artıq özünü doğruldur: “Mehriban düşmənlər”in toplaşdığı “Milli Şura”da qarşıdurmalar son həddə çatıb və buna görə də qurum parçalanmanın bir addımlığınadək yaxınlaşıb. Ötən saylarımızda ACP lideri Rəsul Quliyevin Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına səsləndirdiyi ittihamlar barədə oxucularımıza məlumat vermişdik. O da məlumdur ki, Rəsul Quliyevə cavab özünü çox gözlətmədi. Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı ACP liderinin ünvanına  elə təhqiramiz ifadələr işlətdi ki, necə deyərlər, Rəsul Quliyevin yetişmişi dura-dura kalı töküldü. 

Arif Hacılının açıqlamalarına keçmədən öncə bir daha xatırladaq ki, Rəsul Quliyev Müsavat başqanını 1992-ci ilin cılız təfəkkürü səviyyəsində qalmaqda, Azərbaycanın gələcəyinin formalaşmasında heç bir əhəmiyyət kəsb etməməkdə, dağıdıcılıqda, məsuliyyətsizlikdə, demokratik düşüncəyə sahib olmamaqda və s. ittiham edirdi.  Buna cavab olaraq Arif Hacılı əsaslı arqumentlər ortaya qoyaraq Rəsul Quliyevi bütün siyasi fəaliyyəti boyu xəyanətlə məşğul olduğunu,  buqələmun kimi dondan-dona girdiyini deyib.  Bu məqamda reneqat Eldar Namazov yada düşür. Axı o da ACP lideri kimi  xəyanəti özünə peşə seçmiş, cilddən-cildə girmişdi. Özünü  hakimiyyətə sədaqətli bir məmur kimi göstərməyə çalışaraq, əslində xəyanətlə məşğul olmuşdu. Daha sonra isə radikal müxalifət düşərgəsində getmədiyi, bərbad etmədiyi qapı qalmamışdı. Ona görə də bir çoxları Eldar Namazovu buqələmun siyasətçi adlandırmışdı. Bu gün “Milli Şura”ya üzv olan Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı Rəsul Quliyevi xəyanətkar, satqın, nəhayət, buqələmun adlandırmaqla, əslində bu qondarma qurumda kimlərin toplaşdığını ortaya qoymuş oldu.

Rəsul Quliyev Arif Hacılı tərəfindən həm də mafiozçuluqda ittiham edilir.  Əvvəldən davam etdirdiyi maliyyə fırıldaqları ilə müxalifət düşərgəsini aldatdığını, bununla da kifayətlənməyib oyunbazlıqla məşğul olaraq,  ona arxadan zərbə vurduğunu bildirir.  Rəsul Quliyevin oyunbazlığına, fırıldaqçılığına görə bəzi müxalifətçilərin hələ də həbsxanada olduğunu xatırladan Müsavat funksioneri ACP liderini “hakimiyyətin adamı” olmaqda da ittiham edir.  Arif Hacılı  özünün Facebook səhifəsində yazır: “1992-ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu ilk növbədə cinayət qanunvericiliyi,eyni zamanda siyasi konyunktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan “Müxalifət” qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə “Qarət”  başlıqlı silsilə yazılar dərc olunmuşdu.

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbər Prezident Aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi. “Rəsul Quliyev elə adamdır ki, onunla ya işləmək, ya da onu öldürmək lazımdır” kimi paradoksal deyimin müəllifləri bütün bunlara baxmayaraq, onu hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökumətinin süqutunda həlledici rol oynadı. Sonralar bəlli oldu ki, Rəsul Quliyevin ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətdən umacaqları daha böyük imiş. O, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda “Cənub” mehmanxanasında yerləşdirərək, təhlükəli planlara dəstək verirmiş.

Arif Hacılı daha sonra radikal düşərgənin Rəsul Quliyevə inanmaqda böyük səhv etdiyini bildirir: “Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçisi olmaq, 2005-ci ildə isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahib oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır.

Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova, Mütəllibovu Elçibəyə...  İsa Qəmbəri, Allah bilir kimə satmış bir buqələmundur. Əslində heç olmasa, “2005 hoqqaları”ndan sonra onu durdurmaq zamanı idi.Təəssüf ki, bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən buna imkan vermədilər. 2008-ci ildə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edən, seçkidən sonra onu ilk olaraq təbrik edən ACP və onun liderini yenidən ortaya gətirdilər. Yenidən Rəsul Quliyevə müxalifətçi mandatı verdik. Gözlənildiyi kimi, əlinə verdiyimiz oxla birinci bizi nişan aldı".

Sonda Müsavatın İcra Aparatının rəhbəri partiyasının bu cür fırıldaqçıların, xəyanətkarların, buqələmunların toplaşdığı “Milli Şura”ya üzv olmasından təəssüfləndiyini gizlətmir: “Biz müsavatçı, Rəsulzadə, Elçibəy yolunun yolçuları olaraq bu tip adamlarla birlikdə yox, onlardan ayrı, onlara qarşı olanda güclüyük. Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil, əqidəmizdə, dönməzliyimizdə, ləyaqətimizdədir!”

Bəli, bütün bunlar bir daha belə deməyə əsas verir ki, böyük hay-küylə yaradılan “Milli Şura” adlı qondarma qurum, əslində, yarandığı gündən “məhvə məhkum” edilib. Onsuz da əvvəldən hər kəsə məlum idi ki, müsavatçılar kinorejissor Rüstəm İbrahimbəyovun radikal düşərgənin vahid namizədi olmasına qarşıdırlar. Buna görə də onlar partiyanın “Milli Şura”ya qoşulmasının və bu qurumun kölgəsində qalmasının əleyhinədirlər. Belə bir arqument irəli sürürlər ki, qurum Müsavat Partiyasının cəmiyyətdəki “nüfuzu” hesabına yaradılmışdır və o, mövcudluğuna görə, partiyaya minnətdar olmalı, onun namizədi İsa Qəmbəri prezidentliyə vahid namizəd kimi irəli sürməli idi.

Müsavatçılar reneqat Eldar Namazovun, AXCP sədri Əli Kərimlinin, ACP lideri Rəsul Quliyevin və digərlərinin etirazına əhəmiyyət verməməyi, lazım gələrsə, bu qurumdan ayrılmağı üstün tuturlar. Bu da daxildə narazılıq yaradır.  Şuraya üzv olan ACP-nin  lideri Rəsul Quliyevin Müsavat başqanının ünvanına nalayiq ifadələr işlətməsi isə partiya daxilindəki etirazları, narazılıqları daha da artırır və bu narazılıq Arif Hacılı timsalında özünü daha qabarıq şəkildə büruzə verir. Ona görə də  Müsavatın İcra Aparatının rəhbərinin “bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil, əqidəmizdə, dönməzliyimizdə, ləyaqətimizdədir!” — deməsi də təsadüfi deyil.

Rəsul Quliyevin azsaylı “tərəfdarları” isə Arif Hacılı timsalında müsavatçılara yerini göstərməyə çalışırlar. Budur, ACP liderinin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Müsavatın İcra Aparatının rəhbərinin Rəsul Quliyevə qarşı sərt ittihamlarına cavab olaraq bildirib: “2003-cü ildə Müsavat Partiyası və onun başqanı Rəsul Quliyevə prezidentlik səlahiyyətlərini bölüşdürmək şərti ilə yüksək statusda baş nazirlik postunu təklif edirdi. Rəsul Quliyevin iqtisadi cinayətləri onda yada düşmürdü, indi yada düşür? 2005-ci ildə Rəsul Quliyevin Azərbaycana dönmə məqamında Arif Hacılı da, Müsavat başqanı da xalqı Rəsul Quliyevi qarşılamağa dəvət edirdi. İndi nə dəyişdi? Rəsul Quliyev 2003-də, 2005-də bu cinayətləri etməmişdi, bundan sonra edib? Bu cür ittihamlar Arif Hacılının demokrat cildinə girmiş bir avtoritar olduğunu sübut edir”.

Bu açıqlamalardan bir daha görünür ki, bunlar hakimiyyətə gəlmək üçün erməni ilə, şeytanla belə razılaşmaya gedərlər. Əgər hakimiyyət iddialarına cavab verirsə, iblisi də mələk kimi və ya əksinə təqdim etməkdən çəkinmirlər. Həqiqətən də soruşulmalıdır ki, ay Müsavat, bu gün mafiozü dediyin Rəsul Quliyevlə 2003-cü ildə, 2005-ci ildə niyə razılaşmaya gedirdin? ACP  “Milli Şura”ya daxil olanda niyə etiraz səsini qaldırmadın? Bütün bunlardan “birliyi qoruyub saxlamalıyıq” deyən Əli Kərimlinin məlumatı yoxdur? Belə çıxır ki, “Milli Şura” ranqlı mafiozlardan ibarət bandadır, başında da qisasçılıq hissi ilə alışıb yanan, artistliklə siyasi dəllallıq arasında var-gəl edən birisi durur.

“Milli Şura”ya üzv olan partiyalardan və ya ayrı-ayrı şəxslərdən heç biri digərinə güvənmir, etibar etmir. Əgər bunlar daxildə həmrəyliyi təmin edə bilmirlərsə, onda bu cür quruma  cəmiyyət, xalq necə etimad göstərə bilər? Onların birliyi və vahid komanda şəklində mübarizə aparması utopiyadır. Bunun əksini söyləmək isə burnunun ucundan kənarı görməmək və ya ictimai rəyi çaşdırmaq deməkdir. Bunun fərqinə varan qurumun fəallarından Zəfər Quliyev “Milli Şura”ya daxil olan partiyalar arasında qarşılıqlı ittihamların artması ilə bağlı bildirib ki, bu,  “birliyə” təhlükə yaradır: “Ortalıqda ciddi mübahisə predmeti də yoxdur. Bütün narazılıqların müzakirəsini sonraya saxlamaq lazımdır”. 

Absurd açıqlamadır. Ona görə ki,  Zəfər Quliyev də narazılıq predmetinin birincilik iddiası olduğunu çox yaxşı bilir. Yuxarıda qeyd etdiyimiz kimi, bu qurumda hamı birinci olmaq istəyir. İkincisi, “Milli Şura”da  “birləşənlər” arasında tarixi ziddiyyətlər və bir-birinə qarşı pataloji nifrət amili kifayət qədər güclüdür və heç bir süni birlik modeli bu problemi həll etmək iqtidarında deyil. “Narazılıqların müzakirəsini sonraya saxlamaq” təklifi isə postseçki dövründə “Milli Şura”da təmsil olunmuş şəxslər və qurumlar arasında didişmənin qaçılmaz olduğuna işarədir. 1992-ci ildə bunlar hakimiyyətə gələndən sonra AXC-dən Müsavat, AXCP, KXCP, BAXCP və daha nələr çıxdı, bir-birini az qaldılar didib bitirsinlər. İndi təsəvvür edin ki, bunlar yenidən hakimiyyətə gələcəyi təqdirdə millətin başında necə turp əkə bilərlər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxanın qeyd etdiyi kimi, seçkiarası fasilədə nümayiş etdirilən süni “qardaşlıq” seçki ərəfəsində düşmənçiliyə çevrilir. Seçkilərdə qurulan birliklərini ardıcıl şəkildə dağıtdıqları kimi, öz aralarında olan və onlara hələ də inanan sadə vətəndaşların gördükləri pərdələri də cırıb atırlar. Bu seçkidə özlərini əsas oyunçular hesab edən Əli Kərimli, İsa Qəmbər və Rəsul Quliyev isə heç xəyallarına belə gəlməyən bir duruma düşüblər.

Bir deyim var - riyaziyyatda uğur əldə edə bilməyənlər ədəbiyyata gəlirlər. Bəs, maraqlıdır mədəniyyətdə (məsələn, kinoda) uğur qazananın siyasətdə nə işi var? Özünü təsdiq etmək istəyir, yoxsa məqsəd başqadır? Deyərdik ki, bu gün mövcudluğundan bəhs edilən “Milli Şura” və bu şuranın virtual qəhrəmanı olan Rüstəm İbrahimbəyov radikal müxalifətin başına gələn növbəti və çox güman ki, sonuncu bəladır. Bir zaman ağız dolusu danışdıqları “İctimai Palata”nı kim dağıtdısa, indiki “Milli Şura”nı da onlar dağıdacaq.

Sonda mövzu ilə əlaqəli olduğu üçün bir haşiyə çıxaraq qeyd edək ki, reneqat Eldar Namazov mətbuat konfransında deyib ki, “Milli Şura”nın seçki kampaniyasının uğurlu qurulması üçün beynəlxalq mütəxəssislərlə görüşlər keçirib. Birincisi, həmin “mütəxəssislərə” tövsiyə edirik ki, sehrli çubuqlarını işə salaraq qondarma qurum daxilindəki çaxnaşmanı, qarşıdurmanı yatırsınlar. İkincisi isə, reneqatın bu açıqlaması bir daha təsdiq edir ki, “Milli Şura” Azərbaycan cəmiyyətinin sifarişi ilə deyil, ölkədən kənardakı məlum antimilli dairələrin və erməni ağalarının  tapşırığı ilə yaradılıb. Yəni, bu, əsl antimilli şuradır.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında