“Milli Şura” müxalifətdə birlik görüntüsü yaratmağa çalışsa da, qarşıdurma bu qurumu iflasa sürükləyir

 

 

 

Bəzən hər hansı bir insan bir məsələdə əndazəni aşan bənzətmələrə və ya şişirtmələrə yol verəndə digərləri onu məzəmmət edir, necə deyərlər, qarışqadan fil düzəltməkdə günahlandırırlar. Son vaxtlar siyasət meydanına qeyri-hökumət təşkilatı kimi çıxan “Milli Şura” adlı qondarma qurumun bəzi üzvləri də kinorejissor Rüstəm İbrahimbəyov ətrafında saxta ajiotaj yaratmaqla, sözün həqiqi mənasında, qarışqadan fil düzəltməyə çalışırlar. Ötən gün qondarma qurumun üzvü, politoloq Zəfər Quliyevin “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamanı oxuyanda bir daha anlaşılır ki, bəzi təəssübkeşlər şura daxilindəki qarşıdurmaları ört-basdır etmək, qurumdakı parçalanmanı gizlətmək və kinodramaturqun olmayan reytinqini artırmaq üçün dəridən-qabıqdan çıxırlar, ancaq yenə də heç nə alınmır.

Zəfər Quliyev “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyovun, necə deyərlər, turist səfərinə daxil edilən marşrutları barədə “intizarda qalan ictimaiyyəti” məlumatlandırdıqdan sonra, nəhayət, onun Azərbaycana qayıdacağı barədə də növbəti dəfə ehtimallara söykənən “şok” məlumat verib. Deyib ki, hələlik mövcud olan əsas məlumat ondan ibarətdir ki, Rüstəm İbrahimbəyov iyulun 30-da Azərbaycana qayıda bilər. Ancaq Rüstəm İbrahimbəyovun Bakıya döndükdən sonra hansı istiqamətlərdə fəaliyyətə başlayacağı barədə danışmaq bir qədər tezdir. Yəni buradan da görünür ki, prezident seçkilərinə bir neçə ay qalmasına baxmayaraq, bütün hallarda kinorejissorun hansı addımları atacağı barədə qeyri-müəyyənlik özünü qoruyur. Vəziyyətdən çıxmaq üçün vurğulanan əsas fikir isə odur ki, əgər Rüstəm İbrahimbəyov gələrsə, Bakıda özü kimi  “liderciklərlə” müzakirə aparacaq və fəalliyyət planını müəyyənləşdirəcək. Adama deyərlər ki, bir ölkənin dövlət başçısı olmaq istəyən adam seçkilərə çox az vaxt qaldığı halda, hələ nə edəcəyini bilmirsə, onda Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürməsin, nə etsin? AXCP sədri Əli Kərimli necə ümidlənməsin? Hələ reneqat Eldar Namazovu demirik. Hamı bilir ki, Rüstəm İbrahimbəyov reneqatın “kölgəsi” rolunu oynayır. Bu adam isə cəsarət edib ölkəyə gəlmək istəmirsə, təbii ki, buqələmun Eldar Namazov özü hansısa bir addım atmalı olacaq.

Guya, Rüstəm bəy seçki təbliğatını aparmaq üçün regionlara da səfər edəcəkmiş. Necə deyərlər, bunu eşidən bişmiş toyuğun da gülməyi gəlir. Axı aparılan rəy sorğularından da belə nəticəyə gəlmək olar ki, kinorejissoru nəinki vilayətlərimizdə, heç Bakıda da tanıyan yoxdur. Varsa da, onları ancaq barmaqla saymaq olar. Bunu isə biz deyil, elə  radikal müxalifət düşərgəsinin öz nümayəndələri və bu düşərgənin ruporu olan qəzetlər deyirlər. Ötən saylarımızda bu barədə məqalə dərc olunmuşdu, ancaq yaddaşlarımızı bir daha təzələmək üçün qeyd edək ki,  “Yeni Müsavat” qəzeti  bu günlərdə Bakı sakinləri arasında Rüstəm İbrahimbəyovun oyuncaq “Milli Şura” tərəfindən prezidentliyə müxalifətin vahid namizədi kimi qəbul edilməsinə dair sorğu keçirib. Sorğunun nəticəsindən ümumi olaraq belə bir rəyə gəlmək olar ki, paytaxt sakinlərinin bir qismi  Rüstəm İbrahimbəyovu, ümumiyyətlə, tanımır, digər qismi isə onu tanısa da, prezident kimi təsəvvür edə bilmir. Paytaxda vəziyyət belədirsə, onda görün rayonlarımızda kinorejissora münasibət hansı səviyyədədir. Onu da qeyd edək ki, hətta, rəyi soruşulanlar  arasında  “Prezidentimiz yaxşıdır, mən ondan razıyam”,   “Biz bir prezident tanıyırıq və ondan başqasını təsəvvür edə bilmirik” -  fikrini səsləndirənlər də, əslində radikal düşərgəyə və “prezidentliyə vahid namizədə” ciddi mesaj ünvanlamış olurlar.

Təsadüfi deyil ki, ötən günlərdə Vətəndaş Həmrəyliyi Partiyasında “Milli Şura” üzvləri ilə bir neçə aldadılmış gəncin Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşündə əsas fikir ondan ibarət olub ki, kinorejissor Rüstəm İbrahimbəyovla  bağlı “vəziyyət çox risklidir”.  Yəni onun ölkəyə gəlməsi, prezidentliyə namizədliyinin qeydə alınmaması üçün ciddi hüquqi əsasların olması, bu şəxsin ölkədə, ümumiyyətlə, siyasətçi kimi qəbul edilməməsi radikal düşərgənin təşəbbüslərinin növbəti dəfə iflasa uğramasına şərait yaradır. Müxalifətin xaricdəki erməni lobbisinə ümid bəsləməsi də fayda verməyəcək. Çünki bizim ölkəmizdə hər şeyi qanunlar və xalqın ümumi rəyi həll edir. Budur, həmin “tədbirdə” iştirak edən hüquq müdafiəçisi Vidadi İsgəndərli “Milli Şura” üzvlərinə qarşı sanki  üsyan edərək deyib ki, and olsun, min Avropa, min də Amerika olsun, hamısı boş şeydir. Hər şeyi Azərbaycan xalqı həll edəcək: “İndi elə bir ortam yaradıblar ki, guya Azərbaycan xalqının tək ümid yeri Rüstəm İbrahimbəyovdur. O gələ bilməsə, proseslərə qoşula bilməsə,  kim buna cavab verəcək? Özü deyir siyasətçi deyiləm. Nəyə görə Azərbaycanda müxalif mövqedə olan iki böyük partiya qeyri-dəqiq fikirlərə dəstək verir?”.

Əslində, Vidadi İsgəndərlinin suallarında həm də real faktlar  var. Məsələn, həqiqətən də, əvvəllər Rüstəm İbrahimbəyov deyirdi ki, o, siyasətçi deyil, incəsənət xadimidir. Birdən-birə nə oldusa, necə deyərlər, Rüstəm bəy “əjdahaya” döndü. Görünür, özü müxalifətin vahid namizədi ola bilməyən reneqat Eldar Namazov onu başa salıb ki, sən ön plana çıx, mən səni dəstəkləyəcəyəm. Yəni yuxarıda qeyd etdiyimiz kimi, Rüstəm bəy reneqatın “kölgəsi” funksiyasını yerinə yetirir. Hüquq müdafiəçisinin dediyi kimi, belə olan halda,  müxalifətdə 20 ilini başa vuran iki partiya nəyə görə “bir günlük siyasətçi”nin arxasına düşüb gedir?  Bəlkə buna səbəb elə İsa Qəmbərlə Əli Kərimli arasında olan “tarixi rəqabət”dir? Məsələ barədə danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, bu gün Müsavat ilə AXCP arasında ciddi qarşıdurma yaşanır. Müsvatçılarla Əli Kərimli arasında münasibətlər o həddə çatıb ki, nəinki Arif Hacılı, partiyanın başqanı olan İsa Qəmbər açıq formada bəyan edirlər ki, “bu əxlaqsızlığa son qoyulmalıdır”. Hamı da bilir ki, bunu İsa Qəmbər birbaşa Əli Kərimliyə deyir və ona səslənir. Bu gün AXCP sədri  “Milli Şura”da Eldar Namazovla birləşib İsa Qəmbərə qarşı fəaliyyət gösərir. Rüstəm İbrahimbəyovun da İsa Qəmbərə qarşı verdiyi “Milli Şura”nın ikinci namizədi olmamalıdır” bəyanatını Əli Kərimli təşkil edib. Əli Kərimli Rüstəm İbrahimbəyova təzyiq edərək İsa Qəmbərə qarşı bu bəyanatı səsləndirib. Bunu da İ.Qəmbər hamıdan yaxşı bilir.

BAXCP-nin sədr müavini bir daha qeyd edib ki,  Əli Kərimli heç vaxt İsa Qəmbərin öndə olmasına razılıq verməyəcək. Çünki bunlar arasında gedən “soyuq müharibənin” 20 illik tarixi var. Bunların hər ikisi Elçibəy hakimiyyəti dönəmində belə bir-birinə qarşı amansız mübarizə aparıblar. Onda hər ikisi vəzifə daşıyırdı. Artıq bir neçə gündür ki, sosial şəbəkədə Arif Hacılı və onun qardaşı Vaqif Hacıbəyli səviyyəsində Ə.Kərimlinin ünvanına kəskin bəyanatlar verilir. Bunun səbəbi də Əli Kərimlinin nəzarətində olan facebook qrupunda Müsavata qarşı yazılan təhqirlərdir. Bu münasibət onu göstərir ki, Rüstəm İbrahimbəyov “Milli Şura”nın namizədi kimi seçkidə iştirak edə bilməsə, Əli Kərimli heç bir halda İsa Qəmbərin vahid namizəd olmasına razlıq verməyəcək. Seçkiyə 3 aydan da az qalmış bir vaxtda bu siyasi qüvvələr bir-birlərinə əxlaq dərsi keçirlər. Belə bir vəziyyətdə bu qüvvələr xalqdan necə səs ala bilərlər? 20 ildir bir-birini “satqınçılıqda”, “xəyanətdə” ittiham edənlər hansı formada birgə fəaliyyət göstərə bilər? Bunların birgə qurduğu hökumət neçə ay davam gətirə bilər? Ona görə də bunlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər. Məgər xalqımız bütün baş verənləri görmür? 75 yaşlı Rüstəm İbrahimbəyov isə heç vaxt siyasət adamı olmayıb və bundan sonra da ola bilməyəcək. Siyasət ağır və çətin peşədir. Kinoçəkən elə kinosunu çəkməklə məşğul olsa, daha yaxşı olar.

Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə toxunan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, “Milli Şura”ya  toplaşanların heç biri dərin savada, düşüncəyə malik olan insanlar deyil. Bu və ya digər formada hüquq-mühafizə orqanlarından qovulub özlərini vəkil adlandıran şəxslərdir ki, hüquqi cəhətdən namizədlərinin namizədliyini belə əsaslandıra bilmirlər. Birincisi, Rüstəm İbrahimbəyovu namizəd kimi irəli sürməyib  “Milli Şura”ya sədr seçə bilərlər.  “Milli Şura” qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçməlidir. Müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməlidir. İkincisi, lap qeydiyyata alınsa belə, “Milli Şura” namizəd irəli sürə bilməz. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə bayaq qeyd etdiyimiz kimi, iki halda namizəd irəli sürülə bilər. Bir öz təşəbbüsü ilə, təşəbbüs qrupları tərəfindən, biri də siyasi partiyalar və ya onların siyasi blokları tərəfindən. “Milli Şura”da həm qeyri-hökumət təşkilatları, həm də siyasi partiyalar toplaşıb. Bunların da bir yerdə namizəd irəli sürməyə heç bir hüquqi yoxdur. Rüstəm İbrahimbəyov tələblərə cavab verərsə, ya özü öz namizədliyini irəli sürməlidir, yaxudda ki,  siyasi partiyalar özlərinin qurultayını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürə bilərlər. Onlar  sonradan blok yaradıb qərar qəbul edərək siyasi partiyaların blokları adından onun namizədliyini verə bilərlər. Yəni “Milli Şura” adlı qurum Azərbaycan Respublikasında heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil. Bu, Seçki Məcəlləsinin tələbidir. Ya bunlar seçkidə iştirak etmək istəmirlər, mən belə başa düşürəm. Ya da dolayısıyla bilirlər ki, seçkidə heç bir səs qazana bilməyəcəklər, heç bir imkanları yoxdur. Seçkinin üzərinə  yalandan kölgə salmaq istəyirlər ki, guya onların namizədini qeydə almadılar. Burada qanunvericiliyin tələbi var. Adlarını hüquqşünas qoyublar, vəkillik etmək iddiasındadırlar. Bir doğru-düzgün sənədi hazırlayıb ortaya çıxara bilmirlər.

Rauf ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında