Rüstəm İbrahimbəyovda Vətən, xalq, millət təəssübü yoxdur

 

“Milli Şura” nın sədri və bu qondarma qurumdan prezidentliyə vahid namizəd seçilən kinorejissor Rüstəm İbrahimbəyov ermənilərə olan sevgisini bir daha nümayiş etdirdi. Prezident seçkiləri ərəfəsində “zavallı ermənilərə” bildirdi ki, əgər hakimiyyətə gələrsə, ilk növbədə onların problemləri ilə məşğul olacaq və “pozulmuş hüquqlarının” bərpası üçün əlindən gələni əsirgəməyəcək. “Milli Şura”nın prezidentliyə namizədi “Kavkazskaya politika”ya verdiyi müsahibəsində qəddarlığı, qaniçənliyi və işğalçılığı ilə dünyada ad qazanmış erməniləri bacarıqlı və anlayan xalq adlandırıb.

R.İbrahimbəyov bundan əvvəl Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də ermənilərə olan sevgisini gizlətməmiş və Azərbaycanın ərazisinə şübhə ilə yanaşmışdır. Antimilli kinorejissor Dağlıq Qarabağın az qala Ermənistana məxsus olduğunu bildirmişdir. O, Rusiya mətbuatına müsahibəsində bütün azərbaycanlılar üçün həssas mövzu olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuracaq açıqlamalar verib. Guya müstəqil Azərbaycanın demokratikləşməsi üçün çalışdığını bəyan edən kinorejissor SSRİ-nin dağılmasından təəssüfləndiyini ifadə etmişdi. O, öz ənənəsinə sadiq qalaraq ermənilərə olan hüsn - rəğbətini də gizlətməmişdi. Bu qəddar millətə qarşı heç bir düşmənçilik hissinin olmadığını dilə gətirmiş, Dağlıq Qarabağ münaqişəsindən danışarkən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salacaq fikirlər söyləymişdir. Xəyanətkar kinorejissor Dağlıq Qarabağın azərbaycanlılarla ermənilər arasında mübahisəli ərazi olduğunu demişdir. Bu gün dünyanın demək olar ki, bütün ölkələri, beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və hörmətlə yanaşdığı halda Rüstəm İbrahimbəyov Azərbaycanın ayrılmaz tərkib hissəsini” mübahisəli ərazi” adlandırmışdır. Xəyanətkar R.İbrahimbəyov həmin müsahibəsində demişdir: “Dağlıq Qarabağın ermənilərə, yoxsa azərbaycanlılara məxsus olması mübahisə mövzusudur və danışıqlar, elmi tədqiqatlar yolu ilə kimin haqlı olduğu müəyyənləşdirilməlidir”. Onun müsahibəsi ilə tanış olan hər bir kəs bu adamın azərbaycanlı olmasına şübhə edərdi.

Qondarma Milli Şuranın prezidentliyə namizədi prezident seçkilərinə üç aya yaxın vaxt qalmış yenidən Rusiya mətbuatına müsahibə verib. Bu dəfə “Kavkazskaya politika”ya. Onun müsahibəsinin əsas məğzini yenə də ermənilərin müdafiəsinə qalxması təşkil edir. Bu adam ikiüzlü siyasət yeridən ermənipərəst təşkilatlar və “diplomatlar” kimi, sanki Azərbaycanın 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu görmür, bir milyondan artıq soydaşımızın isti ocaqlarından didərgin salınmasının fərqinə varmır. Dağlıq Qarabağ məsələsi ilə əlaqədar isə ermənilərin dediklərini deyir. O, müsahibəsində deyib:"Mən hakimiyyətdə müvəqqəti olacam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya , korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də biz Qarabağın erməni əhalisini sadaladıqlarımda əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər".

Əslində Rüstəm İbrahimbəyov bu müsahibəsi ilə özünün seçki platformasını açıqlayıb. Göründüyü kimi, onun platformasının əsasını ermənilərin gələcək taleyinin həlli təşkil edir. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə isə özünü bu problemin həllindən tamam kənarda qoyur və bunu parlamentin üstünə atır. Bunun səbəbini bilmək isə çox sadədir. Bu adamda ermənilərə o qədər güclü məhəbbət var ki, hətta əsl həqiqəti, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dilinə gətirə bilmir.  Dağlıq Qarabağı Azərbaycan torpağı hesab etməyən, ermənilərin bacarıqlı və anlayan xalq olduğunu deyən və bu qəddar millətin dostu kimi çıxış edən, milli hisslərdən uzaq olan bir şəxsin arxasınca gedənlər də o əqidədə olan antimilli ünsürlərdir.

Son illər Rüstəm İbrahimbəyov kino sənətini unudaraq daha çox siyasətçi kimi çıxış etməyə can atır. Bu yerdə yadıma bir rəvayət düşür. Bir gün sağsağan toyuğa baxır və onun yerişi xoşuna gəlir. Həmin gündən toyuq kimi yeriməyə başlayır. Ancaq nə qədər çalışsa da, toyuq kimi yeriyə bilmir. Bir də onda ayılır ki, öz yerişini də yaddan çıxarıb. O vaxtdan sağsağan əvvəlki yerişini də itirərək tullana - tullana qalıb. İndi Rüstəm İbrahimbəyovun yaşının ahıl vaxtında siyasətçi olmaq eşqinə düşməsi buna bənzəyir. O, siyasət meydanına atılmaqla kinorejissorluğu da yadından çıxaracaq. Bir vaxt ayılacaq ki, həm Əli aşından, həm də Vəli aşından olub. Onun siyasət meydanında naşı olması müxalifət düşərgəsində də etiraf olunur. Partiya sədrləri belələri üçün “qırxında öyrənən, gorunda çalar” deməklə onun siyasətçi olmaq həvəsinə düşməsini kinayə ilə qarşılayırlar.

Azərbaycanda müxalifət kimi tanınan Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə deyib ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil. Bunu Rusiya mətbuatına verdiyi müsahibələrindən də hiss etmək olar. İ.Ağazadə deyib ki, Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini də formalaşdıra bilmir: “Mən Rüstəm İbrahimbəyov haqqında ilk dəfə fikrimi demişdim ki, nə olmağından asılı olmayaraq Rüstəm bəy sadəcə siyasətçi deyil və buna görə də o, öz fikirlərini bu istiqamətdə nə ifadə edə biləcək, nə də siyasi mövqe ortaya qoya biləcək”.

R.İbrahimbəyovun özü haqqında əsl həqiqəti yazan jurnalistlərə hədə - qorxu gəlməsi və əzələ nümayiş etdirməsi də kinorejissorun siyasi səbatsızlığının nəticəsidir. Ümid Partiyasının sədri İ.Ağazadə də bunu təsdiqləyərək deyib ki, Rüstəm İbrahimbəyovun “jurnalistlərin ağzından vurmaq” ifadəsini də yanlış hesab edirəm. Bu, yanlış ifadədir. Rüstəm bəy siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir".

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı da Rüstəm İbrahimbəyovun ermənipərəst mövqedən çıxış etməsinin yeni məsələ olmadığı qənaətindədir. Qarabağ Azadlıq Təşkilatı hələ 4-5 il bundan öncə kinorejissorun mövqeyi ilə bağlı etirazlarını dilə gətirmişdi. Həmin vaxtlar R.İbrahimbəyov ermənilərlə birgə kinolayihələri həyata keçirmişdi. A.Nağı vurğulayıb ki, belə adamın mənəviyyatı ola bilməz”. O, kinorejissorun son müsahibəsindəki fikirlərinin əvvəlkilərin davamı olduğunu bildirib.

R.İbrahimbəyov deyir ki, “ermənilərin də Dağlıq Qarabağa iddiası var”. Görəsən R.İbrahimbəyov Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın niyə “mübahisəli torpaq” olması iddiasındadır? Azərbaycan tarixini, Dağlıq Qarabağdakı real vəziyyəti nəzərə almayan belə antimilli mövqeli xəyanətkarlar özlərinin sərsəm sayıqlamaları ilə erməni dəyirmanına su tökür və ermənipərəst beynəlxalq təşkilatlara ölkəmizə böhtan atmaq üçün “fakt” verirlər.

Özünü prezidentliyə namizəd hesab edən Rüstəm İbrahimbəyov kimilər hakimiyyətə gələrlərsə, qısa bir müddətdə torpaqlarımızı bütünlüklə ermənilərə satarlar. Bəli, məhz satarlar. Puldan ötrü min oyundan çıxan, düşmənlərimizin çaldıqları havaya oynayan Rüstəm İbrahimbəyovlar üçün Vətən, xalq, millət təəssübü bir o qədər də vacib deyil. Ona görə də ermənilərin mövqeyindən çıxış edir, erməni xalqının bizim düşmənimiz olmadığını deyirlər. Belə yanaşma Azərbaycan ziyalısı, azərbaycançılıq adına ləkədir.

Rüstəm İbrahimbəyov belə açıqlamalar verməklə özünün iç üzünü açır, haqqında formalaşan ermənipərəst rəyin heç də təsadüfi olmadığını sübut edir. “Erməni xalqı bizim düşmənimiz deyil” - fikrini yalnız Rüstəm İbrahimbəyov kimi satqın, xəyanətkar və antimilli ünsürlər səsləndirə bilərlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında