ATƏT Parlament Assambleyası Azərbaycandakı qaçqın və məcburi köçkünləri niyə unudub?

 

 

Beynəlxalq təşkilatların siyası riyakarlığı

bu qurumlara olan inamı heçə endirir

 

 

Azərbaycanın dünya birliyindəki əlaqələri genişləndikcə ikili standart nümayiş etdirən bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı böhtan və qarayaxmalar yağdırır, qərəzli hesabatlar hazırlayaraq  könül bulandırmağa çalışırlar. Biz “Freedom House”, “Human Rights Watch” və  digər beynəlxalq təşkilatların bu çirkin əməllərinə artıq vərdiş etmişik. Ona görə vərdiş etmişik ki, erməni lobbisinin çirkli pulları hesabına ağa “qara” deyən bu təşkilatlar artıq dünya birliyində də qərəzli və böhtançı kimi tanınırlar. Çünki ikiüzlü siyasətdən hələ də əl çəkə bilməyən belə böhtançı təşkilatların hazırladıqları “hesabatlar”dakı “faktlar” hər bir şəxsdə ikrah hissi oyadır.

Azərbaycanda həyata keçirilən uğurlu islahatların ölkəmizi dünya birliyinin inkişaf etmiş dövlətləri sırasına qoşması artıq göz önündədir. Bunu Azərbaycana səfərə gələn dövlət başçıları, həmçinin diplomatik missiyaların rəhbərləri də təsdiqləyirlər. İyirmi ildən artıqdır ki,  Ermənistan silahlı qüvvələrinin ölkəmizin 20 faiz ərazisini işğal altında saxlamasına baxmayaraq, Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti olaraq qalır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması  nədənsə bir sıra beynəlxalq təşkilatların diqqətini hələ də cəlb etməyib. Ermənipərəst mövqeyi ilə fərqlənən həmin təşkilatlar müxtəlif yollarla işğalçı Ermənistana haqq qazandırmağa çalışsalar da, buna nail ola bilmirlər. Çünki həmin təşkilatların ikiüzlü siyasəti heç də hamı tərəfindən qəbul edilmir.

Azərbaycana qarşı haqsız və ədalətsiz mövqe nümayiş etdirənlər sırasına ATƏT Parlament Assambleyasının da qoşulması təəssüf hissi doğurur. Çünki  haqq-ədaləti görməməzliyə vuran  “Freedom House” və  “Human Rights Watch” kimi qərəzkar beynəlxalq təşkilatların sırasına ATƏT Parlament Assambleyası da qoşuldu. Belə təşkilatlar nəyinsə xatirinə ölkəmizə qarşı böhtan, yalan və qərəz nümayiş etdirməklə özlərinə olan inamı heçə endirirlər. Bu günlərdə ATƏT-in Parlament Assambleyasının  Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair hazırladığı rəsmi sənədlə tanış olduqdan sonra bu qurumun da ikili standartlar nümayiş etdirdiyinin şahidi olduq.  ATƏT-in Parlament Assambleyasi  Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair hazırladığı rəsmi sənəddə azərbaycanlı qaçqınlar haqqında hesabat təqdim edilməyib. Bu sənəddə regionun qaçqın və məcburi köçkün olan yeganə  ölkəsi kimi Gürcüstanın adı siyahıya salınıb. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin ATƏT Parlament Assambleyası tərəfindən “unudulması”,  yadıma bu qurumun nümayəndələri ilə birlikdə ölkəmizin müxtəlif regionlarındakı çadır düşərgələrinə  səfərlərimizi  saldı. Qabaqcadan qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2003 -  cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd kimi məcburi köçkünlərə “Əgər mən prezident seçilərəmsə, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” vədi artıq bir neçə ildir ki, yerinə yetirilib. Hazırda Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayıb. Öz doğma ev-eşiklərindən, ata-baba torpaqlarından didərgin düşən soydaşlarımız bu gün hər cür şəraiti olan mənzillərdə yaşayırlar. Buna baxmayaraq, böyük intizarla doğma el-obalarına qayıdacaqları günü gözləyirlər.

 İndi də qayıdaq  ATƏT Parlament Assambleyası nümayəndələri ilə bir vaxtlar qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərinə səfərlərimizə. Bu qurumun nümayəndələri hər dəfə çadır düşərgələrinə gedərkən  məcburi köçkünlərin həyat tərzini gördükdə gözlərinin yaşını saxlaya bilmirdilər. Səfərlərin sonunda isə keçirilən mətbuat konfranslarında deyirdilər ki, onlar gördükləri acınacaqlı vəziyyət barəsində öz ölkələrinin rəhbərlərinə mütləq məlumat verəcəklər. İndi isə nədənsə  Azərbaycanın qaçqın və məcburi köçkünləri unudulur, onları görməzliyə vururlar. Yəni doğrudanmı ATƏT Parlament Assambleyası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın  20 faiz ərazisinin 23 ildir ki, işğal altında saxlamasından bixəbərdir? Məgər bu qurumun nümayəndələri düşünmürlər ki, işğal altında olan 20 faiz ərazinin sakinləri öz doğma ocaqlarından didərgin salınıblar? Yoxsa, ATƏT Parlament Assambleyası onu da bilmir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar vasitəçilik missiyasını ATƏT- in Minsk qrupu öz üzərinə götürüb və bu illər ərzində heç nəyə nail ola bilməyib? Görünür, “Qonşuna bax, özünü oda yax” məsəlini ATƏT Parlament Assambleyası da yaxşı dərk edib. Belə olmasaydı, ədalətsizlikdə, ikili mövqe nümayiş etdirməkdə və bu böyüklükdə haqsızlığı görməzliyə vurmaqda  özünü ATƏT-in Minsk qrupuna oxşatmazdı.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da ATƏT Parlament Assambleyasının bu mövqeyini kəskin pisləyərək deyib: “Birləşmiş Millətlər Təşkilatında da çox yaxşı bilirlər ki, Azərbaycan regionda və dünyada əhalisinin sayına nisbətdə qaçqını və məcburi köçkünü  daha çox olan bir ölkədir. Ölkəmizin 9 nəfərindən biri ya qaçqın, ya da məcburi köçkündür.Bunu bilməmək və ya görməmək ya kor olmaq, ya da Azərbaycana qarşı münasibətdə çox qərəzli olmaqdan irəli gəlir.Ona görə də biz bununla bağlı narazılığımızı bildirməkdə haqlıyıq”.

Azərbaycan qaçqın və məcburi köçkünləri unudulanda, onlarla bağlı bu cür yüksək dairələrdə, ATƏT-in Parlament Assambleyası kimi təsisatlar tərəfindən mövqe bildirilməyəndə, bu, təbii ki, cəmiyyətdə haqlı narazılıqlar doğuracaq, müəyyən  suallar və iradlar meydana çıxacaq. Niyə  Azərbaycanın  bir milyondan artıq qaçqın və məcburi köçkünləri unudulmalıdır? Görəsən  bəzi beynəlxalq təşkilatlar nə vaxta qədər riyakarlıq edəcək, həqiqəti, reallıqları erməni lobbisinin çirkli pullarına satacaqlar? Hansı səbəbdən  bəzi demokratik təsisatlar, Avropanın demokratik təsisatları Azərbaycanın qaçqın və məcburi köçkünlərini unutdurmağa çalışırlar? Əgər biz Cənubi Qafqaz bölgəsində sabitlikdən, sülhdən, əmin - amanlıqdan, münaqişələrin nizamlanmasından, qaçqın və məcburi köçkünlərin vəziyyətindən  danışırıqsa, o zaman bütün tərəflərə eyni ədalətli yanaşma nümayiş etdirilməlidir.

 Bu gün bütün dünyaya, o cümlədən ATƏT Parlament Assambleyasına da məlumdur ki, 1988-1992-ci illərdə Ermənistan ərazisində etnik təmizləmə siyasəti həyata keçirilib. 250 minə yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Bir milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. 1993-cü ildə BMT qaçqınlar və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması, tezliklə məsələnin sülh yolu ilə həll olunması və işğal olunmuş torpaqların azad olunması barədə 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul edib.

Ancaq Ermənistan bu qərarların heç birini yerinə yetirmir. Bir sıra beynəlxalq təşkilatlar , o cümlədən ATƏT Parlament Assambleyası bu ədalətsizliyi görməzliyə vurur. Beləliklə, hal-hazırda Azərbaycan Respublikasının ərazisində bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının 2012-ci ilin sonuna olan məlumatlarına görə, Azərbaycan 400 mindən 2 milyona qədər insanın qaçqın və məcburi köçkün kimi yaşadığı ölkələrin siyahısına salınıb. Görünür, ATƏT Parlament Assambleyasında  “qaçqın” termininin mənasını dərindən dərk etmirlər. Hər halda xatırladaq ki, bu termin  altında Birləşmiş Millətlər Təşkilatı “irqinə, dini inancına, vətəndaşlığına, müəyyən sosial qrupa aid olmasına və ya siyasi görüşlərinə görə təqiblərə məruz qalmaq təhlükəsi səbəbindən vətəndaşı olduğu ölkədən xaricdə olan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən” şəxsləri nəzərə tutur.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayının bir milyon iki yüz minə yaxın olduğu halda, ATƏT Parlament Assambleyasının bunun 600 min olduğunu bildirməsi, həmçinin müsəlman və xristian ölkələrinə münasibətdə ikili standartların tətbiq olunması faktı  ölkəmizdə ciddi  narazılığa səbəb olub. Hüquq müdariəçiləri  azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə biganə yanaşan ATƏT Parlament Assambleysının ikili mövqeyi barədə bu qurumun rəhbərliyinə müraciət edəcəklərini bildiriblər.

Hüquq müdafiəçisi, Milli Məclisin deputatı Çinqiz Qənizadə bu barədə fikrini açıqlayarkən deyir: “Avropanın müəyyən təsistlarının və ATƏT Parlament Assambleyasının qəbul etdiyi sənəddə  azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaddan çıxarılması laqeydlik yox, qərəzdir. Eyni zamanda hansısa dövlətlərin Azərbaycana qarşı çirkin məqsədlərinin nəticəsidir”.

Milli Məclisin deputatı Rasim Musabəyov da ATƏT Parlament Assambleyasının bu addımının reallığı ifadə etmədiyini və bu yanaşmanın qərəzli olduğunu bildirib. O deyib ki, bəzi qərb ölkələri fərqli yanaşmağa meyillidirlər. Bir çox sənədlərdə Gürcüstanın, Moldovanın ərazi bütövlüyünə dəstək verməkdə çox meyilli olduğu halda, Azərbaycanı bu məsələlərə əlavə etmək ya narazlıqla, ya da ziddiyətlərlə müşaiyət olunub. Biz bunu görməli və bu cür hadisələri dəf etməklə ədalətin bərpasına çalışmalıyıq.

ATƏT Parlament Assambleyası qaçqın və məcburi köçkünlər arasında ayrı - seçkilik salmaq və  Azərbaycandakı   bu qəbildən olan insanların taleyinə biganəlik göstərməklə özünü beynəlxalq aləmdə inamsız quruma çevirir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında